Azad Ruhun strateji yüksəkliyi yaxud Sözü və Daşı gələcəyə elçi göndərənlər...

 

esse

 

Afinadayam... Akropolun Parfenon və Delfinin Apollon məbədləri yüksəkliyindən gözüm tutduqca, uçuna-uçuna baxdıqca, uzun illər təmasda olduğum antik yunan mədəniyyəti və fəlsəfəsinin həyat dramı sanki gerçək təcəssümündə - nəfəsindən ideyalarınadək - nəzərimdə canlanır. Bir yan fikir - aberton böyürdən soxulur: Afinanın küçələrində motosikllərlə gurhagur şütüyən bu yunanların əski yunanlarla nə bağlılığı var?! Antik Yunanıstan (Ellada) və müasir Yunanıstan (rəsmi: Ellada Respublikası)  arasına tarixən gör nələr pərçimlənib: Roma, xristianlıq, Bizans, Osmanlı, modern Qərb... Yunan dünyası iki min il daha çox özünün olmayan nəsnələrlə doldurulub (Elə bizim kimi). Diogen əlində çıraq əsl Elladanı axtarıb... İndi də bu ölkə antik sərvətlərinə, əsasən, turizmdən gələn gəlir mənbəyi kimi baxır. Ancaq Yunanıstan dünya sivilizasiyasına müstəsna təsir göstərmiş antikliyi üzərində özünün möhtəşəm müasir dövlətini və cəmiyyətini Avropada hamıdan öncə yarada bilərdi. Eyni tarixi durğunluq yunan dünyası ilə bağlantılarda olan ərəb və türk dünyasını da sarıb. Onlar da yunanlar kimi böyük tarixi sütunlarından daha sısqa  dirəklər üzərində özlərini binələndiriblər. Alman, ingilis və fransızlarsa, əksinə... Hə, yüksəkliyin stixiyasındandır ki, oradan bütün səviyyələr görünür...

 

Antik yunanların misilsiz daşduyumu olub: onlar daşı (mərməri) kərpicdən - məbəddən sözə - eposa qədər işləyiblər. Sanki harada daş görüblərsə, özlərini - tarixlərini üstünə həkk ediblər. Daşı - gələcəyə elçi göndəriblər. Müqəddəs Parnas dağının döşündəki Delfi - sanki bütövlükdə dünyaya açılan amfiteatrdır ki, az qala hər sal daşı dəlicəsinə qazılıb - yazılıb. Sözün çoxluğundan qorxmayıb yunanlar. Selində sözün Loqos qatına diqqət kəsiliblər ("Loqos"un əski yunan dilində 20 müxtəlif mənası var). Bu Loqosda yunan düşüncəsi güclü konsentrasiyasını tapa bilir, antik vüsətinə, hikmət yuvarlaqlığına, məna sıxlığına çataraq, aforizmə, həmişə polemikaya açıq olan, cövhərində təbii demokratizm daşıyan imperativlərə, postulatlara çevrilir. Afinanın demokrat və reformator qurucusu Periklin dostu Fidiyin heykəllərində mərmər həm incəlib ipəkləşir, həm gərilib titanlaşır. Homer mifik tarixi, Aristotel fəlsəfi ideyaları monumentallaşdırır. O Aristotel ki, tarixdə ilk dəfə bəşəriyyətin siyasi quruluşlanmasında həlledici rol oynayan "konstitusiyalı hakimiyyət" ifadəsini işlədib, ilk işartıları görünən siyasi sistemləri bu parametrlə dəyərləndirib...

