Sən məni
dünyaya gətirdin, ana...
Haçansa "Bircə
ana-vətəndi, yerdə qalanı qürbət"
misralarını yazmışdım. Qocalıqdandır,
qürbətdəndir, bilmirəm, anam tez-tez yadıma
düşür və düşdüyü anda da
başlayıram balaca uşaq kimi hönkür-hönkür
ağlamağa. O talesiz qadın bu dünyaya niyə gəlmişdi,
gəlişinin məqsədi nəydi, nə gördü, nə
yaşadı? Ömrün 22 yaşında dul qalan,
saçının birini ağ, birini qara
hörüb min zülm, zillətlə tək oğlunu
böyüdən, sonunda da yeddi arzusundan birinə çatmadan
dünyadan köçən bir ana düşünün. Bulaqlar başında, çaylar üstündə
günəşli günlərdə, ayqaranlıq gecələrdə
tək oğlu üçün göylərə əl
açıb dualar edən, yerdə iki qabarlı əlindən,
göydə Allahından başqa kimsəsi olmayan bu ananın,
bu çilələrin əvəzində gördüyü nə
oldu?
Ağ gün görmədiyindən
də yaşının əllisində bədənində
ağrımayan yeri qalmamışdı. Neçə
dəfə Bakıda həkimlərə göstərmək
istəmişdim, amma hər dəfəsində müxtəlif
bəhanələrlə getmək istəməmişdi. Hətta teleqram vurdurub təcili kəndə gəlməyimi
istədiyi vaxtlar da olmuşdu. İşim
başımdan aşsa da, hər
çağırışına qoşa-qoşa getmişdim.
Amma gəldiyimi görəndə əvvəlki kimi ayağa
qalxmış, gözaydınlığına gələn
qonum-qonşulara: - Ay qız, vallah, canım elə bil bu gədəyə
bağlıdı, ağrım-acım o gələn kimi yox
olub gedir, - deyirdi. Bir-iki gün keçdikdən sonra
"hazırlaş, gedək" deyəndə: - Ay anan sana qurban olsun; işim-gücüm
tökülüb qalıb, mən getsəm, bə onları
kim görəcək, bu qışın qış vaxtı
hara gedim, qoy yaz gəlib istilər düşsün, onda gedərik,
- deyib araya söz salardı. O zamanlar gəlişimə evin
daşı-divarı da gülər, qazanı ocaqda,
çayı dəmdə olardı. Amma bu dəfə
- "gəlsin məni Bakıya aparsın" deyə dalbadal
ismarışlar göndərirdi. Mən
yolu yomrulmuş isə günü-günə satdıqca,
anamdan gələn təkidli xəbərlər də davam
edirdi, axırda vaxt tapıb gedəndə isə belə bir
ümidim olurdu ki, anam yenə məni görən kimi
sağalıb ayağa qalxacaq. Amma yox, bu dəfə
belə olmayacaqdı.
Və biz ana-bala ilk dəfə
idi ki, birlikdə uzaq səfərə
çıxırdıq. Əvvəllər belə səfərləri
nə qədər arzulamışdım. Onda hələ
imkanlarımla arzularım yeni-yeni örtüşməyə
başlayırdı... Hardan biləydim ki, bu səfər ilk
olduğu kimi, həm də birlikdə
çıxdığımız son səfər olacaqdı, sən
saydığını say...
Anamı Respublika xəstəxanasının
soyuq divarları arasında tanrıtanımaz həkim və
tibb bacılarının ümidinə buraxacaqdım. Dünyanın
ən gözəl paltarlarını tikən, dünyanın ən
ləziz xörəklərini bişirən, toy-düyünlərin
ən gözəl rəqs edəni, yas yerlərinin
ağılarıyla daşı belə ağladan anamın səhərdən-axşama
yol çəkən gözləri xəstəxana
qapılarında qalmışdı. Ömrünü
dağda-daşda, bağda-bağçada keçirən anam
xəstəxana divarlarına sığışmırdı.
