PİKASSO...

 

PYES

 

İştirak edənlər:

 

Pikasso - Dünya şöhrətli rəssam

Fransuaza Jilon - Pikassonun sevgilisi

Salvador Dali - Məşhur sürrealist rəssam

Dostlar - Pikassonun yaxın dostları

Jaklin Roq - Pikassonun həyatında olan sonuncu qadın

Həkimlər

Qulluqçu

 

Birinci Pərdə

 

Pikasso emalatxanasında rəsm üzərində işləyir. Qarşısında böyük tablo var. Ətraf - emalatxana tör-töküntüdür. Divar boyunca rəssamın əsərləri asılıb. Səhnədə bir neçə molbert var. Bəzi tablolar üzərinə örtük çəkilib. Pikassonun hal-hazırda çəkdiyi tablo digərlərindən ölçü baxımından çox böyükdür. Pikasso rəsm əsərini çəkərkən arxa fonda gedən görüntülər rəssamın beynində dolaşan düşüncələrini  canlandırır.

Vaqnerin musiqisi sədaları altında müharibə dəhşətlərini əks etdirən səhnələr (video görüntülər – 1-ci və 2-ci dünya müharibəsinin səhnələri, Naqasaki və Xirosimada baş verən dəhşətli görüntülər. Partlayışlar, atom bombasının görüntüsü. İnsanların narkotik girdabında yox olması səhnələri. Ehtiras düşkünlüyü. Televiziya önündə oturan, manqurtlaşan insan kütləsi. Ailə münaqişələri. Uşaqların göz yaşını əks etdirən kadrlar). Pikasso müharibə görüntülərinin önündə emossional şəkildə işini davam etdirir. O, var-gəl edir. Narahatdır, özündə deyil, qısamüddətli fasilədən sonra yenidən emossional ruhda rəsmini davam etdirir.

Musiqi davam edir. Musiqinin sonunda Pikasso əlindəki fırçanı, kağızları qışqıraraq otaq boyunca yerə səpələyir. Sonra diz çökərək başını əllərinin arasına alaraq qışqırır.

Səhnə qaranlığa bürünür.

Əyninə xalat geyinmiş gənc xanım yerdə səpələnmiş kağızları ayağı ilə itələyə-itələyə Pikassonun emalatxanasına daxil olur. İşığı yandırır. Otaq tör-töküntüdür. Gənc xanım Pikassonu görmür. Əli ilə xalatının yaxasını düzəldərək, gah da saçına sığal çəkərək asta-asta addımlayır. Pikasso yerdə diz çökmüş vəziyyətdədir. Xanım heykəl kimi yerdə donub qalmış rəssamı qəflətən görüb qorxur. Rəssama yaxınlaşır. Pikasso heç nəyə reaksiya vermir.

Fransuaza - (rəssama toxunaraq) Cənab Pikasso... (sakit səslə) Cənab... Nə olub sizə?

Pikasso alnını ovuşdurur. Sanki yuxudan ayılırmış kimi ətrafa baxır. Çaşqın vəziyyətdədir. Yanındakı xanıma diqqət yetirmir. Cəld böyük tablonun önünə gəlir. Örtüyü götürüb rəsm əsərinin üzərinə çəkir. Gənc xanım rəssamın hərəkətlərini maraqla izləyir.

Fransuaza (gənc xanım) - Cənab, siz özünüzdə deyilsiniz. Nəsə olub?

Pikasso - (yuxudan ayılırmış kimi) siz?

Fransuaza - gəlməyimi istəmişdiniz

Pikasso - (donuq vəziyyətdə ) hə... yadımdadır.

Fransuaza - Əgər əhvalınız yoxdursa gedə bilərəm

Pikasso - getmək istəyirsiz?

Fransuaza - yox... sizə görə deyirəm

Pikasso - mənə su verin, əzizim

Fransuaza stəkana su doldurub rəssamın yanına yaxınlaşır. Su bardağını ona uzadır.

Fransuaza - buyurun

Pikasso- (sudan bir-iki qurtum içdikdən sonra) çoxdan burdasız?

Fransuaza - xeyr... indi gəldim... başqa nəsə lazımdırmı?

Pikasso - yox... yaxşıyam... narahat olmayın

Fransuaza - bəlkə həkim çağıraq?

Pikasso - yox, əzizim. Nə həkim? Yaxşıyam... indi yaxşıyam

Pikasso əli ilə modellər üçün təyin olunmuş masaya işarə edir. Orada əyləşib modellərə xas xüsusi poz ilə oturur.