Antik yunan filosofları həm bir-birinin yaratdığı gələnək üzərində yüksəlir, həm də sanki dünyaya gəlmiş ilk insan kimi özlərinə tamamilə yeni yol açırlar. Onların hər biri arxipelaq labirintləri ilə ilk dəfə öz gəmisində dənizə çıxan Odisseydir. Elladanın təkcə mərkəzindən deyil, hər tərəfindən tarix meydanına cəsarətlə addım atmış bu Odisseylər həmişə öz yurdlarına əlidolu qayıdırlar. Hətta qərq olanlar da dəfinəsi ilə birlikdə tapılır... Antik filosofun tarixi yarıb keçən sözü bütün sərrastlığı, fəhmi, itiliyi, ironiyası, interaktivliyi və çoxlaylı refleksiyası ilə təfəkkürə toxum kimi düşür, mədəniyyətin sinirlərinə yeriyir. Antik fəlsəfə kosmosdan əxlaqa qədər dərinliyinə bəsirətli şüurun vara bildiyi bütün dünyaları özünün eydos harmoniyasında birləşdirir: "Mən anlayanlar üçün oxuyuram, ey anlamazlar, qapılarınızı bağlayın!" - sözaltısı ilə başlayan politeistik Orfey teoqoniyası tanrısal doğuluşu mifoloji bələyində təqdim edir. Qərb dünyasında ilk dəfə bu politeizmə - çoxallahlı dünyaqavramına  qarşı çıxan Ksenofan (e.ə. 540-475) olur. Anaksimen, Pifaqor, Heraklit və gənc Parmenidin çağdaşı Ksenofan birmənalı olaraq monoteistik konsepsiyadan çıxış etmiş, insanların özlərinə xas xüsusiyyətlərini müxtəlif "missiyalı" tanrılara həvalə etmələrini cəfəng sayaraq pisləmiş, Vahid Tanrının varlığını təsdiqləyən dünyagörüşü sisteminə başlanğıc vermişdir. Yalnız Ksenofandan sonra  antik yunan fəlsəfəsinin korifeyləri Platon, Aristotel "allahlar" sözü ilə yanaşı, daha müstəqim şəkildə "Allah" sözünü də Demiurqun - Yaradıcının əsas arxetipi kimi işlətmişlər.

Səsi eşidilən yazılı-pozulu daşların, dik-uçuq divarların, bütöv-para heykəllərin və fiqurların, nida-sütunların arası ilə keçə-keçə - hər qırıntısı tarixin bir parçası olan bu müqəddəs məkanı içə-içə yunan antikliyinin insanlıq üçün necə müstəsna dəyər kəsb etdiyini elə bu toxunuş anlarındaca cizgiləməyə çalışıram:

- Düşüncənin və onun nəticəsi olan ideyanın həyatın özü qədər önəm daşıması;

- Dini dünyagörüşünün ehkama və mistikaya çevrilməməsi;

- İlk işartılarında "Qərb" və "Şərq"in fərqli dünyalar kimi qavranılması və onların münasibətlərində Elladanın körpü missiyasının dərk edilməsi;

- Tarixin erkən çağında respublika, demokratiya, milli təhlükəsizlik və müttəfiqləşmə siyasətinin ilk anlam və komponentlərinin formalaşması;

- Elm və fəlsəfənin universal-ümumbəşəri  əsaslarda təşəkkül tapması;

- Ümumi və spesifik istiqamətlər üzrə araşdırma metodologiyalarının işlənməsi, praktikadan nəzəriyyəyə çıxılması;

- Məntiq və harmoniya qanunları əsasında dünyanı dərk edən təfəkkür tipinin yaranması;

- İncəsənətdə mükəmməl bədii-estetik meyarların müəyyənləşməsi;

- Ədəbi dilin poeziyadan fəlsəfəyə, tribunadan teatra qədər bütün yönlərində cilalanıb kamilləşməsi, akademik dil düşüncəsinin yaranması, rasionallaşması və kateqoriyalaşması;

- Özünü hər tərəfdən görən və özünə tənqidi yanaşan mədəniyyət əxlaqının yüksək statusda qəbul edilməsi;

- Fiziki və mənəvi cəhətdən sağlam və kamil insan idealının örnəkləndirilməsi;

- Keçmişi və gələcəyi özündə konsentrasiya edən baxış nöqtəsinin tapılması...

Burada nəinki daş, sütun və heykəllər, Afinanı və Delfini öz stixiyasından doğan dağlar da, Parfenondan görünən Egey dənizinin Saronikos körfəzi də yunan arxitektonikasının relyefindən ritorikasınadək bütünlüyünə, mükəmməlliyinə və sonsuz cazibədarlığına etiqad yaradır.

