Köhnəlməyən soru: biz kimik və nə istəyirik
On günlüyə
Bakıdan ayrılmışam. Sevinirəm. Yan-yana azı on yarımçıq işim var.
Heç olmasa birini tamamlaya bilərəm bu günlərdə.
Aç bilgisayarı, davam etdir yazını.
Ancaq, Allah şeytana lənət eləsin, gərək xəbərlərə
göz atasan, feysdə dostlarınla maraqlanasan… Axı
bu nə xəstəlikdir? Otur
yazını yaz, niyə girirsən bu qeybətxanaya?
İlham, aşıb-daşan yazmaq həvəsi, böyük-
böyük düşüncələr, sözlə cəmiyyəti
dəyişəcəyimizə inam, əbədi olan ədəbiyyat!
Hamısı bir-iki dəqiqədə
dağılıb getdi. Aradan üç
gün keçib, yalnız bu gün özümü zorla
bilgisayarı açmağa məcbur etdim ki, ilk növbədə
bu sətirləri yazım. İçinə bir
ağrı doldusa onu qoparıb atmadan başqa iş görmək
olmur. Üç gündür elə bunu
düşünürəm: Ömrünü bu bilgisayarın qarşısında çürütməyin
bir anlamı varmı? Bu qədər yazmısan, deyək ki,
birini də əlavə et, nə dəyişiləcək?
Hər an bütün dəyərləri ayaq altına
atmağa hazır olan, yaxşıyla-pisin fərqini bilməyən,
bilmədiyi məsələlər barədə hökmlər
verən, hər cür fitvaya uyan, böyüklərinə təpik
atan, tarixindən və keçmişindən xəbərsiz,
müqavimət gücünü itirmiş, unutqan bir toplum
üçün yazmağın bir mənası varmı?
Əlli ildir yazırsan, ən ağır çağlarda,
sovet rejimində həyatını riskə atıb
xalqının dərdlərini demisən, sonra azadlıq
mübarizəsinin önündə dayanmısan, sonra eyni
işi Müstəqil dövlətinin Məclisində davam
etdirmisən, bu arada saysız yazı, müsahibə, kitab,
çıxış, itki, ağrı, haray, göz
yaşı… Sonra da dünən yumurtadan çıxan, sənin
uşağın yerində, bəlkə ondan da cavan olan,
dünyadan xəbərsiz biri qalxıb yazsın ki, “ axı o kimdir e, nə iş görüb bu
millət üçün?”; sonra da bir dəstə özü
ağılda olan səs-səsə verə,
düşünülmüş şəkildə bu iyrənc
şər-şəbədələrini reklam edib”, dostlar,
yayın bunu, qoy hamı tanısın bu adamı” deyə hələ
böhtan və həqarətlərini reklam da eləyələr…
Təəssüf ki, bu, neçə-neçə
ziyalımızın yaşadığı olay, dəfələrlə
gördüyü mənzərədir. Ancaq
indi məqsədim özümlə bağlı yazılara
cavab vermək deyil, zatən bu günlərdə “Cavab əvəzinə
ağrılı xatırlatmalar” adlı yazımda bu məsələlərə
münasibətimi bildirmişdim. Vicdanı
olan anlayar. Həm də mən siyasətlə
məşğul olduğuma görə belə
dırnaqarası mübarizənin hardan
qaynaqlandığını bilirəm.
