Bu da bir cərəyandı, keçib gedəcək...
Mişkinaz
Cavidin “Cavid haqqında xatirimdə qalanlar” yazısından
1939-cu il, iki iyul,
saat on ikidə görüş verəcəkdilər.
Üçümüz də
əlimizdə şeylər durmuşuq qapının
qabağında. Fikirləşirəm, görəsən nə
halda görəcəyik?
...Böyük bir həyətdi. Bir-birindən aralı skamyalar qoyulmuşdu. Əvvəlcədən məhbusları gətirib
oturtmuşdular.
Cavid qapıya yaxın tərəfdəydi. Əlləri
dizlərinin üstündə. Gözünü
qapıya zilləyib oturmuşdu. Qapıdan
girən kimi mən gördüm. Adam
çox olduğu üçün, bir də ki,
gözlüyü gözündə yoxdu, tez görə bilmədi.
Yaxına gələn kimi dik qalxdı ayağa.
Qollarını açıb
üçümüzü birdən qucaqladı. Birinci
sözü bu oldu:
- Dünən niyə gəlmədiniz?
- Çatdıra bilmədim.
Uşaqları bir də
ayrı-ayrı qucaqladı. Uzun müddət
görmədiyi üçün ona nə qədər
böyümüş görünürdülər. Elə
həsrətlə baxırdı ki... Ürəyinə
dammışdı ki, bu görüşü
axırıncı dəfəydi. Xeyli
arıqlamışdı. Rəngi
qaçmışdı. Ikimiz yan-yana
oturduq. Uşaqlar da bir tərəfində.
Bir qolunu açıb ikisini də özünə
tərəf sıxmışdı.
Bir nəfər qaratikan kolu
kimi arxa tərəfdən oturduğumuz skamyaya söykənib
durmuşdu.
Darıxmış, yapma bir təbəssümlə:
- Nə deyəcəkdim...
Hamısını unutdum, - dedi.
İnanmadığı bir adam yanında danışmamaq və onu işarə
vermək, bildirmək üçün deyərdi:
"Allahü-əbha".
Mən yavaş səslə dedim:
- "Allahü-əbha".
Qolumu sıxıb:
- Hə! - dedi.
Fürsət axtarırdım ki, o
ürəksiz adam bir balaca bizdən
aralansın, pulu verə bilim. Kimsə onu
çağırdı.
Tez pulu qoydum ovcuna. Götürmürdü.
Zorla verdim:
- Nəyimə lazımdı? Görən kimi alacaqlar.
- Elə et ki,
görməsinlər.
- Onlardan şey yayındırmaq olar?
Özün gördün ki, o gecə
baxılmayan bir yer qalmadı.
- Yaxşını yaman qələmə
verənlər yox olsunlar, - dedim.
- Olacaqlar, - dedi, - ağır itkilərdən
sonra sağalmaz yaralar qoyub gedəcəklər. Üç dəfə
məhkəmə etdilər, ləkəli, zərərli bir
şey tapmadılar, o qərara gəldilər ki, bir qədər
vətən dəyişikliyi... Vaxt olacaq,
özləri səhv olduğunu bilib geri qaytaracaqlar. Sözlərim çoxdu. Əfsus
ki, vaxt azdı. Sizdən ki, arxayın gedirəm,
sağ-salamatsınız, o mənə bəsdi.
Çox həyəcanlıydı. Amma
çalışırdı ki, sakit görünsün.
Birdən cingiltili bir səs ucadan dedi:
- Vaxt qurtardı.
Necə quru xəzəl
üstündə yeriyəndə xışıltılı səs
eşidilər, elə səslər eşidildi. Hamı birdən bir nəfər
kimi elə səslə: "Vay... nə tez", - dedi. Hamı birdən qalxdı ayağa.
Cavidin gözləri iri-iri
açıldı, üçümüzün üzündə
dolandı, titrək səslə:
- Söz qəvinindi, əvət, -
dedi.
Əvvəl
üçümüzü birdən qucaqladı, sonra təkbətək. Bir qolunu oğlunun boynuna
doladı, o biri əli ilə bizi göstərib:
- Bunları sənə
tapşırıram. Darıxmayın. Mərd olun, mərd ölün. Bu
da bir cərəyandı, keçib gedəcək. Mərdlik,
namərdlik, kişilik, nakişilik hamısı bu illərdə
məhək daşından keçəcək, - dedi.
