Xoşbəxtliyin dəyəri...
hekayə
ƏDƏBİYYAT ÜZRƏ
1988-Cİ İLİN NOBEL MÜKAFATÇISI:
Nəcib MƏHFUZ.
Misirli yazıçı,
ssenarist, dramaturq. 1911-ci ildə Qahirədə, məmur ailəsində
anadan olub. Adını məşhur misirli
həkim Nəcib Paşa Nəhfuzun şərəfinə
qoyublar. Bacı və qardaşları
özündən xeyli böyük olduğundan,
uşaqlıqda onlarla isti münasibəti olmayıb. Yazıçının əsərlərinin əsas
qayəsini uşaqlıq və gənclik xatirələrinin
yaddaşda qalmış obrazları təşkil edir. Onun "Midaqq döngəsi", "Qahirə
trilogiyası", "Fəvvarə və məzar"
romanları bu qəbildəndir. Nəcib Məhfuz Qahirə
Universitetində ali fəlsəfə və
ədəbiyyat təhsili alıb. Orta məktəbdə
riyaziyyatı və dəqiq elmləri yaxşı bilib. "Sərsəmlik
pıçıltıları" adlı ilk kitabı 1938-ci
ildə çap olunub. Onun ardınca bir
neçə tarixi romanı ("Xeopsun müdrikliyi",
"Rodopis Nubiyskaya", "Fiv mübarizəsi")
işıq üzü görüb. Yazıçı
1950-ci illərdən etibarən Avropada məşhurlaşmağa
başlayıb. "Qahirə
trilogiyası" maraqla qarşılanıb. 1960-cı illərdən etibarən onun
yaradıcılığında ciddi dəyişiklik baş
verib, hekayələr yazıb. "Oğru və itlər",
"Allanın dünyası", "Payız və
bildirçin", "Yol", "Dilənçi",
"Nildə boşboğazlıq", "Bal ayı" və
s. kitabları milyonlarla oxucunun diqqətini çəkib. XX əsr ərəb nəsrinin formalaşmasında
böyük xidmətləri olan Nəcib Məhfuz 1988-ci ildə
ədəbiyyat üzrə növbəti Nobel mükafatına
layiq görülüb. Mükafat
yazıçıya "yaratdığı ərəb hekayəsində
bütün insanlıq üçün böyük əhəmiyyət
kəsb edən yüksək romantizm və rəngarəng bədii
çalarlara görə" təqdim olunub. Yazıçı 2006-cı ildə Misirin
paytaxtı Qahirədə dünyasını dəyişib.
Qulluqçu Anisi otağa ötürdü. Həmişə olduğu kimi, azyaşlı
şagirdi Toto artıq onu orada gözləməliydi. Lakin otaqda heç kəs gözə dəymirdi.
Anis kresloya çöküb divardan
asılmış rəsmlərə baxdı. Bura gəldiyi on gün ərzində Toto ilk dəfə
idi dərsə gecikirdi. Müəllim
qulluqçunu səsləməyə
hazırlaşırdı, elə bu vaxt qapı arxasından
yüngül addım səsləri eşitdi. Qoltuğunda kitablar, əlində dəftər
tutmuş oğlan otağa girdi. Anis ciddi, məzəmmət
dolu nəzərlərlə oğlana baxanda
yanaqlarındakı göz yaşlarını gördü, oğlanın
çənəsi həyəcandan əsirdi.
- Nə olub sənə -
narahatlıqla soruşdu.
Sanki bu sual sel
qarşısını kəsən bəndi vurub
dağıtdı, uşaq hisslərini boğa bilmədi. Göz
yaşları yenidən yanaqlarını islatdı.
- Tiza... məni vurdu! - oğlan
içini çəkərək cavab verdi. - Ataynan
savaşıb. Hələ də
söyüşürlər.
Anis bu sözlərdən hər
şeyi başa düşdü, əlavə şərhə
ehtiyac yox idi, amma oğlan kədərli, qısa hekayətini
özü müəlliminə nağıl etməyə
başladı.
Ana 8 il əvvəl doğuş zamanı həyatını
itirib. Toto onun son övladıdır. Ata 2 il sonra Tiza ilə ailə qurub. Totonun
4 bacısı ərə gedib və o, bütünlüklə
ögey ananın himayəsi altında qalıb. Tiza ilə ata hər xırda şey üstə
savaşır və deyəsən, bu qovğa heç vaxt bitən
deyil. Oğlan and-aman edirdi ki, atanın bu məsələdə
zərrə qədər günahı yoxdur. Heç vaxt dava-dalaşa birinci başlamır, cavab
verməyə məcbur olanda isə taleyinə lənət
oxuya-oxuya söz-söhbətə son qoymağa
çalışır. O ki qaldı Tizaya - sakitləşməklə
arası yoxdur, elə hey çığır-bağır
salır, söyüş söyür.
