Zəngin erudisiyalı yazıçı

 

Ədəbiyyatın əsas mövzularından biri - yeni quruculuq işləri mövzusu, fəhlə həyatının təsviri yenə də bədii nəsrimizdə əhəmiyyətli yer tutur. Doğrudur, hələ İkinci Dünya müharibəsindən əvvəl inqilabi keçmişi əks etdirən "Gizli Bakı", "Döyüşən Şəhər" (M.S.Ordubadi), "Araz" (Abdulla Şaiq) romanlarında Bakı fəhləsinin həyatı və mübarizəsi öz əksini tapmışdı. Lakin o illərdə yeni nailiyyətlər qazanmış Azərbaycan fəhləsinin həyatının geniş epik təsviri verilməmişdi. Bu ciddi kəsr yalnız müharibədən sonrakı illərdə qismən aradan qaldırıldı. Bir sıra görkəmli yazıçılarla yanaşı xalq yazıçısı, tanınmış nasirdramaturq, ssenaristpublisist kimi tanınan İmran Qasımovun zəngin yaradıcılığında da öz əksini tapdı.

Yazıçı hələ orta məktəbdə oxuyarkən yeni həyatın hər nöqtəsində təcəssüm edən yenilikləri xırda hekayələrində qələmə almış, universitet illərində isə (1938-1940) neft kəşfiyyatçıları, geoloqlar haqqında "Yeraltından gələn səslər" adlı ssenari ilə ədəbi tənqidin marağına səbəb olmuş, hələ o illərdə əsər Məşədi Əzizbəyov adına Dram Teatrında tamaşaya qoyulmuşdur. İlk qələm təcrübələrindən sonra ədib yeni yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə yeni yollar axtarır, ədəbi axtarışlarını və müşahidələrini gücləndirir, qüdrətli söz ustadlarının təcrübəsindən məharətlə istifadə edərək, yeni həyatın, yeni quruluşun, Bakı ədəbi mühitinin canlı hadisələrindən, ictimai, mədəni mühitlə yaxından tanış olur və nəticədə, artıq "Arzu" pyesinin yaranmasına gətirib çıxarır.

"Arzu" tamaşası ətrafında görkəmli söz ustaları Səməd Vurğun, Rəsul Rza dəyərli məsləhətlər vermişdilər. Bütün bu fikirlər İmran Qasımova yaradıcılığının inkişafı, zənginləşməsi, onun daha böyük bir məhəbbətlə, ilhamla neft fəhlələrinin həyatını, məişətini, həyat eşqini, xidmət etdikləri ideallara səmimiyyət və sədaqətini göstərmək üçün geniş imkan verdi. Əgər "Yeraltından gələn səslər" , "Arzu" pyesinin yaranmasına zəmin oldusa, "Arzu" nun yaranması "Yeni üfüqlər", "Xəzər üzərində şəfəq", "Dəniz cəsurları sevir", "İnsan məskən salır" kimi pyes və ssenarilərin yaranmasına səbəb oldu.

Əgər yazıçının yaradıcılığını dövrlərə bölsək, bu dövrlər arasındakı dönüşlərin və əsaslı inkişafın şahidi oluruq. Dramaturqun 1940-1960-ci illər arasındakı ədəbi nailiyyətləri təqdirəlayiq olduğu üçün bunun üzərindən ötəri keçmək mümkün deyildir.

Müəllifin bu dövrdə sənətkarlıq axtarışlarının geniş vüsət aldığını və təfəkkürünün cilalanıb inkişaf etdiyini dünya şöhrəti qazanmış "Uzaq sahillərdə" (Həsən Seyidbəyli ilə birlikdə) əsərini göstərmək olar. Romana (eyniadlı filmə) şöhrət qazandıran başlıca amillərdən biri vətənpərvərlik və beynəlmiləlçilik motivlərinin qüdrətli səslənməsidir. Əsərdəki obrazların məharətlə işlənməsi, hadisələrin gedişində əhatəliliyin, dramatizmin artması söylədiyimiz fikrə bir daha haqq qazandırır. Dramaturq həmyerlisi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazının cazibədar ifasına nail olmuşdur.