Bu xəstəxana, dərman qoxuyan otaqlardan
quş olub, qoyub gəldiyi kəndə-kəsəyə, inəyinin,
it-pişiyinin, toyuq-cücəsinin yanına qayıtmaq istəyirdi.
İlk dəfə idi ki, gələn yazı
bulaq başında, çay kənarında çəmən
güzarında yox, şəhərdə, xəstəxana
divarları arasında qarşılayırdı. Burdan - beşinci mərtəbədən boz ayın
bozbulanıq yaz səmasından başqa görünən bir
şey yoxdu. Büsbütün iştahdan
kəsilmişdi. Aradabir qadın iş
yoldaşlarımın gətirdiyi ev yeməklərindən
başqa xəstəxana bişmişlərinə dilini də
vurmurdu. Arada meylinin çəkdiyi istilik pomidoru
idi ki, onun da hər yerindən ağrı fışqıran
vücuduna ziyandan başqa xeyri yoxdu. Təhlillər
göstərəcəkdi ki, kənd
imkansızlığından böyrəklərinin ikisi də
sıradan çıxıb. Ayqaranlıq gecələrdə
ətəyini dəstələyib dizinə qədər soyuq
suların içində yalnız özünün deyil,
qonşu qadınların da
qarğıdalılıqlarını sulayan və 22
yaşından məhəbbət vərdişlərini
vücudunun dərinliklərinə gömüb namus
ocağına çevrilən bir qadının böyrəkləri,
əlbəttə, çürüməli idi.
Çıxılmazlıq
içində vurnuxurdum. "Atası olmayanların atası
Allahdı" - deyirlər. Hər dəfə
ölüb-itməz Respublika xəstəxanasının
binasına yaxınlaşanda üzümü bozbulanıq aprel
göylərinə tutub ona - Allaha yalvarır, bu dəfə də
mənə kömək etməsini, anama şəfa verməsini
istəyirdim.
İndi vaxt-bivaxt göz yaşı
axıtmağımın iki əsas səbəbinin
olduğunu düşünürəm: birincisi, xəstəxanaya
ilk gəldiyində qonşu palatada yatan hansı qadınsa, -
bu həkimlərdən bir şey çıxan deyil, beş-on
manat ver, sənə dua yazdırım, - demişdi. Mən
başsız da həkimlərə inansın deyə, o
beş-on manatı anama verməmişdim: "Ana, nə
baxırsan o qadının sözünə, sənə xəstəxananın
ən yaxşı həkimləri baxır", - demişdim.
(Əslində, dediklərim doğru idi, onda mən Azərbaycan
televiziyasının "Elm və həyat" şöbəsində
işləyirdim və o zamanlar üçün ünlü
"Sağlamlıq" proqramı da bizim şöbədə
hazırlanırdı, anamı müalicə edənlərin
hamısı tanışdı) sən onlara inan,
falçıya, duaya yox. İkincisi isə
anamı xəstəxana küncündə tək-tənha
qoyub 2 gün Zuğulbaya gənc şairlərin respublika
müşavirəsinə getmişdim. Guya
o müşavirəyə getməsəydim, dünya
dağılardı. Qayıdanda anamı
pis vəziyyətdə görəcəkdim. Palata
yoldaşı rus qadın öz dilində mənə
professorların anamın vəziyyətinin kritik olduğunu
çatdıracaqdı: - Vicdanın olsun, - deyirdi rus qadın,
- heç olmasa, yalandan da olsa, anana ümid ver, anan -
"ölsəm də dərdim olmazdı, bilsəm, oğlum
kiminlə evlənəcək, gəlinim kim
olacaq" - deyir.
