Amerika dəftərindən
Yurda bənzər
yurd gəzirik
Məsafə belə
yaxınkən,
Yurd niyə uzağa düşüb?
Dədə-baba ocağına
Gedən yol sazağa düşüb...
Tab etmirik qəm yükünə,
Bir-bir torpağa
çökürük...
Dərd hamımızın
dərdidi,
Ağrını tək-tək
çəkirik!
İçimizdəki nisgili
Parçalayan qurd gəzirik.
Düşmüşük diyarbədiyar,
Yurda bənzər yurd gəzirik...
Yaramızdakı zoqqultu,
Göynərti heç
ara vermir...
Doğulduğumuz torpağın
Yerini heç
hara vermir...
11.08.2018
Los Anceles, Venis
Üzümə bağlı
yollar
Yol var, küçə var - adam
Ayağına həsrətdi.
Mən ömrümü
sənətə,
Məhəbbətə həsr
etdim...
Gəzdim diyarbədiyar,
Döndüm əsl səyyaha.
Bəyaz elə bəyazdı,
Çarə varmı siyaha?
Xiffət, nisgil qəlbimdə
Dönüb qara kölgəyə! -
Doğma yurdumdan
başqa
Yolum var hər ölkəyə...
Yuxumu ərşə
çəkib,
Sinəsi dağlı
yollar...
Mənə rahatlıq
vermir
Üzümə bağlı
yollar...
30.08.2018
Los Anceles, Venis
***
Macalımız da yoxdu
Ağrımızı udmağa...
Tanrı möhlət
verəydi
Arzumuza çatmağa.
Ulu yurd olub talan,
Nə qədər
olar yalan!
Haqqım yox, bizsiz qalan
Torpağı unutmağa!
Gözəl meyvələr
çoxdu,
Demə gözümüz
toxdu,
Taqətimiz də yoxdu
Hər nemətdən dadmağa.
Yol çəkən
gözlər doldu,
Ümid gülləri
soldu,
Hara baxırsan yoldu,
Yer yoxdu üz tutmaga...
19.08.2018
Los Anceles, Venis
Bu boyda
dünyada
özünə yer tapmayan adam
Darıxırsan bu yer üzündə
Təyyarəyə minib
göy üzündə
süzürsən,
Gəmiyə minib dənizlərdə,
okeanlarda üzürsən...
Yerdə darıxırsan,
Göydə darıxırsan,
Okeanda, dənizdə
darıxırsan, -
nəyin çatmır
ki,
özünü bu qədər üzürsən?!
Özgələri isidən
ocağından,
közündən narazısan,
Özündən narazısan,
sözündən narazısan...
Sərsəri küləklər
kimi əsirsən,
Dünyanın bu başından
o başına tələsirsən...
Ürəyin dağdan-dağa,
dərədən-dərəyə səsləyir
sənu.
Heç özün
də bilmirsən
qarşıda nələr
gözləyir səni!
Elə bil dünyanın üstünə
hirsini, acığını
tökməyə
bəhanə gəzirsən,
Bu da Amerika,
Hollivud, Sakit okean -
Daha nə gəzirsən?!
02-07.08.2018
Los Anceles, Venis
Dünya elə həmin dünyadı
İstəyir quru üzü olsun,
istəyir su üzü...
Dünya elə həmin dünyadı,
İstəyir o üzü
olsun,
İstəyir bu üzü...
Bu balaca dünyanı
nə qədər
gücümüz yetir
zaman-zaman yaralamışıq.
Onu ölkə-ölkə,
diyar-diyar,
vilayət-vilayət,
şəhər-şəhər,
kənd-kənd,
məhlə-məhlə paralamışıq.
Unutmuşuq ki,
bizim yaratdıqlarımızdan
daha mükəmməldi,
dəyişməzdi
həyatın qanunu...
Unutmuşuq ki,
dünya bizim deyil,
biz dünyanınıq!
08.08.2018
Los Anceles, Venis
Qürbət
Mən qürbətdə
vətənin bir parçasıyam,
Vətəndən əsən
yellərə qoşulub,
quş kimi qanad açasıyam -
Okeanların, dənizlərin
üstündən
Vətənə uçasıyam!
