Ünvanlı poeziyanı ordinat oxu üzərində təsəvvür
etsək...
Daha "bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə
vaxtı
2-ci hissə
Əsas ideyası müştərək türk-İslam ədəbiyyatının, ələlxüsus
da poeziyanın ilk yaranış dövründən ümumi xətlər
üzrə formalaşması, ta XX əsrin ilk çərəyinə
qədər davam etməsindən ibarət olan bu
yazının birinci hissəsində irəli sürülən
həmin mülahizə ədəbi
faktlar əsasında mövzu, janr, forma, şəkil,
habelə məzmun baxımından
yoxlanılıb sərf-nəzər edilmiş,
araşdırmalar, hətta səthi, ilk baxışda belə,
müşahidə olunan oxşarlıq və eyniyyət əlamətlərinin
əslində pozulmaz sistem təşkil etdiyini göstərmişdir.
Yazının ikinci hissəsində vahid sistem
mahiyyəti daşıyan türk-İslam ədəbiyyatının
səciyyələndirilməsi davam etdirilir, XIX əsrdən
meydana çıxmağa başlayan obyektiv-tarixi dəyişikliklərin
ictimai fikrə, o cümlədən, ədəbi-yaradıcı
mühitə labüd təsirləri izlənilir.
Həcviyyat
Ünvanlı poeziyanı ordinat oxu
üzərində təsəvvür etsək, bu oxun müsbət
qütbündə mədhiyyə, mənfi qütbündə isə həcviyyə
yerləşir və bunların birindən danışıb,
o biri haqqında söz açmamaq düzgün olmaz. Hər ikisinin əsas əlaməti əndazəsizlikdir
- desək, yanılmarıq. Həcvdə də
mədhdə olduğu kimi, mübaliğə əsasdır.
Bunlar tarixən bir-birinə o qədər
yaxın olub ki, bir şəxsin guya ona mədh oxumaq yolu ilə
həcv edilməsi türk-İslam şeirində populyar bədii
üsul sayılıb. Bunun ən parlaq
örnəklərindən biri Ziya paşanın məşhur
"Zəfərnamə"sidir. Ənənəvi zəfərnamələr
ruhunda yazdığı bu əsərin "qəsidə"
hissəsində yaramaz dövlət məmurlarından (həm
də istedadsız şairlərindən) Fazil paşanın
dili ilə sədrəzəm
Əli paşanı guya mədh edən böyük sənətkar
sonra həmin qəsidəyə "şairi-köhnə əda"
Hayri əfəndinin adından "təxmis" (hər beytə
üç orijinal misra artırmaqla misraların sayının
beşə çatdırılması üsulu) yazmış,
lap axırda isə Hüsnü paşanın dilindən bu mətnlərə
bir "şərh" də əlavə etmişdir (Fazil
paşa, Hayri əfəndi və Hüsnü paşa sədrəzəmin
ən sadiq adamlarından idilər). Beləliklə,
üç bölümdən ibarət "Zəfərnamə"yə
bütövlükdə dərin bir ironiya hakimdir. Əsəri ləyaqətsiz dövlət
adamlarına yazılan yersiz mədhiyyələrə, yaxud
tarixi həqiqətləri təhrif edən zəfərnamələrə
parodiya da saymaq mümkündür. Yuxarıda
zəfərnamələrdən səthi də olsa bəhs
etmişdik. Xatırladaq ki,
türk-İslam, xüsusilə də Osmanlı ədəbiyyatında
sultan və sərkərdələrin hərbi qələbələrinə
həsr olunmuş mənsur və mənzum zəfərnamələr
tarixi əsərlərin və mədhiyyələrin
xüsusi bir növü kimi geniş yayılmışdı.
İran tarixçisi Şərafəddin Əli Yəzdinin (vəf.
1454) Əmir Teymurun çoxsaylı hərbi yürüşləri,
Osmanlı vaqeənəvislərindən Hüsrev/Xosrovun Sultan
Süleymanın Macarıstana, Kara Çələbizadə
Əbdüləzizin IV Muradın İrəvan və
Bağdada, Niyazi təxəllüslü
yazıçının Bağdad valisi Əli paşanın 1584-cü ildə
Sincar və İraqa səfərləri zamanı qazanılan qələbələri
təsvir edən əsərləri "zəfərnamə"
adlanılırdı və bu, ümumi bir qanunauyğunluq idi.
