Bacımın xatirəsinə
Yoxsan...
Yoxluğu ovutmağın
tək çarəsi
şəkillərə baxmaqdı,
ən pis tərəfi gəlməyəcəyini
bildiyin halda
dəli kimi darıxmaqdı.
Yoxsan... yoxluğundayam
mən...
Yoxsan, uçub
gedən nəfəsim
kimi,
batan səsim
kimi.
Hərfləri naməlum söz təki səssizəm indi.
Nə qədər
tək olduğumu bilsən...
Bilsən nə qədər tək olduğumu.
Üzümü göz yaşlarımla yuduğumu
bilsən,
geri qayıdarsanmı
görən?
Ən azı bir çiçək, bir quş şəklində
qayıt,
kəpənək şəklində
qayıt ən azı,
sığal çək
baxışlarıma.
Ya da yağış kimi yağ,
islat saçlarımı,
yanaqlarımı.
Sonra da bağışla, bağışla
məni,
günahım olmasa da bağışla,
yağan yağışınla
bağışla,
kəpənək şəklində
toxunuşunla.
Dönüş bileti
Qara-boz stansiyanın
divarlarından boylanar həsrət.
Əl edən
vidalaşmaların ardınca
ötürülən ahın
içindən keçər
çıxıb gedən
qatarların kölgəsi.
Vaqonun pəncərəsindən
uzanan çiçək
dəstəsi
həyatın solmağa
məhkum olduğunu
xatırladar adama.
Dönüş bileti almayacaq qədər
ümidsizəm indi,
susacaq qədər
çarəsiz.
Getdiyim məkanın
bir adı var
"Naməlum istiqamət".
Qara-boz stansiyanın
divarlarından
boylanar həsrət,
qara-boz dünyanın
qatarlarından boylanar.
Yoxam daha,
axtarma məni
yuxularıma belə
əzab vermək üçün
gələn adam.
Unutmağı öyrən
artıq,
saymağa başla,
bir gün, iki gün, üç
gün...
Uzaqlaş qatarlardan...
İntihar yerindən
reportaj
Daha çox ağaclardan keçir intiharların yolu.
Bir ovuc kəndir,
bir nəfəs
adam.
Bir nəfəs adam...
Ağaclardan və eyvanlardan keçir
intiharların yolu.
Kəndiri daşımağa
yetməyən qollar
quş olub uçur eyvandan.
Quş olub uçur eyvandan...
Ağaclardan, eyvanlardan,
bir də dənizlərdən keçir
intiharların yolu.
Yarpaqlara qıymasa,
eyvanlar uzaq görünsə
dənizə köçür
adam,
dənizi geyinir əyninə,
basır bağrına.
Dənizi içir
adam...
Dənizi içir
adam...
İnsan xatirələri
ilə bütövdü
Uzaqlarda qaldı
divarlara adımı
yazdığım günlər.
Həyat bəzən
elə qəddar olur ki...
Unutduğum anları
gündəliklərdən oxumağın
qəribə hissini yaşayıram indi.
İnsan xatirələriylə
bütövdü,
xatırlaya bildiyi qədər bütöv.
Adımı yazdığım
divar kağızımızın
rəngini unutmuşam,
ana,
Bəlkə sən xatırladasan.
Yenə ümid
verəsən bəlkə
-
"unutmaq
ən yaxşı dərmandı" deyə.
Baxıram gündəliyə
unutmamaq ücün
nə yazım, kimi yazım...
"02.05.2017 -
Hərfləri tanımır
hələ
divarları yazan balaca qızım..."
Qələbəlik
Şəhəri dolduran
növbəsiz avtobusların
təkərləri altında
qalar
ciblərinə qədər
təkliklə dolu adamların
yarıölü ümidləri.
Hamı zamandan gileyli -
"intihar
etməyə belə
vaxt yox artıq".
Əslində hamı
bir-birinin təkrarı
adamlar,
yollar,
ağaclar.
Toxlar,
aclar,
toxlar,
aclar.
Mənsə öz səssizliyimə qapanaraq
addımlayıram
ovucları səfilliklə
dolu cocuğun
acı-acı ağlayışları
arasından
və bilirəm
bu şəhərin harasından keçsəm
qaçsam
uçsam (!)
qələbəlik görəcəyəm
yenə -
yəni üzləri
insan,
içləri sirlə
dolu adamları.
...Yuxuma da qələbəlik
girmişdi
bu gecə
və qatar səsi gəlirdi
hər kəsin
içindən...
Salam, dostum
Hər gün günləri saymaqla,
hər gecəni
uyumaqla,
hər şeiri
uydurmaqla başlayırsansa
səni tanıyıram,
dostum...
Bu sənsən -
arzularının şəklini
axtaran adam.
Hər səhər
açaraq pəncərəni
zəhərləyirsən həyatla
otağı
havanı
zamanı...
Sevməməyi öyrənirsən
dünyanı...
Səni tanıyıram
güzgüdə baxışlarından,
masa arxasındakı
yalqızlığından.
Bil ki, bir gün sən
də mənim kimi
elə hey uçacaqsan
qoşularaq küləyə,
qucaqlayaraq taleyini.
Küləksə itirəcək
səni,
səsini,
nəfəsini.
Bil ki, "tapmaq" sözü yoxdu
küləklərin nəfəsində...
7 misra
Yuxudan ayılıb
saata baxırsan,
qorxursan və bilirsən
bu günün
də
dünənki kimi adi olacağını.
(beləcə
hazırdır günün
şeirinin adı)
Pəncərəyə qaçırsan...
qonşu kişi
məhlə pişiyini
döyür yenə,
havanı cırmaqlayır
pişik səsinin
''mi'' notu.
(ilk və uğursuz misra)
Gözünü yumub keçirsən süfrə
başına,
masanda ehtiyacın
gileyli baxışları,
deyəsən evdən
çıxmağın tam zamanıdı.
(üç
misra hazırdı)
İşdəsən və darıxırsan...
Qalxıb pəncərəyə yaxınlaşırsan.
İçini döyəcləyir üzüntünün
əlləri.
Əlini qaldırıb
pəncərənin
şüşəsini döyəcləyirsən
1... 2... 3...
(üç
sözlü bir misra daha).
Şam yeməyi...
masa arxasında
fikirli oturuşun,
gözlərində hüzn.
Əslində fikirləşməyə
bir şey yox,
sadəcə şeirin
ardını yazırsan.
(sadəcə
bir misra qaldı)
Gecələr böyüyür
otağın,
divarlar geri çəkilir sanki.
Ay işığını
otağa buraxan pəncərənin
həyatı göstərən
gözləri ilə baxırsan
gecəyə,
sükuta...
Qonşu evlərin
pəncərələri ilə
baxışırsan,
''danışırsan''.
(son misra və 3 nöqtə)
''danışırsan''...''danışırsan''...
Xatirə NURGÜL
Ədəbiyyat
qəzeti.- 2018.- 27 oktyabr.- S.21.