Koroğlu ölməzliyi
Türk Mədəniyyəti
və İrsi Fondunun hazırladığı kitab-albom
üçün yazılmışdır
1
Geniş mənada türk mədəniyyətinin ən unikal cəhətlərindən biri də budur ki, dastançılıq türk bədii təfəkkürünün ifadəsi kimi olduqca zəngin tarixə və ənənələrə malikdir. Eramızdan xeyli əvvəllərdən başlamış ozanlarımız (aşıqlarımız, nağılçılarımız, akınlarımız, baxşılarımız, sesenlərimiz, manasçılarımız, kayçılarımız, juraylarımız...) çağdaş dövrümüzə qədər dastanlar yaratmış və yaratmaqdadırlar - yüzilliklər bir-birini əvəz edir, qədim ortaq türk dastanları şaxələnir, türk xalqlarının bədii-estetik özünüifadəsinə çevrilir, mənəvi irsiyyətin yeni-yeni nümunələri meydana çıxır.
Böyük türk imperiyaları (Saq, Hun, Göytürk, Uyğur, Xəzər...) zamanı yaranmış dastanlardan - Tanrı Qara xanın dünyanı yaratmasından, insanları xəlq etməsindən bəhs edən "Yaradılış (Doğuş) dastanı", İran - Turan müharibələrinin qəhrəmanı, əfsanəvi-tarixi Turan hökmdarı Alp Ər Tonqa (Mahmud Kaşğarinin "Divanü lüğəti-türk"ündə xaqan titulu qazanmış Əfrasiyab) haqqında "Alp Ər Tonqa dastanı", İsgəndər Zülqərneyn (Aleksandr Makedonlu) ilə qarşılaşan gənc türk hökmdarı Şu haqqında yaradılmış "Şu dastanı", Hun birliyi dağıldıqdan sonra qədim türk tayfalarının, xanlarının (Oğuz xan, Sevinc xan, İl xan...) bir-birləri ilə savaşlarına həsr olunmuş və mahiyyəti, mənası etibarilə türk birliyinə, türk özünəqayıdışına çağıran "Ergenekon (Erqənəkon) dastanı", Qara dənizdən Hindistana kimi nəhəng bir ərazidə öz dövlətlərini qurmuş göytürklərin yaratdıqları "Bozqur dastanı", uyğur ellərinin hökmdarı Buğu xanın çinlilərlə savaşına, türk vətənpərvərliyinə həsr olunmuş "Köç dastanı" və islamaqədərki dövrün bu kimi bir sıra başqa dastanlarından, eləcə də ortaq "Dədə Qorqud"dan, qırğız xalqının "Manas"ından, özbək, qazax, qaraqalpaq xalqlarının "Alpamış"ından, ayrıca qaraqalpaq xalqının "Qırx qız"ından, Cənubi Sibir türk xalqlarının "Kay"ından, yakutların "Olonxo"sundan, altayların "Maaday qara"sından tutmuş yalnız elə Azərbaycanda və Türkiyədə XX əsr də daxil olmaqla (!) sonrakı dövrlərdə yaranmış dastanlara qədər ("Əsli və Kərəm", "Aşıq Qərib", "Qurbani", "Abbas və Gülgəz", "Şahsənəm və Qərib", "Qaçaq Nəbi", "Qaçaq Kərəm" və s.) həm tarixilik, həm bədiilik və estetika baxımından, həm də kəmiyyət etibarilə nəhəng və qadir mündəricatlı bir yaradıcılıq bu janrın türk xalqlarının tarixi və taleyi, mənəvi dünyası və xarakteri kontekstində necə yüksək (və əlamətdar!) bir yer tutduğunu açıq-aşkar göstərməkdədir.
Türk dastanları bədii-estetik baxımdan böyük təkamül yolu keçib, qəhrəmanlıq və vətənpərvərlik, məhəbbət və sədaqət, mərdlik və xeyirxahlıq ideallarının bədii təqdimatı əsrlərdən-əsrlərə zənginləşib və bu kontekstdə türk xalqları arasında variant və versiyaları ən çox yayılmış "Koroğlu" dastanının xüsusi yeri var.
