Azərbaycan istiqlal savaşının ideoloqu və onun
"Azərbaycanda yeniləşmə hərəkatı" əsəri
Konkret, bəlkə də
vazkeçilməz bir missiyanı yerinə yetirmək
üçün dünyaya gələn insanlar bəzən unudulmalıdır
ki, onların min bir əzab-əziyyətə tab gətirib
icra etdikləri çox əhəmiyyətli işlər
"yerisin", daşıdıqları mənanı daha
geniş kontekst və "ərazidə" gerçəkləşdirə
bilsinlər. Həmin şəxsiyyətlərin
unudulmağından giley və təlaşla danışan
insanlar qəlblərinin dərinliklərində şübhəsiz
ki, bu həqiqəti - unudulmağın millətə, milli
ideologiya və prinsiplərə xidmət etdiyini sezir və
hiss edirlər, ancaq bu sezmə anidən keçir,
sızıltıya çevrilir, yenə də bu insanın
layiq olmadığı halda illərlə, bəzən on illər
boyunca unudulmasından şikayətlər səslənir. Ancaq həqiqət, həqiqi
olan, həm də millət üçün dəyəri olan
nəsnələr bir gün gəlib yerini tutur. Və bu hadisədə heç bir gecikmə qeydə
alınmır. Burada əsas amil
missiyanın gerçəkləşməsinin gecikməməsidir.
Əks təqdirdə, böyük bir işin,
deyək ki, milli azadlıq və istiqlal savaşının tərkibində
çox mühüm şeylər çatışmaz və
bu, gələcəyin inşasında qəliz problemlərin
yaranmasına meydan aça bilər. Bu
missiyanı daşıyan, onu istənilən zorunluğa
baxmadan icra edən şəxslər, şübhəsiz ki,
amal, ideal uğrunda canlarını bir göz qırpmadan fəda
etmiş şəhidlərdir. Böyük
şəxsiyyət Hüseyn Baykaranın bütün
kitabları izah təriqli "ön söz"lərlə
açılır. Bu girişdən öncə isə
müəllif qeydi gəlir: "BU ƏSƏRİMİ ADLARI
MƏLUM OLAN VƏ OLMAYAN, BİR HİSSƏSİ YOLDAŞLARIM OLAN
AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN ƏZİZ
ŞƏHİDLƏRİNƏ HƏSR
EDİRƏM!..".
1904-cü ildə Şuşada anadan
olmuş Qara Hüseynbəyli (Hüseyn Baykara) Bakı Dövlət
Universitetinin tarix fakültəsində oxuyarkən tələbələr
qarşısında Azərbaycanın müstəqilliyini
müdafiə edən çıxışlarına görə
izləndiyini hiss etmiş, əvvəlcə İrana, ordansa
Türkiyəyə keçmiş, Ankara Universitetinin hüquq
fakültəsini bitirmiş və bundan sonra (Türkiyə həyatı
nəzərdə tutulur) həyatının hər bir
anını doğma yurdu Azərbaycanı qətrə-qətrə
öyrənməyə, əsarət altında olan yurdunda
sovetlər tərəfindən icad edilən
dürlü-dürlü saxta ideyaların gerçək
olmadığını göstərmək üçün həqiqətləri
yazmağa həsr etmişdi.
