Qardaşımın
ölümü onu ata kimi sarsıtsa da, insan kimi,
yazıçı kimi heç vaxt sarsıtmadı...
Ədəbiyyat adamları,
onların övladları, yaxınları ilə bağlı
hazırladığımız "Kürsü" layihəsinin
ilk qonağı Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri, dəst-xətti, üslubu olan
xalq yazıçısı Sabir Əhmədlinin qızı
filologiya üzrə fəlsəfə doktoru Yaqut
Quliyevadır.
Sabir Əhmədlinin
ömrünün son illərini yaşadığı mənzilin
qapısına çatanda qəribə hisslər
keçirirdim. Onun bu evdə yazıb qələmə aldığı
əsərlərindəki sətirlər, qəlbinin
ağrısı, yanğısı ilə ilmə-ilmə
toxuduğu cümlələr gözlərimin önündə
dirilib, canlandı. İtirdiyi torpaq uğrunda əvvəl
qardaşını, daha sonra isə oğlunu qurban verməsi və
bu itkilərlə vətənpərvər yazıçı,
ziyalı kimi barışsa da, canından, qanından qopan
insanların yoxluğuna heç vaxt alışa
bilməmək nisgilinin gətirdiyi narahatlıqlar,
ağrı-acılar, əqidəsi uğrunda əyilmədən
apardığı mücadilələr hamısı bu evin
divarları arasında onun yazıçı qəlbinin
süzgəcindən keçib ağ vərəqlərin səhifəsinə
düzülmüşdü.
Sabir Əhmədlinin
yaşadığı bu ev, buradakı
iş otağı mənim üçün doğma, müqəddəs
məkan idi. Ora daxil olanda
yazıçının yaşadığı ürək
ağrılarını xatırladıqca doluxsundum. Amma bu böyük insanın yaşadığı ləyaqətli
yazıçı ömrü, əzəmətli,
alnıaçıq şəxsiyyət həyatı məni
kövrəklikdən çəkindirdi.
Qapını bizə Yaqut
xanımın özü açsa da, qonaqpərvərliyi ilə
xoşgəldin edən Sabir Əhmədlinin gəlini Aytən
Əhmədova və Yaqut xanımın həyat
yoldaşı, professor Tərlan Quliyev də söhbətimizin
iştirakçısına çevrildilər.
- Sabir Əhmədli
məhsuldar yazıçı olub. Günün
xeyli hissəsini də yazı prosesinə ayırırdı.
İş prosesi necə idi?
- Atam hər gün işdən gələndən
sonra bir-iki saat dincəlib iş otağına keçərdi.
Yadıma gəlir ki, özü
üçün kofe dəmləyib içər və
xüsusən də gecələr işləyərdi. Səhər isə həmişəki vaxtda işə
yollanardı.
"İnostrannaya
literatura" jurnalının 60-70-ci illərdə
çıxan bütün nömrələrinə,
"Novıy Mir" jurnalına abunə
yazılmışdı. Mütaliə də edirdi. Amma lap
çox etmirdi. Çünki yazıçı
üçün mütaliəni bir az
ehtiyatlı sərhəd hesab edirdi. O
düşünürdü ki, yazıçının
unikallığı onun özünəməxsusluğunda olur
və həddindən artıq mütaliə
yazıçını başqa yazıçıların təsiri
altına sala bilər. Amma bizə daima mütaliə
etməyi tövsiyə edirdi. Qardaşım
da, mən də onun kitabxanasına dərs oxumaq adı ilə
girirdik, amma daha çox bədii kitablar oxuyurduq (gülür).
-
Özünün xüsusilə sevdiyi yazıçılar
kimlər idi?
- Bütün rus, Avropa klassiklərinin
hamısını oxumuşdu. Amma rus ədəbiyyatından
ən çox sevdiyi yazıçı Vasili Şukşin idi.
Həmişə də deyirdi ki, o, təmiz rus
deyil, Sibirdə anadan olub, qanında türk qanı var.
Biz atamın kövrəldiyini,
ağladığını heç vaxt görməmişdik. Bircə dəfə onun
kövrəlməyini elə Şukşinin
ekranlaşdırdığı "Qırmızı
kalina" filminin
sonluğunda görmüşdük.
Sabir müəllimin toxunan,
belə deyək də, ən incə yeri müharibə
mövzusu idi.
