Don Kamillonun
kiçik dünyası
Roman.
Çox məşhur
İtaliya yazıçısı Covannino Quareskinin "Don
Kamillonun kiçik dünyası" romanının Azərbaycan
dilinə tərcüməsi əhəmiyyətli hadisə
sayılmalıdır. İtalyandilli ədəbiyyatın
araşdırıcıları yazır ki, bu əsər ədəbiyyat
tarixində müxtəlif dünya dillərinə tərcümə
olunanlar arasında ilk üçlükdədir. Təsadüfi
deyil ki, indi "Don Kamillo"nu eskimos
dilindən tutmuş, Vyetnam dilinə; hindidən tutmuş,
afrikaansa kimi, yüz əllidən artıq dünya dilində
oxuyurlar. Cəmi beş-altı il bundan
qabaq belə hesab olunurdu ki, bu şedevr yer üzündə rus
və Çin dillərindən savayı, bütün əhəmiyyətli
dillərdə işıq üzü görüb. Artıq
keşiş don Kamillo ilə kommunist Pepponenin
oyunbazlığı rus və Çin oxucularına da
tanışdır. Mən də istədim bu qiymətli əsəri
dilimizə çevirim, bizim oxucular da o sırada olsun... Quareskinin bu əsəri ədəbiyyatda tamamilə
yeni bir janr yaradıb - kiçik formalardan təşəkkül
tapan epopeya janrı. Romana daxil olan
novellaların hər biri bitkin əsərdir. Hər novellanın öz süjeti olsa da, onlar birlikdə
bənzərsiz, kamil bir mənzərə yaradır, Don Kamillo
ilə Pepponenin kiçik dünyası böyük aləmə
çevrilir. O aləm uzaq Apennin yarımadasında yerləşsə
də, bizimkinə yaman bənzəyir...
Burada üç əhvalat və bir
sitatın köməyilə "Kiçik dünya"nın cizgiləri barədə oxucularda təsəvvür
yaradılır
Cavan olanda qəzetdə
müxbirlik edirdim, günlər uzunu velosipedlə şəhərdə
dolaşıb reportajlarım üçün maraqlı
süjetlər axtarırdım.
Sonra bir qıza rast gəldim və
başladım bütün günümü düşüncələrdə
keçirməyə: fikirləşirdim ki, görəsən
mən qəflətən Meksika imperatoru olsaydım, ya da
yıxılıb ölsəydim o qız nə deyər, nə
edərdi. Axşamlar isə şəhər xəbərlərini
özümdən uydurub qəzetdəki sütunumu doldururdum.
Xəbərlərim oxuculara xoş gəlirdi,
axı gündəlik real faktlardan daha inandırıcı
görünürdü.
Mənim leksikonumda cəmi iki yüz
söz olardı - bir qocanın velosiped altında qalmasından
tutmuş, hansısa bir evdar qadının kartof təmizləyərkən
yol verdiyi ehtiyatsızlıq ucbatından az
qala barmaqsız qalacağı haqda xəbərə kimi,
bütün hadisələri eyni sözlərlə təsvir
edirdim.
Bir sözlə,
gördüyüm işin ədəbiyyat-zad kimi sarsaq şeylərə
heç bir aidiyyəti yox idi. Mən elə bu kitabda
da baş verənləri, sadəcə, nəql edən qəzet
müxbiriyəm. Bütün
yazdıqlarım uydurmadır, elə buna görə belə
inandırıcı görünür. O qədər olub
ki, barmağımdan uydurma bir xəbər sümürüb
yazmışam, bir aydan sonra bir də görmüşəm
ki, yazdıqlarım real həyatda baş verir. Bunda elə təəccüblü
bir şey yoxdur, əsas məsələ müəyyən bir
şey haqqında düzgün mülahizə yürütməkdədir:
konkret tarixi anı, mövsümü, dəbi, psixoloji vəziyyəti
nəzərə alırsan və başa düşürsən
ki, bu şəraitdə, məsələn, X nöqtəsində
nələr baş verəcək.
