Milli ənənələr,
kütləvi mərasimlər
Dünəndən bu günə və
bu gündən sabaha atılan körpü
İlqar FƏHMİ
Suallar və cavablar
Azərbaycanın milli ənənələri,
kütləvi bayramları tarixini araşdıranda
qarşımıza çoxsaylı maraqlı etnoqrafik
bayramlar, kütləvi mərasimlər, sakral mahiyyət
daşıyan ayinlər kompleksi çıxır ki,
bunların bir qismi son yüzillikdə tam unudulub, bir qismi
transformasiyaya uğrayıb, tanınmaz hala düşüb,
bir qismi isə zamanın sınaqlarından uğurla
çıxıb, xalqımız tərəfindən cidd-cəhdlə
qorunaraq bu günə qədər gəlib çıxıb.
Müasir dövrdə də xalqımız tərəfindən
böyük məhəbbətlə qeyd olunan bayram mərasimlərindən
danışarkən ilk olaraq yada, təbii ki, Novruz bayramı düşür...
XXI əsrdə Novruz
bayramının dünya mədəniyyətində get-gedə
bir Azərbaycan brendinə çevrilməsi göz
qabağındadır. Azərbaycan dövləti də bu işə
bütün diqqət və qayğısını göstərir.
Novruz bayramı ildən-ilə daha yüksək
səviyyədə, daha böyük təmtəraqla qeyd
olunur.
Ümumiyyətlə, Novruz
bayramının başqa çoxsaylı məhsul
bayramları və sair bu cür kütləvi tədbirlərdən
əsas fərqi özündə tarixi etnoqrafiyanı, toplumun
mifologiyasını və milli mədəniyyət fəlsəfəsini
əhatə etməsindədir. Başqa sözlə desək, zahirən
nə qədər kütləvi, nə qədər
ümumxalq mərasimi olsa da, alt qata fikir verəndə
görürük ki, Novruz bayramı öz dərin fəlsəfəsi
olan bayramdır... Və etiraf edək ki, heç də
dünyanın bütün xalqlarında bu cür dərin fəlsəfəsi
olan ümumxalq bayramı yoxlur... Lakin bu barədə bir az sonra...
İstənilən bir mövzu (məfhum) barəsində
düşünməyə başlamazdan əvvəl təyin
eləmək lazımdır ki, biz bu mövzudan (məfhumdan) nə
istəyirik, niyə istəyirik və istədiyimizi
almaqçün neynəməliyik...
Nə istəyirik
Bu suala şəxsən mən
iki cavab verərdim. Birincisi, Novruz bayramı bu gün bizə
məhz milli mədəniyyət tariximizin simvolu kimi
görünür. Deməli, milli mədəniyyət
tariximizin qloballaşma dövründə çətinliklə
də olsa, qorunub-saxlanılmasından danışanda ilk olaraq
Novruz ənənələrinin rolu ön plana
çıxır. Çünki tarix boyu Azərbaycanın
hər bölgəsində hər il az
qala, bir ay ərzində davam edən Novruz şənlikləri
bizim milli teatrımızın, milli musiqimizin, milli
poeziyamızın və başqa incəsənət nümunələrinin
özünü göstərdiyi bir meydan olub... Sənətkarlar
bəlkə də bütün il boyu
növbəti Novruz şənliklərinə hazırlıqlar
görüblər, təqribi ssenarilər tutublar, əyləncəli
oyunlar hazırlayıblar, maraqlı yeniliklər
düşünüb tapıblar... Yəni Novruz şənlikləri
zamanı göstərilən şou xarakterli tamaşalar
birbaşa interaktiv yaradıcılıq laboratoriyası olub...
Deməli, bu gün də Novruz şənliklərinin ildən-ilə
daha yüksək səviyyədə keçirilməsi, həm
də milli sənət növlərinin qorunub
saxlanılmasına və inkişafına böyük dəstək
vermiş olur...
Novruz bayramından "Nə
istəyirik?" sualına ikinci cavab isə bu bayramın
müasir dövrdə dünyada Azərbaycan mədəniyyətinin
təbliğində oynadığı rol ilə
bağlıdır. Hər il Azərbaycana daha çox gələn turistlərin
qarşısında Azərbaycanın qədim mədəniyyətini
təbliğ etməklə bərabər, həm də xarici
ölkələrdə yaşayan azərbaycanlıların təşkil
etdiyi kiçikmiqyaslı Novruz şənlikləri də,
öz növbəsində, Azərbaycan mədəniyyətinin
dünya miqyasında təbliğ olunmasında əvəzolunmaz
rol oynayır. Zənnimcə, bu məsələyə də
çox diqqət ayırmaq, başqa ölkələrdə
yaşayan azərbaycanlılar arasında Novruz
bayramının daha təntənəli şəkildə
keçirilməsini təbliğ eləmək məqsədəuyğun
olar...
