Ulduz sönəndə...
Hekayə
Qaranlıq düşmüş, ulduzlar və Ay göy üzünə qızılı rəng naxış vurmuşdu. Tənbəl və yorğun gilavar yayın istisini unutdururdu. Nənəsi Ülkəri qucağına alıb bayırda yamyasıl otların üstündə gəzdirirdi. Gilavar asta-asta əsdikcə Ülkər yayın istisini unudur, oynamaq üçün gözləri oyuncaqlarını axtarırdı. Oyuncaqlarını gəzən qara gözləri yerdən, ətrafdan ümidini üzüb yuxarı-göyə zilləndi. Göy üzünə səpələnmiş qızılı ulduzlar sanki ortadakı Ay adlı qızıl külçəsinə keşik çəkirdilər. Ülkərə babası oyuncaq ay və ulduzlar almışdı. Bunlar qızcığazın ən sevimli oyuncaqları idi. Xeyli vaxt öncə babasının aldığı oyuncaqları qırmış Ülkər göy üzünə bir az da diqqətlə baxdı və babasının hədiyyələrini yenidən gördü sanki. Balaca, toppuş əlləri ilə nənəsinin çiyninə vurdu. Nənəsi ona baxanda o, göy üzünə tuşladı şəhadət barmağını: "Nənə, onu, bax, onu vey!" Nənə Ay işığnda nəvəsinin üzündəki təbəssümü, gözlərindəki sevinci aydın sezə bildi. Nənə başa düşdü ki, nəvəsi göy üzündəki Ayı və ulduzları qırdığı oyuncaqlarına bənzədib.
Ulduz adını - Ülkəri babası təbiəti çox sevdiyi üçün nəvəsinə vermişdi. Günün çoxunu bağda ağac əkməyə, suvarmağa həsr edən baba tez-tez nəvəsini də özü ilə təbiəti görməyə aparırdı. Balaca Ülkər də eynilə babası kimi təbiəti sevirdi. Yeriməyə təzə başlayan qızcığaz bütün gün həyət-bacada gəzir, evdəkilərdən onu çöldə gəzdirməyi istəyirdi. Onun ulduz sevgisi başqa idi. Gecə düşən kimi bayıra qaçmağa, ulduzları seyr etməyə can atırdı.
Kasıb ailədə dünyaya göz açmışdı Ülkər. Əllərinin qabarı ilə dolanan atası zülmlə qazandğı pulları səxavətlə qızının oyuncaqlarına, paltarlarına xərcləyirdi. Ən böyük arzusu bir balasının xoşbəxt gələcəyini görmək idi. O gözəlliyi görməyə isə hələ uzun illər vardı.
Anası, Ülkər doğulandan xəstə idi. O da qızının gələcəyindən nigaran halda xəstəliklə mübarizə apara-apara yaşayırdı. Ağrı-acılarının az olduğu, xəstəliyinin hələ yerində saydığı, irəliləmədiyi dövrlərdə ana ancaq işləyir, balasının gələcəkdə ehtiyac içində böyüməməsi, xoşbəxt yaşaması üçün gecəsini gündüzünə qatıb çalışırdı. Balaca Ülkər isə öz aləmində idi. Bunlar onu maraqlandırmırdı. Təki oyuncaqları olsun, oynasın, nənəsi, babası onu təbiət qoynunda, yamyaşıl otların üstündə gəzdirsin və gecə düşən kimi ulduzlar göyün üzünü bəzəsin. Daha çox bərq vuran ülkər də o ulduzların arasında olsun. Adaşı onu görsə də olar, görməsə də, təki o, göy üzünü darıxmağa qoymasın.
Ülkərin anası Sevda qərib idi. Anası, xalaları
ilə birgə pambıq yığmaq üçün bu rayona gələn zəhmətkeş qadınlara
qoşulmuş və elə orda da
taleyini qurmuşdu Sevda. Sürücü
Məhərrəmlə elə
pambıq sahəsində
tanış olan Sevda zəhmətkeşliyinə
görə oğlanın
sevgisinə laqeyd qala bilməmişdi. Məhərrəm də Sevdanın
qoçaqlığını, zəhmətsevərliyini çox
bəyənmişdi. Həmişə qoçaq, evdar qızla evlənəcəyini
deyən Məhərrəmin
qarşısına elə
axtardığı qız
çıxmışdı. Ağappaq pambıqlardan yığdıqca
taleyinin də rənginin pambıq kimi ağappaq olacağına inanırdı
Sevda. Onu bu rayona ehtiyac gətirmişdi.
Ağappaq pambıqlardan
yığdıqca borclarının,
qara günlərinin azalacağını düşünür
və az
da olsa bununla
təskinlik tapırdı
zavallı qız.