Elə mənim burada
topladığım əhvalatlar da elə bəlli yerdə və
bəlli mühitdə cərəyan edir. Bu mühit
1946-cı ilin dekabrından 1947-ci ilin dekabrınadək
İtaliyanın siyasi həyatında olub. Bir
sözlə, İtaliya siyasi həyatının bircə ilinin
hadisələri var burada.
Əhvalatların vaqe
olduğu məkan Padua vadisinin xalq arasında Çuxurməhlə
adlandırılan qismində cərəyan edir. Bəli, diqqətinizə
yetirməliyəm ki, mənim üçün Po çayı
Pyaçensadan başlayır.
Mənbəyinin əslində
tamam başqa yerdə olmasının mənim
üçün heç bir əhəmiyyəti yoxdur. Milandan
Pyaçensaya kimi uzanan Via Emiliya adlı Roma yolu da mənim
üçün Pyaçensadan Riminiyə aparan yoldur.
Təbii ki, çaylarla
yolları müqayisə etməyə dəyməz,
çünki yollar tarixə aiddir, amma çaylar
coğrafiyaya.
Hə, elədir, amma nə olsun?
İnsanlar tarixi yaratmır,
insanlar coğrafiya kimi, tarixə də, sadəcə, dözməli
olur. O ki
qaldı sırf tarixin özünə, o, coğrafiyadan
birbaşa asılıdır.
İnsanlar coğrafiyanı
bir yolla düzəltməyə çalışırlar -
dağlarda tunellər qazmaqla, çayların məcrasını
dəyişməklə. Onlara elə gəlir ki, bu minvalla tarixin
axarını da dəyişə biləcəklər, amma nə
etsələr, heç nə dəyişmir. Günlərin birində onsuz da hər şey
alt-üst olacaq. Sular körpüləri basacaq, bəndləri
uçuracaq, mədənləri basacaq, sarayları, evləri,
daxmaları yıxacaq, xarabalıqları ot
basacaq, hər şey təzədən torpağa dönəcək.
Sağ qalanlar daş alətlərilə vəhşi
heyvanların öhdəsindən gəlməyə
çalışacaqlar və bütün tarix yenə əvvəldən
başlanacaq. Köhnə hamam, köhnə tas.
Üç min il
keçəcək və günlərin birində torpaqda
eşələnən insan yerdən su kranı, Milan ətrafındakı
Sesto-San-Covanni qəsəbəsinin zavodunda düzəlmiş
tokar dəzgahı tapıb gün işığına
çıxaracaq, baxıb heyran qalacaq: bəh-bəh, nə
gözəl şeylərdir! Sonra da
başlayacaqlar uzaq əcdadlarının məşğul
olduğu sarsaq-sarsaq işlərə girişməyə.
Çünki insanlar çox bədbəxt məxluqlardır
- onlar tərəqqiyə məhkumdurlar. Elə
həmin tərəqqidir ki, onları məcbur edir köhnəlmiş
Xudavəndi-taalanı müasir kimyəvi formullara dəyişsinlər.
Hər şey axırda bununla bitir ki, qoca Xudavəndi-taala
bezir, sol əlinin çeçələ barmağının
ucunu millimetrin ondan biri qədər tərpədir və aləm
yenə kəllə-mayallaq olur.
Bir sözlə, Po
Pyaçensadan başlanır. Və düz də eləyir,
çünki onu İtaliyanın yeganə hörmətli
çayı saymaq olar. Özünə
hörmət qoyan çayların yolu düzəngahdan
keçməlidir, axı su elə bir şeydir ki, mütləq
üfüqi axmalıdır və yalnız bu vəziyyətdə
özünün yeganə məziyyətini qoruyub saxlaya bilər.
Niaqara şəlaləsi isə tamaşa eləmək
üçün bir əyləncədi, təxminən əlləri
üstə gəzən adamlar kimi.
Qısası, Po
Pyaçensadan başlanır. Elə mənim hekayətlərimin
dünyası da öz başlanğıcını ordan
götürür. Bu dünya Po
çayı ilə Apennin dağları arasındakı bir
parçaya sığır.
"...Orada göylər
İtaliyanın hər yerindəki kimi, əksərən
masmavi olur. Amma ilin pis əyyamlarında havadan
çox sıx bir duman pərdəsi asılır. Burda
torpaqlar əsasən yaxşıdır - bir az
qumlu, bir az daşlı, tərkibində gili də var.