Qızı bir də qucaqladı, -
dedi:
- Nənəsim amanatı.
Həmişə ona "nənəsim"
deyərdi.
Nə qədər sakit
görünməyə çalışırdısa da, bizim
də həyəcanlı olduğumuzu görüb daha da
çox həyəcan keçirirdi. Onun yanında heç
birimiz ağlamadıq. Biz görməyək
deyə, tez-tez dodaqlarını sümürürdü.
Kövrək və ümidsiz bir səslə dedi:
- Ayrılıq olmayaydı...
...Dünənki həyət. Adam az. Divar tərəfdə, yaxında heç kəs
yox. Oturub. Gözü
qapıda. Mən girdim əlimdəki
şeyləri onun özünə yox, yoxlamaq üçün
oranın nəzarətçisinə verib içəri
keçdim. Məni görən kimi
qalxdı ayağa. Yola baxdı ki,
görsün uşaqlar da gəlirmi? Sevincli səslə:
- Nə yaxşı! - dedi.
Dünənkinə nisbətən bu
gün bir az sakit idi. İrəli
gün apardığım gözlük gözündəydi.
Arada iki nəfər gözçü gəzirdi.
Biri elə dolanıb gəlib dururdu
yanımızda. O keçəndə mən onun
dalınca narazı baxışlarla baxdım. Cavid dedi:
- Onun da vəzifəsi budur. Məhbus nəzarətsiz, cəzasız olmaz.
Mən "cəza"
sözündən darıxmış halda üzünə
baxdım.
Mülayim və kədərli bir səslə:
- ...Təmiz adına
ləkə vurulması, başı-qulağı üç qəpiyə
dəyməyənin qarşısında dayanıb təhqirli
sözlər dinləmək, anlamaz qarşısında susmaq,
anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə
təhqirli sözlər deyirlər ki, dözmək
mümkün deyil. Gərək nə qədər ürəksiz,
şərəfsiz adam ola ki, olmayan sözləri
danışa. Nə isə... Sözlərim
çoxdu. Əfsus ki, vaxt azdı. Nə qədər deyiləsi sözlərim, deyiləsi
dərdlərim, görüləsi işlərim var. Əsl
xain yaxşıları pis adlandırıb məhv edənlərdi.
Vaxt gələcək bu günahsız, ləkəsiz,
tarixə, xalqa xeyir verəcək, vaxtından əvvəl
itirilmiş bu zavallılar üçün nə qədər
təəssüf ediləcək.
...Bir neçə dostunun
adını soruşdu. Dedim:
- Heç birini görməmişəm.
Biri haqqında dedi:
- Görməsən
yaxşıdı, o yarım adam
satandı, hələ yaxşısı budu. Neçə
kişilər nakişi oldular. Əvvəl-axır
ölümdü. Mərd ölmək namərd
yaşamaqdan yaxşıdı.
Dedim:
- Canın sağ olsun. Gələndən
sonra özün ayırd edərsən.
Fikrində
danışırmış kimi çox yavaş səslə
öz-özünə dedi:
- Həə... umulmaz
umud.
Eşitdim. Üzünə
baxıb ağladım. Əlimi bərk-bərk
sıxıb dedi:
- Mən səni ağlar görmək
istəməzdim. Keçirdiyin ağır
günlərini bilirəm. Dönüklük
edənləri, əyri yola düşənləri eşitdim.
Əsl sədaqət ağır gündə
bilinir. Silinməz ləkə, çəkiləsi
dərd elə dərdlərdi. Şükür
o adlar ki, adımızda yoxdu. Mən
şad gedirəm, bu hər şeydən üstündü.
Qəmli qəlbimin sönməz
yıldızı. Ağır qəmim
yenilməz xalqımın yenilməsidi. Əllərdə
qalxan olmasıdı. Nələr olur, nələr
var, bunlar olduğu kimi bu bədbəxt xalqa çatacaqmı?
Nə qədər rəzil insanlar varmış.
