Müəmmalı bir qətlin dörd versiyası...

 

Yapon yazıçısı Akutaqava Ryunesko "Cəngəllik" novellasını yazandan altı il sonra intihar elədi. Ziddiyyətli, dramatik həyat yaşayan yazıçının novellalarında nifrət, iblisanəlik, cəhənnəm və cənnət mövzuları davamlı olub.

Akutaqavanın əsərlərinə bir çox dünya rejissorları müraciət ediblər. Ən uğurlu ekran versiyasını isə həmvətəni, rejissor Akira Kurosavanın "Cəngəllik" və "Raşomon darvazası" novellaları əsasında ekranlaşdırdığı "Raşomon" filmi olub. Film 1950-ci ildə çox böyük çətinliklərlə, dağ kəndlərinin birində lentə alınıb. Çəkiliş üçün lazım olan məbləği ödəyən şirkət nümayəndələri ssenarini bir neçə dəfə oxusalar da, heç nə anlamadıqlarını deyəndə Kurosava böyük təəssüf hissi yaşayır. O öz xatirələrində yazır ki, mən həmin üç adama Akutaqavanın izah etmək istədiyi sadə bir həqiqəti, insanın mahiyyətini - hətta o biri dünyadan gələn ruhun belə öz mənfəəti, özünü təmizə çıxarmaq uğrunda uydurduğu yalandan ibarət olmasını izah edə bilmədiyim üçün üzgünəm.

Filmdə quldur hakim qarşısında ilkin ifadə verərkən deyir: "Kişi və qadın mənim yanımdan ötüb keçərkən onlara əhəmiyyət vermirdim. Baş verən bütün hadisələrə səbəb qəflətən əsən sərin külək oldu". Kurosavanın kamerası həmin anı xatırlayanda əsən külək qadının üzünə və bədəninə atılan rübəndi qaldırır. Gözəllik özü ilə bərabər nəfsi, şəhvəti və faciəni gətirir. 

Mehriban Ələkbərzadə də həmin faciəni səbəblərilə birgə qırmızı duvağlı qadın vasitəsilə səhnəyə gətirir. Bu qadın rejissorun digər tamaşalarındakı qadın qəhrəmanlarının xatirələri ilə birləşib, bütünləşib qırmızı xətt kimi onun yaradıcılığından keçir. Tamaşalarında qadın dramlarının qabarıq olması təkcə Mehriban Ələkbərzadənin qadın olması faktından qaynaqlanmır. Bu, həm də onun müraciət etdiyi yazıçı və dramaturqlarla zövq, baxış bucaqlarının üst-üstə düşməsindən, mətnlərdə gizlənən qadın ağrılarını dərindən, daxili duyumla hiss etməsindən irəli gəlir.

Bəşəriyyət kişi və qadın vasitəsilə inkişaf edir, artıb çoxalır. Bu çoxalmada kişinin sərkərdə, filosof, rəssam, yazıçı, rejissor kimi nə qədər payı varsa, qadının da o qədər haqqı var. Məişətin əsasını təşkil edən qaynar qazanlar, zivələrdən asılan rəngarəng paltarlar, südəmər körpələr və nəhayət, bu qədər həngamənin içərisində, öz həyatından özü üçün oğurlanan zamandakı gözəllik qayğıları, birinci olmaq üçün səfərbər olunan iddialar qadının başını qatmasaydı bu haqq, həm də tən yarıya bölünmüş paya çevrilə bilərdi.

Mehriban Ələkbərzadə hələ Medeyadan üzü bəri yol gələn qadının əzablarını, keçirdiyi təbəddülatları, zərif cinsin nümayəndəsi kimi yaradılmasında heç bir seçiminin ola bilməməsi faktının gətirdiyi təəssüfü çox gözəl anlayır. Ona görə yox ki, qadındır. Ona görə ki, həm də yaradıcı qadındır. Qadın özü isə zatən fitrətdən yaradıcı olduğundan növbəti yaradıcılıqda artıq mükəmməlliyə doğru can atır.