Yamyaşıl örtük Po çayının qumsal
dayazlıqlarına kimi torpağın bir
qarışını da çılpaq qoymur.
Ətrafda üzümlüklərlə
üzük qaşı kimi dövrəyə
alınmış zəmilər dalğalanır, şüvərək
çinarların sırası meynələrlə həmahəng
uzanır, bütün bu mənzərəni tut
ağaclarının şux görkəmi bəzəyirdi -
torpaq öz məhsuldarlığını tam büruzə
verir. Taxıl, qarğıdalı, üzümün
cürbəcür növləri, ipək, çətənə
və yonca - əsas məhsullar budur. Amma
bura başqa bitkilər üçün də əlverişlidir,
növbənöv palıdlar, cürbəcür meyvə
ağacları yaxşı boy atır. Sıx
söyüdlük çay boyunca pırpız şax-şəvəlini
sağa-sola uzadır. Bir zamanlar çay
qırağında adda-budda qızılağac qızaran,
söyüd boy verən geniş qovaq meşələri
yaşıllanırdı; ağacların gövdəsinə
sıx sarmaşıqlar dırmanır, başına
qızılı çiçəklər səpilmiş sərin,
xoş ətirli köşklər yaradırdı...
Bu yerlərdə mal-qara da boldur, donuz
da, sincabların, tülkülərin ovladığı ev quşları da. Ovçular
dovşana tez-tez rast gəlir, amma bu ürkək məxluqlar
ovçudan çox tülkünün qəniməti olur.
Bir də görürsən bildirçin,
xallı kəklik, qumru otların arasından pırr eləyib
uçuşdu. Cüllütlər,
qanadı iti sığırçınlar, Po çayında
qışlayan ördəklər orda-burda torpaq eşib yem
axtarırlar. Suyun üzərində bəyazqanadlı
qağayılar süzür, qəflətən
şığıyıb balıq qapır.
Qamışlıqda rəngbərəng su quzğunları,
zirək sərçələr, çoxbilmiş
qamışquşu... Çayın üzərindən
qalxan sevincək cikkiltilər ərşə dirənir.
Burada leylək, qaqqıldaq, başqa sahil quşları; toyuqların əsas
qənimi sayılan yırtıcı çalağanlar; havada
dövrə vuran leylər, bayquşlar; uçanda
qanadının səsi çıxmayan yapalaq da görərsən.
Ovçular güclü küləklərin Po
çayına, Alp dağlarına uzaq, qəribə ölkələrdən
gətirdiyi bu quşlara tez-tez tuş gəlir, hərdən
onları haylayıb havaya da qaldırırlar. Bu dərədə
acı ağcaqanad yerdən duman kimi qalxır ("ya da lillikdən
qurbağaların əbədi şikayətləri
ucalır"), (1) amma aydın yay gecələrində
bülbülün bal cəh-cəhi
kainatın harmoniyasını təkrarlayır - bu təbii
gözəlliklərin azad insan qəlbini yumşaltması
üçün nisgilli-nisgilli oxuyur bülbül.
Çayda saysız-hesabsız
balıqlar var: bığlı naqqa, acgöz durna
balığı, gümüşü karplar,
qırmızı üzgəcli xanı balıqları,
sürüşkən ilan balıqları, çəkisi
yüz əlli kiloqrama çatan nəhəng nərə
balıqları (onlar bu çaya düşmənlərinin əlindən
bezib gəlirlər).
Çayın sahilində
Stanyo villasının xarabalıqları uyuyur, bir zamanlar ərazisi
çox iri idi, amma zamanla dalğalar onun izlərini yalayıb
aparır. Stirone və Taro çaylarının
qovşağında günəş şüalarında
çimən tənha Villa Fontanelle yerləşib. Əsas yolun səddə dirəndiyi yerdə isə
Raqassola malikanəsi, bu yerlərin lap şimal küncündə,
dərənin ən dərin yerində Fossa kəndi qərar
tutmuşdu. Taro çayı ilə
Riqozanın qovşağındakı qızılağac və
çinar meşəliyində isə öz tənhalığında
uyuyan bapbalaca Riqoza villası vardı. Bu yamyaşıl
villanın arasında isə Rokkabyanka yerləşib...".