Antik yunan mütəfəkkirlərinin çox hissəsi itib-batmış böyük irsi əsla solub-sozalmadan günümüzün ən aktual dəyərləri sırasında yer alır. Onların müxtəlif məxəzlərə səpələnmiş, hətta variasiyalaşmış söyləmləri - dünyaya olduqca təbii, açıq və dolğun konseptual baxışın məcrasında, atomik aforistliyində doğulur: "Vətənin tüstüsü də şirindir" (Homer); "Ən böyük müdrik əsl astronom olmalıdır" (Hesiod); "Bərabərlik müharibə törətmir" (Solon); "Özünü tanı"; "Sənə ziyan vurublarsa, barış, təhqir ediblərsə, öc al" (Hilon);  "Ölçünü bil" (Pittak); "Demokratiya - tiraniyadan üstündür" (Periandr); "Ağlınız - Tanrınızdır" (Qermotim); "İlkin - Tanrıdır, çünki doğulmur"; "Əvvəli və sonu olmayan - yalnız Tanrı" (Fales); "Bütün (Universum) - dəyişməzdir" (Anaksimandr); "Hər şey - Birdir; "Yalnız tək Tanrı vardır" (Ksenofan); "Yeganə müdrik varlıq Odur - bütün Kainatı idarə edən Ağıl [nous]" (müqayisə et: Volter); "Təbiət örtünməyi sevir"; "Gizli harmoniya - üzdəkindən yaxşıdır"; "İlahi nəsnələrin çoxu imansızlıq ucbatından idrakdan yayınır"; "Əgər insanların qəlbləri daşlaşmışa, onların göz və qulaqları - pis şahidləridir"; "Müdriklik - varlığı vəhdətdə görməkdir"; "Bu Kosmos... - öz ölçüsündə alovlanan, öz ölçüsündə sönən bu əbədi canlı od həmişə olmuş, var və olacaq!"; "Günəş nəinki hər gün, hətta hər an yenidir"; "Tanrı üçün hər şey gözəl və ədalətlidir, insanlarsa birini ədalətsiz, digərini ədalətli olaraq qəbul edirlər"; "Şəxsiyyətidir insanın Tanrısı!"; "Xalq - tapdalanmış qanunları uğrunda şəhər qalasını qoruyurmuş kimi vuruşmalıdır"; "Gələcək - olduqca kədərlidir: mən dünya yanğınlarını, Kainatın məhvini görürəm" (Heraklit); "Məcburi nikah dəhşətlidir"; "Bütün tiranlara bir-birinə cinayətkarcasına inamsızlıq azarı xasdır"; "Əgər güc ədalətlə birləşirsə, bu ittifaqdan qüdrətli daha nə ola bilər?!" (Esxil); "Zaman bütün gizlinləri açır, bütün aşkarları gizləyir"; "Pisi tanımağa bir an bəs edər, yaxşını isə illər" (Sofokl); "Sülh zamanında oğullar atalarını dəfn edir, müharibə zamanında isə atalar oğullarını" (Herodot); "Doğulandan qanadlı olmaq - dünyada ən böyük səadətdir"; "Çörək yerinə söz yedizdirmə!"; "Ağıldan gödəyin uzun dili olur" (Aristofan); "Mən öləriyəm, öləri çürüntüdür, çürüntü torpaqdır, torpaq Tanrıdır, onda mən öləri yox, tanrıyam" (müqayisə et: Şekspirin Hamleti); "Alçağa qarşı alçaqlıq - yaramazların əməlidir"(Epiharm); "Düşünmək və mövcud olmaq - elə eynidir" (müqayisə et: Dekart); "Fəlsəfə iki cürdür: həqiqətə əsaslanan, nəzərə əsaslanan" (Parmenid); "Xoşbəxt tənhalığından həzz alan Sfayros (yumru göy cisimləri, həmçinin, Yer) Harmoniyaya qərq olmuşdur" (Empedokl); "Kainatı hərəkətə gətirən - Zəka" (Anaksaqor); "Özünü utandır ki, başqaları sənə xəcalət verməsinlər" (Teofrast); "Tanrı bizim özümüzdədir" (Platon); "İdrak heyrətdən başlayır"; "İti ağıl sahibi odur ki, zövqlə zarafat etməyi bacarır"; "Yaraqlı ədalətsizlikdən də qorxunc nəsə yox"; "Vətəndaş öz dövləti üzərində hakimiyyətə sahib olmalıdır" (Aristotel). Siyasi düşüncə tarixinin ilk ən mühüm qənaətlərindən biri olan bu fikir nəzəriyyədən praktikaya keçərək, dövlətin bütün strateji məqsədlərinin panteonu kimi bir-biri ilə müttəfiqləşib ayrılan, barışıb savaşan yunan polislərində qəbul edilsəydi, yunan dünyasının mədəniyyət dəyərləri bütün ətrafını öz cazibəsinə aldığı tək, onun bu siyasi təcrübəsi də əvvəlcə regiona, sonra isə daha geniş çevrəmə mütləq sirayət edəcəkdi. Dünya - Spartadan fərqli olaraq, dövlətin monarxiya quruluşundan imtina etmiş demokratik Afina örnəyini (e.ə. V əsr) seçsəydi,  - yəni Afina demokratiyası yunanların təcrübəsində artıq mövcud olan monarxik, tiranik, oliqarxik idarəçiliyi dəf edə, politik və aristokratik təsisatlanma praktikasından da yararlana bilsəydi (Platon Akademiyasının filosofu və Makedoniya Kral Akademiyasının rəhbəri, üç hökmdarın - Makedoniyalı İsgəndər, Birinci Ptolemey Soter və Kassandrın müəllimi olmuş Aristotelin "Siyasət" əsərində irəli sürdüyü layihə də nəzərə alınmaqla), - bəlkə də o öz tarixinin bəlli gedişatını istisna edən bir yol tutmuş olacaqdı...   