İndi isə ümumiyyətlə
yazı əxlaqından, böyüklərə münasibətdən
və unudulmuş ədəb-ərkandan danışmaq istəyirəm.Bu,
əslində millətin gələcəyi məsələsidir. Çünki mənəvi
dəyərlərini, dürüstlüyünü, insana
sevgisini, xeyirxahlıq və xoşgörüsünü itirən
cəmiyyətin gələcəyi ola bilməz…
Bir adam yazır,
iki adam yazı və yerindəcə cavablarını
alırlar. Əhəmiyyət verməmək də
olar. Adamı ağrıdan illər uzunu davam edən
köhnə havadır: “Azərbaycan Yazarlar Birliyi yiyəsiz məzarlığa
bənzəyir”, “oranı süpürüb atmaq
lazımdır”, “Anarın ömrü qurtarıb” (Bu sözləri
Anarın oxumasını istəməzdim, rastına
çıxsa deyilənləri təkrarladığıma
görə məni bağışlasın…) və s. Səhifələri
çevirsən görəcəksən neçəsi öz
səksən, doxsan yaşlı atası, babası, anası, nənəsi
ilə şəkillərini qoyub, qürurla” Bu mənim
böyüyümdür” yazır və ona uzun ömür
arzulayır. Həmin böyüklərin bir çoxu yəqin
ömrü boyu öz ailəsindən başqa heç nəyi
düşünməyib və bu cəmiyyət
üçün də heç bir iş görməyib, lakin
bizim insanımızdır, vətəndaşımız, əzizimizdir.
Allah hamısına can sağlığı versin,
övladlarını xoşbəxt eləsin. Ancaq, ay öz
böyüyünə uzun ömür arzulayan vətəndaş,
axı Anar da sizin böyüklər kimi bir ailənin
başçısıdır, uşaqları, nəvələri
var, onlar da babalarının uzun və sağlam
yaşamağını arzulayırlar və sizin
yazılarınızı oxuyurlar… Bir
anlığa özünüzü onların yerinə qoyun.
Anara qalsa o, belə hədyanları
və bədduaları çox eşidib və cavanlıqdan
“el üçün ağlayan gözsüz qalar” deyimi də
qulağında sırğadır. Əslində, Azərbaycanın
bütün ziyalıları bu qəbuledilməz, millətimizi
aşağılayan, bizə nankor damğası vuran acı
reallıqla barışmağa məcburdur. Tarixin amansız ibrətidir. Deyirik,
acıyırıq, lakin dəyişilmirik…
Mən AYB-nin içlərinə
qarışmıram və Birliyi müdafiə etmək niyyətim
də yoxdur.
AYB haqqında yazıçı danışsa bunu anlamaq olar,
lakin çox vaxt bu quruma aidiyyəti olmayan və ya
istedadsız, Birliyə üzv olmaq üçün dəridən-qabıqdan
çıxan adamlar yazır…
Vaxtilə Birliyin sədirliyi
söhbətində mənim də adım hallanıb. Mən fikrimi aydın
demişəm: “Nə qədər ki, Anar işləmək istəyir,
mən ona mane olmaram”. Bu, Anarın Birliyin sədri
kimi əvəzolunmazlığı demək deyildir. Bu, insana öz xidmətlərinə görə
sayqıyla yanaşmaqdır. AYB- də bir
dəstə gənc çalışır. Çingiz Abdullayev kimi dünya şöhrətli və
işləməkdən yorulmayan birinci katib, yenə başqa
iki istedadlı və gənc katib Rəşad Məcid və
İlqar Fəhmi olan yerdə Anarın işləməsinə
ehtiyac da qalmır. O, heç bir iş görmədən
öz təcrübəsiylə bunları yönləndirsə
onun yaşını hallandırmağın nə mənası?
Əksinə, məncə yazıçılar sevinməlidirlər
ki, Birliyə Anar kimi bütün ömrü boyu Azərbaycan
və ümumtürk ədəbiyyatına, mədəniyyətinə,
ictimai və siyasi fikrinə ləyaqətlə, yorulmadan xidmət
etmiş, nüfuzlu, hörmətli, sözü keçən,
müdrik bir insan başçılıq edir; bu qədər
vaxtını, əsəbini sərf edir birliyin gündəlik
içlərinə. AYB-yə məzarlıq deyənlərin
görünür, birliyin işlərindən xəbərləri
yoxdur. Xatırlatmaq istəyirəm: mətbuatın
böhran içində olduğu günlərimizdə AYB “Azərbaycan”, ”Ulduz”. “Qobustan” “Literaturnıy Azerbaydjan” kimi
yüksək səviyyəli dərgiləri və “Ədəbiyyat
qəzeti” kimi maraqlı bir qəzeti nəşr edir, Natəvan
klubunda hər gün bir ədəbi məclis var. AYB başqa
neyləməlidir ki, siz onun canlı olduğunu hiss edəsiniz?