Mən notarius Françesko
Luici Kamparinin (2) qələmə aldığı bu sətirləri
təkrar oxuya-oxuya elə bilirdim onun
danışdığı nağılın personajıyam,
axı mən də "günəş selində çimən
o xəlvət villada" dünyaya gəlmişdim.
Birinci əhvalat
Biz Po dərəsində,
Boskaççoda yaşayırdıq: atam, anam, on bir
qardaşım, bir də bacımla mən. Ən
böyükləri mən idim, on doqquz yaşım təzəcə
tamam olmuşdu, Kikko isə sonbeşik idi, hələ iki
yaşı tamam deyildi. Hər gün səhər anam mənə
bir zənbil çörək, bir bağlama alma
ilə şabalıd verirdi. Atam bizi samanlıqda
sıraya düzürdü, xorla dua oxuyub "Allah
amanında" gedir, bir də gün batanda evə
dönürdük".
Tarlalarımız
üfüqə kimi uzanırdı. Səhərdən
axşama kimi getsən, axırına çata bilməzdin.
Biz lap üç sot sünbüllənmiş
taxılı tapdalasaq, bir səf meynəni yıxsaq belə,
atam bir söz deməzdi. Amma biz daim
başqalarının ərazisinə girirdik, bir sözlə,
böyüklər üçün yaman
başağrısı idik. Hətta
qırmızı dodaqlı kiçicik ağzı, uzunkirpikli
iri gözləri, alnında mələklər kimi
qıvrım telləri olan iki yaşlı Kikko belə yolda
rastına çıxan bircə ördəyi də salamat
buraxmırdı.
Hər səhər biz gedən
kimi, həyətimizdə zənbili başıkəsik
toyuqlar, ördəklər, çolpalarla dolu qarılar peyda
olurdu. Anam hər kəsik quşa bir dənə dirisini
verirdi.
Bizim tarlalarda azı min dənə ev quşu eşələnirdi, amma ikicə dənəsini
bişirmək lazım olanda, bazardan alırdıq.
Anam başını
bulaya-bulaya bircə kəlmə dinmədən başıkəsik
ördəkləri dirisinə dəyişməyə davam
edirdi. Atam qaşqabağını töküb
bığlarını eşir, daşı məhz
hansımızın atdığını
aydınlaşdırmağa çalışırdı.
Əgər qadınlar desəydi ki,
balaca Kikko atıb daşı, atam onları məcbur edirdi ki, əhvalatın
necə baş verdiyini bütün təfərrüatı
ilə üç-dörd dəfə danışsınlar:
daşı necə atıb; iri daş olubmu; ilk dəfədən
dəyə bilibmi və sairə...
Bunu mən sonralar,
üstündən xeyli illər keçəndən sonra
bildim. O
zamanlar bu barədə heç düşünmürdük də.
Bircə bunu xatırlayıram ki, bir dəfə
Kikkonu ala-tala çəmənlikdə sarsaq görkəmlə
gəzişən ördəyin dalınca yolladım. Onumuz da kolluqda gizlənib tamaşa edirdik. Birdən iyirmicə addımlığımızda
atamızı gördüm - yekə palıdın altında qəlyanını
çəkirdi.
Kikko ördəyin işini
bitirən kimi, atam əllərini cibinə soxub getdi, biz isə
Allahımıza şükür elədik.
- Görmədi, - uşaqlara
pıçıltıyla dedim. Bəyəm onda mənim
ağlıma gələrdi ki, atamız hər səhər
dalımızca qarabaqara gəlir, Kikkonun ördəkləri
necə vurduğuna tamaşa eləmək üçün
oğru kimi gizlənib pusur...
Deyəsən, mətləbdən
uzaqlaşdım bir az, - xatirələri
çox olan bütün adamlar bu xəstəliyə mübtəladır.
Əslində,
danışmaq istədiyim bu idi ki, Boskaççoda
heç kəs heç zaman ölmürdü. Yəqin, bunun
səbəbi nəfəs aldığımız saf hava idi.
Boskaççoda adama elə
gəlirdi ki, iki yaşlı uşaq heç vaxt xəstələnə
bilməz.