Bu da təbii ki, qardaşı Cəmil Əhmədovun
Böyük Vətən müharibəsinə gedib qəhrəmanlıqla
həlak olmasından qaynaqlanırdı. Mənim
yadıma gəlir ki, Krasnodarda Cəmilin döyüş
yoldaşları ilə
görüş olanda atam qardaşımla birlikdə
oraya getmiş, sonralar məktublarını toplayaraq Cəbrayılda
öz təşəbbüsü ilə tikdirdiyi ev muzeyinə
vermişdi. Cəbrayıl işğal olunandan
sonra o, Cəmil Əhmədovun məktublarını gətirmədikləri
üçün hamıdan incimişdi.
Atam axırıncı dəfə Cəbrayıla
avqustun 18-də Məhəmmədlə gedib-qayıtmışdılar.
23-də isə rayon işğal olunmuşdu.
Cəbrayılın işğal
olunacağına inanmırdı. Yoxsa, elə
özü rayona gedəndə də məktubları
götürə bilərdi.
- Yaqut xanım,
"Yazılmayan yazı", romanı özünün
yazdığı kimi çap olundu, ya hansısa redaktələr
oldu?
- Özü yazanda bəzi yerləri
redaktə edib mənə verirdi. Mən də
onları kompyuterdə yığıb gətirəndən
sonra oxuyurdu.
O, həmişə bizə məsləhət
görərək deyirdi ki, - yazı prosesində heç vaxt
özünüzü redaktə etməyin. Düşünməyin
ki, filan şeyi yazaram, çap etməzlər və ya
yaxşı alınmaz. Ürəyinizdən
nə keçirsə, onları yazın. Nə
vaxt ki, yenidən həmin yazıya qayıdacaqsınız,
artıq o zaman redaktə işi ilə məşğul olun.
Amma yazı prosesində heç vaxt
özünüzü qısmayın.
- Sabir müəllimi
xüsusən gənclər çox sevirdilər...
- Atam, ümumiyyətlə, gənclərlə
ünsiyyəti xoşlayırdı. "Ədəbiyyat
qəzeti"ndə işləyəndə də gənc
yazarları, şairləri çağırırdı, dairəvi
masa təşkil edirdi. Onlara deyirdi ki, ədəbi proses
haqqında danışın, fikirlərinizi,
iradlarınızı, gələcək barədə
arzularınızı bildirin. Heç bir redaktə
olunmadan hamısı qəzetdə çap olunacaq. Ümumiyyətlə, o, cavanlara azadlıq verməyin,
yenilikçiliyin tərəfdarı idi. Kəşf
olunan hansısa yenilikdən xəbərsiz qalmasını
özü üçün böyük qüsur hesab edirdi.
Ömrünün son illərində o,
özünə kompyuter almışdı. Onu öyrənənə
qədər
çətinliklər çəksə də,
öyrənməyə nail olmuşdu.
Atamın müsahibələrinin
birində belə bir fikir vardı ki, gənc nəsli danan,
onları görməzdən gələn yaşlı nəsil
züryətsizdir. Yaşlı nəsil gedirsə, mütləq
onun ardınca gənclik gəlməli və həmin gedənlər
də gənclərin inkişafı üçün şərait
yaratmalıdırlar.
O, yaltaqlığı, kiminsə
qılığına girməyə çalışan
adamları sevmir, şəxsiyyət kimi qəbul etmirdi. Misal üçün, bizə kitabxanasından oxumaq
üçün kitab verəndə Ernest Heminqueyin
kitabını seçib deyirdi ki, bu yazıçı
müharibə iştirakçısı olub əsər
yazıb, kiminsə dilindən eşitiklərini yox. Müharibədən, əsgərdən yazmaq
üçün gərək yazıçı heç olmasa
bir gün gedib həmin əsgərlə səngərdə
otursun, onun nə yeyib içdiyini görsün,
düşüncələrindən, ürəyindən nələrin
keçdiyini hiss etsin.
- Atanızla
ata-övlad münasibətindən əlavə dost ola bilmişdiniz?
- Cavanlıqda heç bir dostluqdan
söhbət gedə bilməzdi. Bizimlə
çox ciddi, pərdəli davranırdı. Evimizdə həmişə ciddi rejim olardı.
O, işdən gələndən sonra tam sakitlik hökm
sürürdü. Onun sakitliyinin keşiyində
isə anam durardı.
İndi biz öz
uşaqlarımızı çox ərköyün
böyüdürük. Amma mənim yadıma gəlmir, mən nə
vaxtsa atama zəng vurub deyim ki, işdən gələndə mənə
filan şeyi al gətir. Bu, mümkün
deyildi. Bu kimi məsələləri həm
anam tənzimləyirdi, həm də biz, sovet
dövrünün uşaqları müstəqil
böyüyürdük.