Nə isə. AYB-ni
müdafiə etmək mənim işim deyil. Amma Anarı müdafiə etməyi, onun haqqında qələm
adamına, bir Azərbaycanlıya və insana yaraşmayan ifadələr
işlədənlərə cavab verməyi özümə
borc bilirəm və bu elə mənim işimdir.
Çünki bu artıq bir ləyaqətli
böyüyümüzə münasibət çərçivəsindən
çıxıb; bu, bir millətin əxlaq məsələsidir,
bu, bizim yüz illərlə formallaşmış milli
xarakterimizi, kişilik, mərdlik,
sözübütövlük, böyük-kiçik yeri bilmək
özəlliyimizi məhv edən qüvvələrə
qarşı dirəniş vəzifəmizdir; bu, harda, necə
yetişdirildiyi bəlli olmayan dağıdıcılıq
ehtirası ilə yaşayanlara yerini göstərmək , bəlkə
də bəzi həqiqətləri anlamalarında onlara
yardımçı olmaqdır.
Cəmiyyət qəzəblidir. Torpaqlarımızı
itirməyimiz, iqtisadı çətinliklər, siyasi
mühitimizdəki ədalətsizliklər insanları hövsələdən
çıxarıb, bunu hamımız bilirik, lakin bu qəzəblə
öz ocaqlarımızı söndürməyə
haqımız yoxdur. İmkanınız varsa öz
ziyalına, öz xalqına yönəltdiyin qəzəbinin
bir hissəsini sərf eləyib dünya mətbuatını
bürüyən erməni böhtanına cavab ver, yoxsa xalq
diplomatiyası adına orda-burda ermənilərlə
iyləşib sonra millətinə yananların üstünə
cumma! Bir vaxtlar belə hücumların bir
ünvanı da Bəxtiyar Vahabzadə idi. Hərdən
düşünürəm nə yaxşı bu bəyənmədiyimiz
hökumətimiz var, yoxsa bu nifrət mühiti bir çox
ziyalımızın ömrünü sakitcə başa
vurmasına, müalicəsinə, ləyaqətlə dəfninə,
xatirəsinin əbədiləşdirilməsinə də
imkan verməzdi. O vaxt mən “Millətin əsəb
nöqtəsi” adlı bir yazı yazmışdım. Anar da bu
millətin əsəb nöqtələrindən biridir və
ona toxunmaq olmaz!
Hamının bildiyi şeyləri
təkrar etməyə ehtiyac yoxdur. Ancaq onun yaşa dolmasını
hallandıranlara bir daha xatırlatma istəyirəm:
yazıçının yaşı olmaz! Cavan
ikən ilhamı, qələmi donmuş, mövqeyi bəlli
olmayan, ölü yazıçılar var. Səksən
yaşında gecə-gündüz işləyən bir qələmin
sahibi gəncdir, sağlamdır. Siz
ölümünü düşünsəniz də Anar bu
xalqın ruhunu diri saxlayan mənəvi dəyərlərinin ən
böyük varislərindən biri və
sağlığında ölməzlik qazanmış
adamdır. Anar çoxdan ürəkdən sevdiyi ədəbi
zirvələrimizlə – Mirzə Fətəli, Mirzə Cəlil
və Cavidlə bir sıradadır… Təkcə
“Dədə Qorqud dünyası” araşdırması
tarixçilərin pərdə çəkdiyi həqiqətləri
üzə çıxarmaq baxımından misilsiz bir əsərdir.
