Əhdi-ətiq, Əhdi-cədid...Və Qurani-Kərim
Əhdi-ətiqdən
(Tövratdan) sonra Əhdi-cədid, Əhdi-cədiddən (İncildən)
sonra isə Qurani-Kərim nazil oldu. Və aydın şəkildə
görünür ki, Əhdi-ətiq həm Əhdi-cədid, həm
də Qurani-Kərim üçün elə bir ortaq (və
mötəbər) mənbə-istinaddır ki, sonrakı iki
Müqəddəs Kitab qədim dövrlərin tarixi (və
ilahi!) motiv, süjet və obrazlarını bilavasitə ondan
almışdır.
Qurani-Kərimin Azərbaycan dilinə
mükəmməl tərcümə-şərhinin müəllifi
Vasim Məmmədəliyev yazır: "Musanın
Tövratından, İsanın İncilindən fərqli
olaraq, Qurani-Kərim Peyğəmbər əleyhissəlama birdən-birə,
bütöv şəkildə deyil, hissə-hissə, əvvəlcə
Məkkədə, sonra isə Mədinədə nazil
olmuşdur".
Təxminən 23 il çəkən
bu dövrdə, təbii ki, islamın təbliği, mənimsənilməsi
ilə bağlı bir sıra mühüm hadisələr
baş vermişdir ki, həmin hadisələr vəhylərdə
(və nəticə etibarilə, Qurani-Kərimin mətnində)
əsas hökmlərlə birlikdə əks olunaraq mətnin
"fəlsəfi" mahiyyətini ifadə edən "alt
qat"ından müəyyən dərəcədə fərqlənən
"publisistik" xarakterli "üst qat"ını təşkil
edir.
Qurani-Kərim əvvəldən
axıra qədər Allah-Taalanın öz Peyğəmbəri
Məhəmməd əleyhissəlama müraciətən
verdiyi hökmlərdən ibarətdir ki, həmin hökmlərin
məhz ilahi məzmun-mündəricəyə malik olması,
etiqadı kamil müsəlmanlarda heç bir şübhə
doğurmur.
Vasim Məmmədəliyev yazır:
"...Bir çox görkəmli ərəb şair, nasir və
xətibləri Məhəmməd peyğəmbərin
Quranı özündən uydurduğunu iddia edərək ona
bənzər nümunələr yaratmağa cəhd göstərmiş,
lakin sonda bu cəhdlərinin boşa
çıxdığını görüb Quranın həqiqi
Allah kəlamı, asimandan nazil edilmiş bir möcüzə
olduğunu etiraf edərək islama dönmüşdülər".
Qurani-Kərim ideya-məzmunca ən
çox Əhdi-ətiqə əsaslandığı
üçün, ilk növbədə, Əhdi-ətiq sahiblərilə
- yəhudilərlə mükaliməyə girir:
"Ey israil oğulları! Sizə bəxş etdiyim
nemətimi xatırlayın, Tövratda axırüzzəman
peyğəmbər barəsindəki buyurduğumu yerinə
yetirin ki, Mən də sizinlə (sizi cənnətə varid
etmək barəsində) olan əhdə vəfa edim... Sizin əlinizdəki
(Tövratı) təsdiqləyici kimi göndərdiyim Qurana
iman gətirin! Onu inkar edənlərin
əvvəlincisi siz olmayın! Mənim ayələrimi
(Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz
dünya malına) satmayın... (Əl - Bəqərə
surəsi).
Allah-Taala kökü (ilahi əsasları)
Lövhi-Məhfuzda olan Əhdi-ətiq - Əhdi-cədid -
Qurani-Kərim varisliyinin ardıcıllığını (və
bu ardıcıllığın metafizikasını) təsdiq
etməklə, ilahi sözün bütövlüyü, ilahi
hökmün dəyişməzliyi barədə xəbər
verir:
"Ey kitab əhli! Sizə kitabda
(Tövratda və İncildə) gizlətdiyiniz şeylərin
bir çoxunu bildirən, bir çoxunu da sizə
bağışlayıb üstünü vurmayan (və ya sizdən
bir çoxunu bağışlayan Peyğəmbərimiz gəldi.