İnsan nə qədər
alçalarmış. Mərd ölmək
namərd yaşamaqdan üstündü.
Çox qadınlar ərizə verib,
ərlərinə "xalq düşməni" - deyib
boşandılar və ərə getdilər...
Evi soruşdu. Dedim ki, yaxşıdı. Onun dağlardan ağır dərdləri var, hələ
bir mən də dərdinin üstünə dərd qoyum, onsuz
da bilir narahatdı.
- Ev sahibi, qonu-qomşu hamısı
yaxşıdılar. Bizdən heç nigaran
qalma. Yalnız sən mümkün qədər
özünə fikir ver, darıxma.
Soruşdu:
- Evdə əsərlərdən bir
şey qaldımı?
- Bütünü yox, bir neçə
parça qalıb.
Altı-yeddi hazır dram əsərləri
vardı. Demək olardı ki, əksəriyyəti əl
makinasında çap olunmuşdu. Nəşriyyata
verməyə. Bir dənə ümumi dəftərə
nəşr olunmamış əsərlərinin məzmununu,
iştirakçıların adlarını... bir-neçə
pyesin hamısını narın xətlə
yazmışdı. Onu soruşdu:
- O, evdə qalırmı?
Mən ölmüş, yalan
danışmağı bacarmadığım
üçün:
- Yox! - dedim.
Bərk həyəcanlananda,
fikrini bir yerə toplaya bilməyəndə, dərin fikirləşəndə
iki qaşını bir-birinə yaxın sıxıb, ortada
bir qırış görünərdi. Qaşını
sıxıb fikrə getdi:
- Bir o qalsaydı, demək olardı
ki, hamısı qalıb.
Gördü ki, mən də
çox narahat oldum. Dedi:
- Mənə dedilər, əsərlərindən
heç nigaran qalma, özün gələndə
hamısını özünə verəcəyik. Ancaq siz adlarını, sayını unutmayın.
"Attila"nın adını, bilirsən,
dəyişdirib "Gözəl Eyida" qoydum. Ona görə
ki, "Otello" ilə "Attila"nı
qarışdırmasınlar. Gözəl Eyida əsərdəki
qəhrəman qızın adıdı. Əl
makinasında yazılanlardan - hərəsindən birini
ayrı qoydular, əvvəl "Çingiz"i, "Telli
sazı", sonra o birilərini. Mən elə
bildim ki, onlar evdə qalıblar. Demə,
götürüblərmiş. Üzülmə,
bu işləri gələcək həll edəcək.
Harada olsa bir vaxt aşkara çıxacaq... Turan onilliyi bitirib
bir il fasilə versin. Çox
üzgündü. Sonra qoysalar, ali təhsil
alsın.
Mən dedim:
- Oğlun oxuyur, heç bir söz
deyən yoxdu. Bu da oxuyacaq. Onu
özün gəlib oxudacaqsan.
Üzümə baxıb dedi:
- Sən deyən olsa.
Dedim:
- İnşallah, olar.
Oğlunun oxumağına
mane olmadıqlarına çox şad oldu.
- Şükür, xeyirxahlar,
qədirbilənlər varmış. Haqlını
haqsızdan xalq ayırıb qiymət verəcək. Əfsus ki, gördüyüm rəzalətləri,
keçirdiyim günlərimi heç bir yerə qeyd edə
bilmədim.
- Gələndən sonra
hamısını yazarsan.
Təəccüblü bir iş, ya
bir söz olanda qaşının birini qaldırardı...
Qaşını qaldırdı, üzümə baxıb dedi:
- Sözüm çoxdu, vaxt az. Bir də
kim bilir, görüşmək qismət
olacaqmı? Mən istərdim, biz həmişə
bir yerdə, el içində şad, xoşbəxt olaydıq.
Nə qədər işlərim, arzularım
qaldı.
- Cavidim, sənə ümidsizlik
yaraşmır. Gələndən sonra bu
acıları unudarsan.
Üzümə baxıb çarəsi
mümkün olmayan təəssüflü bir səslə
dedi:
- Zavallı yavrum. Unudulmaz
acılar umulmaz umud.
Ağladım.