Pikasso -  dünən yorulmadınız?

Fransuaza - siz bitirdiniz portreti?

Pikasso - yox, eskizi tamamlamışam

Fransuaza - lap yaxşı... demək hələ gəlməliyəm

Pikasso - yorğunsunuzsa, işi müvəqqəti dayandıra bilərik

Fransuaza - yox... yox... əsla. Mən davam etməsini istəyirəm.

Pikasso Fransuazanın əyləşdiyi yerə doğru gəlir. Fransuazanı rəsmə hazırlamaq üçün əllərinin ayaqlarının yerini müəyyənləşdirir. Xanıma istiqamət verir.

Pikasso - aha... belə daha yaxşı olar

Fransuaza - olduqca maraqlıdır. Görəsən kubizmin banisi masada oturmuş bir xanımı öz təxəyyülündə necə canlandırır?

Pikasso - siz Dalinin əsərləriylə tanışsınız?

Fransuaza - Salvador Dali?

Pikasso - bəli, Salvador. Bəyənirsiniz əsərlərini?

Fransuaza - əlbəttə, bəyənirəm. Onu bütün dünya bəyənir. Həmçinin sizi də. Əriyən saatlar....Qalanın heyrətamis təsvirləri... (gülümsünərək) sarı rəngin dəhşət saçan çalarları... uzun ayaqlı fillər... möhtəşəmdir

Pikasso - Hə... Dali dahidir. Onun əsərlərinin önündən etinasız keçmək olmur. (dərindən nəfəs alaraq) Biz illərin dostuyuq. (baməzəliklə) Dəlisovluğunu bir kənara qoysaq rahatlıqla onunla oturub şərab içmək olar

Fransuaza - (gülərək) Şərabı çox sevirsiniz?

Pikasso molbert önünə qayıdır

Pikasso - Şərab həm gedonist, həm də intellektual duyuma eyni həzzi verməlidir

Fransuaza - Yəni?

Pikasso - yəni həm dadlı, həm də maraqlı olmalıdır

Fransuaza - Dadlı və maraqlı?.... Cənab Pikasso, biz insan haqqında danışmırıq. Şərab necə maraqlı ola bilər?

Pikasso - Şərabın özünəməxsusluğu, xarizması olmalıdır. Zamanın dəyərini qazanmış şərablar bir-birinə bənzəmir. Onlar milyon dad arasından belə seçilir. (xüsusi vurğu ilə) eynilə dahi sənətkarlar kimi

Fransuaza bir müddət fikrə gedir. Pikasso onun dalmasını hiss edir

Pikasso - Fikriniz məndədirmi, Fransuaza? Gözünüzü məndən çəkməyin

Fransuaza - Nə fərq edər... mən modeləm. Necə deyərlər,  (gülümsünərək. Xüsusi vurğu ilə) muza. Sussam daha doğru olar. Əsas odur rəsm düzgün çəkilsin.

Pikasso - Yox,  siz doğru düşünmürsünüz. Forma hələ heç nə demək deyil. Əgər formanın duyğuları vardırsa, o, düşüncələri, emosiyaları ilə rəssamın fırçasını coşdurmalıdır. Siz nəfəs alırsınız, əzizim. Ürəyiniz döyünür. Sizin nəzərləriniz məndə olanda həm ürəyinizin səsini eşidirəm, həm də beynim ideyalarla zənginləşir. Harmoniya buna deyilir, Fransuaza. Axı rəsmi tək mən çəkmirəm, həm də siz çəkirsiniz

Fransuaza - Məni nəyə bənzədirsiniz?

Pikasso - səbriniz olsun. Şəkil tamamlananda biləcəksiniz.

Fransuaza - Heç olub ki, öz işinizdən usanasınız?

Pikasso - (gülür) Əzizm, əgər sən əsgər yolunu tutmusansa, demək geniral ola bilərsən. (pauza) Monax yolu səni Papa olmağa doğru aparacaq, - anam belə deyirdi. Amma mən rəssamlıq yolunu seçdim və Pikasso oldum. (pauza) Səncə bu qədər rəngin, ideyanın içində darıxmaq olar? (pauza)

Fransuaza - (fikrə dalaraq) Mən isə hərdən çox darıxıram. Elə bilirəm həyatım çox monotondur, cansıxıcıdır.

Pikasso - Bu, gənc qızların hamısına aid bir xüsusiyyətdir. Ətrafınızda yüzlərlə heyranınız olduğu halda özünüzü tək hiss edirsiniz. Sevgi təklifi edilən zaman, nədənsə qorxursunuz. Bir sözlə, siz qadınlar nə istədiyinizi özünüz də bilmirsiniz.