Romanın aparıcı surəti - Mehdi Hüseynzadə təkcə müəlliflərin bədii təxəyyülünün məhsulu deyildir. Məlumdur ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Azərbaycan torpağında, Bakı şəhərində doğulmuş, böyümüş və pərvazlanmışdır. Yazıçı Xəzər dənizçiləri ilə görüşü zamanı öz həmyaşıdı Mehdi Hüseynzadə haqqında belə məlumat vermişdir: "Uzaq sahillərdə əsəri sənədli əsər deyil, bədii əsərdi, burada real faktlarla yanaşı çoxlu müəllif xəyalı, təxəyyülü vardır".

Bununla belə, Adriatik dənizi sahillərində fəaliyyət göstərən İtaliya-Yuqoslaviya partizan birləşməsinin tərkibinə daxil olan və "Mixaylo" təxəllüsünü gəzdirən partizan kəşfiyyatçının dilçi və bakılı rəssamın tərcümeyi-halına, döyüş fəaliyyətinə dair əsas real faktlar romanda demək olar ki, saxlanmışdır.

Əsərdə qibtə oyadan, qəhrəmanın daxili aləmini, milli qürurunu, gənc olmasına baxmayaraq adət-ənənələrimizə hörmətlə yanaşdığını nümayiş etdirən cəhətlər, Mehdinin keçirdiyi psixoloji anlar həqiqətən çox böyük ustalıqla, bədii boyalarla işlənmişdir. Mehdi Hüseynzadə milli kökünə, milli adət-ənənələrinə bağlı gənc idi. O, gözəl vətəni Azərbaycanı, onun əsrarəngiz guşələrini sevirdi. Bəlkə də o, vətəninin füsunkar təbiətini əlvan boyalara köçürmək məqsədilə rəssamlıq sənətini sevmişdi. Vətənindən, elindən, doğma xalqından, valideynlərindən ayrı düşmək ona çox ağır gəlirdi. Sanki onu ərsəyə gətirən doğma torpaqdan ayrılmaq ona əyan olmuşdu. Çünki onun gündəliyində belə bir bayatı tapılmışdır:

 

Əzizim illər ayrısı,

Bülbül güllər ayrısı.

Bir gününə dözməzdim,

Oldum illər ayrısı.

 

Doğrudan da həmyerlimiz doğma torpağından əbədi ayrıldı. Lakin onun əzəmətli heykəli öz doğma Azərbaycanında ucaldığından, sənətkar qələminin qüdrəti ilə ölməz qəhrəman öz vətəninə qayıtdı. Kiçik zaman kəsiyində bu monumental əsər dünya şöhrəti qazandı. Belə ki, "Uzaq sahillərdə" romanı ekranlaşdırıldı, 20-dən artıq Sovetbir çox dünya xalqlarının dillərinə tərcümə edildi (türk, Çin, macar, bolqar, fars, ərəb), əlvan illustrasiyalarla nəfis şəkildə çap olundu. İmran Qasımov yaradıcılığının 1960-1980-ci illərdəki fəaliyyəti daha maraqlıdır. Bu dövrdə dramaturq vətənimizin tarixi salnaməsinə qızıl hərflərlə yazılan daha böyük, daha məhsuldar hadisələrin şahidi olur. Dövrün, zamanın səciyyəvi cəhətləri, yeni ruhu İmran Qasımov kimi novatorluğu vətənpərvərlik, beynəlmiləlçilik ideyalarını yaradıcılığında vəhdət halında birləşdirən və bunların sintezindən ruhlanaraq gənclər üçün əxlaqi tərbiyə kəsb edən, bəşəri mahiyyət daşıyan sənət əsərləri yaradan sənətkarın ədəbi fəaliyyətində öz əksini tapmaya bilməzdi.

