Şeir zamanı olmadığı bir vaxtda zəmanənin
şeirini yaratmaq fədakarlıqdır..
Əlizadə Nuri ilə müsahibə
- Əlizadə müəllim,
şair üçün regionda yaşamağın hansı
çətinlikləri var? Paytaxtda yaşamaq
arzunuz olubmu?
- Fikrimcə, harada yaşamaq
yaradıcı adam üçün şərti,
sxolastik bir şey. Meyar istedaddırsa, qalanı təfərrüat...
Tolstoy nümunəsi var.
Həm mən xarakter etibarilə
diqqət mərkəzində olmağı, tədbirlərdə
- filanda, TV-lərdə görünməyi çox da sevmirəm.
Bu da mənim yolumdu, -
iztirablarıyla, çətinlikləriylə mənə
doğma olan yol.
Deyəsən Hüqo deyib:
"Fransada şair çoxdu, ancaq şairin şairliyin gərək
Paris təsdiq etsin". Böyük
yazıçının ruhu bağışlasın, mən
bu fikirlə razı deyiləm, yazıçını mətn
təsdiq edir.
Kənd həyatına - onun
havasına, suyuna çox bağlıyam. Bu areal hələ
ki, mənə bəs edir.
Bir də ki, mənim həyatımın
"paytaxt məhələsi" də olub. Bir neçə il Moskvada, Bakıda (Slavyan Universitetinin müəllimi
olmuşam) da yaşamışam.
Tünlüyü sevə bilmədim,
- mənim yerim tənhalığın qucağıdı...
- Sizin kitabların birinə xalq
yazıçısı Anar ön söz yazıb. Bu hansı zərurətdən yarandı?
- Desəm ki, məndə şöhrət
hissi yoxdu, - qeyri-səmimi olaram. İnstiktiv
olaraq mən də istəmişəm ki, bu ölkədə əsl
yazıçı hesab etdiyim beş-üç nəfər
yazdıqlarımı oxusun, münasibət bildirsin.
Yaradıcılığın erkən çağında bu
hiss daha güclü olur...
Al Paçinonun gözəl bir
sözü var: Şöhrətpərəstlik
günahların ən sevimlilərindən biridir. Məncə,
konkret deyilib...
Bilirsiniz, var həyatdan,
kitabdan, bir də Tanrıdan gələn yazıçı...
mən sonuncu bölgünü qəbul edirəm və Anar
müəllimi də bu qəbil yazıçılardan hesab
edirəm. Və təbii ki, onun fikrini öyrənmək mənə
görə cəlbedici idi. Bax o ön
söz də bu ehtiyacdan doğdu.
Mən Anarı
ideallaşdırmıram. Ona elə özü
boyda olmaq, fikrimcə, bəs edər. Zaman-zaman
ona daş atanlar çox olub, ancaq bu daşlardan heç biri
istedadlı daş olmayıb və... hər dəfə hədəfin
yanından keçib.
Hünər o ki, ona atılan
daşları sığallayıb əzizləyə, o daşlardan
bir hasar hörə, o "hasar"ı bir zirehə, istehkama
çevirə... Məncə, Anar bunu bacardı...
- Anar müəllimin ön
sözü yaradıcılığınıza necə təsir
etdi? Müəyyən çətinliklər
aradan qalxdımı?
- Baxmayaraq ki, çap olunmaq problemim
heç vaxt olmayıb, hər halda
İ.Şıxlının, M.Arazın, Anarın,
R.Rövşənin haqqımda dedikləri xoş sözlərin
müstəsna rolu oldu, ədəbi cameədə daha isti
münasibətlə rastlaşmışam.
Hərdən dostlar; "Sən
layiqincə qiymətini almamısan" deyirlər. Məncə, yaradıcı
adama ən böyük qiyməti Tanrı verir, - həm də
doğulduğu gün... Söz boyda əlavə imtiyaz,
fövqəl səlahiyyət...
Bir də axı, neynim ki,
qürurum imkan vermir kiminsə ətəyindən
yapışım.
