"Göz yaşları axıdan ada"
İkinci Dünya savaşı illərində Sarıqamış
və digər əməliyyatlar zamanı
rus ordusu tərəfindən əsir
alınmış türk
əsgər və zabitləri o zaman Rusiya İmperiyasının
tabeliyində olan Azərbaycana gətirilmiş
və çox ağır şəraitdə
Bakı yaxınlığındakı
Nargin (indiki adı Zirə) adasında saxlanılmışdır. Adada əsirlərə
ağır mənəvi
və fiziki işgəncələr verilir,
onlar günlərlə
ac və susuz qalırdılar. Rus İmperiyası
dağıldıqdan sonra
əsirlərin vəziyyəti
daha da ağırlaşır.
Özü də əsirlər
arasında mülki şəxslər - iki yaşından 15 yaşına
kimi uşaqlar, yaşı 80-ni haqlamış
qocalar da vardı. 1917-ci ilin dekabr ayında
Bakı Şəhər
İdarəsinin tapşırığı
ilə adaya gedən Nəriman Nərimanov bu adanı "göz yaşları axıdan ada" adlandırmışdır.
N.Nərimanov şəhər
dumasında etdiyi çıxışında bildirmişdi
ki, Nargin qəbiristanlıqdır, bu
qəbiristanlığın yanında minlərlə adam öz
ölümünü gözləyir.
Əsirlərin harayına nə
Duma, nə də Qafqazda yerləşən rus ordusunun komandanı çatır. Onları bu
ölüm pəncərəsindən
qurtarmaq üçün
Bakı əhli, Bakıətrafı kəndlər
gizli mübarizəyə
qalxır. Müsəlman xeyriyyə cəmiyyətləri,
Bakı qoçuları,
varlı insanlar hər vasitə ilə adadakı əsirlərə yardım
göstərir, ən
başlıcası isə
öz həyatlarını
təhlükə altına
qoyaraq onların bir çoxunu müxtəlif yollarla ölüm düşərgəsindən
qaçırırlar. İndi o vaxtdan yüz ildən çox vaxt keçib. Amma bu hadisə nə Türkiyə vətəndaşları, nə
də Azərbaycan xalqı tərəfindən
unudulmayıb. Bu haqda elmi məqalələr
yazılıb, kitablar
dərc olunub. Bu
mövzu bədii ədəbiyyatda, incəsənətdə
öz əksini tapıb. Belə əsərlərdən biri də Rəfail
Öztürk Dağlının
"Nargin faciəsi"
tarixi pyesidir.
Bu pyes əsasında hazırlanmış
tamaşa oktyabrın
24-də Azərbaycanın xalq
artisti Amaliya Pənahovanın bədii rəhbəri olduğu Bakı Bələdiyyə
Teatrının təqdimatında
Akademik Milli Dram Teatrının səhnəsində
nümayiş olundu. Türkiyə
və Azərbaycan iş adamları və Sənayeçilər
İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə Respublikasının
Azərbaycandakı böyük
elçisi Erkan Özoral, Türkiyə Ulaşdırma və Altyapı bakanı Mehmet Cahit Turhan,
Kamu Baş Denetçisi Şərəf
Malkoç, Özəlləşdirmə
İdarəsi Başkanı
Ahmet Aksu və digər qonaqlar iştirak edirdilər.
Tural Ağayevin (Baxışın)
rejissorluğu ilə hazırlanmış "Nargin
faciəsi" ilk növbədə
lakonikliyi və bədii keyfiyyətləri
ilə diqqəti çəkirdi. Rejissor tamaşada üç
köməksiz əsirin
və onları qurtarmağa çalışan,
bu yolda həyatlarını belə
qurban verməyə hazır olan üç insanın timsalında minlərlə
əsirin və onlar üçün narahat olan yüz
minlərlə insanın
obrazını canlandıra
bilmişdir. Əsərdə və onun səhnə
həllində tarixə
sədaqət də diqqəti çəkir.
Üç tarixi fədakar şəxsiyyət
- Sona xanım Hacıyeva (Zülfiyyə
Qurbanova), Ələsgər
Məmmədov (əməkdar
artist Rafiq İbrahimov),
Əjdər bəy Aşurbəyov (əməkdar
artist Əfqan Soltanov)
böyük bir dövlətin "asayiş
keşikçiləri", kəşfiyyat işçiləri
qarşısında çəkinmirlər,
günahsız insanları
qaçırmağa çalışırlar.
İstər Rafiq İbrahimov,
istər Əfqan Soltanov, istərsə də Zülfiyyə Qurbanova öz rollarının öhdəsindən
gəlməyə çalışırlar.