Kədərli səslə:
- Zaman gələcək,
yazılmamış əsərlərimə, qaranlıq
zindanıma xalqım da ağlayacaq. Azərbaycana
vurulan yara çox dərindi. Namərd əllərdə
mərd alim oğullar itirdi. Əsrlər
boyu bu yaralar sızlayacaq.
Başımı çiyninə
qoyub:
- Can, Cavidim, - dedim.
Əlini başıma çəkib:
- Sən arzu etdiyin kimi olsa, gələsi
olsam, onda hamısını danışaram... Üzləri
"ağ" olsun ağ üzləri
"qara" adlandıranların.
Baxdım ki, nəzarətçi
bizə tərəf gəlir. Dedim:
- Vay... Demək vaxt
qurtardı.
Üzümə baxıb udqundu:
- ...Sağlıq olsa yenə
də görüşərik. Məktub yazmaq
hüququna malikəm. Harda olsam, məktub
yazacam. Məni bu yola yolçu edənlərdən
yazsam, təbii ki, buraxmayacaqlar. Heç olmasa, barı bir-ikisinin adlarını deyim ki, biləsən...
Sözünü
başlamışdı ki, nəzarətçi gəldi. Dedi:
- Baxın, hamı gedib, mən sizi
gözləyirəm.
Heç olmasa, beşcə dəqiqə
gec gəlsəydi, o "mərdlərin" adını bilərdim. İkimiz də
qalxdıq ayağa.
Cavidin rəngi ağardı, məni
də rəngi qaçmış görüb:
- Vaxt nə tez çatdı, - dedi.
Nəzarətçi utanmış
halda:
- Məndən asılı
olsaydı, hələ bir az da gec gələrdim,
- dedi.
İnsafsızlar içində
insaflılar da varmış.
Var gücü ilə əllərimi
sıxıb titrək səslə dedi:
- Uşaqları öpərsən.
Yaxşı dostlara, qonşulara salam de. Darıxmayın. Əlvida...
- Yox, - dedim, yaxın vaxtda
görüşənə qədər.
Bərk əsəbiləşəndə,
çox həyəcanlı olanda dodaqları səyriyirdi. Elə titrək dodaqlarnan:
- Sən deyən olsun, ağlar
gözlərin gülsün.
- Amin, əzizim.
Üzümə baxdı. Məni rəngi
qaçmış, gözü yaşlı görüb qəmli
səslə:
- Nə qələmim susacaq, nə də
gülüm solacaq, - dedi.
...Bəs bu uzun illər o, qələmsiz,
kağızsız o dolu ürəyini, ümman fikrini hara
yazdı. Deyərdi: "Sənətkar kürreyi-ərz kimi
dayanmadan çalışmalıdı, yaratmalıdı".
Elə bir sənətkarı dili bağlı, əli
bağlı qapalı qatarda, qarlı-şaxtalı səhralara
doğru sürgünə aparırlar. Ona
rəhbərlik edənlər kimlərdi? Aman Allah!
Gedib arvada təşəkkür
etdim. O, kömək etməsəydi mən görüş ala
bilməyəcəkdim. Soruşdum:
- Nə vaxt aparacaqlar?
- Bilmək olmaz, yarım saat bundan əvvəl
iki maşın apardılar. Bu qədər camaat
da durub gözləyir. Gəlsən də görə
bilməyəcəksən, - dedi.
Ona "sağ ol" - deyib
ayrıldım.
Gəlib gördüm
uşaqlar məni gözləyir. Qapıdan girən kimi
əlimə baxdılar ki, görsünlər, şeyləri
verə bilmişəmmi?
...Ayın 5-də getdim Keşləyə
ki, bir xəbər bilim. Bir pəncərəyə
yaxınlaşıb soruşdum. Dedilər:
- Dünən gecə yola saldılar.
Mənə elə gəldi
ki, ayağımın altında bir quyu açıldı, məni
çəkdi aşağı. Başım gicəlləndi.
Yerə baxdım. Quyu-filan,
heç nə yoxdu. Soruşdum:
- Neçə il
iş veriblər?
Dedilər:
- Səkkiz il. Nədi
ki, beş ildən sonra gələcək.