Artıq Allah tərəfindən sizə bir nur və
açıq-aydın bir kitab (Quran) gəldi... Ey kitab əhli!
Peyğəmbərlərin ardı-arası kəsildiyi
bir dövrdə "bizə nə bir (Cənnətlə)
müjdə verən, nə də bir (Cəhənnəmin əzabı
ilə) qorxudan kimsə gəldi" deməməyiniz
üçün sizə Peyğəmbəriniz (Məhəmməd)
gəldi" (Əl-Maidə surəsi).
Qurani-Kərimin məntiqinə
görə, Əhdi-ətiq də, Əhdi-cədid də
müqəddəsdir, hər ikisi Allah kəlamıdır. Lakin həm yəhudilər,
həm də xaçpərəstlər:
a) müqəddəs
kitablarda verilmiş ilahi hökmlərə əməl etmirlər,
bu hökmləri "unutmuşlar" (məsələn, yəhudilər
arasında sələmçilik
geniş yayılmışdır);
b) bir sıra
hallarda Allah kəlamı təhrifə məruz qalmış,
hətta prinsipial səhvlərə yol verilmişdir (məsələn,
xaçpərəstlər İsa peyğəmbəri
Allahın oğlu bilmişlər);
c) istər
Əhdi-cədid, istərsə də Əhdi-ətiq
dövrünə aid bəzi hökmlər öz qüvvəsini
itirdiyindən yeni hökmlər barəsində məlumat
almalıdırlar (məsələn, şərab artıq
haram sayılır).
Qurani-Kərimin həm Əhdi-ətiqdən,
həm də Əhdi-cədiddən üstünlüyü,
sonuncu kitabdakı sözün məhz son söz olduğu nəzərə
çatdırılmaqla yanaşı, yeni Kitabda Peyğəmbərin
- Məhəmməd əleyhissəlamın missiyası da
aydın izah edilir:
"(Ya Rəsulum!) Biz səndən
əvvəl də peyğəmbərlər göndərdik,
onlara zövcələr, övladlar verdik. Allahın
izni olmadıqca heç bir peyğəmbər heç bir
möcüzə gətirə bilməz. Hər dövrün
bir kitabı (Lövhi-Məhfuzda yazılmış
hökmü) var...Allah (həmin kitabdan) istədiyi
şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə
aid hər hansı bir hökmü ləğv edib
başqaları ilə dəyişər və ya onu olduğu
kimi saxlayar). Kitabın əsli (Lövhi-Məhfuz)
Onun yanındadır. Onlara vəd etdiyimizin
(əzabın) bir qismini sənə göstərsək də
və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza
götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir.
Haqq-hesab çəkmək isə bizə
aiddir!" (Ər-Rad surəsi).
Və Tövratın yəhudicə,
İncilin həm yəhudicə, həm də yunanca, Qurani-Kərimin
isə ərəbcə nazil olmasının səbəbi
göstərilir:
"(Ya Rəsulum! Bu Quran elə bir kitabdır
ki, onu sənə insanları öz Rəbbinin izni ilə
zülmətlərdən nura (küfrdən imana) - yenilməz
qüvvət sahibi, (hər cür) tərifə, şükrə,
layiq olan Allahın yoluna (islam dininə)
çıxarmaq üçün nazil etmişik... Biz hər bir peyğəmbəri yalnız öz
qövmünün dilində (danışan) göndərdik
ki, (Allahın əmrlərini) ona izah edə bilsin"
(İbrahim surəsi).