Hüseyn Baykaranın ilk monoqrafik əsərindən
sonuncu tezisinə, məqaləsinə qədər
bütün yazılarını oxusaq bir cəhətin dominant
təşkil etdiyinin şahidi olarıq: o, Azərbaycanda milli istiqlal
savaşının tarixini yazmış, ideyaların milli
ideologiya bazasında tədriclə necə formalaşması
prosesini izləmiş, bu savaşda təkamülün morfologiyasını
açıq-aydın şəkildə və analitik yöndə
izah etməyə çalışmışdır. Bu sahədə onun xidmətləri əvəzsizdir,
başqa heç bir ictimai-siyasi xadim onun qədər
ardıcıl şəkildə ideoloji baxışları
zamanın və dövrün, o dövrlərdə baş verən
qlobal hadisələrin süzgəcindən keçirib təhlil
edə bilməmişdir. Bu əvəzsiz xidmətin əhəmiyyəti
bir neçə cəhətlə izah edilə bilər: 1)
H.Baykara, sadəcə, tarix, xronologiya yazmırdı, o,
ideyaların tarixini yazır, onlar arasındakı keçidlərin
məntiqini araşdırırdı; 2) H.Baykara azərbaycanşünaslıq
sahəsində mövcud olan
boşluqları doldurur, mövcud və getdikcə daha
böyük ərazini zəbt edən
yanlışlıqları aradan qaldırırdı və 3)
H.Baykara o dövr
üçün Azərbaycanın yaxın tarixində baş
verən hadisələrin əsl mahiyyətini, həmin
dövrdə meydana çıxmış şəxsiyyətlərin
gördükləri işin siyasi-ideoloji və mədəni
mahiyyətini tam fərqli müstəvidə açmağa
çalışırdı. O,
bir tərəfdən, istiqlal mücadiləsinin bütün təməl
prinsiplərini, onun iqtisadi, siyasi və mədəni köklərini
bir-birilə sıx əlaqədə öyrənir, təhlillər
aparır, digər tərəfdən isə bu əsasda əldə
edilən nəticələrin rəsmi, artıq
oturuşmuş qənaətlərə qarşı ziddiyyət
təşkil etdiyini, mübarizənin bitmədiyini, əksinə,
istiqlal ideyasının özülünün daha da möhkəmlənməsinə
xidmət etdiyinin sübutuna çevrilirdi.
Bu mənada Hüseyn
Baykaranın "Azərbaycanda yeniləşmə hərəkatı
(XIX əsr)" adlı ilk əsərinin (1966) böyük əhəmiyyəti
var. Əvvəla, belə bir ştrixi
qeyd etmək zəruridir: bir araşdırıcı və alim
kimi Hüseyn Baykaranın təfəkküründə hadisələrə
ən müxtəlif bucaqlardan baxmaq özəlliyi var. Onun
yanaşmasının analitikliyini şərtləndirən bu
ştrix eyni zamanda konkret məsələ və ya problemin
köklərinin "uzandığı" məsafəni də
aydın fonda göstərə bilirdi. Müəllifin məsələyə yanaşma
prinsipi janrın da sərhədlərinin genişlənməsinə,
janryaradıcı komponentlərin yenilənməsinə və
orijinal mənalar kəsb etməsinə səbəb olurdu.
Diqqət edin: "Azərbaycanın
oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında
oçerki yazmağa
başlayarkən məni ən
çox düşündürən məsələ Çar
Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi
və iqtisadi vəziyyətinin nə
qədər inkişaf etmiş
olması idi. Buna görə də
kitabda ən çox
bu mövzuya yer
verdim. Bəzi zümrələr
belə hesab edirlər ki, Azərbaycanın hal-hazırkı mədəniyyəti, incəsənəti rusların
əsəridir".
Müəllifin incə
müşahidə nəticəsində tutduğu bu cəhət
zamanla daha da dolğunlaşır, çünki H.Baykara istənilən
hadisəni qlobal müstəvidə nəzərdən
keçirməyə hazırlığı olan bir mütəxəssis
idi. Baxın:
"Halbuki ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki
bugünkü Qərb düşüncəsində, hətta
o dövrün Qərb
düşüncəsinə
görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra
Rusiyada yalnız hərb
sahəsində qərbləşmə özünü göstərirdi.
Şərqdə qazandıqları qələbələri də məhz
buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə
II Aleksandrın fərmanı ilə ləğv
edilmişdi. Öz vətəndaşları
ilə qul kimi
davranan rejim necə mədəni ola bilər, ya
da necə mədəni hesab oluna bilər? Xüsusilə də
Çar Rusiyası rejimi
dözülməz
despotik və zülmkar
rejim idi. Bu səbəbdən də
Avropa ilə müqayisə ediləcək heç
bir tərəfi yox idi. Qədim köklərə sahib
barbar slavyanların adətlərini rus
qiyamı ilə XX əsrə
gətirən rusların mədəniyyətlərinin səviyyələri hətta bu gün də
münaqişə mövzusudur...".
