"Eşqi həmişələr
gəlir yanıma..."
Nə yaxşı bilmisən xəstə halımı,
Həqiqət eylədin xoş xəyalımı...
Musa Yaqub
Ömrüm boyu nəyisə axtardım,
itirəndə bildim ki, axtardığım itirdiyim imiş...
Nizaməddin Şəmsizadə
25 avqust. İsmayıllı, Buynuz kəndi. Musa Yaqubun evində
Əvvəl gözlərini, sonra qollarını açdı. Əyilib əlindən öpdüm. Onun poeziyasına, Buynuz gecəsinin sərin havasına sinmiş Ruhuna, Musa Yaqubun ağrılı canına, böyük kədərinə təzim etdim:
- Səncə keçib gedəcək?
- Mütləq keçəcək...
- Yaxşı başlamışdıq. Heyif, yarıda qaldı.
Bildim ki, qəzeti nəzərdə tutur. Dörd ildir
ki, Musa Yaqub yeni nə yazdısa,
"Ədəbiyyat qəzeti"nə
göndərdi. Nə göndərdisə,
çap olundu.
- Yarıda niyə qalır, davam edəcəyik.
- Xaqani möcüzədir. Oxuyursan, elə
bil adamla dərdləşir. Xaqani barədə
poema başlamışam.
- Verin, çap edək.
- Yox, hələ üç bəndini yazmışam.
- Yəqin başqa yazılar da var.
- Yox, elə sonuncu şeir "Sən mənimləsən" oldu.
Hərdən onu oxuyuram.
Elə bil mən yazmamışam,
Ruhum yazıb. Əsas olan Ruhdu. Şeiri Ruh yazır...
- Kahinlik etmişdiniz o şeirdə.
- Üç belə şeirim var.
- O birilər hansılardı?
- "Sən mənimləsən", "İnanmadığım"...
Gözləri yol çəkir. Üçüncüsünü xatırlaya bilmir.
Araya sükut çökür. Gecə,
su şırıltısı
və qarşı dağdan əsən sərin meh...
- Bir də görürsən, balaca oğlandır, heç durna görməyib. Amma şeirdə üçtelli
durna sözünü
oxuyub durnanın nə olduğunu anlayır.
Ömründə durna görməsə
də, üçtelli
durnadan xəbəri
var. Özünün xəbəri
yoxdu. Amma Ruhu durnanı
tanıyır. Əsas
olan Ruhdur...
Sonra gözlərini dolandırıb
baxır. Nəzərləri bir nöqtəyə
zillənir. Çöhrəsi işıqlanır. Lap yaxınımızda
- yüyrükdə uyuyan
körpəni göstərir:
O balacanı görürsən?
Həm Musadı, həm də Yaqub. Musa Yaqub. Ad günümdə dünyaya gəldi. Nəticəmdi...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-1
sentyabr.- S.5
.