23 avqust 2018. Bakı, Yasamal.
Nizaməddin Şəmsizadənin
evində düşüncələr
- Bunu heç gözləmirdim,
- ilk sözü bu oldu.
Nə cavab verəcəyimi bilmədim.
Sözlərin bitdiyi yerdəydik...
***
Nizaməddin Şəmsizadə İppolit
Tenin heyranıdır. O da Ten kimi düşüncələrində
idealizmi materializmlə
barışdırmağa cəhd
edib. İrq, mühit, moment nəzəriyyəsi
Şəmsizadənin yaradıcılığından
hər zaman mavi, qırmızı, yaşıl xətt kimi keçib. Şəmsizadənin universal elmi-nəzəri arsenala malik fikirlər aləmi, təfəkkür dünyası
apriori düşüncələrilə
fərqlənib. Belə
alimlər nəinki çağdaş, ümumiyyətlə,
tarixən Azərbaycan
filoloji düşüncəsində
barmaqla sayılacaq dərəcədə az olub. Nizaməddin Şəmsizadənin əsərləri
müzakirəyə, mübahisəyə
açıqdır. Amma onu tənqid edənlər məhz bu nöqtəni
- Şəmsizadənin İlahidən
vergili doğulduğunu
nəzərə almayıblar.
İnanıram ki, Nizaməddin
Şəmsizadəni tənqid
edənlər üçün
məkan sınırları
mənasında ərazi
genişliyi heç zaman üfüq xəttini əvəz edə bilməz. Bu mənada Nizaməddinin
düşüncə yapısında
bərqərar olan türk layına nüfuz etmədən onun üslubunu anlamaq mümkün deyil. Nizaməddin Şəmsizadə Azərbaycan bədii düşüncəsinin ilkin
və Orta əsrlərindən XX yüzilə
və bugünə qədərki tarixi varlığının təsnifatını
verən, onun gələcək oriyentasiyasını
müəyyənləşdirən alimlərimizin ən dəyərlilərindəndir. Azərbaycan ədəbiyyatşünaslığında
1930-cu illər bədii-nəzəri
təfəkkür tarixini
sistemə salmış
böyük ədəbiyyatşünasdır.
Bu tarixin 1937-ci ilə qədərki mənzərəsi Nizaməddin
Şəmsizadənin araşdırmaları
olmasaydı, güman edirəm ki, belə asanlıqla və tam aydınlaşa bilməz, aydınlaşma,
durulma prosesi xeyli yubanardı. Hətta bəzən adama elə gəlir ki, Şəmsizadə Əli
Nazim, Bəkir Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərlidən
ibarət elmi-ədəbi
pleyadanın son təmsilçilərindəndir.
NKVD-nin güllələnmə
hökmlərinə zəmin
hazırlayan bolşevik
inzibati ədəbiyyatşünaslığının
1937-ci ildə deyil, hələ buna qədər şərlədiyi,
qaraltdığı və
söndürdüyü bu
pleyadanı Nizaməddin
müəllim hələ
illər öncəsi
ən dəqiq təyinatla "İtmiş
nəsil" adlandırırdı.
Nizaməddin bu pleyadanı
taleyindən keçirtdi.
Onların ağrıları Şəmsizadənin qələmindən
canına sıçradı,
mürəkkəbindən qanına
hopdu.
Azər Turan
Ədəbiyyat qəzeti.- 2018.-1 sentyabr.- S.5
.