Demək, 1937-ci il
iyunun dördündə evindən çıxdı, 1939-cu il
iyulun dördündə isə Vətənindən qapalı
qatarda qarlı-şaxtalı səhralara doğru əsir getdi.
Ağızdolusu "qardaşım, dostum" deyənlər
də səfalı bağlara, sərin yaylaqlara...
Gəldim evə. Uşaqlar da gəldilər.
Anası ölmüş oğlum dedi:
- Ana, sabah gedək,
bəlkə görüş ala bildik.
- Artıq görüş yox, məktubunu
gözləməliyik. Bu gün getmişdim.
Dünən yola salıblar.
Üçümüz də
ağladıq.
- Ağlamaqdan bir şey çıxmaz. Çalışın, yaxşı oxuyun, babanıza layiq olun, heç kimə əyilməyin. Üzünüz ağ, alnınız açıq olsun. Şərəfli ad dünya qədər qiymətlidi. Ac qalmaq, solğun geyinmək, ağır işlərdə çalışmaq əksiklik deyil. Açıq alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidi.
Gözümüzü bağlı qapılardan çəkib uzaq yollardan gələcək məktubların yoluna dikmişdik.
Mən xəstələndim. Xəstə yatası oldum. Bir gün xəstələri yoxlamağa gələn həkim xəstələrin çarpayıdan asılmış xəstəlik vərəqini oxuya-oxuya gəlib mənə çatdı.Vərəqə baxıb qorxmuş, uca səslə:
- Cavid - dedi.
Orada "Mişkinaz
Cavid" yazılmışdı.
Əlini elə çəkdi ki, elə
bil, əlini od yandırdı. Qınamayan olsaydı, çıxıb
qaçardı. O biri xəstələrə gözucu
baxıb getdi. Vay o baxmağa.
Bir neçə gündən
sonra 8-9 yaşından tanıdığım bir həkim
şəfqət bacısı ilə gəlib xəstələri
yoxlamağa başladı. Mənə çatanda lap yavaş səslə
şəfqət bacısına Cavidin vaxtı ilə çox
yaxın dost dediyi oranın hörmətli həkiminin
adından:
- Deyib, yazın, bu çıxsın
- söylədi.
O, rus olduğu üçün rusca
çox təəccüblə, eyni yavaş səslə:
- Niyə? Axı sabah
rentgenə salınacaq, - dedi.
Görünür, onun
bizimkilərin şücaətindən xəbəri yoxdu. Onlar belə
etməzdilər. Halbuki, həkim
üçün dost-düşmən fərqi yoxdu.
Müalicəsini et, sonra lazım gəlirsə
güllələ. Qaldı ki,
tanıdığın xəstə bir qadın.
Çağırıb desəydi ki, səndən qorxuram,
çıx get, o mənə elə ağır gəlməzdi,
nəinki o şəfqət bacısının yanında. Onun nəzərində o həkim və
başqaları nə qədər sönük
göründülər. Mən ondan
utandım. Onsuz da rəhmətlik Sabir
demişkən, "Qeyrətimiz bəllidi hər millətə".
Səhərisi gün:
- Yazın, - dedim,
çıxıram.
Can, Cavidim, özünə vətənində,
ailənə xəstəxanada yer yoxdu.
Gəldim ki, ikisi də evdədilər. Məni
görüb sevindilər. Onlara heç nə
demədim.
...Hər gün yolunu gözlədiyimiz
məktub gəlib çıxdı. Nə qədər
sevindik... Gedib soruşdum ki, bu ünvana
bağlama göndərmək olarmı? "Olar,
- dedilər, ancaq gecdi, mayın axırında olar. İndi yol bağlıdı".
Mənə elə gəlirdi
ki, kiçicik bir bağlama ona böyük bir dayaq olacaq. Bizdən də
arxayın olacaq ki, sağ-salamatıq. 1940-cı
ilin sentyabrının axırında teleqram aldıq ki,
"bağlamanı aldım". Biz nə
qədər sevindik ki, o da bizdən arxayın olub. Yarıarxayın günlər keçirdi. İndi ayları yox, illəri sayırdıq.