Sabir müəllimlə
dostluğumuz onun yaşlı dövründən
başladı.
Biz ailə qurandan, uşaqlarımız
dünyaya gələndən sonra yavaş-yavaş ona
sözümüzü deyə bilirdik, zarafatlaşırdıq.
(Söhbətin bu yerində Tərlan
müəllimə müraciət edirəm)
- Tərlan müəllim,
son dövr əsərlərində Sabir müəllim nəvələrindən,
yaxın qohumlarından, sizdən də bəhs edir, maraqlı
müşahidələrini qeyd edirdi. Qohum kimi
sizinlə münasibəti necə idi?
- Normal səviyyədə idi. Sabir müəllim "Ədəbiyyat qəzeti"ndə
redaktor olmamışdan əvvəl qəzetlə əməkdaşlıq
edirdim. Amma qohum olandan sonra o qəzetlə
get-gəlim kəsildi. "Azərbaycan
dili və əruz" adlı yazı və bir dostumuzun
kitabı haqqında resenziya yazmışdım. İstəyirdim ki, "Ədəbiyyat qəzeti"ndə
çap olunsunlar. Amma o yazıların
heç biri orda çap olunmadı.
"Azərbaycan dili və əruz"
haqqında yazımı bu günə qədər
özümün ən yaxşı elmi yazılarımdan biri
hesab edirəm.
- Yaqut xanım, bu
kimi söhbətlərin pərdəarxası olurdu?
- Heç vaxt. Söhbət
harda baş verirdisə, elə orda da qalırdı. Çünki biz hamımız onun xasiyyətini
bilirdik. Tərlan müəllimi ilk dəfə
atamın yanına mən göndərmişəm. Biz onda Akademiyada işləyirdik, atam da nəsr
şöbəsinin müdiri idi. Onda atam Tərlan
müəllimin savadını,
dünyagörüşünü çox bəyənmişdi.
Yeri gələndə başqalarının
yanında müdafiə də edirdi. Amma qəzetdə
baş redaktor olandan sonra nəinki Tərlan müəllimi,
bizim heç birimizi ora yaxın qoymadı. Biz də onun qoyduğu qaydalarla nəinki hesablaşırdıq,
onları qorumağa çalışırdıq. İstər sağlığında, istərsə də
indi yaratdığı yola xələl gəlməsinə
imkan verməmişik.
Bir dəfə ona
"Novıy Mir" jurnalından suallar
yollamışdılar. Orda belə bir sual vardı ki, qəhrəmanlığı
necə başa düşürsünüz? Atam həmin
suala belə cavab yazmışdı:
"Yaşadığımız dövrdə insanın
öz mənəvi keyfiyyətlərini qoruyub-saxlaması elə
əsl qəhrəmanlıqdır".
- Tərlan müəllim,
sənət müstəvisində mübahisələriniz
olurdu?
- "Ədəbiyyat qəzeti"
həmişə nüfuzlu qəzet olub. Bizim elmi
mühitdə olan ziyalılarımızın bir çoxu
tanınmaqlarına, məşhur olmalaqrına görə məhz
həmin qəzetə borcludurlar. Və siz təsəvvür
edin ki, Sabir müəllim orda baş redaktor işlədiyi
üç il müddətində, elə
ondan əvvəlki fəaliyyət dövründə də mənim
orda beş-altı məqaləm çap olunub. Yəni
mənim o qəzet vasitəsilə tanınmağım
üçün Sabir müəllim heç bir şərait
yaratmadı. Bizim bu barədə mübahisələrimiz
əlbəttə olurdu. Misal
üçün, Sabir müəllim deyirdi ki, Füzuli haqqında
elmi məqalələr niyə "Ədəbiyyat qəzeti"ndə
çap olunmalıdır? Bunun
üçün elmi məcmuələr var və s.
- Tərlan müəllim,
bəzi elm adamları, oxucular Sabir müəllimin dilinin
çətinliyindən, qəlizliyindən şikayətlənirlər.
Sizin bu fikrə münasibətiniz maraqlıdır...
