Yolun sonu...

 

Neçə illərdir başımızın üstündə ölüm kabusu dolaşır - nəslimə yerikləyən ölüm kabusu. Bu kabus mənim dostluğumda olanlara dişlərini yaman qıcayıb. Əvvəlcə Vəli Nəbiyevi, sonra Arif Əmrahoğlunu, indi Zaman Əsgərlini apardı.

Tanışlığımızdan bir az sonra Zamana həsr edilmiş bir məqalə yazdım. Haqqımda çap edilən "Cığır yola çıxır" məqaləsinin sərlövhəsinə uyğun olaraq  həmin yazıya "Cığır yola qovuşur" adını verdim. Zaman dedi ki, niyə belə eləyirsən, cavab verdim ki, fərqi var, ikimiz eyni bir yola çıxırıq, amma hiss edirəm ki, bu yol çox ağır, çox keşməkeşlidir.

Aspirantlar evində bir otaqda qalırdıq. Çarpayılarımızın yanında qoyulan stollar üz-üzə idi. Yaza-yaza ara-sıra zarafat eləyirdik. Qonşu otaqlarda qalan Vilayət Quliyevlə Teymur Kərimli hərdən bizə təşrif gətirirdilər. Bütün gecə boyu çay içib söhbətləşərdik. Zaman bizim nəslin nümayəndələri içərisində dəqiqliyi daha çox sevərdi. Mübahisələrimiz zamanı bəzən kitablarını ələk-fələk eyləyib konkret faktlar tapıb çıxarardı. Zaman Əsgərlinin elmi erudisiyasının nüvəsində tədqiqat üçün son dərəcə səciyyəvi olan konkretlik prinsipi dayanırdı.   

Zaman Əsgərli geniş elmi yaradıcılığa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsinin təhlili ilə başlamışdı. İlk araşdırması olmasına baxmayaraq, bir əsərin faciə janrının yaranmasındakı tarixi rolunu lazımınca qiymətləndirə bilmişdi. Bu tədqiqat işi ədəbiyyatçünaslıq tariximizdə həm bir əsərə necə yanaşmanın, həm bir əsər vasitəsilə bütöv janrın əsas xüsusiyyətlərini necə aşkarlamağın yeni yolunu göstərdi. Tədqiqatın nəticəsi belə bir mühüm fikri ortaya çıxardı ki, hər hansı janrın ideya-bədii imkanlarını ayrıca götürülmüş bir əsər vasitəsilə müəyyənləşdirmək olar.

Aspirantura illərində çox vaxt bütün gecəni işləyib səhəri dirigözlü açardıq. Həmin günlərin birində gördüm ki, Zaman "Müsibəti-Fəxrəddin" əsərini qarşısına qoyub səhifələrini sürətlə çevirə-çevirə nələrinsə altından xətt çəkir. Dedim ki, kitabı korlama. Cavab vermədi. Azca gözlədim, gördüm ki, xeyri yoxdur, yenə dedim: uşaqsan, kitabı da yazıq-yazıq eləyərlər? Bu dəfə cavab verdi ki, belə şeyləri sən bilməzsən. Mən daha dinmədim. Bir xeyli keçəndən sonra dedi ki, qurtardım. Soruşdum: nəyi qurtardın? Cavab vermədi, ayağa qalxıb mətbəxə keçdi, bir stəkan su içib geri qayıtdı. Yenə üz-üzə oturduq. Bu dəfə çox ciddi görkəm alıb danışdı: "Bilirsən, tapmışam? Rüstəm bəyin nitqində işlənən "mən" sözlərinin altından xətt çəkib sayırdım - onlar əsərdə 174 dəfə təkrar olunur. Rüstəm bəyin mənəmliyini lovğalığını hərə bir cür izah edir, amma bu barədə ən tutarlı fakt onun nitqindəki "mən" sözlərinin sayıdır". Zaman itirdiyi ən nadir bir əşyanı tapdığı kimi bu faktın üzərində çox həyəcan keçirirdi, nəyisə həll edəcəyinə əməlli-başlı inanmışdı. Mən hiss elədim ki, cığır yeni bir yola çıxır, bu, bədii yaradıcılığın poetikası məsələsi idi.

Elə belə oldu. Namizədlik dissertasiyasının müdafiəsindən sonra Zaman Əsgərli "Faciə janrının poetikası" adlı doktorluq dissertasiyası üzərində işləməyə başladı. Bu tədqiqatdan bəlli oldu ki, Azərbaycan ədəbiyyatşünaslığı tarixində "poetika" adlı ilk doktorluq dissertasiyası məhz Zaman Əsgərliyə məxsusdur.

