Yaşıl - "XX Əsr - Fəryadın
Metafizikası"ndan sonra
Rənglər
silsiləsindən üçüncü yazı
Görəsən, faciə nə
rəngdədir?
***
Edmank Munk "Fəryad" əsərini
yaradarkən qarşılaşdığı və
qarşısında donub qaldığı
qırmızılığın gözlərinə dəyib
qayıtmadığını, zehnə, düşüncəyə. Kim bilir nə proseslərin
bir-birinə dolaşdığı yerə gedib
çıxdığını düşünürəm...
Görəsən, Munkun o
qırmızılıq qarşısında dayanıb söykəndiyi
məhəccərin hiss edilməməzliyinin rəngi nəymiş?
***
Azər Turan deyiləndə
üç şəxsi xatırlayıram - Əli bəy
Hüseynzadə, Hüseyn Cavid və Alp Ər Tonqa. Elnarə
Akimova "XX əsr- Fəryadın Metafizikası" əsərinə
yazdığı ön sözdə Azər bəyi "...ruh
və mənəviyyat etibarilə məqalələrində
dönə-dönə adı keçən böyük
insanların əqidə və inam
daşıyıcısı" adlandırır. Mənsə,
çoxdandır soruşmaq istəyirəm, bu görünməyən,
bilinməyən, dağdan-düzəngahdan keçən, bir əli
ulu şamanlara, bir əli dərviş şairlərin dərin
su kimi səssiz şeirlərinə uzanan yolçuluğun
üfüqlərində ürəkdə doğub ürəyə
çat salan tərpənişlərin qarşısında
başımızı qaldırıb səmaya boylansaq əlimizi
hansı rəngə uzatmalıyıq?
Əli bəy Hüseynzadə
"mavi, qırmızı, yaşıl" demişdi -
Ölkə!
Bizim bir də "Şeir"
adlı vətənimiz var. "İynəboyu şeirləriylə"
Azərbaycan poeziyasının nankor küncündə əzəmətini
qoruyub saxlayan Faiqə ünvanlanmış iynə ucu boyda
sözlərlə səmamızı rənglərdən təmizləyib
sözləşdiririk, misralayırıq...
Ardıyca Cənab Şəhabəddinin
şeir gözəlliyindən ayrılar-ayrılmaz Anna
Axmatovanın cəsarətli, faciəli şair həyatıyla
üzləşirik. Türk şeirinə köklənmiş
düşüncəmiz birdəncə sükuta dalır... Həqiqətənmi Rusiyada poeziya fəsli Anna
Axmatovayla bitdi? Bəs niyə biz hardan gəliriksə gələk,
şeirin "tramvayından" enmirik, Anna Axmatovanın
küknar yaşılı ölümsüzlüyünü
rus poeziyasının bitib, modern Avropa şeirinin Azərbaycan
poeziyasına məhz Əli bəy Hüseynzadənin
açdığı-araladığı qapıdan, modernizmin
alt yapısından minillik divanlarımızın arasına
necə sızdığına baxırıq...
"Şeir çoxluğundan"
da ölmək olarmış... Bəlkə,
şairin əriyib, yox olub, şeirə çevrilib əbədiyaşarlıq
əldə etməsi məhz həmin misradakı sirrin
içində gizlənib?
Şeirinsə ölkəsi yoxdur,
yoxdursa bayrağı da yoxdur... Bəs görəsən Munkun
"qışqıran adamı" "Kıbrıs"
şeirində hansı rəngdə səslənir?.. Bəs Hadinin "Əlvahi-intibah"ı?..
Şeirin içində bir Vətən
var, bayrağı sevgidən yana, həyatdan
yana, fanilikdən yana, fəryaddan yana...
Azər müəllim, bu gün fəryadımız
nə rəngdədir?.. Şər
çiçəklərinin qan qırmızısının
çıxarılmış gözlərin kökündə
dayanan fəryadımızın...
***
Nitsşe "Allah öldü, onu biz
öldürdük" - dedi...
Deyəsən Azər Turan Nitsşeni
sevir...
Ölümün dərkedilməzliyi
içində hər şeyin düyün nöqtəsiymiş
kimi bir yansıması duyulur. Son deyil, lakin
başlanğıc da deyil. Orta mənzil?
Niyə məhz mənzil? İnsan
dayanır. Durur, nəfəsini dərir... Görəsən,
o anda ruh geri çevrilib keçib gəldiyi yola
boylanırmı? Boylanırsa nə
düşünür? Salındığı qəfəsin
barmaqlıqları asta-asta çürüyüb
töküldükdə ruh, artıq o qəfəsdən
çox uzaqlarda yolçuluğa başlayır...