Qəlbimdə Vətən
eşqi olduğu üçün
Ucaların ucasıyam...
08.08.2018
Los Anceles, Venis
Təkrar
Eyni yerdə hər il
gəzə bilərsən,
Eyni güldən hər il
üzə bilərsən,
Eyni dənizdə, çayda
hər il üzə bilərsən...
Ancaq əslində nə sən
ötən ilki adamsan,
nə o yer həmin yerdi,
nə o gül
həmin güldü,
nə də o
dəniz, çay eynidir...
Ömrün ömrümüzdən
qopan illəri,
ayları, həftələri
adamı göyüm-göyüm
göynədir...
Ancaq necə deyə bilərik ki,
bu hisslər
təzə deyil, köhnədir?!
Özümə əminəm,
fikrim qətidir:
ömürdə hər şey, hər şey
müvəqqətidir:
sevgilər də,
əzablar da,
həyat da...
Eyni işi dönə-dönə təkrarlasaq
da,
əslində təkrar
heç nə yoxdu həyatda...
09.08.2018
Los Anceles, Venis
Salam, Mark Tven
Salam, Mark Tven!
Sənin sözün
mənim ölkəmdədi,
mənim özüm
sənin ölkəndəyəm!
Gərək indən
belə
sənin ölkənə
də
ölkəm deyəm!
Ona görə ki,
bütün yaradıcı
insanlar
bir-birlərinə oxşayırlar!
Ona görə ki,
mənim övladlarım
da
sənin ölkəndə
yaşayırlar!
Hərdən şirin
xəyallara dalıb,
yumuram gözümü…
Sənin özün
mənim ölkəmə
gedə bilməzsən,
mənim sözüm
sənin ölkənə
gələ bilsə,
xoşbəxt sanardım
özümü!
15.08.2018
Los Anceles, Venis
Xatirə ağacının
kölgəsi
Xatirələr -
ömrün yaddaşa
hopan izləridi,
Xatirələr -
arxamızca baxan
mehriban ana gözləridi,
Xatirələr -
sönən ocağın
arabir
kül altda işaran közləridi...
Doğmalarını, əzizlərini
itirən insan
bəzən azır
həsrət dumanında,
əzab çəkir
xiffət tənhalığında.
Xatirələr -
yalnız öz gözümüzə görünən
sehrli bir ağacdı elə bil,
kölgəsinə sığınırıq
bu günün
iztirab günəşi
bizi yandırıb
yaxanda...
09.08.2018
Los Anceles, Venis
***
Sakit okeanın "sakitliyi"ni görəndə
Adam öz
sakitliyini tərk eləyir.
Sakit okeanın nəhəngliyini görəndə
İnsan öz kiçikliyini,
Allahın böyüklüyünü
dərk eləyir...
10.08.2018
Los Anceles
***
Ayrılıq əzablarına
bu qədər
sinə gərmək,
yurd xiffətinə
könül vermək
özü də bir hünərmiş!
Vətəndə qədri
bilinməyənlər
Qürbətdə vətənin
bir parçasına
dönərmiş!
11.08.2018
Los Anceles
***
Qarışqa üçün
bir qaşıq su ilə
bir vedrə
su arasında
fərq olmadığı
kimi,
adi insan da okeanla dənizin
fərqini görmür...
Nə Xəzər
Sakit okeanın,
Nə Sakit okean Xəzərin
yerini vermir! -
Belə olmasa okeanı yaradan dənizi,
Dənizi yaradan gölü,
Gölü yaradan bulağı yaradardımı?
10.08.2018
Los Anceles
Çadırdan boylanan
nisgilli gözlər
Bu gün gözümdən qaçmadı
Qəribə bir mənzərə...
Baxdım çadırdan
boylanan
nisgilli gözlərə...
O baxışların
önündə elə
bil
boşa çıxan
arzular,
ümidlər yanırdı...
Küçənin ortasındakı
zibilxanaya bənzər
səfil çadırının
üstündə
güvəndiyi ölkənin
bayrağı dalğalanırdı...
16.08.2018
Los Anceles
Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2018.-27 oktyabr.- S.26.