...Gəlişini, şad günləri
gözlədiyimiz halda, qanlı-qadalı, anaları ağlar
qoyan, evlər yıxan 1941-ci il müharibəsi
başladı. Yara üstündən yara. Birinci həftə qardaşım getdi. Noyabr ayında oğlum getdi. Cavidin
böyük qardaşının böyük oğlu mənə
oğul əvəziydi, o da getdi. Ağır
işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm.
Deyirdim, Cavidim gələr, dərdlərimi onnan
bölüşərəm. Keçirdiyim
ağır dərdlərimi unudaram. Demə,
dərdimin ağırı hələ qabaqdaymış.
Cavidin 1941-ci ildə yazdığı məktubunu
1942-ci ildə aldıq. Ondan sonra Caviddən
heç bir məlumatımız olmadı.
Bir evin ki,
çırağı söndü, heç yandan işıq
düşməz. Oğlumu ağır vəziyyətdə
Tiflis hospitalına gətirdilər. Özünə demədən,
baş həkimin adından mənə teleqram gəldi... Aman Allah, "gəl" demək nə deməkdi?
Gör nə haldadı ki, mənə "gəl"
deyirlər.
Birinci, maddi ehtiyac.
İkinci, getmək
üçün icazə verəcəklərmi?
Həmişə evdən satılmaq
üçün bir şey verəndə deyərdi: - "Ana,
elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O,
babanın yadigarıdı".
Dedim, bundan ağır gün
olmaz. Cavidimin yadigarını yadigarına sərf
edim deyə, birinci növbədə üzüyü
barmağımdan çıxardım. Bir
paltarım vardı, geyəndə Cavidin xoşuna gəlirdi.
Saxlamışdım ki, o gələndə
geyim. Onu da götürdüm. Evə oğru gözüylə baxırdım,
görüm evdə dəyərli bir şey varmı?
Qonşuda bir dəllal arvad
var idi, verdim ona. Dedim ki, tez satıb çatdırsın.
Teleqramı aparıb iş yerimə
göstərdim. On gün icazə verdilər.
Çox çətinliklərdən
sonra getdim. Sabahı günü saat beşdə çatdım.
Həyətdə gəzən xəstələrdən
soruşdum. Dedilər:
- O gəzən deyil,
ağırdı.
Gedib özünə və həkiminə
deyirlər.
Aman Allah. Həkimi əvvəl
gedir yanına ki, görsün necədi, mənim gəlişimi
demək olarmı? Gəlişimi bildiyi üçün
deyir: "Doktor, icazə verin anam gəlsin". Bir də gördüm həkim özü gəldi
qapıya. Ağsaçlı, dolğun bir
qadın idi. Onu görüb ağladım.
Məni qucaqlayıb:
- Elə bir oğulun anası
ağlamaz, - dedi.
Çamadanı özü
götürdü. Gəldik onun kabinetinə. Məni
bir də qucaqlayıb doluxsunmuş halda dedi:
- Əlimizdən gələni
edirik. Görək nə olacaq? Sizin
xalqda qədirbilməzlər çoxdu, belə bir
ağıllı, mədəni adamı saxlamalıydılar.
Bütün həkimlər onun sağalmasına
çalışırlar. Baş həkim
hamısına tapşırıb. Atasını
tanıyır.
O danışdıqca mən tələsirəm
ki, tez gedib görüm. Qoluma girib dedi:
- Amma çalış ağlama, ona
həyəcanlanmaq olmaz.
Qapıya qədər gəlib
məni içəri buraxıb, özü geri qayıtdı.
Yanında tibb bacısı
oturmuşdu.
Mən içəri girəndə başını
qaldırdı... Aman Allah, o iri
açılmış qara gözlər, qanı
qaçmış o al dodaqlar. Yaxınlaşıb əyiləndə
birinci sözü bu oldu:
- Ağzımdan öpmə.
Ağız nədi, üz nədi,
duz kimi yaladım. Dedim:
- Bu nə sözdü. Adam xəstə də olar. Sağalar
da. Sənə nə olub?
Dalbadal deyirdi:
- Nə yaxşı gəldin... Yollar çox çətindi, çox əziyyət
çəkdin.
- Yox, rahat gəldim.
Çox həssas və
ayıq idi.