Yadıma düşdü ki, 3-4
gün əvvəl anamın yanına tez-tez gələn
iş yoldaşım qızı soruşmuşdu, mən də:
- Ana, sənin ki, saçı kəsik şəhər
qızlarından xoşun gəlmir, - dəyəndə - saçı kəsik
olanda nolar, elə demə ey, süd əmmişin birinə bənzəyir,
cavabını vermişdi. İndi fərq edirdim ki, anam
canında olanı professorlardan da yaxşı bilir, yoxsa iş
yoldaşım qız haqqında tanımaza-bilməzə bu
xoş sözləri deyərdimi? Başqa bir gəlin
seçiminə zamanının qalmadığından,
gördüyü şəhər qızından
yapışmaq istəyirdi bu.
Həkimlər anamın xəstəxanada
qalmasının gərəksiz olduğunu ölüm
hökmü kimi üzümə oxuyacaqdılar. Mən də
öz yanımdan canımı dişimə tutub anama sadəlövhcəsinə
yalanlar uydurmağa çalışacaqdım. Burda "Bilən söyləməz, söyləyən
bilməz" kəlamı yerinə düşür.
Anam şübhələnməsin deyə (həm də rus
qadının təlqini ilə), söhbəti iş
yoldaşım, şəhərli qızdan salacaqdım: - Ana,
həkimlər deyirlər, biz burada əlimizdən gələni
etdik, yaz ağzıdır (1969-cu ilin may bayramı mənim vay
bayramımın başlanğıcını hazırlamaqda
idi...), xəstəni kəndinizə aparın, orda - təmiz
havada müalicəsini davam etdirsin, payızda yenidən gələrsiniz.
Və bir halda ki, şəhərli qızdan
xoşun gəldi, tez sağal ki, elçiliyimə özün
gedə biləsən.
Ümidli sözlərimin
qarşılığında anamın cavabı amansız
olacaqdı: - Bilirəm, ağlama desəm də, dözməyib
ağlayacaqsan, amma ağlasan, dost-düşmən içində
ağlama, enib bağımızda ağla. Sonra yanımda
dayanan oğlanı əmimoğlu Qoca bilib: - A Qoca, Məhəmmədin
qardaşı yoxdu, onu yasda tək buraxma, yaxşımı? - deyib kövrələcəkdi.
Mənə göstərdiyi o mat vəziyyəti,
Allah kimsəyə göstərməsin.
...Ayqaranlıq gecə idi. Qatar qaranlığı yara-yara Tovuza - sabaha doğru
yol başlamışdı. Guya mənə yollarda
kömək etmək üçün gedən adam
kupenin yuxarı yatağına başını qoyan kimi
xoruldamağa başlayacaqdı... Ana-bala dərdimizlə
baş-başa qalmışdıq. Yollarda isə
sükutu qarşı-qarşıya gələn, bir-birini
salamlayan qatarların fit səsləri pozurdu. Sanki bir-biriləri
ilə hal-əhval tuturdular: - Yatmamısan ki? - Yox! - Bəs sən
necə? - Mən də yox!
Qatar pəncərəsindən kupeyə
düşən işıq zolağı anamın
bürüşmüş, solğun və yorğun sifətini
aradabir işıqlandırırdı... Elə
bil buluddan Ay çıxıb-batırdı. Doğrudanmı, doğmadan-doğma olan bu əziz
sifət yoxluğa gömüləcək, birdəfəlik
silinib gedəcəkdi. O gecə qatarında, o qəm
karvanında olub-keçənləri bir-bir xatırlamağa
başlamışdım. Ağlıma elə
hadisələr gəlirdi ki, adi günlərdə
başım çatlasa da, onların heç birini
xatırlaya bilməzdim. Anam oruclu
ağzının duaları və yalvarışları ilə
məni neçə dəfə ölümün pəncəsindən
qurtarmışdı. Mənimsə
yalvarışlarım kupe divarlarından uzağa gedə
bilmir, Allaha ulaşmırdı, Allaha
ulaşmadığından da anama kömək olmurdu.