Nəhəng Yəhya Kamal Bayatlı
və onun son nəfəsi... Səssiz gəminin kainatın
havasını yarıb keçən qanadlarından maviliyin ləpələndiyi
görünür... Göyərtəsinin bir küncündə
ad-ad deyil, say-say ölüm sadalanır:
"Kıbrıs" - Sürəyya Berfe... Bir yandan da
"bir qəribə şair", Orxan Vəli - İstanbulun ola bilməyən Orxan Vəli... Türklərin
bu gün nisgilli olduğu İstanbul...
Nazim Hikmət,
"Başqasının olarsa, yıxılmalı
İstanbul" - demişdi... Qəribə deyilmi?..
***
Bir də Edib Cansevər var...
Şeirin hökmdarı, amma hökm etməz, sözün
sehrbazı, tilsimləməyə çalışmadan
sözləri sehrə çevirər, misra-misra məhv edər,
misra-misra canımızdan edər bizi... "Nə kadar konuşursaq, o kadar bir sessizlik olur,
Adımızı sorarız birinə, o bizə adını
söylər". Bu qədər heyrətamiz ruhi yüksəlişdə
olan, adamı götürüb yerə çırpan,
oyanmağa, şeirin dərinliyindən gözlərini
yummağa təhrik edən şair üçün "bədbin,
pessimist" deyilməsiylə razılaşmaqmı,
razılaşmamaqmı...
"Laləlidən dünyaya gedən
tramvay" kimləri bütövlüyün içindən
keçirib yoxluqdan-yoxluğa aparardı... "Her
seferində başqa yoldan çıkılır nirvanaya"
dedirdən ruhun bugünkü yoxluğunu anlamağa,
duymağa çalışıram. Qarşısında
baş da əydik, bəs onu kimlər üçün yazdı
Cəmal Süreyya, oxunmaması üçünmü...
Soruşuram...
Yoxluğun qan-qırmızı rənginin
üstünə "Fəryad"-da olmayan bir rəng
sıçrayır - yaşıl...
Rza Nur, Nihal Atsız, Zəki Vəli
Toğan, Rıza Tevfiq... - getdilər, ruhları səssiz gəmidə,
bədənləri dünya torpağında. Dünya
torpağı Yaşılın öyüdür, Azər
müəllim bilməzmi?.. Bunun
üçün bizə şeiri - torpağı nişan verir...
***
Azər Turan tarixçi deyil...
"Hardandı türkün tarixinə bu sevgi"- deyə
soruşmayacağam... Kitabın bir
bölümündən Fuad Köprülü boylanır.
Babası 250 il əvvəl, yazıb-
oxuması olmadan sədr-əzəm, baş nazir təyin edilən
Köprülü 23 yaşında professor adı
almışdı. Hüququ öyrənməkdən imtina edərək
ədəbiyyatçı və tarixçi olmuşdu,
türk dərvişliyini öyrənmiş, Əhməd Yasəvini,
Yunus Əmrəni türk ədəbiyyatına
qazandırmışdı... Köprülünü susmaq
olarmı...
Bəs Zəki Vəlidi
Toğanı? 21 yaşında, 1911-ci ildə "Türk və
Tatar tarixi" əsərini yazan adam.
Stalin onun Türkiyədə hakimiyyətə gələcəyindən
narahatlıq keçirirmiş...
Əhməd Ağaoğlu... Yusuf
Akçura... Çingiz Dağçı...
Budur O - yenə torpaq...
***
"Türk dilini sevin, onların
hakimiyyəti uzun çəkəcək" deyimi, fikri
Əlişir Nəvainin dövründə "Türk dili
dövlət dilidir" iddiasınacan gedib
çıxır... Təsadüfi deyil ki,
çar hökuməti türk dilini "ədəbi dil
deyil" iddiasıyla qadağan etmək istədiyi bir zamanda
qarşısında sübut olaraq cağatay Əlişir Nəvainin
əsərləri qoyulurdu. Lakin deyəsən
bu dərd heç zaman səngimədi. Bir yerdə bir
nisgil keçir, bomboz - "sözləri hecalara bölüb
türk kökü axtaran" mütəxəssislərimiz
bir çox yazılı abidənin, faktın, izin, "tarixə
daxil olunan" miflərin üstündən sükutla
ötmüşlər... Bakıda keçirilən birinci
türkoloji qurultaydan sonra aydınların sözün əsl
mənasında 37-ci illər qırğını
başlandı... Millətin, xalqın, dilin, nəhəng
kökün qol-budağı qırılmış,
yandırılmış, əvəzində, necə deyərlər,
odunu söndürüb başımıza ələnəcək
küllə qaldıq...
Kül - yenə bomboz...