- Mən indi təzədən Orta əsr
ədəbiyyatını, Nəsiminin, Həbibinin, Həqiqinin
əsərlərini oxuyuram. Və görürəm ki, misal
üçün, Nəsiminin dili ilə ondan bir az sonrakı illərdə yaşamış Həqiqinin
dilində nə qədər böyük fərq var. Yəni Nəsiminin
istedadının böyüklüyü ona imkan verib ki, dildən
geniş şəkildə istifadə etsin. Amma
tutaq ki, Həqiqidə bu alınmayıb. Halbuki,
hər iki şairin müraciət etdiyi mövzular da,
yazdıqları dil də, ideyalar da eyni olub. Amma Nəsiminin dilinin zənginliyi onu bizə
başqa cür tanıdıb, sevdirir. Və
Nəsimi təfəkkürünün böyüklüyü
onun dilində meydana çıxır.
Sabir müəllimin
yaradıcılığına qayıdıb onunla
aşağı-yuxarı həmyaşıd olan
yazıçıların da yaradıcılığına nəzər
salanda, görürəm ki, onun dili çox zəngindir. O biri
yazıçıların dili Sabir müəllimin dilindən
çox fərqli və sadədir. Həmin mətnlər
publisistikadan seçilmir. Azərbaycan
dilinin potensialı, çoxqatlılığı,
canlılığı Sabir Əhmədlinin əsərlərində
ortaya çıxır.
Mən Sabir müəllimin
dilini Azərbaycan ədəbiyyatında bir sənətkarın
dili ilə müqayisə edərdim. Onun üslubundakı
etnoqrafikliyi, dilindəki canlılığı ancaq Məhəmmədhüseyn
Şəhriyarın "Heydərbabaya salam" əsəri
ilə müqayisə edə bilərəm. Sabir müəllim də Şəhriyar kimi xalqın
ruhunu məhz öz dili vasitəsilə canlı şəkildə
oxucuya təqdim edirdi. Canlı xalq dili,
enerjisi də məhz budur.
- Yaqut xanım,
Sabir müəllim əsərlərini yazarkən kiminləsə
fikir mübadiləsi aparırdı?
- O, yazanda
çalışırdı ki, ana dilimizi təmiz saxlasın.
Bəzən qədim türk sözləri barədə
akademik Tofiq Hacıyevə zəng vurub, onunla məsləhətləşirdi.
Dil haqqında onun bir fikri vardı ki, "dil təfəkkürün
məhsuludur. Amma ünsiyyət
yaratdığı qədər də ünsiyyətə mane
olur. Yazıçılığın ən
böyük çətinliyi ondadır ki, yazıçının fikirləri tərcümə
zamanı itir."
İndi hərdən mən
Cəbrayılı arzulayanda onun əsərlərini
götürüb oxuyuram. O qədər gözəl təsvirlər
var ki, elə bilirəm ki, Cəbrayıldayam.
Onun əsərlərini rus
dilinə tərcümə edən bir qadın vardı. Atam onunla
telefonla danışsa da, nigaran qalırdı. Axırda Moskvaya getməli olurdu ki, onunla birgə
işləyib Azərbaycan dilində demək istədiklərini
rus dilində də oxucuya çatdıra bilsin. O, həmişə
əsərin təsir gücünün tərcümədə
itməsindən şikayətlənirdi.
- Ən çox kimlərlə dostluq edirdi? Onlar atanız rəhmətə gedəndən
sonra onu xatırladılar?
- Öz yaşıdlarından
İsmayıl Şıxılı, Məmməd Araz, Əli Kərim,
Bəxtiyar Vahabzadə atamı çox istəyirdilər. Onlar da atamla yaşıd olduqları
üçün onun ölümündən əvvəl, ya da
sonra dünyadan köçdülər. Amma indi də ədəbi
fəaliyyətlə məşğul olan ağsaqqal və gənclərdən
Sabir Rüstəmxanlı, Aqil Abbas, Şərif Ağayar,
İradə Musayeva həmişə onu xatırlayırlar,
haqqında yazırlar.
Atam, ümumiyyətlə,
sadə, el adamları ilə dostluq etməyi çox sevirdi. Həmişə
deyirdi ki, mənə tənqidçinin fikrindən çox
sadə oxucunun fikri daha maraqlıdır.
- Cəbrayıl
işğal olunanda, hansı hisslər keçirirdi?
- Ağdam işğal olunandan sonra
biz hamımız narahatlıq keçirirdik. Mən
hərdən deyirdim ki, əgər Ağdam gedibsə, Cəbrayıl
da işğal oluna bilər. O, isə mənə
acıqlanırdı ki, Cəbrayıl heç vaxt
işğal oluna bilməz.