Görünür, Allah yalnız müqəddəslərin
sözünü eşidir, günahlı bəndələrin
yox... Fikirləşirdim ki, indi, budur, bu gecə
qaranlığında dərd yumağına dönən anam,
həqiqətən də müqəddəs adamdı. Bəlkə elə bu müqəddəsliyinə
görə də Allah onun dualarını, yalvarışlarını
hər zaman eşitmişdi. Taqəti tükənən,
halı pərişan, həyat ümidi büsbütün
tükənən anamla baş-başa qalmışdıq... Qatar tez-tez dartınır, silkələnir, anamın
onsuz da ağrıyan canını daha da ağrıdır.
Kupelərin birində marığa yatan
ölümə görünür, lokomotivin də gücü
çatmırdı, çatmadığına görə də
dartınmağında idi. Anam mənə hiss etdirməməyə
çalışsa da, can hayındaydı. Çürüyən
böyrəklə Bakıdan Tovuza takkatak gedən on iki
saatlıq qatar yolunu get, görüm necə
gedirsən.
Bu sətirləri bilmirəm
necə yazım və bilmirəm başıma haranın
daşını töküm. Tez-tez ayaqyoluna getmək
istəyirdi, istəyirdi, amma öz doğduğundan
utanırdı anam. Ölüm hələ
yaxın düşməmişdi o ilahi analıq,
qadınlıq hissinə. Nə ayaqyoluna getməyə
taqəti qalmamışdı, nə də oğlundan
utandığından bələdçi rus qadının kupəyə
gətirdiyi...Yaxşı ki, o bələdçi rus
qadını vardı...
Öz ayağıyla getdiyi
Bakıdan salacada qayıtmışdı anam. Qohum-qonşular
başına yığışmışdı. Üç gündü ayaq üstündə idim.
Dördüncü gecə qonşu əmimoğlugildə
gözümü səksəkə içində yenicə
yummuşdum ki, gecənin üçündə ağlaşma
səsi eşidib ürəyimə damanların başıma gəldiyini
duyub evimizə doğru qaçdım, anam təngnəfəs
olmuşdu. Əllərindən başqa bir
şey gəlməyən qohum-qonşu qadınlar anamın
canının dəstələnməsini belə gözləməmişdilər,
orda-burda ediləşirdilər.
İlk dəfə idi ki,
ölümlə, doğma adamın ölümü ilə
qarşı-qarşıya gəlirdim. Özümdən
asılı olmayaraq, "ana" deyib bağırdım.
Bu zaman gözlənilməz bir hadisə baş verdi,
ölümün o tərəfindən-həyatın bu tərəfinə
anamın boğazından bir "can" kəlməsi
çıxacaqdı, ölüm yaxın düşməmişdi
bu ilahi məhəbbətə. Ana oğlunu müharibənin,
odun-alovun içindən elə bu "can"
kəlməsi ilə çıxarmamışdımı?
Anamın həyatda qalan son kəlməsi "can"
olacaqdı, oğluna verdiyi və oğluna dediyi "can"!
Keçmişə bağlanan bağlar elə bu sonuncu
"can" kəlməsi ilə qırılmışdı.
Gecənin ölüm sükutunu
evimizdən gələn ağlaşma səsi pozurdu...Məni
bayıra çıxarmağa çalışanlara: - Siz
Allah, mənə toxunmayın. Ay camaat, anamın qızı
yoxdu, qoyun onu özüm ağlayım, - deyib şivən
qoparırdım.
1969-cu ilin o məşum on dörd may
səhəri ölüm xəbərinə
açılacaqdı. Bu səhər həm də
anamla bağlı son sirləri də açacaqdı.
Adamlar qəbir qazmağa gedəndə anamın sirr
yoldaşı Xatın bibi qəbri qəbiristanlığın
hansı səmtində qazacaqlarını soruşanda ata tərəfimizin
yatdığı səmtdə cavabını verəcəkdilər...