Müəllif nəzərdən
keçirdiyi zaman kəsimini bu genişhəcmli monoqrafik
oçerkində tarixi metod əsasında öyrənir, bu
hadisələri oxuculara dərinlərdən gələn
kökləri ilə birlikdə təqdim edir, nəticədə
isə oxucunun bildikləri ilə, ona sovet rejimində
sırınan ideyalarla bu kitabın əsaslı və mükəmməl
analiz əsasında təlqin etdiyi ideyalar arasında çox
sözlü, çox ifadəli oppozisiya
yaranıb-formalaşır. Məqsəd təkcə
Azərbaycan torpaqlarını işğal edən
işğalçını tənqid etməkdən, onun bu
işğala don geyindirən saxta və ziyanlı fikirlərini
alt-üst etməkdən ibarət olmayıb, həm də XX əsrin
əvvəllərində inşa edilən milli dövlətin
yaranmasını şərtləndirən amilləri
bütün detalları ilə göstərməkdən ibarətdir.
Bütün bu deyilənlər,
xüsusən "Azərbaycanda yeniləşmə hərəkatı"
kitabının hiss etdirdiyi mətnaltı gerçəklər
Hüseyn Baykaranın alim və ictimai xadim kimi şəxsiyyətini
səciyyələndirən özəllikləri də nişan verir. Onun hiss-həyəcan
dolu mətnləri bütün struktur boyu analitik təfəkkürün
diktəsi ilə idarə olunur. Bayaq qeyd
etdiyimiz kimi, bütün bu cəhətlər oçerk
janrına bir yenilik gətirir, onu təsvirçilikdən
çıxarıb ən müxtəlif analitik və fikir
istiqamətlərinə qoşur. Bu mətnlərdə
onun vaxtilə, deyək ki, 1927-ci ildə universitetdə tələbələr
qarşısında etdiyi çıxışların alovu ilə
bərabər böyük və nadir zəkası mütləq
iştirak edirdi. O, təpədən-dırnağa qədər
azərbaycançı idi, öyrənib əxz etdiyi hər
bir bilgi, informasiya, elmi baxış və incələmələri
həmin eşqin mənbəyinə - doğma yurdun müstəqillik
savaşına çox asanlıqla yönəldə bilirdi. Hüseyn Baykara adı bizim nəzərimizdə
dünyanın bütün sərgilərini dolaşıb yad
mədəniyyətlərin
daşıyıcılarını heyrətləndirən
xalça butasına assosiasiya edilir. Xalça butası
çox gözəldir, çünki ən gözəl hiss və
duyğuların ifadəsidir, belə olduğu
üçün də insan qəlbinin bütün
künc-bucaqlarını işıqlandıran bir əsərdir;
xalça butası həm də insan zəkasının ən
mükəmməl məhsuludur, o qədər orijinal və
millidir ki, yad mədəniyyətlərin
daşıyıcıları buna baxıb ancaq heyrətlənə bilərlər, onu təkrar edə
bilməzlər!
Hüseyn Baykara adıçəkilən
əsərində XIX əsri (Axundzadə əsrini-!)
bütün cəhətləri ilə nəzərdən
keçirir və hər şeydən əvvəl həmin
böyük zaman çərəyini müxtəlif fraqmentlərə
bölməklə. XIX sərin birinci və ikinci
yarısı onun tərəfindən ayrı-ayrı və fərqli
kateqoriyalar kontekstində təhlil edilir. Birini
"oyanış", digərini "yenilənmə"
kimi səciyyələndirməklə iqtisadi göstəricilərdən
tutmuş, qaçaqçılıq hərəkatı,
xalqın folkloru, onun mədəni dəyərlərini yaradan
şəxsiyyətlərinin
yaradıcılıqlarını, ən əsası isə XX
əsrin əvvəllərində yaranan milli dövlətçilik
idealına göstərdikləri xidmətləri təhlil
süzgəcindən keçirir. Bu həqiqəti müəllifin
özü daha əsaslı şəkildə ifadə edir:
"28 may 1918-ci ildə elan edilən Azərbaycanın
İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər
deyil və ya hər hansı bir şəxsin əsəri də
deyil. Bu böyük tarixi hadisənin səbəbləri
bu oçerkdə də izah etməyə
çalışdığımız kimi Azərbaycan tarixindəki
ən əsas hadisələrə əsaslanır. Bütün bunları nəzərə alaraq deyə
bilərik ki, Azərbaycanın istiqlal hərəkatı tarixin
problemi olmuşdur. Hal-hazırda da bu problem
qalmaqdadır. Bu məsələni yenə
də tarix həll edəcək".