Ancaq Cəbrayıl da
alınandan sonra çox sarsılmışdı. Onun işə
getdiyi yolda yataqxana vardı, orda qaçqınlar məskunlaşmışdılar.
Hər gün işə gedəndə
onların yaşantılarını, çətinliklərini
görüb, öz içindən keçirib, əzab çəkirdi.
Həmişə deyirdi-burda böyüyən
uşaqların vətəni yataqxana pilləkənləri, səkiləridirsə,
onlarda vətənpərvərlik hissi necə formalaşacaq?!
Söhbətin bu yerində Sabir
Əhmədlinin iş otağına keçirik. Divar boyu qoyulan şkafda yazıçının
mütaliə etdiyi kitablarla yanaşı, öz kitabları
sıralanıb. Otağın yuxarı tərəfində
pəncərənin önündə qara kreslo və yazı
masası üzərində isə kompyuter var. Sağ tərəfdəki
şkafda isə yazıçının iri portreti, çərçivəyə
salınmış başqa bir şəkli və onunla
yanaşı 1994-cü ildə Murovda şəhid olmuş
oğlu Məhəmmədin 10-cu sinifdə çəkdirdiyi,
sonra isə məzarına vurulan şəkli qoyulub.
- Yaqut xanım, qəribə
bir tale paralelliyi var. Sabir müəllimin qardaşı Cəmil
Əhmədov rəhmətə gedəndən sonra Sabir müəllim
valideynləri ilə birgə qardaşının həmişəlik
çıxdığı evdə, ata yurdunda yaşaya bilməyib
başqa yerə köçürlər. Məhəmməd
şəhid olandan sonra da o, bu yerdəyişməni bir də
ata kimi yaşamalı olur...
- Məhəmməddən sonra onlar o
evdə qala bilmirdilər. Atam elə bil ordan
küsmüşdü. Mən bir az ərköyün
olduğum üçün hərdən qardaşımın,
anamın deyə bilmədiklərini atama deyirdim. Onlar hələ
ordan köçməzdən əvvəl atama dedim ki, - bəlkə
bu evi tərk etməyəsiniz. Axı bu evdə
qardaşımın nəfəsi, sənin
otağındakı pəncərənin pərdələrində
onun əl izləri var. Ancaq onlar heç biri mənimlə
razılaşmırdılar. Hər ikisi də
deyirdilər ki, biz o uşaqdan sonra bu evdə yaşaya bilmirik.
Atam həm fiziki, həm də mənəvi
cəhətdən möhkəm, ideyası, həyat kredosu
uğrunda axıra qədər getməyi bacaran adam
idi. Məhəmmədin şəhid
olmağı onu ata kimi sarsıtsa da, insan kimi,
yazıçı kimi sarsıtmadı. O, çox vətənpərvər
insan idi. Ömrünün son gününə qədər
qardaşımın ölümünə tərəddüd
keçirtmədi. Həmişə anama ürək-dirək
verirdi ki, sənin oğlun çox böyük iş
uğrunda gedib. Onlar nə qədər təklikdə qalanda əzab
çəksələr də bunu kimsəyə hiss etdirməzdilər.
- Amma "Axirət
sevdası" əsərində yazıçının
oğlunun ölümünə görə
yaşadığı təəssüfü, heyifsilənməni
hiss etməmək olmur...
- Kamil Vəli həmişə deyirdi
ki, "Axirət sevdası" əsərini oxuyan adam üçün bir neçə ürək
lazımdır ki, əsərdəki ağrı-acıya
dözə bilsin. İndi görün Sabir
müəllim bu əsəri yazanda nələr çəkib."
Həmin kitabdan bizim
hamımızın evində var. Atam özü avtoqrafla bizə
bağışlamışdı. Mən o kitaba kənardan baxanda
özümü pis hiss edirəm, yaxınlaşa bilmirəm.
Elə bilirəm ki, ona
yaxınlaşsam, kitab məni yandırar. Hərdən götürüb oxumaq istəyirəm,
sonra Məhəmmədin həlak olmasından, əsgər
tabutlarından bəhs edən sətirləri görəndə
pis oluram, oxuya bilmirəm.
Orda nəql etdiyi əhvalatların,
hadisələrin hamısını atam öz gözləri ilə
görmüşdü və gördüklərini də qələmə
almışdı. Ata kimi əlbəttə ki, bu itkiyə
heyifsilənirdi. Amma yazıçı kimi
yox.
Məhəmməd 1970-ci ildən
idi. Böyük qardaşımdan on yaş, məndən
isə səkkiz yaş balaca idi. Anam işə
gedəndə o uşağı elə biz qardaş-bacı
birlikdə saxlayırdıq.
