Həsənağa Turabov bütövlüyü
Həsənağa Turabovu
yaxından tanıyanlar bilirlər ki, o, şəxsi həyatında
da, sənətdə də öz prinsipləri olan və bu
prinsiplərə dönmədən əməl edən insan
idi. İnanmadığı şeyə onu zorla
inandırmaq, ürəyinə yatmadığı şeyi ona
sevdirmək mümkün deyildi. Mübahisəli
məqamlarda, kritik vəziyyətlərdə həmişə
mövqe nümayiş etdirirdi, kiminsə xoşuna gəlib gəlməyəcəyindən,
ürəyinə yatıb yatmayacağından asıdlı
olmayaraq sözünü birbaşa deyirdi. Bir
sözlə, bütöv şəxsiyyət idi Həsənağa
Turabov - aktyor kimi də, vətəndaş kimi də. Bu mənada Azərbaycan teatrına və kinosuna
neçə-neçə bənzərsiz obraz bəxş
etmiş Həsənağa Turabovun yaratdığı ən
möhtəşəm obraz, heç şübhəsiz ki, onun
öz obrazı idi.
H. Turabovun xoşbəxtliyi onda idi ki,
bir şəxsiyyət kimi bütövlüyü onun
yaradıcılığına da sirayət etmişdi. O,
hansı obrazı yaradırdısa - müsbət, ya mənfi,
əsas, ya epizodik, tarixi, ya müasir - fərqi yoxdur - onu
bütöv yaradırdı, bu kiçik insaların taleyini -
faciəsini və xoşbəxtltyini, aqibətini məhdud
ekran və ya səhnə zamanının içinə
sığışdırmağı bacarırdı, obraz
haqqında əsərdə birbaşa əksini tapmayan
informasiyanı da tamaşaçılara ötürə
bilirdi. Elə buna görə idi ki, hansısa tamaşada, yaxud
filmdə lap kiçik, ikinci dərəcəli rola çəkilsəydi
belə, onun yaratdığı obraz 25-ci kadr effekti ilə
yaddaşa həmişəlik hopurdu. Rəşid bəy
("Dərviş Parisi dağıdır"), Səlimov
("Qatır Məmməd"), Biçeraxov ("Səmt
küləyi"), Qəzənfər Məmmədov
("Yaramaz"), Afşin ("Babək"), ata
("Əlavə iz")…- bunlar H. Turabovun kiçik qəhrəmanlarının
qısa siyahısıdır. Amma bu kiçik qəhrəmanların
hər biri özündə müəyyən bir bir insan
taleyini bəlirləyəcək qədərində zəngin
bədii enerji daşıyır.
H.Turabovun yaratdığı
obrazların şamısı bütövdür, onları
"uğurlu", ya "uğursuz",
"güclü", yaxud "zəif" meyarları ilə
təsnif etmək mümkün deyil. Hansına müraciət
edirsən et - yüksək sənət
nümunəsi ilə qarşılaşırsan.
Azərbaycan kinosunda H. Turabov
qədər bir-birinə bənzəməyən müxtəlif
xarakterli obraz yaratmış aktyor tapmaq çətindir və
bu obrazların hər biri tamaşaçılar
üçün bu vaxta qədər açılmamış
kitab, yeni bir dünya idi. Gah vüqarlı, əzəmətli
Gəray bəy olurdu, gan da əlindən bir iş gəlməyən,
istedadsız, teatrda baş girləyən Kəbirlinski; gah
haqqında xalqın mahnı qoşub dastan
bağladığı Qaçaq
Nəbiyə çevrilirdi, gah da hiyləgər, fəndgir
Afşinə; gah məkrli quldur Cəfər bəyin qiyafəsinə
giriri, gan da obıvatel
Dadaşın…və bu qədər rəngarəng xarakterin bir vücuddan, bir ruhdan
qopduğuna ininmaq asan deyildi.