2
Jorj Sand - XIX əsr fransız ədəbiyyatı klassiki - "Koroğlu" dastanını "dünyada ən zəngin və ən gözəl nümunə" sayırdı və Koroğlunun özünü "milli dahi" adlandıraraq, olsun ki, bir az da hissə qapılıb, bir qadın qısqanclığı və hikkəsi ilə dastandakı kiçik bir nəzm parçası barədə "bu, bütün Viktor Hüqo yaradıcılığına bərabərdir" deyirdi.
"Koroğlu" eposu ortaq türk abidələri arasında nəsrinin də, nəzminin də (xalq şeirinin dastanda istifadə edilmiş üç formasının: bayatı, gəraylı və qoşmaların) poetik vüsəti, mündəricatının çoxcəhətliyi etibarilə xüsusi bədii-estetik və milli-mənəvi çəkiyə malik bir yaradıcılıq nümunəsidir və bu dastanın xarakteristikasını yalnız bir anlayışla şərh etmək, konkret təsnifatını vermək çətin işdir.
"Koroğlu" elmi ədəbiyyatda qəhrəmanlıq dastanı hesab edilir, ancaq məsələ burasındadır ki, o az qala, qəhrəmanlıq dastanı olduğu qədər də bir məhəbbət dastanıdır və bu dastanda Koroğlunun Nigara (türkmən variantında Ağa Yunus, qazax və özbək variantlarında Ağa Yunis, Miskal pəri, Gülnar pəri, Gülnar-Ay...) məhəbbətinin bədii ifadəsi, onun igidliyindən, cəsarətindən və düşmənlərə nifrətindən heç də az deyil - necə ki, Koroğlunun Misri qılıncının bədii-estetik cazibəsi onun sazının bədii-estetik cazibəsindən az deyil.
Koroğlu, əlbəttə, qəhrəmandır, cəngavərdir və baxın, dastanın çox koloritli obrazlarından biri olan Aşıq Cünun Koroğlunu görməyib, ancaq adını eşidənlərə onu necə təqdim edir:
İgidlər oylağı o Çənlibeldə
Daşdan qala quran qoç Koroğludur.
Kinli paşalara meydan oxuyan,
Çox köhlənlər yoran qoç Koroğludur
Düşmanın üstünü quş tək aldıran,
Aslanlar dişindən ovlar saldıran,
Xaqanlar başına şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludur.
Dağları,
daşları duman bürüsə,
Qılınclar
pas atıb qında çürüsə,
Misir,
İstanbul, Şam tamam yersə,
Tək qabaqda duran qoç Koroğludur.
Qayada tor
qurub, tərlanlar tutan,
Yüz
yağını birdən qol-qola çatan,
Ərəb
at döşünə sərdarlar qatan,
Ər bağırlar yaran qoç Koroğludur.
Cünun,
əyləşiblər ərlər qarşında,
Alaylar
boşlanar tər savaşında,
Yeddi min
yeddi yüz dəli başında,
Şahlar üstə varan qoç Koroğludur.
Koroğlu
özü də öz qiymətini yaxşı bilir, ancaq bəzən,
elə bil, onun igidliyini özü yox, sirrli (canlı!)
üçtelli sazı söyləyir, müstəqil olaraq (!)
onun şəninə nəğmə oxuyur:
Koroğluyam
mən, çaparam,
Qiyamət
olub, qoparam...
Yaxud:
Koroğluyam,
qoç oğluyam, qoçam mən,
Çətindi
ki, mərd meydandan qaçam mən...
Yaxud da:
Koroğluyam,
namərd keçməz yanımdan,
Mərd
kimsəni çox istərəm canımdan...
Koroğlu
bir tərəfdən "Düşmanın qanından
içsəm doymaram"- deyir (onun zahiri
görünüşü də möhtəşəmdir:
"Boyu uca, kürəkləri enli, süksünü kəl
süksünü kimi, boynunun əti girdin-girdin,
bığları burulub keçirilib qulaqlarının
dalına"), o biri tərəfdən isə bütün
daxili aləmi etibarilə saz əhlidir və baxın, bu qəhrəman,
bu cəngavər, bu "Nər Koroğlu", "Qoç
Koroğlu", "bığları burulub qulaqlarının
dalına keçirilmiş" (!) insan Çənlibeli, orada
Nigarı, dəlilərini, Eyvazı xatırlayanda, təbiətin
gözəl çağlarını, gözəl mənzərələrini
görəndə, onun "könlü necə
açılır, ürəyi necə atlanır" və
üçtelli saz bu gəraylıda Misri qılıncı necə
əvəz edir:
Göydən
gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən
xoş durnalar,
Bizim ellər yerindəmi?