Barmağımda üzüyü görməyib soruşdu:
- Ana, birdən üzüyü...
- Yox, evdədi...
Heç nə demədi. İnandımı,
inanmadımı? Ağır-ağır nəfəs
alaraq dedi:
- Ana, mən əsgər gedəndə
sənə dedim ki, səni qəhrəman anası edəcəm,
demədim ki, ağır dərdinin üstünə
sağalmaz dərd qoyacam. Adamın ki, taleyi
döndü, hərtərəfli dönür.
- Canın sağ olsun, inşallah,
yaxşı olarsan... Hər şey düzələr.
Ah çəkib:
- Sağalsam... - dedi.
Əyilib üzündən
öpdüm:
- Adam ümidsiz olmaz, - dedim.
Üzünü yana
çevirib yavaş səsnən:
- Yazıq anam, - dedi.
Məni qəhər
boğdu. Danışsaydım ağlayacaqdım, odur ki,
özümü eşitməməzliyə qoydum. Dilim susdu, ürəyim yandı, göz yaşım
qəlbimə axdı.
Bir xeyli oturdum. Sonra tibb bacısı gəlib
dedi:
- Doktor sizi çağırır.
Üzündən öpüb dedim:
- Bir neçə gün burdayam, həkimin
"mənim kabinetimdə qalarsan", - deyib.
Sevincli səslə:
- Nə yaxşı, - dedi.
...Həkim çox təəssüflü,
qayğılı dedi:
- İkitərəfli sətəlcəm
olub, müalicəsi düzgün aparılmayıb. Sonra döndərib
vərəmə. Keçən həftə
çox qan itirdi. Görək nə edirik...
Səhəri baş hakim gəldi. Ağsaçlı,
ucaboylu, arıq bir kişiydi. Azərbaycanca salam verdi:
- Mənim azərbaycanlı
dostlarım, tanışlarım çox olub. Ona
görə də danışmağı onlardan öyrənmişəm.
O dostlarımdan gedənlər çox oldu. Cavidlə
1913-cü ildə Tiflisdə tanış
olmuşam. Bir dəfə mən və bir neçə dost
getdik Şeyx Sənan dağına. Azərbaycan
xalqı böyük bir alimini itirdi. Heç olmasa, barı, onun yeganə oğlunu əsgərlikdən
saxlayaydılar. Əlimizdən gələni
edirik. Bir az yaxşı olsun, bir il
vaxt verərik. Əgər o vaxtacan müharibə
qurtarmasa onu bir də əsgər getməyə qoymaram.
Ürəyimdə dedim: "Bəxtəvər
o xalqa ki, sənin kimi oğlu var. Amma bizim dost dediyimiz alimimiz məni
qızdırmalı-qızdırmalı xəstəxanadan
çıxardı.
Heç salam verən
yox idi. O ki qaldı əsgərlikdən saxlatdıra".
...Qayıtdım yanına,
gördüm "Şeyx Sənan"ı oxuyur. Əlindən
alıb qoydum pəncərənin qabağına... Dedim:
- Bunları az oxu.
Əlini qaldırıb pəncərədən
görünən Şeyx Sənan dağını göstərdi:
- Bəs onu neyliyim?
- Demirəm, tamamilə unut. Ancaq dözümlü ol. Kişi
səbirli olar.
- İki ay pianonun
qabağında otursam "Şeyx Sənan" hazırdı. Çox demirəm, 2-3 dəfə
ona dirijorluq edim, sonra...
Pedaqoji İnstitutun ədəbiyyat
fakültəsini əla qiymətlərlə bitirmişdi. Sonra girdi
konservatoriyaya. Əsgər gedəndə ikinci
kursdaydı...
- Sənə heç ümidsizlik
yaraşmır...
Dilim deyirdi, amma ürəyimin
ümidsiz, narahat döyüntüsünü eşidirdim. Gözümü
üzündən çəkmək istəmirdim. Elə bil, ürəyim duymuşdu ki, bu axır
görüşümüzdü.
Keçirdiyim günləri
xatırlayanda özüm özümə təəccüb
edirəm ki, necə dözmüşəm? Məni
dözümlü, səbirli edən yeganə
qızımı əlimdə saxlamaq hissi olub. Ölünü qoy, dirini ağla.