Şübhəsiz ki, 32
yaşında yaratdığı Gəray bəy onun kinoda ilk
və həm də ən möhtəşəm
yaradıcılıq qələbəsi idi. Sovet ideologiyasının
"pis insan" damğası
vurduğu Azərbaycan bəyi milli kinomuzda ilk dəfə məhz
Turabovun təfsirində öz
stereotip sələflərindən fərqləndi, rus
bolşevik rejiminə qarşı mübarizə aparan, milli
ruhun təmsilçisinə çevrildi, torpağın
qoruyucusu olan tarixi varlıq kimi bəraət aldı. H.Turabovun yozumunda Gəray bəy tarix meydanından
sıxışdırılıb çıxarılmaqda olan əxlaqın,
düşüncənin təmsilçisidir və bu tarixi həqiqət
aktyorun tapıntıları sayəsində filmin mətninin dərin
qatında kifayət qədər
kodlaşdırılmışdır. Aktyor,
Gəray bəyin içindəki enerjini zəngin mənalar
verən işarəyə çevirmək üçün
böyük məharət nümayiş etdirir və mətnin
üst qatında onun qəhrəmanı nə qədər mənfi
qütbə sıxışdırılsa da, həmin enerji
obrazın başlıca bədii məziyyətinə
çevrilir.
H.Turabovun ifasında Gəray
bəy qranitdən yonulmuş əzəmətli, möhtəşəm
heykəl təsiri bağışlayır. Onun ağayana
baxışları, şax yerişi əyilməz iradədən,
böyük qürurdan xəbər verir. Gəray
bəy həyatının elə bir məqamında təsvir
olunur ki, zaman onun xeyirinə işləmir, bolşevik kabusu
xalqın ruhunu, yaddaşını da işğal etməklə
məşğuldur. Lakin Gəray bəy
keçmişini öz yaddaşında yaşadan şəxsiyyətdir
və onu bolşevik kabusuna qarşı mübarzə
aparmağa sövq edən də bu yaddaşı yaşatmaq zərurətidir.
Bu mənada nə qədər paradoksal təsir
bağışlasa da, filmdə Gəray bəyin gələcəyinin
də ekran ifadəsi var. O, mübarzə meydanını mənəvi
cəhətdən qalib kimi tərk etməyə özündə
qüvvə tapır, komsomolçu Bəxtiyara imkan vermr ki,
onu öldürsün. Son gülləsini ürəyinə
sıxan Gəray bəyin ölümqabağı
sarsıdıcı gülüşü və Bəxtiyara
dediyi sözlər əslində onun tarixi bəraətinin
başlanğıcıdır.
H. Turabovun yaratdığı daha bir
bəy obrazı var - "Dərviş Parisi partladır"
filmindəki Rəşid bəy. Bu obraz aktyorun
oyun diapazonunun geniş miqyası, onun başqalaşma, tamamilə
fərqli xarakterlərə malik obrazlar yaratmaq məharəti
haqqında bitkin təəssürat yaradır.
Maraqlıdır ki, M.F.
Axundovun "Müsyo Jordan və dərviş Məstəli
şah" pyesində belə bir obraz yoxdur. Elə isə
o, filmin bədii məkanına haradan
düşmüşdür, onun varlığını, hadisələrdə
iştirakçı statusunu hansı bədii-estetik amillər
şərtləndirib, Rəşid bəy obrazının filmə
daxil edilməsi müəllifin məramının hansı cəhətlərini
qabartmaq zərurətindən irəli gəlib?
H.Turabovun böyük
ustalıqla yaratdığı obrazın səciyyəvi cəhətlərini
göz önünə gətirək. Rəşid bəy
fransızca bilir, deməli savadlı, təhsil
görmüş adamdır. Onun Avropa mədəniyyətindən
də müəyyən dərəcədə xəbəri
var. Bir qədər yumoristik planda təqdim olunsa da danışığında,
üz-sifət cizgilərində, xüsusilə də gözlərinin
dibindəki kədərli ifadə Rəşid bəyin
keçmişi, gələcəyi, ümumiyyətlə,
taleyi barədə dolğun təsəvvür yaradır. Rəşid bəyin zahirən şən görkəminin,
şux davranışının arxasında nəyə
görəsə həmişə sıxılan, darıxan bir
insanın iztirablarını görməmək mümkün
deyil. Aktyor obrazın xarakterindəki bu paradoksu
ustalıqla verir və nəticədə Rəşid bəy nə
vaxtsa elmin, maarifin havası ilə nəfəs alsa da, sonradan
Şahbaz bəyin dili ilə desək, "qamışlıq
və bataqlıq" səltənətinin sakini olmaq qisməti
ilə barışmış bir insanın obrazına
çevrilir. Və bütün bunlar onun bəlkə
də bəyliyindən irəli gələn təkəbbürü
ilə toqquşanda özündə həm komik, həm də
faciəvi bir aqibətin əlamətlərini yaşadan obraz
formalaşır. Rəşid bəy liberal
düşüncəli (Fransada inqilab olduğunu eşidəndə onun
necə sevindiyini, qışqırdığını yada
salaq), lakin bu düşüncələri dədə-baba
qaydaları qarşısında güzəştə getməyin
ağrı-acısını başa düşən
yarımçıq bir ziyalıdır. Onun gizli iztirabları,
xiffəti müəyyən
dərəcədə anlamaq dərdinə tutulmuş bir insan
tərəfindən öz qınına çəkilib
yaşamağın və inkişafa, elmə can atmağın
eyni vaxtda mümkünsüzlüyünü dərk etməsindən
irəli gəlir. Bu mənada o, həm də müəllf konsepsiyasının mətnaltı
qatlarının ifadəsinə çevrilir. Rəşid
bəyin taleyi oxumağa, təhsilə can atan indiki Şahbaz bəylə,
nə vaxtsa oxuyub öz elinə dönəcək Şahbaz bəyin
taleyinin qovuşdurur
Və nəhayət, H.