Yunan bilgələrinin yerlə göy arasını tutan axtarış yanğısı, həqiqət fədakarlığı onları həyatın sıldırımınadək gətirir: tarixçi Strabonun yazdığına görə, Empedokl özünü Avropanın indi də fəaliyyətdə olan və ən yüksək Etna kraterinə atıb - bəlkə vulkan hadisəsini "öyrənmək" və püskürmənin onu yenidən çölə atacağını sübut etmək üçün?! Dəlil - filosofun kraterin qırağındakı ayaqqabıları! Qəddar tiran Nearxın qulağını, özününsə nizələnərkən qışqırmasın deyə dilini dişləyib yerə tüpürən Zenondan soruşanda ki, "Sənin sui-qəsd ortaqların kimlərdir?" - filosof belə cavab verib: "Əgər mənim ortaqlarım olsaydı, sən tiran olmazdın!.."

Bir-birindən 177 km. aralı Akropol və Delfi abidələrinin həndəvərini dolaşa-dolaşa bütün vücudumla hiss edirəm ki, elə indi də dünyaya böyük idrak enerjisi ötürməkdə davam edən antik müdrikliyin episentrindəyəm. Tanrısal duyğularım aşıb-daşır! Tanıdığım, doğmalaşdığım yunan alpları və filosofları bir atlet görkəmində fəzada şəkillənib ilğımlaşırlar. Apollon Solonlaşır. Herakl Periklləşir. Zefs Aristotelləşir. Sparta Afinalaşır. Delfi Platon Akademiyasına çevrilir. Bütün vəcdimlə duyuram ki,  gerçəkdən, Fəlsəfə - idrakın universumu çevrələyə bilən ən inteqral fenomeni, insanın mütəfəkkirlik potensialı, dili sivilizasiyanın özünüdərk hadisəsinə çevirən güc, fyusisdən alateyanı - maddi varlıqdan onun "iksir" həqiqətini süzüb çıxaran kahindir. Antikliyin metafizikası da - poeziyadır! Akropol və Delfi isə - böyük və ölməz mədəniyyətin əbədi zəfər yazılmış qalaları! Azad Ruhun strateji yüksəkliyi!

 

Rahid Ulusel

 

Ədəbiyyat qəzeti. - 2018.- 1 sentyabr.- S.24-25.