Xatın bibi isə: - Günü qara gəlmiş Bakıya
getməmişdən əvvəl gedib qəbiristanlıqda
atasının məzarının yanına daş qoyub, mənə
də dönə-dönə tapşırmışdı ki,
- öz ayağımla getdiyimə baxma, gələndə
ölüm gələcək, nişan
qoymuşam, deyərsən başqa yerdə yox, məni orda,
atamın yanında basdırsınlar, - demişdi.
Bir cənazə üzü qəbiristana
doğru yol almışdı, günlü yağış
başlamışdı. Elə bil göylər də cəfakeş
bir ananın vaxtsız ölümünə göz
yaşı tökürdü. Qəbiristan
səmtinin göylərində göyqurşağı
görünməyə başlamışdı. Cənazənin üstü ilə bir bülbül
uçmağında idi, bülbül sadəcə,
uçmurdu, həm də özünü yeyib-tökür,
dil-dil ötürdü, o darmacalda mənə elə gəlirdi
ki, cənazənin üstüylə uçan bülbül
filan deyil, anamın ruhudur, öz ölümünə
ağı deyir.
Anamın "sirləri" də ölümündən sonra bir-bir açılacaqdı. Anamın təkidiylə Bakıya getmək səbəbini Xatın bibimin dediklərindən öyrənəcəkdim. Anam Bakıya sağalmağa yox, öz ayağıyla ölməyə gedirmiş, Xatın bibim səbəbini soruşanda cavabı qısa olubmuş: - Getməsəm olmaz, nə çoxdu balamı istəməyən, əgər Bakıya getməyib burda ölsəm, hamı anası ölmüşü günahkar biləcək: - Bir oğlu var, çayda balıq yan gedir, anasını Bakıya aparsaydı, yəqin orda sağalıb gələrdi, deyib arxasınca şunduruq qoşacaqlar, həm də qoy özü də Bakıda zəhmətimi çəksin ki, mən öləndən sonra özünü danlayıb dağa-daşa vurmasın, heç olmasa, çəkdiyi zəhmətdən təskinlik tapsın. Bir də Məhəmmədə deyərsən ki, qara bayramımı keçirməsin, sağlığımda evlənmədi, heç olmasa, öldüyümdən sonra evlənsin. Şuğul üzündə qalarsan, dediklərimi yerinə yetirməsən, gözlərimin biri yolda, əllərimin biri çöldə uzalı qalıb yol gözləyəcəm, Məhəmməd (yəni mən!) evlənən günü Qarabulaqdan bir sənək su doldurub gətirib yanan məzarıma tökərsən ki, qəbrim od tutub yanmasın.
Və nigaran ruhların bu dünyanı tərk etmədiyinə inanan mən, dünyanın harasında olursam-olum, anamın ruhunun mənimlə olduğunu hər zaman hiss etdim.
Söylədiyim təsəlli
yalanını yerinə yetirmək üçün anamın
görüb-bəyəndiyi o saçı kəsik şəhər
qızı ilə evlənəcəkdim (Doğrumu edəcəkdim,
yanlışmı, bu ayrı mövzudur!). Və Bakıdan
Tovuza toy karvanının gəldiyi o gün Xatın bibi
Qarabulaqdan bir sənək su doldurub anamın Güllütəpə
qəbiristanlığındakı məzarına səpəcəkdi.
Heç bilmirəm, ondan sonra anamın gözü yollardan, əli
çöllərdən çəkildimi? Hətta
ömrün yetmiş doqquzunda xatirəsi məni qürbətin
hücrə köşələrində vaxt-bivaxt
göyüm-göyüm göynədir,
sızım-sızım sızladır,
hönkür-hönkür ağladırsa, bu, o deməkdir ki,
anamın hələ də əllərinin biri çöldə,
gözlərinin biri yoldadır...
Sağlığında öyüdlərinə əməl
etməyən mən başıdaşlının etirafdan və
göz yaşından başqa əllərindən nə gəlir
ki?
Məmməd İsmayıl
Ədəbiyyat qəzeti.- 2018.- 1
sentyabr.- S.10.