Akutaqava Ryuneskonin "Cəngəllik" novellası əsasında hazırlanan "Müəmmalı bir qətlin üç versiyası" tamaşasında ər və arvad günəşli bir gündə meşədən ötüb keçərkən ömürlərindəki qara zolağın düz ortasına düşürlər. Onlar hadisələrin həm iştirakçısına, həm də şahidinə çevrilirlər. Baş verən hadisədə qaranlıqlara qərq olan, yəni həyatını itirən ər olur. Amma necə? Bu sual necə sözünün sonundan götürülmür. Tamaşadan əvvəl olduğu kimi, tamaşadan sonra da öz yerində farağat dayanır.

"Müəmmalı bir qətlin üç versiyası" tamaşasındakı ilk  versiyada birinci ittiham olunan haqlı olaraq quldurdu. Lakin, o, bu ittihamda tək deyil. Qadın da özünü suçlu hiss edir. O, qolları bağlı ərinin qarşısında dayanarkən ərinin nəfsinə görə düşdüyü çarəsiz və miskin vəziyyət, quldurun isə şəhvətə görə öz həmcinsinə qarşı əclafcasına davranması, namussuz hala düşməsi sanki qadını qadın kimi doğulmasına peşman edir, özündən utandırır. Ərinin gücsüzlüyü ilə qarşılaşan qadın qəzəb və ikrah hissi duysa da asanlıqla bir quldura təslim olmaq istəmir. Amma bəlkə də qəlbinin ən gizlin guşələrində ərinin quldur qədər fəndgir, güclü ola bilməməsinə görə özünü quldura təslim etməklə qisas almaq düşüncəsi ötüb keçir...

Ərinin məğlubiyyətindən pərt olan qadın artıq öz izzəti-nəfsinin müdafiəsinə qalxır və təbii ki, məğlub olur. Ər isə quldur tərəfindən öldürülür.

Növbəti versiyada qadın həm günahkar, həm də qatildir. Təcavüzə məruz qaldıqdan sonra ərinin baxışlarındakı nifrətqarışıq istehza onun alçalmış mənliyinə, qüruruna bir az da toxunur. Əslində qadın ərinin baxışlarında başqa kişidən qazandığı həzzin ondan başqa kiməsə, həm də ən yaxın adamına da aşkar olduğunu hiss edir. Bu aşkarlıq, məhrəm duyğularının sezilməsi qadını qəzəbləndirir, onu qisasa doğru sürükləyir. O, əlbəttə, günahsızdır. Və başına gələn hadisələr məhz ərinin pula hərisliyi, acizliyi ucbatından baş verib. Amma bütün kişilər kimi onun əri də gözəl bilir ki, qadın fitnə-fəsaddır, qadın hiylədir, qadın, həm də bir çox faciələrin başlanğıcıdır. O, bütün bunları ərinin baxışlarında görür. Özünün ani, qısamüddətli zövqünün bilicisini, şahidini yox etmək istəyir. O, artıq ləkələnib, quldur qaçıb, şahid isə sağdır. Şahid ər olsa belə ölməlidir!

Üçüncü versiya isə ölmüş ərin ruhu tərəfindən nəql edilir. Şərəf və ləyaqəti təhqir olunmuş ər arvadının quldurla qaçmasına dözsə belə, onun quldurdan ərini öldürmək xahişinə dözə bilmir. Arvadı qaçandan, quldur gedəndən sonra intihar edir.

Və nəhayət, dördüncü, sonuncu versiya...

Abdulla Şaiq adına Kukla Teatrının üçüncü mərtəbəsi, "Yuğ" Teatrının səhnəsi. Qadın (Gülzar Qurbanova), kişi (Əbdülqəni Əliyev), quldur (Oqtay Mehdiyev), hakim (Vüqar Hacıyev), I şahid (Amid Qasımov), II şahid (Elşən Əsgərov). Tamaşanın rejissoru Mehriban Ələkbərzadə, bəstəkarı Vüqar Camalzadə, rəssamı isə Vüsal Rəhimdir.