Amma Kikko xəstələndi,
özü də çox möhkəm. Bir axşam evə
qayıdanda yerə çöküb ağlamağa
başladı. Sonra
ağlamağını kəsib yuxuya getdi. Heç cür oyada bilmədik onu, məcbur oldum
qucağıma alım.
Bədəni
alışıb-yanırdı, birdən canımıza qorxu
doldu. Günəş batdı, göyün üzü
qara-qırmızı idi, kölgələr
uzanmışdı. Kikkonu otun üstünə
uzadıb ağlaya-ağlaya,
çığırışa-çığırışa
evə sarı yüyürdük. Elə
qaçırdıq, sanki dalımıza nəsə sirli, dəhşətli
bir məxluq düşüb bizi qovurdu.
- Kikko yatıb, yuxuda od
tutub yanır! Kikkonun başı od kimidir,
- atama çatan kimi hönkürtü içində dedim.
Yaxşı yadımdadı,
atam dillənmədən divardan qoşalüləsini
götürdü, doldurub qoltuğuna vurdu, dalımızca gəldi. Yolda ona
sıxılmağa çalışırdıq, amma daha
qorxmurduq, axı atamız səksən metrlikdən
dovşanı bir gülləyə vururdu.
Kikko otluqda
uzanmışdı. Əynindəki açıq rəngli
paltarlarından, saçının alnına
düşmüş qıvrımlarından qanadları
qırılıb yoncalığa düşmüş mələyə
oxşayırdı.
Boskaççoda heç kim heç vaxt ölmürdü. Kikkonun möhkəm azarladığı barədə
xəbər yayılanda, hamının canını dərd
aldı. Camaat öz evində belə, səsini
qısıb danışırdı. Kənddə
yad, təhlükəli bir nəsnə dolaşırdı,
adamlar gecə düşəndə pəncərələrini
açmağa belə, cəsarət eləmirdilər,
çünki Ay işığında əlində dəryazı
olan qarapaltar qarını görəcəklərindən
qorxurdular.
Atam üç-dörd məşhur
həkimin dalınca şəhərə fayton yolladı. Onlar Kikkonu
müayinə edir, qulaqlarını kürəyinə dirəyib
qulaq asır, sonra da atamıza baxıb bir söz demirdilər.
Kikko
alışıb-yanırdı, amma hələ də yuxuda
idi, sifəti mələfə kimi ağarmışdı. Anam da
yanımızda idi, oturmuşdu, yeməkdən imtina edir, elə
hey ağlayırdı. Atam isə bircə
dəqiqə də dizini qatlayıb əyləşmədi, elə
hey bığlarıyla əlləşir, bir kəlmə də
danışmırdı.
Dördüncü gün qalan
üç həkim üzlərində pərişan ifadə
atama belə dedilər:
- Sizin uşağı ancaq rəhmli
Allahımız xilas edə bilər.
Yadımdadı, səhər
idi. Atam bizi başının hərəkətiylə
yanına çağırdı, onun dalınca xırmana
yüyürdük. Sonra fit çalıb muzdurları səslədi.
Təxminən əlli nəfər toplaşdı: kişili,
qadınlı, uşaqlı.
Atamız iribığlı, ucaboy,
caydaq adam idi, sözünün kəsəri
vardı. Başına yekə şlyapa qoyur, əyninə
qısa, dar gödəkçə, qıçlarına
doğru daralan şalvar, uzunboğaz çəkmə geyirdi.
(Cavan vaxtlarında Amerikada olmuşdu, lap
amerikanlar kimi geyinirdi). Ayaqlarını
aralı qoyaraq qalxıb kiminsə qarşısında duranda
adamın canına qorxu dolurdu. İndi də camaatın
qarşısında eləcə durub dedi:
- Kikkonu ancaq rəhmli Allahımız
xilas edə bilər. Hamınız diz çökün: Allaha
yalvarmaq lazımdır ki, Kikkoya nicat versin.
Hamımız əllərimizi
sinəmizdə çarpazlayıb dizüstə
düşdük, ucadan dua eləməyə başladıq. Qadınlar növbə ilə
cürbəcür sözlər deyir, uşaqlar, kişilərsə
cavab verirdi: "Amin".