Söhbət
olurdu sazınnan,
Ördək
olurdu qazınnan,
Neçə
incəbel qızınnan,
Tuti dillər yerindəmi?
Sevib,
seçib bəyəndiyim,
Sədasına
oyandığım,
Arxasında
dayandığım,
Mərd dəlilər yerindəmi?
...
Çalxalanıb döyündüyüm,
Arxa verib
söyündüyüm,
Qovğa
günü öyündüyüm
Nər dəlilər
yerindəmi?..
Koroğlu "üçtelli sazına" necə
bağlıdırsa, "telli Nigarım" dediyi Nigara da - bu
gözəl gənc qızı İstanbul səfərində
ilk dəfə gördüyü vaxtdan etibarən
özünün qocalıq çağlarınacan - eləcə
bağlıdır. Koroğlunun daxili aləmində sazla
Nigar, elə bil, eyniləşib, eyni mənəvi qüvvəyə,
ona enerji verən eyni təpər mənbəyinə
çevrilib.
Çənlibelə
gəlib çıxmaq bilməyən Eyvazın xiffətini
çəkən "ala gözlü Nigar xanım"
ağlayır və onun ağlamağını görən
Koroğlu bir tərəfdən sidqi-ürəkdən kədərlənir,
hətta sarsılır:
Ürəyimi
eləyib qan,
Ağlama,
Nigar, ağlama.
Olum
gözlərinə qurban,
Ağlama,
Nigarım, ağlama...
- o biri tərəfdən isə eyni gəraylıda:
...
Meydanda nərə çəkərəm,
Göydən
od-alov tökərəm,
Dağlar,
qayalar sökərəm,
Ağlama,
Nigarım, ağlama...
- deyə coşur, qəzəblənir və onun
iddiası ilə imkanları üst-üstə
düşdüyü üçün biz (oxucu, dinləyici)
ona inanırıq, bilirik ki, Koroğlu dediyini edəcək,
çünki buna qadirdir.
Koroğlu ilə Nigarın məhəbbəti ona görə
təsirli və inandırıcıdır ki, dastanda yalnız
Koroğlunun birtərəfli sevgisi yox, onların
qarşılıqlı sevgisi ("Leyli və Məcnun"dakı
kimi! "Romeo və Cülyetta"dakı kimi!) özünün yüksək bədii-estetik
ifadəsini tapıb.
Bu dəfə
də Koroğlunun səfərdən qayıtmağını
gözləyən Nigarın söylədiyi nəğməyə
fikir verək, güman edirəm ki, bu nəğmə onun
içindəki sevgi və sədaqət barədə
çox söz deyir: "Koroğlu... bir də baxdı,
vallah, kimdirsə, bir saz çalır, bir oxuyur, gəl,
görəsən. Qulaq verib, gördü
çalıb-oxuyan Nigardı. Amma elə çalır,
elə oxuyur ki, göydə gedən quşlar az
qalır qanad saxlayıb, tamaşaya dursun. Belə baxanda
gördü Nigar Yağı qoruğunun yanındakı
çəmənliyin başında dayanıb,
üzünü də ona tutub deyir:
Ay
ağalar, ay qazılar,
Ay bu gələn
yar olaydı!..
Haqdan beləymiş
yazılar,
Ay bu gələn
yar olaydı!..
Bağçalar
olmasın barsız,
Heyvalar
olmasın narsız,
Heç
gözəl olmasın yarsız,
Ay bu gələn
yar olaydı!..
Ay
bimürvət, çıxdı canım,
Müjganların
tökdü qanım,
Sənə
qurban Nigar xanım,
Ay bu gələn
yar olaydı!.."