Min il olacaq az qala,
Mahmud Kaşqarlı kimliyimizlə aramıza kök
atmış səddin o üzündə, ömrünün
ağsaqqal yaşında "Divanü-lüğət-it-türk"ü
yazır... Minilliyin o üzündən gəlir, gəlir,
keçən əsrin əvvəllərində dilimizə
uyğunlaşdırılır... Bunu boynuna
götürən Xalid Səid Xocayev güllələnir.
Oxuyuruq, bu yazı əslində Xalid
Səid əfəndi barədə yazılmış
kitabın qısa gəzişmələridir... Məhv edilən
daha bir dəyər, yoxa çıxan
"Divanü-lüğət-it-türk"...
İtirilmiş tərcümə, tapılmayan əlyazma...
İtki - bom-boz... Qəddarlığın üzü bozdur...
Bəzənsə ümid işıldayır...
Tək-tək məhv ediləcək dəyərlər... Bir
gecədə sahibsiz qalan evlər küçəsi...
Hamını aparırlar, yerində heç kim
qalır...
"Ən yaxşılar məhv
edildi, ortabablar sürgündədir, qalan qara camaatdır və
mən onları təmsil edirəm"... Çuvaş
Petrovun hələ keçən əsrin əvvəllərində
səsləndirdiyi tək bir cümlə... Zərbə, cəsarətin
son akkordları... Acınacaqlıdır... Çox güman,
böyük Türk ulusunun, Göy Türklərin,
ölümünü suda qarşılamağa çan atan
Əfrasiyabın, Nuhdan doğma Alp Ər Tonqanın gəlib
keçdiyi bütün torpaqlarda bu sözlər gizli-aşkar
dəfələrlə səslənmişdir... Böyük təəssüf...
Boz... boz... boz...
***
Gedirik, gedirik, gedirik... - Nəhayət,
söhbətimizin bu yerində dərindən nəfəs
alıb, kədərli də olsa, Rəsulzadənin
"Əsrimizin Səyavuşu" deyib anlatdığı Azərbaycan
mövzusuna gəlib çıxırıq... İnsan,
"hardan-hara?" - deməyə
bilmir. Çox qəribədir, fikrin dərinliyində
Firdovsiyə qarşı çıxmanın, ona qarşı
duyulan hissin milli qısqanclıqdan doğmadığına həmişə
bir əminlik vardı. Bu
şüuraltı etirazın bir səbəbi olmamış
deyil. Əfrasiyabın, Tomrisin nəhəng ruhu
qarşısında qəzəbini "Şahnamə"ylə
büruzə verən minillik qisas... Necə gözəl
deyib Azər Turan,
Rəsulzadənin Firdovsidən təsirlənərək
yazdığı "Əsrimizin Səyavuşu" bizi həm
də necə gözükölgəli, diligödək edir...
Milli qürurumuza "xal" salmış, tarixi yoxdan var edənlərin
kandarına səpilmiş "şər"
toxumları kök atdıqca atmış, zoğladıqca
zoğlamış, bar verdikcə də vermiş...
Nə etməli?
Amma bu sual qarşısında
aydın çıxış yolu var: Azərbaycan gəncliyi
Alp Ər Tonqanı-Əfrasiyabı tanımalıdır...
***
"Mənim dinim başqadır"
demişdi dərin türkdən gələn o qız... O
qızın ölkəsində, o qızın
budağında, o qızın yuvasında Qədir
ağaclarının küknar iyi var...
Yenə ora qayıdırıq -
Yaşıla...
Sarını Göyə
qatarlarmış, Yaşıl alınarmış...
Günəşi Suya qatmış
Tanrı - Həyat alınmış...
Qışqıran Adamın gözləri
qarşısında qürubun qırmızı rənginə
göz yummaq olmasa da, Munk tablosunda yaşıl rəngdən əsər-əlamət
tapılmasa da... o da öz əsərini dərin bir ehtiyacla
sözlərlə ifadə edərkən məhz şeirə əl
uzadır- Yaşıla...
Amma nigaranıq...
Görəsən Azər Turanın
nigaranlığı nə rəngdədir...
Ədəbiyyatımızdan tariximizəcən,
mifimizdən dastanımızacan, Qız qalamızdan
Troyamızacan.... İtirilmiş "Divanü-lüğət-it-türk"ümüzün,
yandırılmış İsgəndəriyyəmizin, fəryadı...
Son yazıda dayanırıq - "Oğul atanın
sirridir"...
Qoy Azər Turanın sirrinin rəngi
də sirr qalsın... Qoy 55 yaşın o
üzündə başlayan yolçuluq nigaranlıq
içində davam etsə də etsin. Bu bir taledir...
Yamyaşıl, bir kitaba
sığdırılmağa
çalışılmış minillik ölümsüz
tale...
Qəzanız mübarək, Azər
Turan, bitməyən yolçuluqlara...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.27.