Ziya paşa da əsərinin qəsidə hissəsini "Çox
degerli sadrazam paşa hazretlərinin Girit görevindeki
üstün başarılarına dair İzmit
mutasarrıfı saadetlü Fazıl paşanın tənzim
etmiş olduğu zafarname" adlandıraraq yaltaq Fazil
paşanın dilindən məmduhunu qədim tərənnüm
şeirləri üçün səciyyəvi olan sifət və
qiyaslarla mədh etmişdir:
Kimseler olmadı bu fəthi-mübinde
mazhar
Ne Skender, ne Hülagü, ne Sezarü
Anibal (...)
Bu ne gayret, ne hamiyyet, ne
şecaattır bu
Hiç
görülmüşmü tevarihi-selefte əmsal? (...)
Öyle bi şöhrete malik ki
müluki-alem
Namını bilse eger
elbet anar bil-icbal.
Öyle bir kudrete sahib ki murad eyler ise
Görünür
sureti-imkanda nice emri-muhal.
Kendi sultan degil amma ki nice sultanı
Maksadı üzre eder
bende kimi istimal (...)
Hamii-dini-mübin, muhyii-şeri-enver
Hafızı devletü derhem, küni
evsani-dalal (...)
Kendinin gayreti-milliyesi koymaz, yoksa
Çekilir yükmü bu mihnet kişi olsa hammal (...)
Kahrına uğramadı, uğrasalar
bir kerre
Ne tavanlarda gezer
fare, ne dağlarda çakal...
(Belə uğurlu və şərəfli
zəfərə heç kimsə - nə İskəndər,
nə Hülaku, nə Sezar, nə Hannibal nail ola
bilib (...) Allahım, bu fədakarlıq nə vətənpərvərlik,
nə şücaətdir? Sələflərimizin
tarixində heç bunun misli-bərabər olubmu? (...) Şöhrəti aləmi elə tutub ki, dünya
hökmdarları adını eşitcək, ona ehtiram göstərərlər.
Elə bir qüdrətə sahibdir ki, əgər istəsə,
namümkün olanı da bacarar (eləyə bilməsə də
etmiş kimi
göstərə bilər). Özü sultan deyil,
amma neçə-neçə sultanı öz məqsədi
uğrunda qul kimi, bəndə kimi istismar eləyər (...)
Dini-mübinin, şəriətin, dövlətin, hətta
yolunu azmışların səcdə etdikləri bütlərin
belə hamisi odur (...) İnsan hambal da olsa, bu möhnətli,
çətin dövlət yükünü çəkə
bilməz, odur ki, dözür; onu bu yoldan çəkinməyə
qoymayan qeyrəti-milliyyəsidir... Siçanlar tavanlarda,
çaqqallar dağlarda ona görə gəzə bilir ki, onun
qəhrinə uğramayıblar...)
Doğrusu, ilk baxışda Ziya
paşa bənzərsiz poetik məharətilə Əli
paşanın iç üzünü bilməyən, idarəçilik
qabiliyyətinə, həqiqi insani məziyyətlərinə
bələd olmayan klassik qəsidə və mədh
oxucularını çətin bir dilemma qarşısında
qoyur: şair sədrəzəmi mədh edir, yoxsa ələ
salır? Doğrudur, misal gətirilən sonuncu
beyt (qəsidədə belə beytlər çoxdur) şairin
Əli paşanı lağa qoyduğunu birmənalı şəkildə
göstərir. Halbuki, Ziya paşanın
hansı misrada hansı tarixi hadisəyə, problemə,
qüsur və çatışmazlığa işarə
etdiyi yalnız siyasi proseslərin aktiv iştirakçı və
müşahidəçilərinə aydın idi. Ziya paşanın auditoriyası isə bu zümrə
ilə müqayisədə qat-qat genişdir. Bu mənada Əbüzziya Tevfiqin "Bütün
karyerası boyunca sədrəzəm Əli paşanın
aldığı ən ağır zərbə "Zəfərnamə"dir"
- fikrinə haqq qazandırmamaq mümkün deyil. Yeri gəlmişkən,
bu əsərlə bağlı Əbüzziyaya isnad edilən
başqa bir məşhur deyimi də xatırladaq:
"Osmanlı ölkəsində elə bir adam
qalmamışdı ki, oxuyub-yazmağı bacarsın, amma
"Zəfərnamə"ni oxumamış olsun". Aşağıda, yeri gəldikcə, bu böyük
həcv abidəsinin poetik məziyyətlərindən
ara-sıra bəhs olunacaq. İndilikdə
isə həcvin ümumi xarakteristikasına qayıdaq.
