Sərhəd pərvanəsi...
Hekayə
Günəşli payız günlərindən biri idi. Göytəpə Sərhəd Dəstəsinin hərbi şəhərciyində böyük qələbəlik vardı. Səliqə-sahmanı, abadlığı göz oxşayan hərbi hissənin həyətində gənc əsgərlərin andiçmə mərasimi keçirilidi. Təntənə ilə düzənlənən bayram mərasimində komandirlər, veteranlar, əsgər valideynləri, hərbi jurnalistlər iştirak edirdilər.
Kürsüdə çıxış edənlər vətənə sədaqət andı içən gənc əsgərlərə xoş arzularını bildirir, onlara nizam-intizamlı olmağı, silahdan istifadə qaydalarını mükəmməl öyrənməyi, sərhədlərin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin əmr və göstərişlərinə ciddi əməl etməyi tövsiyə edirdilər.
Valideynlər adından Elşadın anası Əsmər xanım çıxış etdi. O üzünü ay yarım öncə hərbi xidmətə başlayan əsgərlərə tutub dedi:
- Mənim həyat yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olanda oğlum dünyaya yenicə göz açmışdı. Arzu eləyirdim ki, o boya-başa çatsın, atası kimi vətənimizə layiq əsgər olsun! Bu gün Allaha çox şükür ki, mənim arzum çin olur. İndi bütün əsgər anaları adından bir arzum da var: Qoy bu gün burada hərbi and içən hər bir əsgər yurdumuzun sərhədlərini göz-bəbəyi kimi qorusun!.. Mənim əsgər balalarım, unutmayın ki, Vətən gözdür, siz kirpik, gözünüzün keşiyini çəkirsiz! Bu gündən etibarən qoy hərbi xidmətdə keçən günləriniz sizin üçün böyük həyat məktəbi olsun! Vətənin sərhədləri sizlərə əmanətdir. Tanrı sizi qorusun...
Əsmər xanımın çıxışı alqışla qarşılansa da, Elşad saçlarına erkən dən düşən anasının onu əsgər yaşına çatdıran günəcən yaşadığı çətinlikləri, çəkdiyi əziyyətləri göz önünə gətirib için-için kövrəlmişdi.
O gün hərbi ritualın icrasını və gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçməsini izləyəndən sonra valideynlər hissənin yaraşıqlı şəhərciyi ilə də yaxından tanış oldular. Hərbi şəhərcikdə sıra ilə əkilmiş həmişəyaşıl ağaclar, payız gülləri ruha dinclik verirdi. Valideynlər sərhədçilərin istirahət otaqlarına, gənc əsgərlərin təlim-tədris mərkəzinə, tibb məntəqəsinə, yeni istifadəyə verilmiş əsgər yataqxanasına baş çəkdilər. Menyusunda ləziz yeməklər olan əsgər yeməkxanasında nahar yeməyi zamanı toyuq şorbasından bir qaşıq dadan kimi üz-gözündə razılıq ifadəsi görünən anası Elşada baxıb dedi:
- Çox dadlıdır... Lap mənim bişirdiyim yeməklər kimidir...
Bu zaman əsgər yeməkxanasında növbətçi vəzifəsini yerinə yetirən gizir rütbəli xanım onlara yaxınlaşdı. Sanki o, Əsmər xanımın dediklərini eşitmişdi:
- Nuş olsun, - dedi, - bu ləziz təamları əsgərlərimizə hazırlayan aşpazların çoxu qadındır. Onlar əsgərlərimizin qayğısına ana kimi qalırlar.
Əsmər xanım hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitdən məmnunluğunu dilə gətirib dedi:
- Bəli, haqlısınız, çox sağ olsunlar. Doğrudan da hər şey yaxşıdır! Bu gün burada gördüklərimiz biz valideynlərin qəlbini fərəh hissi ilə doldurur.
Ana-oğul süfrə arxasında birlikdə şəkil də çəkdirdilər. Bu, Elşadın hərbi geyimdə çəkdirdiyi ilk şəkil idi.
...Elşad Əsmər xanımın yeganə övladı deyildi. Qızı Aybəniz üç il əvvəl gəlin köçmüşdü. Sevib-seçdiyi oğlanla ailə həyatı qursa da xoşbəxt ola bilməmişdi. Əri narkotikə aludə olandan bəri Aybənizin günü-güzaranı qara olmuşdu. Küsüb-dalaşanda o, acıq edib, həftələrlə anasigildə qalırdı. Amma anasının ciddi-cəhdlərinə baxmayaraq ərindən boşanmaq istəmirdi. Ümid edirdi ki, əri bu bəladan bir gün xilas olacaq, zərərli vərdişindən əl çəkəcək... Əlacsız qalmlş ana kürəkəni yaşda olan gəncləri bu bataqlığa düşdüklərinə görə qınayır, hətta narkotik maddələrin ticarəti ilə məşğul olanlara, onları sərhəddən keçirib ölkəyə gətirənlərə qarğışlar edirdi.