Bu epizodun
gözəl və əlamətdar cəhəti bir də
ondadır ki, Koroğlu Nigardan çox uzaqlardadır və gözlə onu görmək
mümkün deyil, ancaq bu sevginin miqyası elədir ki,
bütün təbiət qanunlarının ziddinə olaraq,
gözlə görə bilməyəcəyini də sənə
göstərir, eşidə bilməyəcəyini də sənə
eşitdirir.
Bu cəhəti
də yəqin, xüsusi qeyd etmək lazımdır ki, Nigar
Koroğlu üçün yalnız öz yarı, öz
xanımı deyil və Koroğlunun dediyi kimi: "Çənlibeldə
dəlilərin də, xanımların da anası
Nigardı."
Yenə
bir maraqlı cəhəti vurğulamaq istəyirəm:
artıq, dediyim kimi, Koroğlu bütün varlığı
ilə Nigarı sevir, Nigar onun ilk və son məhəbbətidir,
ancaq eyni zamanda Koroğlu qadın gözəlliyini görən
və qiymətləndirə bilən (və qiymətləndirən!)
bir sənətkar, bir aşıqdır. O, təsadüfən
Qars paşasının qızı Hürü xanımı
görəndə, baxın, üçtelli sazı ona (yəni
Koroğlunun özünə!) bu qoşmada bir az
da məzə ilə nələr söyləyir:
... Siyah
saçlar dal gərdənə düzülü,
Qara
gözlər xumarlanıb süzülü,
Elə
baxma, indi canım üzülü,
Xanım, hansı bəxtəvərin yarısan?
Koroğlu
haq deyib, haqdan dərs alıb,
Tər məmənə
külək dəyib, hovlanıb,
Qara
gözlər şux yanaqdan can alıb,
Yoxsa, ay
qız, bala qonmuş arısan?..
Koroğlu bu gözəl qızın Eyvaza meylini
görüb, onu Qıratın tərkində Çənlibelə
gətirir, onların toyunu edir. "Nigar xanım Hürünü
bir geyindirib-keçindirmişdi, bir zinyət vermişdi ki, gəl
görəsən... Deyirlər ki, Eyvazın toyu düz
qırx gün, qırx gecə çəkdi... Eyvaz
Hürü xanımla murad verib, murad aldı."
Əslində,
bu qəhrəmanlıq eposunun içində şərti
olaraq desəm, "Koroğlu və Nigar dastanı"ndan
başqa "Eyvaz və Hürü", yaxud da "Bəlli
Əhməd və Məhbubə xanım" kimi məhəbbət
dastanları var. Məhbubə xanımla Bəlli Əhmədin
sevgisi müstəqil bir məhəbbət dastanı ola bilərdi
və təsadüfi deyil ki, bu qarşılıqlı sevgini
və bu sevgi naminə sevgililərin fədakarlığını
görən Koroğlu onlara da yeddi gün, yeddi gecə toy eləyir.
"Koroğlu"
dastanında dörd bədii atribut var ki, onlar personaj, bədii
surət səviyyəsinə qaldırılıb:
Üçtelli saz, "hər tərəfi sıldırım
qayalıq, çənli, çiskinli bir dağ belində"
olan Çənlibel (Cənubi Azərbaycan variantında
Şamlibel-Çamlıbel, türkmən variantında
Çandibel, qazaxlarda Canbilbel), "qanadlı dərya
atından törəmiş" Qırat və ildırım
parçasından hazırlanmış Misri qılınc.
Koroğlu
deyərkən, assosiativ olaraq, üçtelli saz da, Çənlibel
də, Qırat da, Misri qılınc da dərhal yada
düşür (necə ki, onlardan birinin adını eşitmək
kifayətdir ki, dərhal fikrində Koroğlu obrazı
canlansın!) və yalnız folklorda yox, elə bilirəm ki, hətta
dünya yazılı ədəbiyatında da çox az bədii
surətə, personaja təsadüf etmək olar ki (Don Kixotla
yabısı Rosinant kimi!), atributlara bu dərəcədə
bağlı olsun, eləcə də həmin atributlar bu qəhrəman
qədər məşhur olsun.
Biz
artıq saz barədə danışmışıq, o biri bədii
atributlara gəldikdə isə, baxın, Nigarı ilk dəfə
apararkən, Çənlibel haqqında "aldı qoç
Koroğlu, görək nə dedi":
Çiskinli
dağların başı,
Nigar,
Çənlibel budu, bu!