Müəllim şagirdini həvəssiz
dinləyib, qısa şəkildə təəssüfünü
bildirdi, dəftəri götürüb dərsə
başladı.
Nə həmin gün, nə də ondan sonra bir
daha bu mövzuya qayıtmadılar.
Lakin günlərin birində
dərs vaxtı qapı açıldı və gənc,
gözəl bir qadın salamsız-kəlamsız içəri
girdi. Müəllim kitabı bir kənara qoyub nəzakətlə
ayağa qalxaraq, qəfil ziyarətçiyə heyrətlə
nəzər saldı. Onu qadının gəncliyi
və gözəlliyindən çox, səmimiyyəti, azad təbiəti
və ən çox da müəllimə görə ədəb
qaydalarına yaraşmayan açıq-saçıq rəftarı
təəccübləndirdi. Əynində
dirsəklərinə qədər qolları və sinəsinin
yuxarı hissəsi açıq olan yüngül, ipək
penüar vardı. Anis heyrətdən çaşıb
qalmışdı, onun düşüncələrində
qadın bu görkəmdə yad kişi
qabağına çıxa bilməzdi. Elə
bildi şagirdin ərə getmiş bacılarından biridir.
Qadın nəvazişlə Totonun çənəsindən
tutub oxşayanda, düşündü ki, deyəsən,
gümanında yanılmayıb. Müəllimə
müraciətlə:
- Xahiş edirəm, əyləşin,
- deyən qadın onunla üzbəüz oturdu. - Necədir,
oğlan hazırlaşa bilir?
- Çalışqan oğlandır,
- Anis cavab verdi. - Son iki həftə ərzində
qrammatikadan da, oxudan da xeyli irəli gedib. Bircə, tanış olmadığı yeni sözləri
öyrənməkdə çətinlik çəkir.
Qadın mehribanlıqla
gülümsünərək dərsi davam etməklərini
istədi. Gənc müəllim onun dərsin gedişatında
iştirak etmək istəyini anladı. Odur
ki, bu təklifdən qaça bilməyəcəyini başa
düşüb, hirsindən dili dolaşa-dolaşa növbəti
tapşırığı Totoya başa salmağa
başladı. Altdan-altdan qonağa baxanda
qadının ona dikilmiş baxışları ilə
qarşılaşdı. Ağlından
keçdi ki, yəqin, qadın onun nitqinə diqqət kəsilməyə
çalışır, odur ki, özünü
yığışdırıb daha münasib və gözəl
ifadələrdən istifadə etməyə
çalışdı, lakin oğrun baxışları yenidən
qadının əynindəki penüara zilləndi. Anisin həyəcanı daha da artdı və tez
gözlərini ondan çəkdi.
Gənc qadın onların
yanında çox vaxt keçirmədi, bir qədər sonra
üzrxahlıq edib, otağı tərk etdi. Anis qəfil qonağı
heyrət dolu baxışları ilə yola salıb Totodan:
- Bacın idi? - xəbər
aldı.
Oğlan inkar əlaməti olaraq
başını yellədib soyuq səslə:
- Tiza, - dedi.
- Tiza - müəllim heyrətlə
bir də soruşdu.
- Bəli, - cavab verən Toto,
narazılıqla ona baxdı.
Anis özünü ələ
almağa çalışdı, artıq sual vermək istəməsə
də gözlənilməz ziyarəti ağlından
çıxara bilmədi. Gizədəki evinə
qayıdarkən, Totoya dərs deməyə gəldiyi ilk
gün şagirdin atası ilə görüşünü
xatırladı. Kişinin siması
yadına düşdü. Yaşlı, yekəqarın kişi idi, balaca başı
dazlaşmış, boynunun arxasında qalan seyrək
saçlarına dən düşmüşdü. İri burnunda çiçək yaralarından
yadigar qalmış çopurlar görünürdü. "Hər şey aydındır, - Anis fikirləşdi.
- Ridvan bəyin - ehtiyatda olan
polis zabitinin - altmışa yaxın yaşı var, amma
arvadına 24 yaş zorla verərsən. Yazıq Toto elə bu
səbəbdən zəhər dadan aşkar və sirli,
üstəlik, dağıdıcı ailə həyatının
mərkəzində qalıb...".