Ədəbi dövriyyədən
praktik olaraq yüz il (bəlkə də daha çox) bundan
qabaq çıxmasına baxmayaraq, həcviyyələr sirr
deyil ki, tarixən həm şifahi, həm yazılı
türk-İslam şeirinin ən qədim və populyar tematik qollarından
biri olub. Buna inanmaq üçün zənnimcə, nəzərə
almaq yetərdi ki, ərəblərin əşirətlər
şəklində yaşadıqları dövrdə şairlərin
əsas sosial funksiyalarından biri mənsub olduqları
tayfanın başqalarından üstünlüyünü
iqrar və isbat etmək (indiki təbirlə, "müsbət
beynəlxalq imic formalaşdırmaq") idisə, ikincisi, onun
düşmənlərini alçaltmaq, kiçiltmək,
gözdən salmaq ("onlar haqqında mənfi beynəlxalq
ictimai rəy yaratmaq") idi. Pəhləvanların güləş
tutması,
müharibə qaçılmaz olduqda sərkərdələrin,
yaxud hər tərəfdən bir cəngavər
döyüşçünün vuruşması əşirətlər
arasında kütləvi qırğınların
qarşısını aldığı kimi,
aşıqların bir-birini bağlaması, şairlərin
deyişməsi və həcvləşməsi də
qarşılıqlı ittihamları zor müstəvisindən
söz müstəvisinə keçirməklə cəmiyyətin
mədəni-mənəvi inkişafında mütərəqqi
rol oynamışdır. Siyasi rəqiblər
qarşılıqlı münasibətlərini məhz həcv
ruhlu şeirlərlə aydınlaşdırmış,
ultimatumları bu üsulla bəyan etmiş, döyüşdən
qabaq düşmənin gözünün odunu almağa, onu
psixoloji cəhətdən sarsıtmağa
çalışmışlar. Tarixdə
belə hallar çox olub. Bunlardan birini -
Fateh Sultan Mehmetin oğlanları Bəyazid və Cem
arasında münaqişənin türk şeiri tarixində
özünəməxsus inikasını yada salmaqla kifayətlənək.
Osmanlı taxt-tacı uğrunda onunla cəngə girən
(sonradan məlum olduğu kimi, xristianlara sığınmaq məcburiyyətində
qalaraq acı bir tale yaşayan) qardaşı Cem sultanın Həccə
getməsi xəbərini alanda II Bəyazid (Adili, Sofu və Bəyazidi-Vəli
təxəllüslü şeirlər müəllifidir)
yazır:
Çün ruzi-əzəl kismet
olunmuş bizə devlet
Takdire riza vermeyesün
böyle, sebeb ne?
Haccül-harameynim diyüben davi
kılarsun
Ya saltanati-dünyeviyə bunca teleb ne?/
Bu saltanat-ı dünye
içün bunca taleb ne?
(Səbəb nədir ki,
dövlətin əzəldən bizə qismət olmasına
razı deyilsən? Deyirsən, Haciyam/həccül-hərameynəm,
amma taxt-tac üçün dava aparmaqda davam edirsən. Elə isə/din adamısansa, dünya səltənətini
bu qədər tələb eləməyin nədəndir?)
Sultan Cem isə cavab vermişdir:
Sen bisteri-gülde yatasın şevk
ile handan
Ben kül döşenem
külheni-mihnetde, sebeb ne?
Yaxud ikinci misranın başqa bir
variantına görə:
Cem hicrile balın edine
harı sebeb ne?
(Sən gül yastığında
şövqlə yatarkən mən niyə möhnət/əziyyət
hamamının odluğunda kül döşənməliyəm;
yaxud: Cem niyə həsrətlə tikanı özünə
yastıq eləməlidir?)
İncə şeirlər müəllifi
"Avni"- Fatih Sultan Mehmed rəqibi Qaramaniyə
yazdığı bir fərddə (bir beytlik şeir) də
onun döyüş ruhunu öldürmək,
"gözünü qırmaq" niyyəti
güdürdü: "Bizimle saltanat lafın idermiş ol
Karamani Huda fursat virürse ger kara yire karam
ani".