Təqdim edilən əsərin
birinci fəslində ("Xanlıqlar dövründə Azərbaycanda
vəziyyət") müəllif rus
çarlığının Azərbaycan torpaqlarını
işğal etməyə başladığı dövrdə
iki hadisəni xatırlayır və bu önəmli hadisələrdən
çıxış edərək bilxassə A.A.Kasparinin
"Fəth edilən Qafqaz" əsərinə istinad edərək
mövcud siyasi durumu təhlil edir. İstinad edilən
müəllifin də təsdiqlədiyi kimi, 1796-cı ildə
baş vermiş basqın nəticəsində "rusların
qalib olduqları halda məğluba çevrilmələri
sonralar fransızların Rusiyadan qaçmasına
oxşayır". Dirəniş, tarix boyunca qazandığın dəyərləri
qorumaq əzmi general Zubovun ordusunun ağır itkilər verməsinə
səbəb olmuşdu. İkinci hadisə
isə 1804-cü ildə rusların Gəncə
xanlığını işğal etməsi ilə
bağlıdır. " ...Hücum
edən qüvvə olaraq ruslar da böyük itkilər
vermişdilər. Ən əsas üç generalını da
məhz bu
yürüşlərdə itirmişdilər. General Sisianov
Bakıda, Kotlyerevski Lənkəranda, Gulyakov isə Zaqatalada
öldürülmüşdü". Və nəhayət,
1828-ci ildə İran və Rusiya arasında imzalanan Türkmənçay
sülh müqaviləsi...
Müəllif baş verən
dəhşətli və qlobal hadisələrin fonunda
onların hansı niyyətlərə xidmət etdiyini elə
rus siyasətçi və traixçilərinin öz məxəzlərinə
dayanaraq izah edir. "...Azərbaycanın dünya var olduqca yaşayacaq əfsanəvi
qəhrəmanı Cavad xan verdiyi sözün üstündə
durdu. Sisianov Gəncə qalası divarları
üstündə onu ölü tapdı. Beləliklə
də Kasparinin dediyi kimi, İran və Hindistana gedən yollar
ruslar üçün açılmış oldu. Kaspari deyirdi ki, Gəncə işğal
olunmayınca bu, mümkün olmayacaqdı".
Müəllifin üslubunun
bütün əsərlərindən görünən, ancaq
birinci olduğu üçün bu genişhəcmli
oçerkdə daha önəmli şəkildə nəzərə
çarpan bir xüsusiyyətini nəzərə
çarpdırmaq lazımdır; belə ki, müəllif
müxtəlif hadisələri, faktları, onlar
arasındakı əlaqələri şərh edərkən
həmin dövrün və milli şüurun səciyyəsini
parlaq şəkildə əks etdirən ricətlər edir,
daha önəmlisi isə bunu Azərbaycana kənar
baxışla izah etməyə çalışır. Kənar
baxış bu əsəri oxuyan oxucunun bütün hiss və
həyəcanlarını "görməyə" qabildir. Gəncənin işğalından bəhs edərkən
bu qanlı hadisənin xalqın duyğu və həyəcanlarından
keçib bədiiləşmiş nümunələrindən
də vaz keçmir, əksinə, hadisələrin
bütün dramatizminin bədii lövhələrdə necə
əks edildiyini son dərəcə lakonik tərzdə təqdim
edir. Başqa bir nümunə. Müəllifin şəhadətinə görə,
XIX əsrin ortalarında Bəhailik təriqətinə mənsub
Qəzvin qazısının qızı Tahirə
Gürretüleyn Nəsrəddin şahın əmri ilə
diri-diri yandırılır. Ona nəsihət edilir: Məzhəbini
tərk et, şah səni
bağışlar. Azərbaycanlı şairənin cavabı
gecikmir:
Mən demərəm kimsən
səməndər ol da, ya pərvanə
ol,
Çünki yanmaq niyyətimdir,
dönmə
gəl mərdanə ol...