Hər biri bir ədəbi hadisə olan “Ağ liman”, “Beşmərtəbəli
evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Otel
odası” kimi roman və povestləri, hekayələri, esseləri
bir yana, Azərbaycan ədəbiyyatının elə bir
siması və hadisəsi yoxdur ki, Anar onun haqqında heç
olmazsa bir məqalə, esse yazmamış olsun. Anar
ensiklopedik zəka sahibi kimi ədəbiyyatımızın
böyük humanizm havasını min ildən min ilə
daşıyan (və öz dediyi kimi, buna görə də
düşmənlərin acığına yaşayan) adamlardan
biridir. “Dədə Qorqud” filmi bütün
millətin dönə-dönə həvəslə
baxdığı böyük sənət əsəridir.
Bundan əlavə Mirzə Fətəlinin, Mirzə
Cəlilin, Cavidin, Üzeyir Hacıbəylinin ölməz
obrazlarını canlandırmış bir fədaidir. Bunları sözlə deyib keçmək asandır,
lakin hər birinin hansı düşüncə və
bürokratiya labirintərindən keçdiyini təsəvvürə
gətirəndə insan heyrətlənir. Mən
hələ onun müasir həyatımızla bağlı olan
başqa unudulmaz filmlərinin, səhnə əsərlərinin
adını çəkmirəm. Anar ədəbiyyatımızı
dünyada təmsil edən, əsərləri bir çox
dünya dillərinə çevrilib nəşr edilən
azsaylı yazarlarımızdandır. Və nəhayət,
bu gün Anarı “bəyənməyənlərin” bəziləri
öz adlarını, dostlarının adlarını
xatırlasınlar; görəcəklər elə onlar da
Anarın mənəvi övladlarıdırlar…
Mən oxucu haqqını unutmuram, hətta
ən böyük yazıçını da tənqid etmək
olar, ancaq dəlil-sübutla, onun şərəf və ləyaqətinə
toxunmadan, Adam kimi! Yoxsa ağır ürək əməliyyatından
yenicə çıxıb, ancaq dayanmadan yenə gəzən,
ədəbiyyatımızı uluslararası toplantılarda təmsil
edən və inanıram o məclislərin ən
ağıllı sözünü deyən bir ağsaqqal
haqqında yuxarıda dediyim təfəkkürlə
danışmaq ən azı vicdansızlıqdır və
insanlıqla bir araya sığmayan işdir…
Bir anlığa
düşünürəm: yüz illər boyu yetişmiş
və bu millətin fikir, düşüncə, milli ideya,
dövlətçilik şüurunun memarı olan uca söz,
silah, savaş, hakimiyyət zirvələrimizdən hansı
qalıb ki, son illərdə cahillərin mənasız
hücumlarına məruz qalmasın? İstisnasız
olaraq bütün böyüklərimiz və bütün mənəvi
dəyərlərimiz hədəfdərir. Ermənilərin torpaqdakı hücumlarına bənzər
bir hücum da bizi millət eləyən dəyərlərə
qarşıdır. Bu gün o cahillər arasında yer
alanlar unudurlar ki, sabah da onlar hədəfə
çevrilə bilərlər. Əgər tale üzlərinə
gülsə və bu qeybətlərdan baş açıb
ciddi bir şey yaza bilsələr….
Bir daha vurğulayıram, bu
yazıyla mən yazıçıların həyatındakı
çətinlikləri və AYB –nin
görə biləcəyi işləri gözardı etmirəm.
Bir çox istedadlı yazarların, deyək ki, Murad Köhnəqala
kimi tanıdığım və bəlli bir yaşa dolandan
sonra da evsiz olanların durumu ürəyimi ağrıdır və
elə hesab edirəm ki, AYB-nin imkanları nə qədər məhdud
olsa da bu sahədə vəziyyəti dəyişmək
üçün yollar axtarmalıdır. Lakin bundan
ötrü Anarı söymək yox, ona can
sağlığı arzulamaq lazımdır…Onsuz da Allah
göz yaşlarına və pis niyyətlərə
inanmır…
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2018.-1 sentyabr.- S.3.