Sən olmaq üçün...
Bax, gör necə sığal çəkir sahilə dalğalar,
Əllərinə bənzəmək
istəyən dalğalar...
Bax, necə sərxoşdur külək...
Qucaq-qucağa olanda nəfəsimə dəyən
nəfəsin kimi...
Ağuşuna alır
mavi dənizi qara buludlar,
Qolların da tapdığım qəfəsin
kimi...
Ya da bax necə tutqundu
göylər,
Mənim kimi...
Bu gün hər şey sənə bənzəyir,
Bircə dağılmış...
xaraba qalan yerlərdən başqa
Təkcə onlar içimə bənzəyir...
Qalan hər şey sənə...
Sənə bənzəmək istəyir.
Təbiət də.
Şəffaf sular təmizliyinə
tələsir.
Sonsuz yollar gözlərinə.
Bütün gözəlliklər
sənə tələsir...
Yox... Mənə tələsənlər də
var,
Heç narahat olma...
Bu qara kədər, bu qara günlər,
Tələsir saçımda dən olmaq üçün.
Sənsə... kədər sənsən...
sən sərxoşluqsan...
Mən şərab
içirəm sən
olmaq üçün...
Həmişə ürəyimizə
tuş gəlir mərmilər
Kimsəsizliyin içində,
Bir dost təlxəkliyi,
Bir qadın gedişi,
Ya da ac körpənin
Baxışlarından boylanarsa
qanlı tarix,
Bəs edər ümidi satın almağa.
Bəs edər
Ümidi satın
almağa
Bəs etməz,
qardaşım,
Bəs etməz bizə zaman.
Sulara qoşulub
axır zaman,
Kiminsə göz yaşına qoşulub axır.
Kiminsə göz yaşı olur.
Mərmiləri necə
də sıxır illər,
Xatirələrin silahları ilə.
Həmişə ürəyimizə
tuş gəlir,
Mərmilər.
Ölürük hər xatirədə.
Dirilirik yenə.
Külək nəfəs
Əsrlərdir içimdə
qonaq bürkülər,
İçimin otaqlarında
havasızlıq var...
Sən yoxsan deyə,
Bağlıdı bütün
pəncərələr, qapılar...
Arzularım da küsüb məndən,
Hərəsi çəkilib
öz otağına,
Onlar hava istəyir,
Onlar külək istəyir...
Yəni onlar nəfəsini istəyir...
İndi bircə
sənə,
Sənin nəfəsinin
bircə mehinə,
Həsrət fəsillər
var içimdə...
Gəl...
Qayıt...
Əsdir nəfəsini
bədənimə,
Bir az
titrəyim,
Bir az
hürküm,
Duyğularım sərinləsin
bir az...
Bir az
da ocaq qalasın
nəfəsin...
Bədənimin tarixində
cizgilər qoyan əllərin,
Qayıtsın geri...
Əllərinin vətəni
əllərimdi,
Dodağının vətəni
dodaqlarım...
Bilmirsən... Qürbətdədilər...
Amma bilirəm əsəcək yenə,
Əsəcək nəfəsin...
Külək kimi...
Gecikmiş tezlik
Gözlərin gözümdən
eşq dilənməsin,
İçimi, çölümü soyub-taladın.
Sonra da üşüyüb soyuqluğumdan,
Arzumu yandırıb ocaq qaladın.
Qayıtma dünənə,
xatirə gəzmə,
Sən ona sabahla xəyanət
etdin.
Sıxılıb indi də həsrətdən bezmə,
Bəs necə bu qədər
dəyanət etdin?
Dağıtdın kədərə
çəkdiyim bəndi,
Gözünün selində qalmısan, gülüm.
Ürəyim bu sevdadan zəhərləndi,
Onu aparmağa utandı ölüm.
Xərcləyib üzümün
sərvətlərini -
Gülüşü, sevinci sənə vermişəm.
Mən öz ovcumdakı tale xəttini,
Sənə bənzətmişəm,
sənsən bilmişəm...
Qurumuş dibçəyə
su səpmək kimi,
Səpmə sözlərini bu eşq gülünə.
Susuz səhralara gül əkmək kimi,
Əkirsən ümidi sevda
çölünə...
Oğuz AYDIN
Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.32.