Heç şübhəsiz, Qurani-Kərimin
bir mühüm missiyası da cahiliyyə dövrünü
yaşayan bütpərəst ərəblərə, həmçinin,
Qurani-Kərimin ilk ayələri təbliğ olunandan sonra da
Allaha şərik qoşanlara (müşriklərə) həqiqi
dinin, imanın (tövidin!) mahiyyətini izah etmək idi ki,
bunun da özünəməxsus çətinlikləri (məsələn,
dədə-babaların ənənəvi küfr əməllərindən
əl çəkə bilməmək) olmuşdur.
Tövrata (və Musa əleyhissəlama),
İncilə (və İsa əleyhissəlama) olduğu kimi,
Qurani-Kərimə (və Məhəmməd əleyhissəlama)
da bir çox hallarda şübhə ilə
yanaşıldığından Qurani-Kərimin bir sıra ayələri
Kitabın müqəddəsliyini, Allah kəlamı
olduğunu təsdiq etməyə, əsassız şübhələri
aradan qaldırmağa xidmət edir:
"Kafir olanlar" bu (Quran)
onun (Məhəmmədin) uydurmasından başqa bir şey
deyildir. Ona bu
işdə başqa bir tayfa (yəhudilər) kömək
etmişdir" deyərək (özləri bu batil iddiaları
ilə) zülmə (küfrə) və böhtana
yuvarlandılar. Onlar, həmçinin, "bu, qədimlərin
əfsanələridir (yalan sözlərdir). O (Məhəmməd) onları (yəhudilərə)
yazdırmışdır; (əzbərlənməsi
üçün) səhər-axşam (Məhəmmədin)
özünə oxunur" dedilər.
(Ya Rəsulum!) De: "onu (Quranı)
göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir"
(Əl-Furqan surəsi).
Qurani-Kərimin nə
üçün məhz ərəb dilində nazil
olmasının səbəbi də açıq-aydın
göstərilmişdir:
"Şübhəsiz ki, bu
(Quran) Aləmlərin rəbbi tərəfindən nazil
edilmişdir!
Onu Ruhuləmin (Cəbrail) endirdi... Özü də
açıq-aydın ərəb dilində. Həqiqətən,
o (Quranın nazil olacağı xəbəri, mənası və
hökmləri;
Peyğəmbərin vəsfi) əvvəlkilərin
(keçmiş peyğəmbərlərin) kitablarında da
mövcuddur... Əgər onu ərəb olmayanlardan (ərəbcə
bilməyənlərdən) birinə (bəzisinə) nazil etsəydik
və o, (Quranı) onlara (Məkkə müşriklərinə
və kafirlərə) oxusaydı, (bu adam ərəb
dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun
ardınca getmək bizə ayıbdır) deyə ona iman gətirməzdilər"
(Əş-Şüəra surəsi).
Qurani-Kərimin məhz Əhdi-ətiqlə
Əhdi-cədidin bilavasitə varisi olduğunun və bu
varisliyin ilahi mahiyyət daşıdığının bir əlaməti
də odur ki, peyğəmbərlərə vəhy (kitab)
onların istəyi və ya arzusu ilə deyil, Allah-Taalanın
mütləq iradəsi ilə verilmişdir:
"(Səndən əvvəlki
peyğəmbərlərə necə kitab nazil etmişdiksə)
Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam) kimi kitab
(Tövrat) verdiyimiz şəxlər ona (Qurana) inanırlar... (Ya Rəsulum!) Sən bundan (bu
Qurandan) əvvəl nə bir kitab oxuyardın, nə də onu
əlinlə yazardın. Əgər belə
olmasaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə
düşərdilər ("onu haradansa oxuyub öyrənmişdir"
deyərdilər).
Xeyr, bu (Quran) elm verilmiş kəslərin
sinələrində (əzbər) olan açıq-aydın
ayələrdir" ( Əl-Ənkəbut
surəsi).