O, çox gözəl, ucaboy,
yaraşıqlı, həyatsevər oğlanıydı. Onun gözəlliyini fotoqraf əks etdirə bilməzdi.
Atam da surətpərəst olduğu
üçün hündürboy, qamətli, göyçək
adamları sevərdi. Anam həmişə
deyirdi ki, mənim balamı göz apardı. O, həyətə
çıxan kimi hamı başına
yığışırdı. Məktəbdə
ən savadlı uşaq idi. Moskva Poliqrafiya İnstitutuna
qəbul olunandan sonra gedib orda bir az oxudu.
Sonra atam dedi ki, yox e, elə bil uşaq
yadlaşır. Qayıtsın Bakıda oxusun.
Məhəmməd ordan çıxandan sonra təzədən
burda AZİ-yə qəbul olundu. Gündüzləri
işləyib, axşamları dərsə gedirdi.
- Elə həmin
kitabda Sabir müəllim evinin kandarına çatanacan Məhəmmədin
ölümünə inanmır. Sizcə
yazıçı fəhmi də onu aldatmışdı, ya
qara xəbəri evə çatana qədər özündən
uzaqlaşdırmaq istəmişdi?
- O, fəhmli, ayıq adam
idi. Əlbəttə ki, oğlunun
ölümü atamın ürəyinə
dammışdı. Sadəcə,
özündən uzaqlaşdırıb, qəbul etmək istəməmişdi.
Hətta anam da dəfn vaxtı deyirdi ki, bəlkə
bu mənim oğlum deyil. Amma dayım da,
qardaşım da Məhəmmədin üzünü
görmüşdülər. Dayım Məhəmmədin
cibindən çıxan, anamın qardaşıma verdiyi
Quranı anama gətirmişdi.
Atam sonralar deyirdi ki, Məhəmmədin
həlak olduğu yerdə də arxada gizlənənlər,
Murova getməyənlər vardı. O, da istəsəydi getməzdi. Amma bunu etməmişdi.
Biz hamımız o oğlanı
çox istəyirdik. Atam elə bilirdi ki, Məhəmməd
onun nəvəsidir. Heç birimizə
göstərmədiyi mehribanlığı ona görstərirdi.
Atam onu çox sevirdi.
- Amma o dövrdə
Sabir Əhmədlinin onu müharibədən saxlamaq
imkanları da olub...
- Sabir müəllim, onu heç vaxt
müharibədən saxlamazdı. Elə Məhəmmədin
özü rəhmətlik atama deyirdi ki, bu qədər cəbhə
bölgələrinə gedirsən, əsgərlərlə
görüşürsən, heç sənə sual vermirlər
ki, oğlanların niyə müharibədə deyil? Atam da demişdi ki, belə bir sual verməyiblər,
amma verə bilərlər.
- Bu, həm də
Sabir Əhmədlinin sizə təlqin etdiyi vətənpərvərlik
ruhundan, verdiyi tərbiyədən irəli gəlirdi.
- O, daima evdə vətənpərvərlik
ruhunda təbliğat aparırdı. Cəmil
Əhmədovun şəkli həmişə evimizdə kitab rəfində
olub. O, iyirmi yaşında həlak olmuşdu. Biz əmimin
yaşını ötəndən sonra hər ad günlərimizdə
bizə deyirdi: "Siz artıq filan qədər Cəmildən
böyüksünüz. O, isə iyirmi yaşında
görün, nə qədər böyük qəhrəmanlıqlar
edib." Atam bizi elə ruhda tərbiyə
etmişdi ki, Məhəmməd müharibəyə getməyə
bilməzdi.
- Yaqut xanım,
atanızla bağlı ən çox nələri
xatırlayırsınız?
- Atam sevgiylə yaşayan, yeyib-içməyi, gəzməyi xoşlayan ürəyiaçıq kişi idi. Ailəsini, uşaqlarını çox sevirdi. Mən ailə qurandan sonra Etibarın yoldaşı Aytən onlara qız oldu. O da Aytəni çox istəyirdi.
Atamla bağlı yadımda nə qalıbsa, hamısı mənim üçün əziz xatirədir. Axırıncı dəqiqəsinə, onu xəstəxanaya aparana qədər hər şeyi xatırlayıram.
Söhbətləşdi: Samirə Əşrəf
Ədəbiyyat
qəzeti.- 2018.- 1 sentyabr.- S.16-17.