...Təbii, mənim də
qayğıya ehtiyacım olub. Hər dəfə
səbir etmişəm. N.Hikmət deyirdi ki, səbir etmək
qəzəbi qurtum-qurtum içməkdir...
...Şair var ki, şeirdən
başqa heç nəyi yox, şair var ki, hər şeyi var,
şeiri yox.
Mən fatalistəm. Hər
şeyin vaxtı var.
Hardansa xatırladığım
gözəl bir fikir var: "Sonunda hər şey gözəl
olacaq, gözəl deyilsə, demək hələ son deyil".
- Cəlilabadda
yazıb-yaradırsınız. Bildiyim qədər,
bu rayonda istedadlı yazarlar çoxdur. Münasibətləriniz
necədir? Bir yerə
yığılıb yaradıcılıq müzakirələri
edirsinizmi?
- Kant deyirdi ki, ağıl, zəka və
istedad daha çox qaranlıqda yaxşı işləyir. Bu mənada yaradıcı adamın evi daha çox tənhalıqdır.
Demirəm ki, o, guşənişin olmalı, cəmiyyətdən
təcrid olunmalıdır. Ədəbi müzakirələrə,
polemikalara da açıq olasan gərək...
Yaşadığım
rayonda istedadlı qələm adamları çoxdur. Ə.Həsrət,
M.Abdulla, Ə.Salman, B.Alarlı, G.Teymur, İ.Abdulla,
Ə.Əzimov, M.İncəçaylı və
başqaları.
Təbii ki, görüşlər,
qızğın müzakirələr olur.
Yaradıcılıq - könül
xoşbəxtliyidir, bu xoşbəxtliyi dostlarla
bölüşəndə o bir az da
çoxalır. Ancaq həm də
yaradıcılıq - kollektiv təsəvvüfat deyil, daha
çox fərdi, spesifik bir fəaliyyət sferasıdır.
Hər kəs öz şəxsi havasının
içində yazıb-yaradır.
Bir dəfə dostlardan biri belə
bir ifadə işlətdi: "Bircə gün qəzetləri
vərəqləmək bəs edər ki, zəmanəmizin
şeir zəmanəsi olmadığını dərk edəsən".
Bəli, şeir zamanı
olmadığı bir vaxtda zəmanənin şeirini yaratmaq fədakarlıqdır.
- Şeirlərindən təsirləndiyiniz
şair varmı? Varsa, bunu necə dəyərləndirirsiniz?
Yoxdursa, ümumiyyətlə, bu, neçə
mümkündür?
- Tanrı sənə istedad verməyibsə,
heç bir intellekt, mütaliə sənin şair
olmağına bəs edə bilməz. Heç
zəhmət də (hərçənd deyirlər ki, zəhmət
istedadın lampasına neft tökür).
Şeir mənə görə
nə hobbidir, nə məşğuliyyət, şeir ruhun
ehtiyacıdır, şeir həyatdan yorulanda aldığın
nəfəsdərmədir, yaranı sarıyan ilahi tənzifdir.
Şeir sözə
sevdalanmaqdır.
Hər bir istedadın öz
havası olur.
İstisna deyil ki, bəzən başqa havadan da
təsirlənib qələm qaldırmalı olursan. Vaxt olub ki, R.Rövşənin havası "mənim
şeir otağım"a girmək istəyib və hərdən
girib də. Və mən bundan qorxub o otağın
qapı-bacasını bərk-bərk bağladım...
Yeri gəlmişkən, onu da
vurğulayım ki, mütaliəmə arxayın olub deyə
bilərəm: ən çox sevilən şairlərimizin
yaradıcılığında da Lorkadan, Rilkedən,
Pasternakdan, N.Hikmətdən, Mandelştamdan təsirlənmələri
görməmək mümkün deyil.
Bu hal daha çox romantik
şairlərə aiddir. Məsələn, bir yağış
obrazını götürək. Bu təbiət hadisəsi
hər bir şairdə fərqli assosiasiya doğursa da,
bütün şairlər yağışın altına
çətirsiz girmək, sanki yağışı qucaqlamaq
istəyir.