Tövrat əhlinin (yəhudilərin)
Qurani-Kərimə (və Məhəmməd əleyhissəlama)
iman gətirməmələri yeni dinin (islamın) tələbləri
mövqeyindən
haqlı narazılıq doğurur. Birincisi, ona
görə ki, Qurani-Kərim Tövratdakı hökmləri,
prinsip etibarilə, təsdiq edir; ikincisi, ona görə ki,
Qurani-Kərimin nazil olacağı barədə Tövratda
vaxtilə xəbərdarlıq olunmuşdu:
"And olsun ki, Biz İsrail oğullarına
kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli
məsələləri ədalətlə həll etmək
bacarığı) və peyğəmbərlik əta
etmiş, onlara pak nemətlərdən ruzi vermiş və
onları aləmlərə (zəmanələrindəki bəşər
övladına) üstün etmişdik. Onlara din
işində (dini məsələlərdə və ya Məhəmməd
əleyhissəlamın peyğəmbər göndəriləcəyi
barədə) açıq-aşkar dəlillər
vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin
büsbütün həqiqət olduğu haqda) özlərinə
elm (qəti dəlillər) gəldikdən sonra
aralarındakı həsəd (ədavət) üzündən
(dində) ixtilaf etdilər" (Əs-Casiyə surəsi).
Odur ki Qurani-Kərim İsrail
oğullarını sərt ittiham etməli olur...
Qurani-Kərimin İncil (Əhdi-cədid)
əhli ilə polemikası da prinsipial əhəmiyyət kəsb
edir:
"... Məryəm
oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gələnlərin qəlblərində
bir-birinə şəfqət, mərhəmət oyatdıq.
Onlar özlərindən rahiblik (tərki-dünyalıq)
icad etdilər. Biz onu (rahibliyi) onlara vacib
buyurmamışdıq. Onlar bunu Allah
rizasını qazanmaq üçün etdilər, lakin ona
layiqincə əməl (riayət) etmədilər (İncili təhrif
edib İsanı Allah bildilər, Məhəmməd əleyhissəlamın
peyğəmbərliyini dandılar). Biz
onlardan iman gətirənlərin mükafatlarını verdik.
Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir!"
(Əl-Hədid surəsi).
Xaçpərəstlərin
yadına salınır ki, "bir vaxt Məryəm oğlu
İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən
mən özümdən əvvəl nazil olmuş
Tövratı təsdiq edən və məndən sonra gələcək
Əhməd adlı bir Peyğəmbərlə (sizə)
müjdə verən Allahın elçisiyəm...
Müşriklərin xoşuna gəlməsə də, onu
(islamı) bütün dinlərdən üstün etmək
üçün öz Peyğəmbərini hidayət (Quran)
və haqq dinlə göndərəcək Odur!
...Ey iman gətirənlər! Allahın (dinin və Peyğəmbərinin) köməkçiləri
olun!" (Əs-Saff surəsi).
Beləliklə, islamın qəbulu
qarşısında üç əsas (və kütləvi)
maneə dayanmışdı:
1) bütpərəstlər,
müşriklər və ümumən kafirlər;
2) əhdi-cədidçilər;
3) əhdi-ətiqçilər.
Hər birinin, təbii ki, nə
qədər mübahisəli olsa da, müəyyən "əsas"ı
vardı.
Ancaq Qurani-Kərimin ilahi missiyası
daha əsas (əslində, mübahisəsiz) idi:
"And içirəm gördüklərinizə
və görmədiklərinizə ki, bu (Quran) çox
möhtərəm bir elçinin (Cəbrailin, yaxud Peyğəmbərin
Allahın ona nazil etdiyi) sözüdür!
O, şair sözü də deyildir! Nə
az inanırsınız!
O, kahin sözü də deyildir! Nə
az düşünürsünüz!
O, aləmlərin Rəbbi tərəfindən
nazil edilmişdir" (Əl-Haqqə surəsi).
Əhdi-ətiq də, Əhdi-cədid
də, Qurani-Kərim də Lövhi-Məhfuzdan gəlir! Və
Sözün doğrusunu Allah-Taala bilir!..
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2018.- 1 sentyabr.- S.9.