Ağ, qırmızı və qara rəng çalarlarının sayrışması ilə döşəməyə səpilmiş xəzəllərin qoxu və xışıltısında baş verəcək qətlin versiyaları "Yuğ" Teatrı estetikasına sadiq qalmaq cəhdləri ilə təqdim olunur. Aktrisa Gülzar Qurbanova həm qadın gücünü, həm də aktrisalıq fəaliyyətini bütünlüklə səfərbər edib. Aktrisa üçün hava, su qədər lazım olan cəlbedici fakturası, yığcam bədən ölçüləri ona dinamik olmaqda kömək edir. Bədən dilinə cəsarətli müraciətləri onun aktrisa kimi texniki tərəfdən də bitkin olduğunu göstərir. O, tərəf-müqabilləri ilə qarşılıqlı tandemlərə gecikmir, hətta onları üstələməyə dəfələrlə cəhd edir. Onun qəhrəmanı tez-tez haldan-hala, rəngdən-rəngə düşür, gah quldurun, gah da ərinin üzərinə qığılcım saçan baxışlarla, od kimi yandırıcı nəfəslə atılır. Sanki Akutaqavanın yaratdığı obraz elə Gülzar Qurbanovanın özüdür.

Vüqar Hacıyevin hakim obrazına seçimi uğurlu seçimdir. Onun uca boyu, solğun siması, təmkinli üz cizgiləri və müdrik baxışları tez-tez, amma aramla digər obrazları mühakimə edib sorğulayır. Amid Qasımovun və Elşən Əsgərovun iddialı, ironik deyişmələri, baş verən qətlə dair bir-birini təkzib edən ifadələri, onların əyinlərindəki qara libas və şübhəli baxışları ilə səhnədə qəribə, mistik ab-hava yaradır.

Qaraqaşlı, qaragözlü, uşaq baxışlı Amid ən irihəcmli tamaşada, ən epizodik obrazla belə nəzərəçarpacaq qədər istedadlı aktyordu. Onun yaratdığı çoxsaylı obrazlar, bu obrazlara aktyorluq axtarışlarından yaranan fərqliliyi qatması, öz üslubunu yarada bilməsi sevindiricidir.

Əbdülqəni Əliyev zahiri görünüş baxımından əzab çəkən kişinin pərt susqunluğunu, hisslərini tamaşaçıya çatdıra bilirdi.

Oqtay Mehdiyev tamaşa boyu faciənin əsas səbəbkarı sanki şeytan tərəfindən ər və arvad üçün göndərilən quldur obrazından çıxış edərək səhnədə rəssam fırçası kimi işləyir. O, istədiyi zaman istənilən rəngin ahəngini qəhrəmanların qəlbinə və hadisələrin gedişatına qarışdıra bilir. Oqtayın özünəməxsus aktyor tapıntıları, jestləri tamaşaçı diqqətinin səhnədən yayınmasına imkan vermir.

Tamaşanın sonuna qədər, elə tamaşadan sonra da günahsızla, günahkarın fərqini ayırd etmək tamaşaçı üçün çətinləşir. Rejissor əsərin əslinə və gedişatına sadiq qalır, orada heç bir dəyişikliyə lüzum görməyərək öz yozumu ilə tamaşaçıya təqdim edir. Sadə bir həqiqəti insanın mahiyyətində böyük sirlərin, yalanların olmasını üzə çıxartmağa cəhd edir. Və bu cəhd o qədər səmimi, inandırıcı olur ki, tamaşaçı hələ uzun müddət baş verən müəmmalı bir qətlin dördüncü versiyasının təsirindən xilas ola bilmir.

 

Oktyabr-2018

 

Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.16.