Qalmaq mümkün deyil, aparmaq
imkanım yoxdu.... Onun kəlmə-kəlmə
öskürməsi, ümidsiz baxışları ömrüm
uzunu unudulmaz. Üzümə baxıb dedi:
- Ana, baba Keşlədə
görüşəndə sizi mənə tapşırdı.
Mən kimə tapşırım?
Belə deyəndə əlimi qoydum
ağzına:
- Bu nə sözdü?
- Arzu etmədiyim sözdü...
Polad ürək gərəkdi ki, bu dərdə
dözsün...
- Ana, mənə vaxt verəndə
Naxçıvana gedim.
- Necə istəsən.
...O vaxt mənim anam, bibim, əmim
oğlu sağ idilər. Bir də ki, öz əmisi
oğlu vəzifə başındaydı. O, kiçik
vaxtında atasını itirmişdi. Ona görə
elə bir yerdə qardaş kimi böyüdülər.
O, bundan altı yaş böyük idi. Onu
çox istəyirdi. Elə bilirdi ki, əvvəlki
hörmət və məhəbbət qalıb. Bilmirdi ki, onu vəzifə və zaman dəyişib.
Onun kimi mən də bunu bilmirdim. Özümünkülərdən çox, onu əzizləyirdim.
Onu böyük oğul hesab edirdim.
- Bir neçə məktub
yazmışam. Heç bir cavab almamışam.
- Bəlkə almayıb...
...Həkim məsləhət
gördü ki, bir az yaxşı olsun,
sonra bir adamınız gəlib aparar.
Onu elə ağır halda yataqda qoyub
gedən köməksiz ananın vəziyyətini izah etmək
çox çətindi...
Onun son baxışı, iri
açılmış gözləri, solğun bənizi həmişə
gözümün önündədi. Var qüvvəsiylə
çalışırdı ki, sakit görünsün.
Dedi:
- Turanı öpərsən. Salam söyləyərsən. Deyərsən
ki, yaxşıyam. Qismət olsa,
görüşərik.
- İnşallah, əlbəttə,
görüşəcəksiniz, o nə sözdü?".
Öz həkimiylə baş
həkim məni qapıya qədər gətirib, bir tibb
bacısına məni vağzala aparmağı
tapşırdılar.
...Bir aydan sonra əmim gedir ki, aparsın, vəziyyəti ağır olduğu üçün buraxmırlar. Özüm getmək istədim. "Sən bu yaxınlarda gəlmisən", - deyə buraxılış vərəqi vermədilər. Birinci dəfə gedəndə teleqrama görə icazə vermişdilər. Müharibə vaxtı onların icazəsi olmadan heç yerə getmək olmazdı.
Dərd üstündən dərd. Əmim rəhmətə getdi. Ondan da ümidim kəsildi. İki ay da keçdi. Onun oradakı halı. Ana-bala - bizim evdəki halımız.
Elə bu vaxt, anamın Moskvada yaşayan qohumu Əziz Şərif Naxçıvana - anasına baş çəkməyə gəlir. Tiflisdə necə olursa oğlumun xəstəxanada olduğunu bilir. Gedir yanına. Görür ki, yaxşıdı. Cavidin ən yaxın dostu Əziz Şərif. Ömrüm boyu ona minnətdaram. O gəlib onu Naxçıvana aparmasaydı orada tələf olub, atası kimi onun da yeri bilinməz olardı.
...Mən qaragün, onun
sağalıb gəlməsini gözləyirdim. Amma qara xəbərini
aldıq. Heç analar, bacılar görməsin. Özü də
necə nisgilliydim. Əlim çatmır. Ünüm yetmir.
Yeganə təsəllim o oldu ki, o hadisə burada olmadı. Onu
yerdən götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi.
Gərək çıxıb yoldan keçənlərdən
xahiş edəydim ki, gəlib mənə kömək etsinlər.
Amma orada onu əzizləyənlər, layiqincə yerdən
götürənlərim vardı...
Mişkinaz Cavid
Ədəbiyyat
qəzeti.- 2018.- 27 oktyabr.- S.8-9.