Niyə istəyirik
İndi isə ikinci suala
keçək; Niyə istəyirik?
Daha doğrusu, bütün
bu dediklərimizi niyə hansısa başqa ayindən, mərasimdən
yox, məhz Novruz bayramından istəyirik?
Birincisi, qeyd etdim ki, Novruz
bayramı təbiətin dirildiyi dövrə təsadüf elədiyinə
görə, alt qatında bir ədəbi həyat fəlsəfəsi
var. Deməli, yuxarıda qeyd etdiyim kimi, Novruz bayramı alt qatında
dərin fəlsəfə yatan bir bayramdır. İkincisi isə
Novruz bayramının dünya xalqları arasında tarixən
məhz Azərbaycanda daha geniş keçirilməsi
faktıdır. Burada kiçik də olsa,
tarixi arayış vermək yerinə düşər. Qədim dövrlərdə dünyanın bir
çox xalqlarında Baharın gəlişinə həsr
olunmuş müxtəlif təntənəli mərasimlər və
ayinlər keçirilsə də, əsrlər keçdikcə
müxtəlif kütləvi dini ayinlərin, dini bayram və mərasimlərin
kölgəsində qalıb, bəzi xalqlarda tamamilə
unudulub, bəzi xalqlarda isə çox zəifləyib. XIX-XX əsrlərdə isə bu cür kütləvi
mərasimlərin yerini daha çox siyasi məzmunlu kütləvi
tədbirlər tutub. Düzdür, Azərbaycan
ərazisində də tarixən dini mərasim və bayramlar həmişə
qeyd olunub. Lakin Novruz bayramının aradan
getməsinə səbəb olmayıb. Paralel
olaraq hər iki istiqamətdə kütləvi tədbirlər
keçirilib. Yalnız bir halda Novruz
bayramı keçirilmirdi ki, bu da, təxminən 30-35 ildən
bir, Məhərrəm ayının və Aşura
gününün Novruz ərəfəsinə
düşdüyü illərə təsadüf edir.
Deməli, bu nəticəyə
gəldik ki, bu gün müasir dünyada Azərbaycan xalqı
baharın gəlişini yüksək səviyyədə qeyd
edən azsaylı xalqlardan biridir və Novruz bayramının
sırf Azərbaycanın milli mədəniyyət brendinə
çevrilməsi yolunda dövlətimizin bütün səyləri
də bununla bağlıdır. Çünki bu bayram yalnız və
yalnız bizimdir, heç kim ona iddialı
deyil. Hətta təqvim ilini Baharda dəyişən qonşu
İranda və başqa müsəlman ölkələrində
də Novruz bayramı kütləvi, təntənəli dini mərasimlərin
kölgəsində qalıb...
Neynəməli?
İndi isə üçüncü
sual - istədiyimizə nail olmaqçün nələr eləməliyik?
Bəli, gəlib ən əhəmiyyətli
məqamın üstünə çıxdıq.
Yuxarıda qeyd etdim ki, məhz bu məsələylə
bağlı dövlət tərəfindən aktiv iş
aparılır, daim yeni layihələr həyata keçirilir.
Novruz bayramına həsr olunmuş tədbirlərin
hazırlanmasına zaman-zaman ölkənin ziyalıları da
cəlb olunur, dövlət səviyyəsində iclas və
müşavirələr keçirilir ki, ildən-ilə bu
bayram şənlikləri daha maraqlı və daha cəlbedici
olsun...
Məhz bu baxımdan mən də
öz fikir və düşüncələrimi
bölüşmək istərdim...
Zənnimcə, Novruz şənliklərinə
bir neçə istiqamətlə yeni layihələr əlavə
eləmək mümkündür ki, həm yerli sakinlərin, həm
də xaricdən gələn qonaqların daha çox
marağına səbəb olsun...
Bunlardan ilk olaraq; İnteraktiv meydan
tamaşaları; daha sonra yarışma xarakterli interaktiv
oyunlar və nəhayət; Novruz fəlsəfəsini və
mifologiyasını əks etdirən attraksionlar... Çünki bütün dediyimiz fəlsəfi-mədəni
tutumla bərabər, tarixən Novruz şənlikləri
xalqımız üçün həm də bir əyləncəli
şou xarakteri daşıyır. Ümumiyyətlə,
bütün şənliklər üçün əyləncə
və istirahət faktoru çox böyük əhəmiyyət
kəsb edir...