Eyni yağışın altında hərə
bir cür islanır...
- Şeirlərinizi oxuyanda hərdən
adama elə gəlir ki, daha sondur. Burdan o yana yol
yoxdur. Amma yeni silsilə gələndə
göz önündə başqa mənzərələr
açılır. Sizə necə gəlir?
- Mən şeiri könül
rahatlığı üçün yazıram. Şeir
zamanın barometri olmalı, ictimai-siyasi məzmun kəsb etməli
fikriylə elə də razı deyiləm. Heç böyük Hüqonun bu fikriylə də
razı deyiləm ki, guya Fransa inqilabını Volterin əsərləri
törədib.
Şeir - könül
pıçıltısıdır. Bu pıçıltı ekstravant
hisslər, ekzotik təəssüratlar yaratmağa həsr
olunmalıdır.
Konkret sualınıza gəldikdə
isə, mən hər dəfə sanki sonuncu şeirimi
yazıram. Elə
bilirəm ki, daha bəsdi...
Və hər dəfə də qəfildən,
sədayi-qaibanədən mistik, mübhəm, ilahi bir əl
yaxamdan yapışır və ruhani bir ritorikayla gileylənir:
"Yox, hələ bu son deyil...".
Nə qədər ki, hər dəfə
qaranquş dimdiyində bahar gətirir, qələmin də
dimdiyində şeir olacaq...
Təbiətin misilsiz tərənnümçüsü
rəssam İsaak Levitanın tutqun günün
poeziyasının dahinayə təsvirini əks etdirən məşhur
"Ədəbi dinclik" əsəri sərgi
salonlarında görünəndə Tver sənətsevərləri
dərhal bu rəsmdə təsvir olunan öz doğma təbiətlərini
tanımış, "bu əsər Udomil gölü sahilində
çəkilmişdir" demişlər. Mən də hər
şeirimdə tipik insan ruhunu, bu ruhun içindəki canın
duyğularını, iztirab və əzablarını, nəşəsini
verməyə çalışıram ki, hər oxucu
özünü tanısın...
- Ədəbi tənqidə
münasibətiniz necədir? Heç xətirinizə
dəymir ki? Yoxsa heç sizi dindirib eləmir.
- Hə, elə təqribən siz deyən
kimi deyilib: Tənqidçi - yazıçının xətirinə
dəyən oxucudur. Yox, deyəsən, xətirimə
dəyən olmayıb. Təəssüf
ki, bizdə tənqidçi stixiyası düzgün
anlaşılmır. Nə tənqid edən,
nə tənqid olunan tərəfindən. Sifarişli
yazılar üstünlük təşkil edir. Ədalət
meyarları ilə yazı yazan cəmi bir neçə tənqidçi
adı çəkə bilərəm: Elnarə Akimova, Əsəd
Cahangir və Yusifli qardaşları...
Puşkinin bir sözü var: Şair
gərək Allah qədər gözəl olsun bu dünyada. Bu fikirlə o qədər də razı deyiləm.
Məramım bu ki, bəzi tənqidçilər
Allah yox, heç onun mələyi olmağa layiq olmayanları
hansısa təmənnanın qarşılığında
ilahiləşdirirlər. Şair demişkən: Kimi
aldadırsan, a zalım oğlu?".
J.Renar "Aydın üslub
- ədəbiyyatın nəzakətidir" - deyirdi. Şeirlərimizdə
üslub xətaları, taftalogiya, süni pafos, yad nəfəs
baş alıb gedir...
B.Qraşian məşhur "Kamillik
elmi" əsərində "ürəyinə inan" -
deyirdi... Bax, əksinə, ürəyini aldadan şairlər
yaman çoxalıb...
- Şeirlərinizin birində
deyirsiniz ki, kədərə heykəl qoyulur, bunu necə
başa düşək? Haradadır kədərin heykəli?
- Şeirdəki obrazlara izah
verməyi heç sevmirəm. Şair təxəyyülüdü
də, necə gəlib elə də yazmışam.