Yaxud: "... Rəhmətlik
general İsmayıl Berkok "Tarixdə Qafqaz" adlı əsərində
qafqazlıların sosial-psixoloji xarakterinə misal kimi,
Lermontovun "Mıtsıri" poemasından bir hissəni
türk dilinə tərcümə edərək göstərmişdir.
"Mıtsıri" poemasında Qafqaz dağlıları
ilə ruslar arasında gedən döyüşlərdə
5-6 yaşlarında əsir götürülən bir
uşağın keşiş kimi yetişməsi
üçün Gürcüstanda yerləşən "Mıtsıri"
monastırına verilməsindən bəhs olunur." Poemadan məlum olduğu kimi, bu uşaq vaxt gəlir
dörd divar arasında sıxılmağa başlayır və
dağları, qayaları yerindən oynadan fırtınalı
bir gündə monastırdan qaçır. Meşədə kaftar ilə
qarşılaşır və onunla boğuşmağa
başlayır. Kaftarı boğub
öldürməyi bacarsa da özü ölümcül vəziyyətdə
yaralanır. "...Meşədə ölümlə
qarşı-qarşıya dayanan bu kiçik uşağı
tapırlar və monastıra geri gətirirlər. Lermantov ölüm ayağında olan bu
uşağı danışdırmağa başlayır.
"Mən bu monastırda olduğum müddətdə
vətənimi, vətənimin gözəlliklərini, millətimi,
millətimin məğrur, mübariz simasını
düşünmüşəm. Bu
düşüncə məni yandırıb-yaxan bir alov kimi
idi. Bu düşüncə məni insanın ruhunu
boğan, dualarla dolu havasız monastırdan mübarizəli və
möcüzəli həyata çağırırdı. Göz yaşları töküb, dərd çəkməkdənsə
vətənim olan tanımadığım o müqəddəs
torpaqları öpməyə and içdim".
Rus işğalından sonra
Azərbaycanda şərait, təbii ki, büsbütün dəyişir
və bu kardinal dəyişmələrə paralel şəkildə
qaçaqçılıq hərəkatı alovlanır. İqtisadi cəhətdən
iki sistemin qarşı-qarşıya gəlməsi, kapitalizmin
ilk rüşeymlərinin görünməsi və Azərbaycanda
az sayda olsa da kapitalist müəssisələrinin
yaranması onu öz məhvərindən ayırır,
hansı məqamlardasa işğalçı siyasətin
güddüyü hədəflər xalqın xeyrinə
işləyirdi. Yəni kimsə, hansı siyasi
doktrinanın gücünə olur-olsun başqa bir xalqı diz
çökdürüb ona hər şeyi qəbul etdirmək
gücünə malik deyildir. Bir tərəfdən
boğulan, ağzı qapanan mənbə, digər tərəfdə
bütün gücü ilə püskürə bilər.
Müəllif bütün bu ziqzaqlı, qəliz
tarixi şəraitin gətirdiyi ziddiyyətləri o dövrdə
mədəni vəziyyətlə yanaşı, paralel müstəvidə
araşdırır və yuxarıda təsbit edilən cəhət
- gücün, enerjinin boğulduğu anda başqa bir müstəvidə
əyaniləşməsi ideyası öz təsdiqini
tapır. Müəllif Azərbaycan mədəniyyətinin
o dövrdə inkişafının bütün parametrlərini
dolğun şəkildə verə bilmək üçün
həm həmin dövrün mədəni simasını
yaradan şəxsiyyətlərin bioqrafiyasını, həm də
ən səciyyəvi əsərlərini təhlil edir.
Vaqif, Vidadi, Mirzə Kazım bəy, Zərdabi, Zakir,
Bakıxanov, Axundzadə və başqa şəxsiyyətləri
məhz XIX əsrin yenilənmə kontekstində
araşdırmaqla əsas ideyasını (xalq öz
kökündən aldığı enerjini,
çınqını nə olur-olsun özünəməxsus
tərzdə müxtəlif dönəmlərdə əyaniləşdirir
və yoluna işğalçılıq kimi maneələr
çıxdıqda belə bu təməl niyyətini daha
böyük istək və ehtirasla ifadə edir) təsbit etməyə
çalışır. Hüseyn Baykaranın
bir alim kimi tarixi hadisələrə baxışında bir
mühüm amili nəzərə çarpdırmaq həm də
Azərbaycan mühacirətşünaslığı
üçün önəmlidir. O, adıçəkilən
şəxsiyyət və mədəni hadisələri
xalqın taleyi, daşıdıqları missiya, bu missiyanın
əyaniləşən qənaətlərinin tarixin və mədəniyyətin
sonrakı inkişafında hansı cəhətlərlə
qovuşub millətin azadlıq ideyalarının püxtələşməsinə
stimul verdiyini bir tam şəklində götürür. Hüseyn Baykara bütün mövcud faktları diqqətdə
saxlamaqla, onlardan hansısa birini unutmamaqla əslində
ideyaların inkişaf stixiyasını təhlil edir.