Təəssüf ki, son vaxtlar bəzi
ədəbiyyatşünaslar XIX əsr maarifçiləri tərəfindən
söylənilmiş müəyyən fikirləri özləri
bildikləri kimi yozaraq, həcv şeiriyyətini birmənalı
şəkildə ziyanlı (həm sosial, həm ədəbi
baxımdan), hətta lazımsız ədəbi təzahür kimi qələmə
verməyə çalışırlar. Bu isə
həmin şeirin təkamülü, tarixi aspektləri üzərində
bir qədər ətraflı dayanmağa lüzum yaradır.
F.B.Köçərli və bir qədər
sonra Hənəfi Zeynallı kimi ədəbiyyat tarixçiləri
Orta əsrlər türk-İslam poeziyasından bəhs
açarkən qəzəl, qəsidə, mədhiyyə, mərsiyə
ilə bərabər, həcv yaradıcılığının
da geniş yayıldığını qeyd edirlər. Bir qədər də uzağa getsək deyə bilərik
ki, İslam dininin yaranması bütövlükdə ərəb
şeiri kimi, həcvin də inkişafına güclü təkan
vermişdir. Ərəbşünaslıqda
geniş yayılmış təsəvvürə əsasən,
İslamın meydana gəldiyi dövrdə ərəb
şairləri üç yerə - Həzrət Peyğəmbərin
tərəfində, əleyhində olanlara və ona neytral
münasibət bəsləyənlərə
bölünmüşdü. İslama
qarşı çıxanlar arasında Peyğəmbəri həcv
edənlər də olmuşdur. Məhəmməd
Peyğəmbərə iman gətirmiş doğma qardaşına həcv
qoşan və ölüm cəzasına məhkum olunan, sonra
isə aman istəyərək dinə-imana gəlib
İslamı qəbul edən və Həzrət Peyğəmbərin
məddahına çevrilən Kəb bin Zuheyr də belələrindən
olmuşdur. M.F.Köprülü İslamiyyətin ilk dövrlərində
böyük ictimai təsir gücünə malik cahiliyyə
şairlərinin yeni dini atəşin həcvlərlə
qarşıladıqlarını, nəticədə cahiliyyə
şeirinin haram buyurulduğunu yazır, sözünə belə
davam edir: "Həzrət Peyğəmbər şeirin ərəb
cəmiyyətindəki əhəmiyyətini nəzərə
alaraq İslam şairlərini dini əsaslar dairəsində
şeirlər inşad etməkdə sərbəst buraxaraq
onları həm də müşriklərə həcvlər
söyləməyə təşviq etdi və ürəkləndirdi".
Köprülü həm də əruz şeir sisteminin
İmam Xəlil bin Əhməd (718-790) tərəfindən
bina edildiyindən, bu modelin tezliklə ehkamlaşmasına rəğmən,
VIII-IX əsrlərdə Əbu Təmmam,
Əbü-l-Ətahiyə kimi tanınmış şairlərin
tez-tez qaydaları pozmalarından söz açır,
onların hakim əruz nəzəriyyələri əleyhinə
qızğın həcvlər söyləmələrini nəzərə
çarpdırır ki, bu da həcvin ərəb ictimai fikri
(ilk növbədə ədəbi fikri) üçün
xarakterik olduğuna dəlalət edir. Yaxud Hələb
əmirindən üz çevirib Misir sarayına
sığınan əl-Mütənəbbinin tezliklə məyusluğa
qapılaraq əmir Kafura yazdığı sarsıdıcı
həcv min ildən artıqdır ki, öz kəskinliyi və
bədii incəliyi ilə oxuyanları riqqətə gətirir.
Klassik fars şeirinin atası sayılan Rudəki,
Sədi Şirazi, Cami kimi böyük sənətkarların
da müxtəlif həcvlər söylədikləri tarixdən
məlumdur. Ustadlar ustadı Sənai Qəznəvinin
"Karnameyi-Bəlx" əsəri isə fərdə deyil,
bütöv bir şəhər əhalisinə yönəlmiş
həcvlərin ilk örnəklərindəndir. Türk (Azərbaycan) ədəbiyyatında həcvin
tarixi İsa Həbibbəyliyə görə, hələ
"məvali şairlər"dən başlanır.
Davamı gələn
sayımızda
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti
- 2018.- 27 oktyabr.- S.20-21.