Bu dövr elmi-texnika durmadan inkişaf edir, elmi nailiyyətlərimiz istehsal proseslərinin daha da təkmilləşməsinə səbəb olur, müasirlərimizin həyatında, xarakterində və dünya görüşündə yeni əlamətlər, keyfiyyətlər özünü göstərir. Elmi-texniki inqilab öz gücünü, təsirini ədəbiyyatda da öz əksini tapır. Əmək mövzusunun bədii təcəssümü spesifik çalarlarla kəsb edir. Bədii çalarların, dərin proseslərin əks-sədası bizim ədəbiyyatda da eşidilir. Ədəbiyyatımızın belə uğurlu nailiyyətlərindən biri dramaturq İmran Qasımovun dərin məzmunlu, onun yaradıcılığının zirvəsi sayılan "İnsan məskən salır" pyesində görürük. Əsər əsasında hazırlanan tamaşa Moskvanın qocaman "Malı" teatrında böyük müvəffəqiyyət qazanır.

Bundan ruhlanan yazıçı bir-birinin ardınca fəhlə və əxlaqi-etik mövzularda yeni əsərləri - "Nağıl başlananda" (1972), "Ömür elə qısadır ki..." (1973), "Dairəni genişləndirin" (1974) və s. əsərlərini oxucularına çatdırır.

Tanınmış yazıçı İmran Qasımov yaradıcılığının ayrılmaz qolunu təşkil edən mövzular içərisində sadə zəhmət adamlarının, o cümlədən, fəhlələrin həyatından bəhs edən əsərlər təşkil edir. Tarix boyu insan ömrünün, insan əməllərinin mənası, onun arzu və istəkləri dünyanın zəka korifeylərinin, söz ustalarının təfəkkürünü daima məşğul etmişdir. Dramaturq İmran Qasımovun fikrincə, sənətkarın müraciət etdiyi başlıca obyekt, ilham aldığı əsas mənbə zəhmət adamıdır, onun nəcib arzu və əməlləri, qüdrətli əməyidir.

Ədib yazırdı: Bu insan kimdir, onun intellekti necə təzahür edir, psixololoji xüsusiyyətləri necə dəyişir, qəhrəmanlıq nümunələri nədən başlayır? - Yazıçı həmin suallarla müasirlərinə müraciət edirdi. Qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsindən sonra müasir insanların, fəhlələrin bədii surətini layiqincə yaratmaq problemi yazıçılarımızı ciddi düşündürürdü. İlk dəfə olaraq xalq yazıçısı, ictimai xadim Mehdi Hüseyn fəhlə sinfinin, müasir insanın zəngin həyatını, qəhrəmanlığı, mənəvi aləmini zəngin boyalarla təsvir edən "Abşeron" romanını ədəbi ictimaiyyətə təqdim etdi.

Mehdi Hüseynin "Abşeron" romanından sonra yazıçı İmran Qasımovun fəhlə mövzusunda ərsəyə gətirdiyi əsərlərdə fəhlə obrazı, fəhlə həyatı və xarakteri sənətkar üçün daimi dəyişməz bədii maraq, bədii idrak obyektinə çevrilmişdi. Bu tükənməz mövzu onun yaradıcılığının şah damarı idi. Fəhlə adı, fəhlə şərəfi həmişə sənətkar üçün müqəddəslik rəmzi olaraq qalırdı.