Hansı dövrdəsə, deyək ki, XVIII əsrdə, yaxud
XIX əsrin birinci yarısında hansısa ədəbi şəxsiyyətin
deyək ki, "millət" və bu qəbildən olan
sözləri işlədib-işlətməməsi şərt
deyil, əsas olan ümmətdən millətə inkişaf
yolunda bu şəxsiyyətlərin xalqın dilində nələr
yaratması, dünya elmi və mədəni irsi ilə
hansı kontekstdə səsləşib-səsləşməməsidir.
Çünki ana dilində yazılan hər bir
bədii əsər, bu dilin sərhədləri daxilində
reallaşan hər bir mədəni hadisə o xalqı
yaşadan, həyatını fırtınalardan keçirən
böyük bir enerji mənbəyidir. Bu mənada
Hüseyn Baykara haqlı olaraq məhz Qasım bəy Zakiri Azərbaycanın
oyanış dövrünün ilk şairi adlandırır və
onu İtaliyanın İntibah dövrünün nadir şəxsiyyəti
- Petrarka ilə müqayisə edir. Diqqət edin:
"...Zakir dövrünün şairləri arasında "Vətən"kəliməsini
ən çox işlədən Azərbaycan şairidir. Buna görə də İtaliyanın İntibah
dövrü şairi Petrarkadan heç bir fərqi yoxdur.
Onu Azərbaycanın oyanış dövrü
şairi adlandırmağımızın səbəblərindən
biri də məhz budur. O, vətəni Azərbaycanı digər
ölkələrdən üstün tutmuş və
sevmişdir. Şeirlərindən birində Azərbaycanın
Hicaz, Nişapur və İraqdan üstün olduğunu qeyd
edir:
Axtarmaq ilə mövsümü
gülzar ələ düşməz...
"Azərbaycanı"
"Hicazə",
"Nişapura" onu eyləmə həmtay,
Həm mülkü "İraqa".
Kitabın ən
mühüm fəsillərindən biri XIX əsrin ikinci
yarısına həsr edilən bölümdür. Bu zaman
çərəyinə aid etdiyi "yenilənmə"
anlayışı yazıda "intibah" və
"islahat" sözləri ilə əvəz edilir. Burada
Axundzadə və Zərdabi haqqında deyilən fikirlər, səsləndirilən
ideyalar bu dövr və şəxsiyyətlər haqqında
sovet dövründə aparılan tədqiqatlardan həm fərqlənir,
həm də müəyyən məqamlarda səsləşir.
Axundzadənin fəaliyyəti və irsinin bu şəkildə
araşdırılması onun masştabını dəqiq
nişan verir. "Bu böyük şəxsiyyətin
səyləri Azərbaycan sərhədlərini
aşdığı üçün o, Şərq
intibahçısı hesab oluna bilər." Baykaranın bu
fikrini incələsək belə bir nəticəyə gəlmək
olar ki, M.F.Axundzadə yaradıcılığı, eyni
zamanda, həm Qərb, həm də Şərq kontekstində
öyrənilməlidir. Onu təkcə Qərb ədəbiyyatının
janr və formalarını milli ədəbiyyata gətirən
şəxs kimi səciyyələndirmək kifayət deyil,
Axundzadə öz yaradıcılığı və fəaliyyətində
ən fərqli təfəkkür tiplərini birləşdirmiş,
nəticədə Azərbaycan türkcəsində bu dilin bütün
tarixini əhatələyən, yığdığı
bütün enerjini ifadə edən əsərlər
yaratmışdır.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.14-15.