Bakı Kitab Mərkəzində
ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib
Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.
Qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.
Bakı Kitab Mərkəzinin direktoru
Günel Rzayeva belə
bir mədəniyyət və ədəbiyyat
ocağını xalqımıza nəsib etdiyinə görə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü
bildirib. “Çox istərdim
ki, bu möhtəşəm
layihə uzunömürlü
olsun və gələcək nəslin
maariflənmə, mütaliə məsələlərində
əsas rollardan birini
oynasın”, - deyə Günel Rzayeva bildirib.
Hər kəs üçün
maraqlı olacaq Bakı Kitab
Mərkəzi
Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda
həyata keçirdiyi mədəniyyət layihələrindən,
eyni zamanda, gənclərin təhsilə, kitaba
marağının artırılması istiqamətində
gördüyü işlərdən danışıb və
bunun davamlı olacağını söyləyib. Regionlardakı Heydər Əliyev mərkəzlərində
kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov
Bakı Kitab Mərkəzinin
yaradılmasında Birinci vitse-prezident
Mehriban Əliyevanın rolunu
xüsusi vurğulayıb və onun bütün proseslərə
yüksək diqqətlə yanaşdığını qeyd edib. “Bizim çoxdankı arzumuz
idi ki, Bakıda
yüksək şəraiti olan və
müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın.
Düşünürəm ki, biz buna nail
olduq”, - deyən Anar
Ələkbərov Bakı Kitab Mərkəzinin
hər kəs üçün maraqlı
olacağını bildirib.
Mərkəzdə görmə imkanları məhdud
şəxslər üçün də
şərait yaradılıb
Bakı Kitab
Mərkəzinin ictimaiyyət üçün
açıq olacağını deyən Anar
Ələkbərov fiziki cəhətdən
qüsurlu insanların buraya
sərbəst daxil olmasının nəzərə
alındığını deyib. Diqqətə
çatdırıb ki, Kitab
Mərkəzində görmə imkanları məhdud şəxslər
üçün də guşə fəaliyyət
göstərir. Belə ki, Mərkəzin
ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud
şəxslər, uşaqlar üçün guşələr, müxtəlif
ədəbi və mədəni xarakterli təqdimat
tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris
guşəsi var.
Dünyaya açılan pəncərə
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müasir dövrdə - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzləndiyi bir zamanda Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək deyib: “Bu, kitabın bir daha təsdiq olunması, kitabın mənəviyyatda, insan həyatında mühüm yer tutduğunun təsdiqi deməkdir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğində gördüyü işləri vurğulayan Xalq yazıçısı Anar Bakı Kitab Mərkəzini dünyaya açılan bir pəncərə kimi dəyərləndirib. “İstərdim ki, bütün ömrüm burada keçsin. Çünki oxumadığım bütün kitablar burada var”, - deyə Xalq yazıçısı söyləyib.
O xalqlar yaşayacaq
ki, onların kitablara meyli var
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev müstəqil Azərbaycanda belə bir Mərkəzin yaradılmasını yüksək qiymətləndirb. “Arzu edərdim ki, buraya yazıçılar gəlsin və görüşlər keçirilsin, eləcə də cavanlar gəlsinlər. Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyli var, onların övladları oxuyur. Uşaqları oxumayan dövlətin gələcəyi yoxdur”, - deyən Çingiz Abdullayev bugünkü Azərbaycanın inkişafının təhsil sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikası mədəniyyət baxımından çox inkişaf edib.
Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.
Kitabsevərlər asudə vaxtlarını səmərəli
keçirəcək
Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.
Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab
Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək
və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə
biləcəklər. Mərkəzin yeniliklərini “Facebook” və “Instagram” səhifələrindən
də izləmək mümkündür:
Ədəbiyyat
qəzeti.- 2018.-1 sentyabr.- S.8.