Fransuaza - Bəlkə də... bəlkə də biz özümüz öz həyatımızı daha da qəlizləşdiririk.

Pikasso - (İşini yekunlaşdıraraq) Yadınızda saxlayın, xoşbəxtliyi heç vaxt uzaqda axtarmayın. (pauza) Qalxa bilərsiniz, əzizim

Fransuaza - Belə tez...?

Pikasso - əlimdə paralel başqa bir iş də var. Onu tamamlamalıyam

Fransuaza - yaxşı...

Fransuaza pərt vəziyyətdə ayağa qalxır. Pikassonun fikri rəsmin yanındadır. Fransuaza bayaq üzərinə örtük atılmış böyük rəsmin önünə yaxınlaşır. Diqqətlə Pikassoya baxır. Örtüyün bir hissəsini qaldırır. Bunu görən Pikasso ildırım vurmuş kimi...

Pikasso - Ona əl vurmayın!

Fransuaza - (Örtüyü rəsmin üzərinə çəkərək) bağışlayın

Pikasso - heç vaxt belə eləməyin!

Fransuaza - (düşüncələrə dalaraq) Niyə və qara fon? Yəni sizin gözünüzdə dünya bu qədər rəngsizdirmi?

Pikasso - (rəsmlə məşğul olaraq) Əzizim, incəsənət, rəssamlıq korlar üçün olan sənətdir. Rəssam gördüyünü yox, hiss etdiyini çəkir.

Fransuaza - (Pikassoya yaxınlaşır. Xüsusi əda ilə. Pikassonun arxasına keçərək. Özünü nəzərdə tutaraq)Yəni heç nə sizin qəlbinizi rəngləyə bilmir?

Pikasso - (susur. düşünür) Məhəbbət ən gözəl bərpaedicidir. Məhəbbət insan həyatına rəng qata bilir. (pauza) Yəni mən həqiqi məhəbbəti nəzərdə tuturam. Əsarəti yox.

Fransuaza - Axı sevgi həm də asılılıqdır. Məhbəsdir

Pikasso - Yox... yox... bu mənim həyat tərzim deyil. Mənim düşüncəmə görə  sevgi azad olmalıdır. Sevgi həyata rəng qatmalıdır.

Fransuaza tablolar arasında gəzişir

Pikasso - İki şəxs bir-birinə müsbət emosiyalar ötürməklə həyatını gözəl etməlidir. Klassikadan bizə gələn göz yaşı, iztirab, ah-zar, ayrılıq, illərlə Odisseylərin yolunu gözləyən Pennelopalar dövrü çox geridə qalıb.

Fransuaza - ah, romantika

Pikasso - Nədən bizlər hələ də sevgi deyərkən klassik üslubu seçirik? Gözləmə mövqeyi, sevərmi-sevməzmi sullarıyla dolu boşuna keçən vaxt itkisi, məktub, göyərçin. (istehza ilə gülür)

Fransuaza - axı, məhəbbət... (sözü yarımçıq qalır)

Pikasso - Bu, kllassik tələdir, əzizim. Müasir dünya lakonikliyi, cəldliyi sevir. Bunun üçün uzun-uzadı sevgi tarixçəsinə, alovlardan keçməyə, tikanlı məftillər üzərində gəzməyə ehtiyac yoxdur. Mən səni sevirəm, sən də məni sevirsən. Mən səni seçirəm, sən də məni seçirsən, vəssalam.

Fransuaza - (fikrə gedərək) Axı belə daha maraqlı olur

Pikasso - Utopik maraq dolanbacı. Ədəbiyyat həqiqətən insan düşüncələrini 180 dərəcə dəyişməyə qadir olan böyük sənətdir. Homerdən bu yana bütün yazıçılar sevgi üslubu uydururublar. Məhəbbət mövzusunda müxtəlif sevgi modelləri yaradıblar. Zamanla əsər oxusunda başı gicəllənən oxucu həmin romantikanı (xüsusi vurğu ilə), uydurmanı həyat tərzinə çevirməyə çalışıb. Biz də Romeo və Cülyetta kimi nakam ömrü eynilə həyatımıza yansıtmaq istəmışık.

Fransuaza - Uçdum eşqin zərif qanadlarıyla...

Eşqi daş divarlar saxlaya bilməz!

Hər şeyə qadirdir ülvi məhəbbət...

Ah, məhəbbət....

 

Davamı gələn sayımızda

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 sentyabr.- S.13.