Atam ayaqda durmuşdu, amma onun
da əlləri sinəsində idi. Bizim
qarşımızda heykəl kimi, qımıldanmadan düz
axşam yeddiyə qədər durdu. Hamımız
dua edirdik, çünki həm ondan qorxurduq, həm də
Kikkonu çox sevirdik.
Gün batmağa
başlayanda atamın dalınca bir qadın gəldi. Mən də
onların dalınca getdim.
Rəngi qaçmış
üç həkim Kikkonun çarpayısının
yanında oturmuşdu.
- Vəziyyəti pisləşir, - həkimlərin
ən qocası dilləndi. - Səhərə
çıxmayacaq.
Atam bir söz demədi, amma əlimi
necə bərk sıxdığını hiss elədim.
Çölə
çıxdıq. Atam qoşalüləsini götürüb doldurdu, sinəsindən
asdı, sonra mənə yekə boğça verdi.
- Getdik, - dedi.
Tarlaların arası ilə
gedirdik, gün artıq meşənin arxasında gizlənmişdi. Qarşımıza
çıxan divardan aşıb bir qapını
döydük.
Keşiş evində tək
idi, kerosin lampasının işığında şam edirdi. Atam
şlyapasını başından çıxarmadan içəri
girdi.
- Müqəddəs ata, - dedi, - Kikko
ölür. Onu ancaq rəhmli Allah xilas edə
bilər. Bu gün altmış nəfər
düz on iki saat dizüstə Allaha yalvarıblar, amma
uşağın vəziyyəti pisləşə-pisləşə
gedir, deyirlər, sabaha çıxmayacaq.
Keşiş atama dəhşətdən
bərəlmiş gözlərilə baxırdı.
- Müqəddəs ata, - atam
sözünə davam edirdi, - Allahla ancaq sən birbaşa
danışıb vəziyyəti izah edə bilərsən. Onu başa sal ki, Kikko sağalmasa, buraları
partladıb yerlə-yeksan edəcəm. Bax, mənim
boğçamda beş kilo mina dinamiti var,
kilsənin daşı daşüstə qalmayacaq. Başla!
Keşiş
cınqırını da çıxarmadı, kilsəyə
üz qoyub mehrabın qarşısında diz
çöküb əllərini sinəsində
çarpazladı. Biz də onun dalınca içəri girdik.
Atam kilsənin tən
ortasında ayaqlarını aralı qoyub dik durmuşdu -
tüfəngi qoltuğunun altında, Koloss kimi hərəkətsiz. Mehrabda şam
yanırdı, ətraf qaranlıq idi.
Gecə yarısına
yaxın atam məni səslədi.
- Get bax gör Kikko necədir, cəld
qayıt bura.
- Ata, - son gücümü
toplayıb çığırdım, - Kikko
yaxşılaşıb, doktor dedi ki, ölməyəcək,
bu əsl möcüzədir, orda hamı sevinir, gülür.
Keşiş ayağa qalxdı.
Onun avazımış sifətini tər basmışdı.
- Yaxşı, - atam boğuq səslə dedi.
Sonra gödəkçəsinin cibindən minlirəlik əsginas çıxarıb keşişin heyran baxışları altında nəzir qutusua atdı.
- Mən hesablarımı həmişə ödəyirəm. Gecən xeyrə.
Atam bu əhvalatı heç vaxt danışıb qürrələnmirdi, amma Boskaççoda bugünə kimi dinsizlər var ki, danışırlar. Özü də deyirlər ki, guya Allah həmin gün yaman qorxubmuş.
Çuxurməhlə belədir də: orada uşaqları xaç suyuna çəkdirmirlər, kafirlik edirlər - Allahı danmaqlarından deyil, onun acığına edirlər bunu. Şəhərlə arası qırx kilometrdən artıq olmaz, amma sədlərlə kəsilmiş, çəpərin o üzü, döngənin arxası görünməyən bu dərədə hər kilometr ona bərabərdir. Və adama elə gəlir ki, şəhər tamam başqa aləmə mənsubdur.
Covannino Quareski
Tərcümə
etdi: İlqar ƏLFİ
Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.28-29.