İndi isə
düşündüklərimi ayrı-ayrılıqda nəzərdən
keçirək.
İnteraktiv meydan tamaşaları
Tarixən Novruz bayramı
şənliklərində kütləvi meydan
tamaşalarından istifadə olunub. Lakin bu meydan tamaşaları, sadəcə,
hansısa səhnə əsərlərinin açıq səmada
göstərilməsi formasında yox, bir qədər fərqli
olub, bu
tamaşalarda kütlə də iştirak edib, tamaşaçılarla
oyunçular arasında pərdə
götürülüb... Qədim məzhəkələr, qaravəllilər
bunun nümunəsidir.
Zənnimcə, rejissorlarla və
etnoqraf alimlərlə birlikdə işçi qrupun
yaradılması və qədimdə mövcud olan kütləvi
meydan tamaşalarının dirçəldilməsi məqsədəuyğun
olar. Məhz belə tamaşalarda, sadəcə,
aktyorlar yox, istənilən tamaşaçılar da iştirak
edə bilər... Lakin, əlbəttə ki, bu
tamaşaların forması və məzmunu
düşünülüb tapılmalıdır.
Bundan əlavə, müxtəlif
formalı karnavalların keçirilməsini təşkil eləmək
də mümkündür. Əlbəttə ki, bu tədbirlərdə
Mədəniyyət və İncəsənət Universitetinin
tələbələrinin aktiv iştirakı maraqlı
olardı...
Yarışma xarakterli interaktiv
oyunlar...
Qədim dövrlərdən
Novruz bayramı çərçivəsində
çoxsaylı gərgin, dinamik interaktiv yarışmalar,
müxtəlif idman oyunları xarakterli oyunlar keçirilib ki,
bu da qeyd etdiyim kimi, bu bayramın əyləncəli tərəfini
təşkil edib.
Bunların içərisində pəhləvan
güləşmələri, cıdırlarda at
yarışmaları, qoç, xoruz döyüşləri və
bu tipli çoxsaylı yarışmalar olub ki, bayram şənliklərinə
toplanan camaatın marağına səbəb olub... (Bu siyahıya, hətta məşhur "yumurta
döyüşdürməyi" da əlavə eləmək
olar).
Son yüzillikdə yayılan müəyyən
stereotiplərə
uyğun olaraq bu cür oyunlar indi keçmişin
qalığı, cəhalət nümunəsi kimi görünə
bilər... Lakin, zənnimcə, belə stereotipləri
sındırmaq lazımdır. Bütün
dünya ölkələrində bu cür tarixi milli
yarışlar mövcuddur və milli etnik ənənələrin
nümunəsi kimi qorunub saxlanılır. Elə
müasir dövrdə İspaniyada keçirilən Korrida -
öküz döyüşlərinə dünyanın hər
yerindən tamaşaçıların
toplaşdıqlarını nümunə gətirə bilərik.
Korrida ilk baxışdan keçmişin qalığı və
vəhşilik, barbarlıq nümunəsi kimi görünsə
də heç kim ispanları "Qanlı
Korridaya" görə, öküz döyüşlərinə
görə, vəhşilikdə, cəhalətdə ittiham
etmir, əksinə, bu yarışmalara canlı olaraq tamaşa
eləməyə gələnlərin sayı ildən-ilə
artır...
Başqa ölkələrdə
də bunun nümunələri mövcuddur, misalçün,
müasir dövrdə Fransada qədim "Cəngavər
turnirləri" müasir formada yenidən bərpa olunur və
tamaşaçıların diqqətinə
çatdırılır.
Düzdür, indiki dövrdə
şəhər şəraitində bu cür oyunların
keçirilməsi müəyyən çətinliklər
yarada bilər, lakin bunun da müəyyən yolları
tapıla bilər. Bəlkə də Novruz bayramı
zamanı şəhərdən kənarda, yaxud Yeni bulvarın
bir hissəsində bu cür interaktiv
yarışlarçün xüsusi ayrılmış sahələr
yaratmaq mümkün olar.
Xüsusi ayrılmış
bu cür sahələrdə kiçik formatda at
yarışları, qoç döyüşləri, hətta
gülməli görünsə də, xoruz döyüşləri
kimi maraqlı yarışlar keçirmək olar (Hər halda,
bu döyüşlər bəzi telekanalların
şou-proqramlarındakı xoruz döyüşlərindən
daha təbii və maraqlı görünər).
Əminəm ki, bu cür
yarışlar həm yerli tamaşaçıların, həm
də xarici turistlərin böyük marağına səbəb
olacaq, insanlar məhz bu yarışlara baxmaq üçün
həmin məkana axışacaqlar...
Davamı gələn
sayımızda
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.23.