Əslinə qalsa, həyat təcrübəsi
az olan, insan xarakterlərindən
yaxşı baş çıxarmayan tələbə Anisin
özünün də Totoya müəllimlik etməsi hələ
çox tez idi. Ridvan bəyin xanımı
gözəlliyi, gəncliyi və sərbəst rəftarı
ilə ona xoş təsir bağışlamışdı.
Növbəti dərsdə
Anis yerini tutub, yenicə məşğələyə
başlamışdı ki, Tiza özünü yetirdi. Bu dəfə
də gözəlliyi, səliqəsiz geyimi və cazibəli
görünüşü ilə diqqət çəkirdi.
Qadın bir qədər oturandan sonra qalxıb
işlərini görməyə getdi, sonra yenidən
qayıtdı və bu, bir neçə dəfə təkrar
olundu. Bir məqamda özünü dərsin
gedişatını izləməyə çatdıran
qadın guya təsadüfən müəllimin yanında əyləşdi.
Anisə elə gəldi ki, Tizanın ayaqları
onun dizinə toxunur - onlar bir-birlərinə çox yaxın
idilər. Anis gedəndə qadın əl
verib sağollaşdı və Tizanın xoş ətri bir
müddət onun ovcundan çəkilmədi. Evə qayıdandan sonra da həyəcan və
ehtirasdan özünü ələ alıb mühazirələrini
yaza bilmədi. Nəhayət, yumruğunu yazı
masasına çırpıb, uca səslə, həyəcanla
dedi: "Ya ağlımı itirmişəm, ya da məni
tilsimləyiblər!".
Sonrakı günlərdə Anisi
Ridvan bəyin evinə daha çox ev sahibəsinin
ehtiras dolu cazibəsi çəkib aparırdı. Artıq qadının dərslərdə iştirak
etməsini həyatın ona bəxş etdiyi xoşbəxtlik
kimi qəbul edirdi. Hər dəfəsində Tizanın
yeni bir üstün keyfiyyətini kəşf edir, az qala ağlını itirirdi. Ridvan
bəyin gözəl xanımı isə ona
açıq-aşkar maraq göstərir, şimşək
kimi çaxan aşiq gözləri ilə Anisə baxmaqdan
çəkinmir, onu yandırıb-yaxır, sanki
yarıçılpaq bədənini nümayiş etdirməkdən
zövq alırdı. Gənc müəllim
onun yaxınlığında olarkən dünyada hər
şeyi unudurdu.
Bir dəfə məşğələyə
gələndə otaqda yalnız ev sahibəsini
gördü. Anis yerinə keçib şagirdini
xəbər aldı, amma, əslində, Totonun gecikməyi onun
ürəyindən idi.
- Toto atası ilə bir yerdə
Zamalekə, bacısına baş çəkməyə gedib.
Qız xəstələnib, - Tiza izah etdi.
Müəllim evi belə
tezliklə tərk edəcəyini düşünüb pərt
oldu, ayağa qalxdı.
- Hara gedirsiz?
O, qapıya işarə etdi.
- Haradan gəlmişəm ora.
- Yox! - qadın atəş
saçan baxışlarını ona zilləyib, etiraz əlaməti
kimi başını yellətdi.
Anisin ürəyi şiddətlə
döyünür, nəfəsi kəsilirdi. Həyəcan
və çaşqınlıq içində yerində donub
qalmışdı. Sonra heç nə demədən, ətrafında
olanları görmədən Tizanı müşayiət
etdi...
O gündən sonra ev
sahibəsi daha məşğələlərdə oturmurdu. Sadəcə gün təyin edir, kənar şahidlərdən
ehtiyat etmədən baş-başa görüşə biləcəkləri
yeri ona deyirdi, vəssalam. Anis ağlını
başından alan ehtirasla onun şəlalə
kimi çağlayan qoynuna atılmağa tələsir, kar və
kor adamlar kimi müqavimət göstərməyə
gücü çatmırdı.
Lakin bir axşam
görüşdükləri evi tərk edərkən gənc
oğlan təsadüfən başını qaldırıb ətrafa
baxdı və gördüyü dəhşətdən sanki
damarlarındakı qan dondu. Ayaqları bir-birinə
dolaşdı, az qala yıxılacaqdı.
Qonşu evlərinin pərvazının
altından iti addımlarla keçib, küçənin tinini
burulandan sonra ayaq saxlayıb bir də geri boylandı. Ümid edirdi ki, gözləri onu aldadır, amma yox.