Onların ifasından
hiss olunur ki, əməllərinin təhlükəsini
də, şərəfini
də yaxşı bilirlər. Onlar yaratdıqları obrazların qəhrəmanlıqlarını
şişirtmədən, təvazökarcasına
üzə çıxarmağa
çalışırlar. Tamaşada türk əsirlərinin - Yüzbaşı
Süheyt İzzətin,
Yüzbaşı Fərqat
Tursunun, Yüzbaşı
Şükür Şabanın
obrazlarını
Elçin Muradov,
Tural Əhməd və İsmayıl Atakişiyev canlandırırlar.
İlk görüşdə biz onları
fiziki cəhətdən
sarsıdılmış, amma
qürurlu görürük.
Onları güllələməyə hazır olan, əli silahlı poruçik Akopovun (Namiq Cavadov) qarşısında belə
məğrurdular. Bu üç ifaçının
baxışlarında, hərəkətlərində
bir narahatlıq var. Onlara bu ölüm
məngəsindən qaçış
təklif olunsa da tərəddüd edirlər. Ona görə yox
ki, hansısa gözlənilməz, təhlükəli
hadisədən çəkinirlər.
Ona görə ki, onları qaçıran insanlara, xüsusən də Sona xanım
Hacıyevaya bir xələl toxuna bilər. Əsərdən gələn bu
ideyanı və rejissorun tapşırığını
aktyorlar məharətlə
yerinə yetirirlər.
Tamaşada mübarizənin əks qütbünü rus imperiyasının polisləri
və kəşfiyyat
nümayəndələri təmsil
edirlər. Bu qütbəyə
məxsus rolları Cövdət Şükürov
(rotmistr Mateqornı), Toğrul Rza (podpolkovnik Lukyanov), Asif Rəhimov (Rudenko) ifa edirdilər.
İfaçıların oyunlarından görünür
ki, bu paqonlu
insanların boyuna xudbinlik, riyakarlıq, ikiüzlülük biçilib.
Onlar imperiyanın mənafelərindən
çox, öz şəxsi ambisyalarını
üstün tuturlar.
İfalardan hiss olunur ki, bu səviyyəli
insanlar heç bir sənəd və sübutla, tədqiqat və araşdırma ilə "cinayət" işini aça bilməzlər. Ona görə də "günahkarı" cinayət
yolu ilə, terrorla məhv etməyə üstünlük
verirlər. Aktyorların ifasında bu insanlar öz riyakarlığı, ikiüzlülüyü
ilə seçilirlər,
ifaçılar yaratdıqları
obrazlara nifrət oyada bilirlər. Onların bir yerə toplaşdığı
səhnədə kütbeyinlikləri
üzə çıxır.
Belə bir ifa ilk növbədə
üç nəfər
fədakar insanın o
boyda imperiyanın düşərgəsindən əsirlərin
qaçırmasını daha
da inandırıcı
edir.
Tamaşada diqqətçəkən rollardan
biri də Əhməd Salahovun ifasında düşərgənin
rəisi polkovnik Poltoratskidir. Poltoratski zabit olsa da,
qəlbində xeyirxah
bir insanın ürəyi döyünür.
Öz dövlətinin haqsız olduğunu anlayır, vəzifəsinə xəyanət
olsa da, ədalət naminə özünü təhlükəyə
atır, əsirləri
bu məşəqqətdən
qurtarmağa çalışır.
Əməkdar artist Əhməd Salahov ifasında polkovnik Poltoratskinin bu cəhətlərini aydın verir. Aktyorun ifasında polkovnik təmkinlidir. Əsirlərlə söhbətində, səsində
mülayimlik sezilir.
Baxışlarından müdriklik yağır.
Tarixdən o da məlumdur ki, Nargin adasından
qaçırılıb vətəninə
yola salınan əsirlərin bir çoxu sonradan Nuru Paşanın ordusunun tərkibində Bakını xilas etməyə gəlmişlər. Elə tamaşa
da bu sonluqla
bitir. Tamaşanın sonunda əsirlikdən
xilas olmuş Süheyt İzzətin, Fərqat Tursunun, Şükrü Şabanın
Azərbaycan bayrağı
ilə səhnəyə
daxil olmasının şahidi oluruq. Quruluşda yeri gəldikcə kino-xronikalardan fraqmentlər
də diqqətə çatdırılır. Görünür, rejissor xronikaları
tamaşada inandırıcılığı
artırmaq məqsədilə
əlavə etmişdir.
Ümumiyyətlə, Bakı Bələdiyyə
Teatrının "Nargin
faciəsi" tamaşaçı
uğurludur, Türkiyə-Azərbaycan
dostluğunun tarixi köklərinə bədii
vasitələrlə nəzər
salır, onların möhkəmləndirilməsinə çalışır, xoş
bir niyyətə xidmət edir. Tamaşada
bu məramın daha güclü olması naminə arzu
edərdik ki, teatr imkan daxilində plakatçılıqdan
qaçsın. Bu həm ədəbi mətnə,
həm rejissor işinə, həm də aktyor oyununa aiddir.
Atababa İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.31.