Əslində faciə janrının əsas nümunələri haqqında yazmaq çox çətin idi. Bu, bir tərəfdən janrın təbiətindən irəli gəlirdisə, digər tərəfdən bu haqda görkəmli alimlərin sanballı tədqiqatlarının ortada olması idi. Söhbət akademik Məmməd Cəfər, akademik Məmməd Arif, AMEA-nın müxbir üzvü Yaşar Qarayev kimi elm adamlarından-korifey ədəbiyyatşünaslardan gedir. Məmməd Cəfər müəllim Hüseyn Cavid,  Məmməd Arif Cəfər Cabbarlı, Yaşar Qarayev isə həm Cavid, həm Cabbarlı faciələrindən fundamental əsərlər yazmışdılar. Amma Zaman Əsgərli bacardı, bu işdə onun ən yaxın köməkçisi "poetika" anlayışı oldu bu anlayışdan doğan yanaşma üsulları həmin faciələr barəsində yeni söz deməyə imkan yaratdı. Əslində Zaman Əsgərli bu tədqiqatı ilə öz adını həmin görkəmli tədqiqatçıların adı ilə bir sıraya yaza bildi.

Zaman Əsgərlinin 50 yaşı tamam olanda onun haqqında ikinci məqaləni yazdım: "Ardıcıllıq meyarı". Redaksiyada məndən soruşdular ki, məqalənin adını niyə belə qoymusan? Mən cavab verdim ki, Zaman qət etdiyi çətin mürəkkəb elm yolunda yazdıqlarının həm məsuliyyətini, həm ardıcıllığını bilən, onu qoruyan nadir ədəbiyyatşünaslardandır. O, yazıçı alim şəxsiyyətinin qiymətləndirilməsində, bir obrazla digər obraz, hətta obrazla müəllif tədqiqatçı arasındakı əlaqələrin tapılmasında,  elmi rəhbəri ilə özünə aid varislik prinsipinin qorunub saxlanılmasında yeni düşüncə tərzi nümayiş etdirirdi. Məqalədə Zaman Əsgərlinin özünün müxtəlif məqamlarda söylədiyi yolları da xatırlatmışdım: "Dədə-baba yolu", "iztirablı bir yol", "öyrənmək yolu", "sənət yolu", "qeyrət yolu". Bunlar əxlaqi dəyəri, çətinliyə dözməyi, həyat prinsipinə sədaqəti, sənətin intəhasızlığını vətəndaşlığı ifadə edirdi. Əslində Zaman Əsgərlinin çeşidlədiyi həmin yollar onun şəxsiyyətini yaradıcılılğını təyin edən amillər idi.

Zaman Əsgərli şöbə müdiri kimi elmi müzakirələri çox tələbkarlıqla aparardı. Qüsurları düzəlməyən işi şöbədən müdafiəyə buraxmazdı. Hətta mənim Mir Möhsün Nəvvabdan yazan dissertantımın da elmi tədqiqatını iki dəfə müzakirə etdirəndən təyin olunmuş rəyçilərin yazılı rəyini alandan sonra müdafiəyə buraxdı. O, elm adamı kimi tələbkar olduğu qədər cəsarətli idi. Zaman Əsgərli doğrunu düzü hər şeydən üstün tuturdu, hamını doğruluğa düzlüyə səsləyirdi, özü doğrunun düzün müdafiəçisi olan alim kimi yaddaşlara köçdü.

Ötən əsrin 90-cı illərindən başlayaraq bizim nəslin nümayəndələrinin əksəriyyəti müəyyən səbəblərə görə institutdan getdilər: Muxtar İmanov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Alxan Məmmədov, Şamil Vəliyev, Tahir Mənsimov, Füruzə Köçərli, Arifə Məmmədova, Gülnar Səfərəliyeva başqaları. Amma Zaman Əsgərli cığırın yola çıxdığı vaxtdan son günə qədər Ədəbiyyat İnstitutunda qaldı əmək kitabçasına da yalnız bir müəssisənin adı yazıldı. O yalnız ədəbiyyatşünaslığın deyil, həmçinin doğma yeri olan Ədəbiyyat İnstitutunun da təəssübünü çəkən fədakar alim idi.

Zaman Əsgərli haqqında üçüncü məqaləni yazdım: "Yolun sonu". Zaman Əsgərli cığırla başlayanenişli-yoxuşlu keçidləri olan yolun sonuna çatdı: haysız-küysüz, səssiz-səmirsiz. Çətinlik çəkirəm, amma deməyə də bilmirəm: Allah sənə rəhmət eləsin, Zaman Əsgərli! Bu yolun son nöqtəsini çox tez qoydun, əziz dost!

 

Kamran ƏLİYEV

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 sentyabr.- S.19.