Bacısının taleyindən
Elşad da çox nigaran idi. Odur ki, əsgərlərlə
valideynlərinin vidalaşma vaxtı çatanda anası
Elşadı qucaqlayıb dedi:
- Oğlum, fikrin bizim yanımızda
qalmasın! Hər şey yoluna düşəcək.
Sən çalış, yaxşı qulluq elə,
bacın da, mən də həmişə xoş
sorağını eşidək.
Elşad anasının
qarşısında farağat dayanıb:
- Arxayın ol, ana, - dedi, - mən
yaxşı xidmətimlə həm sizi, həm də
atamın əziz ruhunu şad edəcəyəm!..
***
...Günlər-aylar ötüb
keçirdi. Qış öz ömrünü
yaza bağışlamağa hazırlaşırdı. Sübh çağı uzaqdan görünən
dağların başına yaz dumanı
çökmüşdü. Baharın gəlişi,
dağlardan əsən həzin meh səhər idmanı edən
əsgərlərdə xoş ovqat yaradırdı. Bütün silah yoldaşları kimi Elşad da
fiziki hazırlıq məşğələlərində həvəslə
iştirak edirdi. Atəş
hazırlığına aid təlimlərdə avtomatı sərbəst
söküb-yığırdı.
Bir neçə gün idi
ki, əsgərləri hərbi hissənin təlim poliqonuna
güllə atmağa aparırdılar. Şərti hədəfə
atəş tapşırığını qüsursuz yerinə
yetirəndə Elşadın sevincdən ürəyi
köksünə sığmırdı. Hərbi
xidmətdə qazandığı uğurlar ona qol-qanad verirdi.
Çox çəkmədi ki, o, hərbi hissənin
idman meydançasına maneələri dəf edərək
kross qaçışında qalib gəldi. Az sonra dayaqdan dartınma, uzunluğa tullanma və
başqa idman növləri üzrə normativləri yerinə
yetirdi.
Elşadın qarşıya
qoyulan tapşırıqları yerinə yetirməsi, nümunəvi
davranışı tərbiyə işləri üzrə
bölmə rəisi baş leytenant Xəlilovun diqqətindən
kənar qalmamışdı, hətta anasının
ünvanına təşəkkür məktubu da
yazmışdı.
Elşad ürəyində
düşünürdü ki, orta məktəbdə dərsini
yaxşı oxuyan şagirdiylə müəllimlərinin fəxr
etdiyi kimi, burada da hər komandir öz yetirmələri olan
bacarıqlı əsgərləri ilə öyünür. Təcrübəsini
əsgərlərə sevə-sevə öyrədən zabitlər
onun hərbi sənətinə, sərhədçi peşəsinə
məhəbbətini artırırdı.
Bir dəfə əsgərlər
üçün ayrılmış asudə vaxt idi. Elşad qürub
çağı üzü cənuba uzanab dağlara
baxa-baxa oxuduğu kitabdan bu yerlərin keçmişi ilə
bağlı fikirləri xatırlayaraq xəyala
dalmışdı... Bölmə rəisi Xəlilovun ona
yaxınlaşdığını belə hiss etmədi.
- Dağlara niyə belə diqqətlə
baxırsan? - deyə bölmə rəisi
ondan soruşdu.
Elşad əvvəl farağat vəziyyəti
alıb bölmə rəisinə hərbi salam
verdi. Sonra dedi:
- Mən aranda doğulmuşam, cənab
baş leytenant. Heç vaxt dağlarda
olmamışam. Deyirlər, o dağlardan
Savalan dağı aydın görünür.
Rəis mənalı təbəssümlə
onu süzüb:
- Hə, elədir! - dedi,
- Savalana əbəs yerə "dağlar Sultanı, dağlar
piri" demirlər. Amma çox vaxt dumana
bürünür, onu görmək hər kəsə nəsib
olmur. Bax, o gördüyün dağın
zirvəsindən səhər çağı Savalan əl
içi kimi görünür.
- Cənab baş leytenant, oxuduğuma
görə Şah İsmayıl Xətai buralarda olub...
Xəlilov yenə adəti üzrə
gülümsünüb dedi:
- Şah Xətai haralarda olmayıb
ki...
Və qol saatına baxıb,
sonra hərbi hissənin qərərgahına sarı
addımladı.
...Günlərin bir günü
Elşadı həmişə həsrətlə
boylandığı dağların qoynundakı zastavalardan
birinə göndərdilər. Zastavanın yerləşdiyi
ərazidə son vaxtlar sərhəd pozuntusu qeydə
alınmamışdı. Nə vaxtsa burada
sərhəd pozan narkotik maddə
qaçaqmalçıları ilə baş verən silahli
toqquşmada iki sərhədçı həlak olmuşdu.
İndi həmin sərhəddə keşik çəkmək
növbəsi
Elşada çatmışdı.