Bir qədər əvvəl tərk etdiyi evin
eyvanına baxanda yenidən Ridvan bəyin yumru, daz
başını gördü. Əyninə geniş ərəb
donu geymiş ev sahibi rahatca kresloda oturub qəzet
oxuyur, arabir üzünə qonan milçəkləri
qovurdu... O, bura necə gəlib çıxmışdı?
Özü də ev paltarında!.. Ridvan bəy Anis onun arvadının yanında olarkən
qayıtmışdı? Nə əcəb
onları görməyib? Nədən
birbaşa yataq otağına keçməyib? Bəlkə
paltarlarını dəyişmək üçün?.. Yoxsa Anis Tizanın yanına
gedəndə artıq o, evdə imiş? Əgər belə
idisə, bəs Tiza onu qarşılayanda nədən bu qədər
sakit idi?.. Yaxşı, hər şey bir yana qalsın, bəs o özü nə
üçün ev sahibinin yaxınlıqda olduğunu hiss etməmişdi?
Bəs Anis evi tərk edəndə Ridvan bəy
onu nə əcəb görmədi? Dünyadan xəbərsiz
Anis əmin-arxayın, heç bir təhlükə hiss etmədən
evdən çıxıb getmişdi... Allahım, məni
böyük bir rüsvayçılıqdan qurtardın!..
Qəribə bir hiss keçirirdi,
sanki yuxudan oyananda özünü dibsiz uçurumun kənarında
görmüşdü, məhkəmə və həbsxananın
dəhşətlərini düşündükcə ürəyi
həyəcandan əsirdi. Özünü bu
göz qaraldan yüksəklikdən yıxılmaqdan zorla
qurtarmışdı. Əminliklə qət
etdi ki, bu axmaq məhəbbəti içində boğacaq.
Artıq Ridvan bəyin evinə gedib oğlu ilə
məşğul olmaq ona ürək ağrısı və əzabdan
başqa bir şey vermirdi.
Tizanın isə unudulub
atılmış qadın rolu oynamaqla barışmaq fikri yox
idi və iki gün sonra yenidən məşğələ
otağına gəldi. Dərs boyu mənalı
baxışlarını ondan ayırmadı, ruhuna dolmuş kədər,
qədərsiz həsrət bütün vücudunu
sarmışdı. Dərs qurtarandan sonra onu qapıya qədər
ötürüb birbaşa soruşdu:
- Niyə gəlmirsən?
Anis
pıçıltıyla keçən dəfə
gördüklərini söyləyib, dediklərinin qadına
necə təsir etdiyini dəqiqləşdirmək
üçün onun gözlərinin içinə baxdı. Lakin əksinə,
Anisin dediklərindən Tizanın tükü də tərpənmədi
və qadının bu arxayınlığı Anisi daha
çox narahat etməyə başladı.
- Gözünə görünüb!
- qadın qəzəblə dedi.
Anis nə söyləsə
də Tiza onun dediklərinin hamısını təkzib edirdi.
- Sadəcə, yaxşı fantaziyan
var! - səbrini boğa bilməyib fikrini
tamamladı. - Səni gözləyəcəm. Orda
danışarıq.
Onun inadkarlığı
qarşısında aciz qalan Anis gələcəyinə
söz versə də ürəyində bir daha bu evin
kandarından içəri ayaq basmayacağını qət
etdi.
Beləcə, bir həftə
keçdi. Cümə günü axşam dostları ilə bir
yerdə kirayələdiyi evin qapısı döyüldü.
Qarşısında Ridvan bəyin şişman
fiqurunu gördü. Kişi dəstəyi
fil sümüyündən olan çəliyə söykənib
dayanmışdı. Anisin bədənini soyuq tər
basdı, ürəyi şiddətlə döyündü,
ağlından bir fikir keçdi: Müəllimdən qisas
almaq fikrinə düşən Tiza hər şeyi
açıb ərinə deyib və kişi
də bura onunla haqq-hesab çürütməyə gəlib.
Araya ümidsiz bir sükut çökdü.
Anis qorxa-qorxa qarşısındakı adamın
üzünə baxır, gəlişinin səbəbini onun
gözlərindən oxumaq istəyirdi. Ridvan bəy
savaş yox, xoş niyyətlə gəlmiş adam
kimi təbəssümünü gizlətmədən ona
baxdı. Salamlaşaraq müəllimin əlini
sıxdı. Hələ də özünə
gəlməyən cavan oğlan qeyri-iradi olaraq
görüşdü. Sonra qapıdan geri çəkildi,
ağzının suyunu udub, donquldandı:
- Buyurun, keçin, içəri,
xahiş edirəm!