"Aldanma ki, şair sözü əlbəttə
yalandı" deyəndə dahi Füzuli yəqin, bu məqamları
nəzərə alıb... Bir də ki, kədərdən
bəhs edən gözəl bir şeirin özü elə kədərə
heykəl deyilmi?
Kədər dünyanın əzəli
və əbədi mövzusudur. Ölüm varsa kədər
var, kədər varsa şeir var. Demirəm, şeirdə
işıq olmasın. Hətta, əksinə,
kədərin içində də işıq tapmaq istəyənlərdənəm.
Mənə "ölümdən
çox yazırsan" deyirlər. Mən demirəm ki,
ölüm qorxuludur. Hər halda, ölmək
ölümün sirrinə bələd olmaqdır. Bəlkə, ölüm çox gözəldi, bəlkə,
ölüm Allahın sonuncu mələyidi, səni
qanadlarına alıb ona qovuşdurur. Həyat
- istəmədiyimiz hədiyyədir, gec-tez ondan imtina etməliyik.
Gözəl bir söz var: kədər və ölüm bu
dünyaya gözəl bir sığal çəkir...
- Əsasən heca şairi
kimi qəbul olunursuz. Arada dövri mətbuatda və sosial şəbəkələrdə
sərbəst şeirlərinizi də oxuyuruq. Pis alınmır. Amma sərbəst
şeirə aqressiyanız var. Bunu şeirlərinizin üslubu
tələb edir və ya nədən irəli gəlir bu hiss?
- Poeziyada heç bir qəlibi qəbul
etməmişəm. Mənə görə, vəznlər,
"izm"lər çox şərti, mənasız və
yöndəmsiz bir şey. Mənim
üçün əsas mətndir. O, hansı formaya,
hansı qəlibə daha rahat oturursa, elə də yazıram.
Yeri gəlmişkən, mən
bu şeir sözünü də heç sevmədim. Poeziya daha
duyğusal, daha cazibədar səslənmirmi?
Mənə poeziyadan
danışın: - nə bilim vəzn, qəlib,
ölçü-filan - bunlar boş söhbət. Ənənəni inkar etmirəm. Avanqardizmlə də heç bir "ədavətim"
yox.
Noralis yazırdı: yazdığın şeir sənə
yox, sən yazdığın şeirə "məxsussan".
Mətləb bu olmalı. Hər şairi
yazdığı şeirdən soruşurlar, hər şeiri
yazıldığı ölçüdən yox...
Kant poeziyanı "fikirlərin
bədii oyunu" adlandırırdı. Əsas olan fikirlərin
hansı havaya oynaması yox, neçə oynamasıdır...
- "Ürəyini qalın
geyin, çöldə ayrılıq əsir" - gözəl
misralardı.
Maraqlıdır, ürəyi necə qalın
geymək olar?
- Cavab verməkdə çətinlik
çəkirəm. Belə
yazıldığı anda cavab vermək daha asan olardı.
Məcazdı da. Görünür,
çöldə ayrılıq əsirsə, sevgiyə daha
çox ehtiyac var, sevgi ayrılıq adlı səmumdan qoruyan
ən yaxşı paltardı...
Bu beyt bəlkə də
gözlənilməz, qəribə məzmun daşısa da,
zahiri parıltı, gözqamaşdıran effekt axtarmayın.
Ədəbiyyat bəzən
illüzar, utopik xoşbəxtliklər vəd etsə də, hər
halda vizual ahəngi, cazibədarlığı ilə
könül oxşayır. "Heç bir insanın
ömrü Bodlerin bir misrasına dəyməz" - deyəndə
çox haqlıydı Akutaqava...
Hər bir sevgi şeiri insanın
içindəki işığın reinkarnasiyasıdır, o
işığa sevgi söz şəklində yenidən
doğulur, böyüyür, boy atır, nəinki yer
üzünə, hətta göy üzünə bülənd
olur...
...Ürəyinizi gün
işığına sərin, - üşüməsin sevginiz!..
Söhbətləşdi:
Nuranə NUR
Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.22.