Gündüzlər keşik
çəkəndə adamı valeh edən dağların,
yamacların hüsnünə tamaşa edərdi. Bir dəfə
lap səhərə yaxın qarovulda dayanmışdı.
Ay işığı sərhəd nişanı olan
çayın hər iki sahilin nura qərq etmişdi. Çayın sahilindəki ağacların və
kolların kölgəsi dağ çayının
gümuşü sularında yuyunurdu. Dərələr
sanki dərin yuxuya qərq olmuşdu. Üzü
aşağı axan dağ cayı yorulmadan, yuxu bilmədən
cağlayırdı. Çayın sahili
boyu görünən sal qayalar sanki keşikdə dayanan əsgərlər
kimi dərin düşüncələrə
dalmışdılar. Elşadın nə vaxtsa əzbər
bildiyi şeirin iki misrası yadına
düşmüşdü:
"Qoy dolanım, Vətən, sənin
başına,
Deməsinlər pərvanəsi
çatışmır"
...Bir azdan dan yeri söküləndə
Tanrı dağı Savalanı seyr edəcəkdi. Fikri sərhəddən o taya qanad
açmışdı.
İnsanın
fikrinin-düşüncəsinin sərhədi olmur. Amma bu gen dünyada
dağların da, dənizlərin də arasında sədlər-sərhədlər
vardı. Elşadın qəlbi
dil açmışdı: "Siz ey Vətənin
bağrınına sancılan sərhəd dirəkləri... Siz ey tikanlı məftillər, eyni dildə, eyni ləhcədə
danışan insanları bir-birinə həsrət
qoyduğunuzun fərqindəsinizmi?"
Birdən yuxarıda
çayın zümzüməsinin ahəngi pozuldu. Elə bil
dağın qaşından yuvarlanan qaya parçası
çayın yatağına düşdü. Sonra ətrafa ölü bir sükut
çökdü. Çay əvvəlki
ahəngiylə axırdı. Durbinlə
mühafizə etdiyi ərazini gözdən keçirdi.
Birdən ağacların arası ilə yavaş-yavaş
adımlayan kölgə gördü... Hər kim
idisə, görünür, müşahidə kameralarından
yayına bilmişdi. Elşad əvvəl istədi havaya atəş
açsın, sonra düşündü ki, sərhəddi
pozan adam gəldiyi yerdən geri qaça
bilrər. Odur ki, onu yaxalamaq üçün izlədi.
Yaş pal-paltarını soyunub,
idmançı forması geyinən adam izləndiyini
hiss edib əlindəki çantasını kənara
tulladı. Elşad çathaçatda var
gücüylə təkan verib pələng kimi onun üzərinə
atıldı. Əlbəyaxa olduğu
qaçaqmalçı onun çevikliyi qarşısında
aciz qalıb təslim oldu. Təntiyərək
boğula-boğula dedi:
- Ay sənə qurban olum, Allah xatirinə
burax qayıdım ev-eşiyimə. Mənim bir çətən
uşağım var...
Onun gözü Elşadda
olsa da fikri kənara atdığı çantanın
yanında idi. Elşad silahını
ona tuşlayıb, çantanı açmağı əmr
etdi. Çantadakı narkotik vasitələri
görəndə Elşadın gözünün önünə
narkoman kürəkəninin ucbatından iztirablar çəkən
bacısı gəldi. Sərhəddən narkotik maddələr
keçirən qaçaqmalçıya qarşı
içində nifrət hissi baş qaldırdı:
- Bəs bu zəhrimarlarla məhv
ediklərin insan övladları deyilmi? Sən gənclərimizi
ağ olümə məhkum etdiyinə
görə cəza çəkəcəksən!
Çantasının əlindən
çıxdığını görən
qaçaqmalçı marığa yatmış pişik kimi
qəfildən Elşadın üstünə tullandı. Elşad buna
hazırmış kimi, onu fəndlə yıxıb əlini-qolunu
bağladı.
...Axşam dövlət sərhəddini
pozan qaçaqmalçını və onun çantasından
çıxan həşiş qətranını, tiryəki və
heroini televizorda göstərirdilər.
Döyüş Bayrağı
önündə müsahibə verən Elşad hərbi
jurnalistin "ən böyük arzun nədir" sualına
cavab verəndə dedi:
- Arzum Dövlət Sərhəd Xidməti
Akademiyasına qəbul olmaq, gələcəkdə zabit kimi Vətən
sərhəddinin pərvanəsinə çevrilməkdir.
...O gün ekran qarşısında
oturan Əsmər xanım Elşadın
uşaqlığını, məktəb illərini, hərbi
and içdiyi günü gözlərinin önünə gətirib
pıçıldadı:
- Sağ ol, oğlum, hərbçi sənətini
seçməklə sən həm də öz şəhid
atanın ruhunu şad elədin!..
Nurəddin ƏDİLOĞLU
Ədəbiyyat
qəzeti.- 2018.- 1 sentyabr.- S.25.