Sevib-seçdiyi Məhərrəmə qoşulub
qaçan Sevda tanımadığı bölgəyə,
adamlara tezliklə uyğunlaşdı. Çoxlu toyuq-cücə saxladı,
özlərini, yumurtalarını,
qapılarındakı qara
inəyin də südünü sağıb
satmaqla dolanmaqlarına
kömək etdi.
Tez bir zamanda həyətdə
əməlli-başlı canlanma
yarandı. Sevda kiçik
təsərrüfatlarından qazandığı pullarla
doğar qoyunlar, keçilər aldı.
Qoyunların, keçilərin südündən pendir hazırlayıb satdı.
Üç ilin içərisində təsərrüfatlarını
bir az
da genişləndirdi.
Toyuq-cücələrinin sırasına qaz,
ördək, hind toyuqları
əlavə olundu.
İnək balaladı, danalar
artdı, qoyun-quzuları,
keçiləri çoxaldı.
Halal zəhmətlə özlərinə
gün-güzəran quran
ailə torpaq sahəsini də genişləndirdi. Məhərrəm, artırdığı torpaqlarda
yonca əkdi, yığdırıb qışda
yaxşı qiymətə
satdı. Növbəti
il evlərini
böyütməyi, təmir
etdirməyi nəzərdə
tutdular. Qoçaq Sevdanın bir arzusu vardı: Qızı Ülkərin xoşbəxt, heç nəyə ehtiyacı olmadan böyüməsi. Əri Məhərrəm də arvadına təsərrüfat
işlərində yaxından
kömək edirdi.
Yaşlı qayınana,
qayınata bir an əllərini işdən çəkmir,
sözü bir yerə qoyub Ülkərin gələcəyi
üçün var qüvvələri ilə
çalışırdılar... Həyat, zəhmətlə
əl-ələ verib
bir ailənin ümidlərini doğrultmaqdaydı...
Fələyin hesab-kitabından, nələri
sayacağından xəbərsiz
ailənin tək ümid, təsəlli yeri gec ailə
qurmuş atanı, ananı, yaşlı nənə-babanı dünyaya
gəlişi ilə sevindirən Ülkər idi.
Göy üzünə duz kimi səpilən ulduzları seyr etməkdən yorulmayan balaca Ülkərə Tanrı elə bir gözəllik bəxş etmişdi ki, görən bir də baxırdı. Ağappaq yanaqlarındakı
zənəxdanları ona
çox yaraşırdı.
Sanki hər yanağında
da bir ulduz
vardı.
Ulduzlu gecələrdə göy
üzünü seyr etməkdən yorulmayan balaca Ülkərin başının üstündə
nə qədər ulduz da axırdı. Nə qədər
adamın ulduzu sönürdü bəzən.
O isə bunun fərqində deyildi. Əlini səmaya uzadar, "Onu mənə vey", "Mənim,
mənimdi o" deyərdi...
Anası, qızının ulduz sevdasını bildiyi üçün onu tək buraxmaz, axşamlar yorğunluğunu
çıxarmaq, dincini
almaq üçün
bayırda stul qoyub oturar və
balası ilə birlikdə göy üzünü seyr edərdi. O da öz ulduzunu axtarardı.
Amansız xəstəlik isə göy üzünə səpələnmiş ulduzlar
kimi çoxalırdı. Sevdanın
iş qabiliyyəti azaldı və yavaş-yavaş itdi...
Vaxt dayanmadan irəliləyir, mənzil başına çatmağa tələsirdi. O mənzilər
kimlərin son evi olacaqdı, Allah bilirdi.
Yay getmiş, növbəti yay gəlmiş, Ülkər
bir az
da böyümüşdü.
Onun ulduz
sevdası xeyli çoxalmışdı.
Ülkər, xəstəxanadan yenicə
çıxmış anasının yenə əlindən tutub bayıra aparmaq,
ulduzları seyr etmək istəyirdi. Ana isə uzandığı pəncərənin
qarşısında gözlərini göyə zilləyib
düşüncələr, xəyallar içərisində öz ulduzunu
axtarırdı. Axtardı, tapdı... İri
bir ulduz bərq vurdu əvvəlcə. Sonra,
sonra isə gəldiyi kimi
də getdi... Bir ulduz da söndü
göy üzündə. Bir
tale də bitdi beləcə.
Daha bir insanın
arzuları ürəyində qaldı. Yer
üzündə bir insan
da azaldı. Ülkər anasının
sönən ulduzunu görmədi. Şirin yuxuda idi həmin vaxt. Sonra oyanacaq, anasını
yanında görməyəcək və daha
ulduzlara tamaşa etməyəcəkdi...
Xuraman
Hüseynzadə
Ədəbiyyat
qəzeti.- 2018.- 1 sentyabr.- S.21.