Fəhləlik - insanların həvəs göstərdikləri, ömürlərinin sonuna qədər, axır nəfəsinə kimi sadiq qaldıqları həyat vəzifəsidir. Məşhur buruq ustası Ağa Nemətulla, Mixayil KaveroçkinGülbala Əliyev fəhlədirlər. Azərbaycan tarixinə əbədi olaraq onun ən görkəmli oğullarından biri kimi daxil olmuşlar. İmran Qasımov bu zəhmət adamlarının şanlı həyatından, təbiətinin kortəbii qüvvələrinə qarşı mübarizədə göstərdikləri qəhrəmanlıqlarından istər pyeslərində, istər publisist əsərlərində hərarətlə, məftunluqla söhbət açmaqdan yorulmurdu.

Dramaturqun hörmətlə adını çəkdiyi əmək cəbhəsində möcüzələr yaradan bu adamlar onun əsərlərindəki qəhrəmanların həyatdakı prototipləridir. Dənizdə vəzifə borcunu yerinə yetirərkən faciəli surətdə həlak olmuş Sosialist Əməyi Qəhrəmanı Mixayil Kaveroçkin ədibin "İnsan məskən salır" pyesindəki Cavadın həyatdakı prototipidir.

İmran Qasımov Xəzər neftçilərinin əzəmətli surətlərini sevə-sevə, qəlbinin odu ilə isidə-isidə yaratdı. Xəzər neftçiləri, Xəzər dənizi mərdlik, qəhrəmanlıq, vətənpərvərlik simvolu kimi müəllifin axtarışlarının, arzularının daimi pretmetinə çevrildi. Ümumiyyətlə, Xəzər dənizi romantik, vətənpərvər təbiətli yazıçının yaradıcılığa başlamamışdan əvvəl də bütün qəlbi ilə bağlı yer idi. Bu məhəbbət getdikcə onda daha da möhkəmləndi, bədii yaradıcılığının məbədinə çevrildi. Ona müasirləri - "Sizi Xəzərlə, dəniz neftçiləri ilə bağlayan nədir? - sualına cavabında: "Mən dənizdə doğulub, dənizdə böyümüşəm və haqqında yazdığım adamlar mənə doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yerdə böyüyüb yaşa dolmuşam" - deyərdi.

Tənqidçi Nikolay Abalkinin yazdığı kimi: "Dəniz onun əsərlərinə kükrəyən, üsyan edən, uçurub dağıtmağa çalışan, heç nəyə güzəştə getməyən insan faciəsi ilə üz-üzə dayanan amansız bir qüvvə kimi daxil olmuşdur".

İmran Qasımov əsrinin oğlu idi. Müasirlik onun idea-estetik axtarışlarının insanmühit, şəxsiyyət və cəmiyyət haqqında fəlsəfi düşüncələrinin sadəcə obyekti deyildi. Həm də leytmotivi idi. Bir çox görkəmli sənətkarlar kimi ədibin özüetiraf edirdi ki, əgər sənin yaratdığın sənət inciləri - monolit əsərlər, forma və məzmun, ideya cəhətdən vətənpərvərlik, qəhrəmanlıq, igidlik duyğuları aşılayırsa, onlarda zamanın nəbzi vurursa, isti nəfəsi duyulursa, tarixi hadisələr qlobal əksini tapırsa - demək onlar müasirdirlər. Zaman keçdikcə küləklər, tufanlar və qasırğalar onların rəngini, görkəmini dəyişsə də, rəngləri xəzan vurmuş payız yarpaqları kimi saralsa da, əbədi sənət abidəsi kimi yaşayacaq. Şübhə yoxdur ki, qələminin itiliyi, həyata dərin nüfuzu, üslubu, təhkiyəsi, obrazlılığı, mədəni səviyyəsi ilə seçilən xalq yazıçısı İmran Qasımovun zəngin ədəbi irsi daima ideya bədii təravətini saxlayacaq, oxucularda həmişə dərin və sönməz maraq doğuracaq, müəllif imzasının ədəbiyyatımızda mötəbər mövqeyi daima yaşayacaqdır.

 

 

İfrat Əliyeva

 

Ədəbiyyat qəzeti.- 2018.-1 sentyabr.- S.18.