Turabovun "Dantenin yubileyi"ndəki Kəbirlinskisi…Aktyor
haqqında danşanda bu obrazı xatırlamamaq, sadəcə,
mümkün deyil.
"Dantenin yubileyi" filminin qəhrəmanı
fərqlənmək, gözə çarpmaq, öz qabiliyyəti, bacarığı
ilə seçilmək imkanları tamam tükənmiş, işlədiyi teatrda az qala rekvizit,
dekorasiya səviyyəsinə enmiş istedadsız qocaman aktyor
Feyzulla Kəbirlinskidir. H. Turabovun ifasında Kəbirlinski nəinki kiçik,
hətta sözsüz rolları belə oynamaqda aciz adamdır.
Kəbirlinskinin
bunu bilir, fərqinə varırmı? Xeyr,
uzun illərdən bəri çalışdığı
teatr, tülkü rolunu oynamaq üçün tələsdiyi
radio, televiziya
tamaşasında 1-cə cümləsini demək
üçün getdiyi telestudiya Kəbirlinski
üçün çox guman ki, maaş, az-çox
qonorar, dola-nışıq mənbəyidir.
Onu tez-tez ələ salırlar, təhqir edirlər - Kəbirlinskini
isə hər şeyi qulaqardına vurur, heç nəyə
reaksiya vermir, sanki elə belə olmalıymış kimi
öz "fəaliyyətini" davam etdirir, məşq
zamanı Səyavuşun dediyi cümlələrdən
"oğurlayıb" rəhbərlik etdiyi dram dərnəyinin
kollektivi qarşısında sənət yanğısı barədə
çıxış edir. Onun daxilində fəaliyyətə,
yaradıcılığa mənəvi stimul verən heç bir motiv, maraq yoxdur. O, hamı ilə normal münasibət
qurmağa çalışır, lakin hər dəfə də
uğursuzluğa düçar olur. Heç bir böyük
iddiası, arzusu olmayan bu adam işlədiyi kollektivdə,
heç gün ünsiyyətdə olduğu adamlar arasında
tənhadır. H.Turabov Kəbirlinskinin naturası ilə onun
daxili aləmi arasındakı bağlılığı
qrafik cizgilərlə əks etdirir, qəhrəmanını
mülayim, kövrək qəlbli, sadəlövh, həyata
etibarını itirməyən bir insan kimi yaradır, obrazın daxili
aləmini açan vizual ifadə vasitələrindən
yerli-yerində istifadə edir. Onun Kəbirlinskisi
tamaşaçını ömrün mənası, insanın
həyatdakı missiyası ilə bağlı dərin düşüncələrə
daldırır, neçə-neçə belə insanın
taleyinə yeni rakursdan baxmağa sövq edir. Bu
obrazı H.Turabovun kino fəaliyyətinin zirvələrindən
biri hesab edən yazarlarla razılaşmamaq çətindir.
...H.Turabovun Azərbaycan
xalqı qarşısında başı ucadır. O. Azərbaycan
aktyorluq sənətinə, Azərbaycan kinosuna yeni keyfiyyətlər
gətirən, milli kino və teatr xəzinəmizi br-brindən
maraqlı, orijinal, parlaq ekran və səhnə obrazları ilə
zənginləşdirən nadir
istedad sahibi, adı böyük hərflərlə yazılan
AKTYORdur.
Əlisəfdər HÜSEYNOV
Ədəbiyyat qəzeti.- 2018.-27 oktyabr.- S.25.