Bəy içəri keçsə də tələsdiyini söyləyib oturmadı, dedi ki, Anisi ziyarət etməkdə məqsədi kefini soruşmaqdı. Gəlmədiyindən narahat olub, oğlu ilə məşğul olmağa ara verməyinin səbəbini bilmək istəyir. Cavan oğlan üzrxahlıq etdi, imtahanların yaxınlaşdığını bəhanə edib, bir an belə vaxt itirmədən hazırlaşmağa ehtiyac duyduğunu bildirdi. Lakin bəy onun bəhanələri ilə razılaşmadı, üzrxahlığını qəbul etmədi. Sakitcə Anisdən xahiş etdi ki, dərslərə davam etməyi məsləhətdir. Gənc bir daha buna imkan tapa bilmədiyini söylədi, lakin bəy bu dəfə də onun fikirlərini qəbul etmədi. Sonra Anisə doğru bir addım atıb israrla təkrar etdi:
- Mütləq gəlin. Totonun buna ehtiyacı var. Nə vaxt
imkan tapsaz, gəlin... mütləq gəlməlisiz... gəlməyiniz
vacibdir.
Son sözlərini deyərkən gözlərini gəncin üzünə dikdi. Bu baxışlar və səs tonu Anisin heyrətini artırdı, maraq ona güc gəldi. Qoca bir qədər susub əlavə etdi:
- Siz Totoya lazımsız, mənim də, ailəmin də buna ehtiyacı var. Sözümü yerə salmayın. Siz mütləq gəlməlisiz...
Ridvan bəy qızardı, ağlamağa hazırlaşan uşaq kimi alt dodağı, çənəsi əsdi. Anisin cavabını gözləmədi, çevrilib otağı tərk etdi. Oğlan əvvəlki kimi yerindən tərpənmirdi, beynində dolaşan qarmaqarışıq fikirlər onu lap çaşdırmışdı.
Bu qəfil ziyarətdən sonrakı həftə Anis üçün ürək ağrısı ilə yadda qaldı. Ürəyi qadına qovuşmaq həsrəti ilə çırpınan, xoş fiziki həvəs və dəli ehtirasla aşıb-daşan, sakitliyə, sülhə təşnə savaş meydanına çevrilmişdi. O, içindəki murdar günahlara müqavimət göstərmək iqtidarında olan güclü iradə və ağıl sahibi idi. Sakitliyə və hüzura ehtiyac duyğusu tərəddüdlərinə qalib gəldi: bir həftə sonra nəfsini boğa bildiyini hiss etdi. Tədricən bədbəxt Ridvan bəyin evini, onun şıltaq və gözəl arvadını unutmağa başladı. Onların obrazı yaddaşının dərinliyinə ilişib qalmış uzaq, qəribə xatirəyə çevrildi.
May ayı idi. Anis bir dəfə imtahanların nəticəsini öyrənmək üçün fakültəyə gedəndə kimsə zarafatla çəliyini irəli verib, onun yolunu kəsdi. Başını qaldıranda kafedən çıxan Ridvan bəyi gördü. Dostu yaxınlıqdakı maşının yanında dayanıb, onu gözləyirdi. Gənc tələbə pərtliklə salam verdi. Onlar keçmişi xatırlamadan bir neçə kəlmə ilə hal-əhval tutdular. Ayrılarkən qoca səs tonunu dəyişdi. Səsində təvazökarlıq və ürək ağrısı hiss olunurdu. O dedi:
- Eh, cavan oğlan,
heç vaxt bədbəxt insanlara gülmə. Hardan bilirsən, sabah sənin taleyin
necə olacaq. Unutma, ilk baxışdan insana qəribə
görünən hər şeyin arxasında nəsə bir səbəb
dayanır. İnsanları mühakimə
etmə, gördüklərindən nəticə
çıxarmağa çalış. Bəlkə, sən
də nə vaxtsa göz yaşlarına hakim ola
bilməyəcəksən... Nə isə, Allah sizi xoşbəxt
eləsin...
Ridvan bəy əlini yelləyib qətiyyətlə
addımladı, gedərkən belini dik tutmağa
çalışırdı, arxasınca baxanda hiss olunurdu ki,
bu adam hərbçidir.
Nəcib MƏHFUZ
Tərcümə etdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.-
S.30-31.