İgidlər
açan savaşı,
Nigar,
Çənlibel budu, bu!..
...
Xotkarlar bata bilməyən,
Comərdlər
tuta bilməyən,
Köksünə
yatıla bilməyən,
Nigar, Çənlibel budu, bu.
Ucalardan
uca dağı,
Hərgiz,
gələ bilməz yağı,
Koroğlutək
ər oylağı,
Nigar, Çənlibel budu, bu.
Aşıq
Cununla deyişməsində isə Koroğlu daha artıq bir qəhrəman
ehtirası ilə:
Qırram
qayaları, yıxaram dağı,
Xanlar zəhər
içər, sultanlar ağı,
Çənlibeldi
qoç Koroğlu oylağı,
Şah da
gəlsə, Çənlibelə qoymaram!
- deyir.
Qədim türk təfəkkürünə görə
at - adi heyvan deyil, o, göydən enib (şaman türklərinin
inancında), günəşdən gəlib (yakutların təsəvvüründə)
və Qırat da adi at deyil. Nigarı Çənlibelə aparmaq
istədiyi elə həmin epizodda Qıratdan söz düşür və
Nigarın: "- O necə atdı ki, bizim ikimizi bu qoşunun
içindən çıxarıb, apara?"- deyə həyəcanlı sualına
Koroğlu bu qoşma ilə cavab verir:
Uca
dağ başında yel kimi əsər,
Dar günümdə mənə ürək
Qıratım.
Bir
aylıq mənzili bir gündə kəsər,
Köhlən bəsləmişəm, gərək
Qıratım.
Yolların
tozunu göyə qaldırar,
Müxənnət
üstünü birdən aldırar,
Meydanın
içində düşmən saldırar,
Olar yiyəsinə dirək Qıratım.
Qoç
Koroğlu qonar olsa yəhərə,
Yağı
düşmənləri salar qəhərə,
Axurda
arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək
Qıratım.
Qıratı
səsləyəndə sazı sinəsinə sıxıb:
"Alma gözlüm, qız birçəklim Qırat, gəl!"-
deyən Koroğlunun Qırat sevdası görün nə dərəcədə
güclüdür ki, Keçəl Həmzə (türkmən
və özbək variantlarında Kempir qarı) hiylə ilə
bu atı oğurlayıb aparanda, əlacsız qalmış
Koroğlu kimi bir igid, mərd, əyilməz, polad kimi möhkəm
fövqəlinsan (XXI əsrə gəlib
çıxmış supermen!) bu namərd, oğru, nacins
insana - Keçəl Həmzəyə emosional təsir
gücünə malik bir yalvarışla (elə bil, ahı
söyləyir!) deyir:
Canım
Həmzə (!-E.), gözüm Həmzə (!-E.),
Həmzə,
incitmə Qıratı!
Budu sənə
sözüm, Həmzə,
Həmzə,
incitmə Qıratı!
Qıratdı
mənim dirəyim,
Əriyər,
qalmaz ürəyim,
Sən
olasan duz-çörəyim,
Həmzə,
incitmə Qıratı!
Qırat
mənim iki gözüm,
Belə dərdə necə dözüm?
Həmzə,
sənə budu sözüm,
Oğul (!!-E.), incitmə Qıratı!
Eşidər
paşalar, bəylər,
Şadlıq
xəbərini söylər,
Koroğlu
iltimaz eylər,
Bala (!!-E.),
incitmə Qıratı!
O,
iş-işdən keçdikdən, aldandıqdan sonra
artıq Keçəl Həmzənin acgöz, kəmfürsət
təbiətinə bələd olduğu və Qıratın
taleyi ilə bağlı iztirab çəkdiyi
üçün, Keçələ bu atın "qiymətini"
söyləyir:
Əylən
deyim Qıratın qiymətini,
Səksən
min sərkərdə, mala da vermə!
Səksən
min ağ tüklü qəmər öyəcə,
Səksən
min xəzinə pula da vermə!
Səksən
min ilxıya, səksən min ata,
Səksən
min mahaldan gələn barata,
Səksən min kotana, səksən min
cütə,
Səksən
min kotanlı kala da vermə!
Burası da əlamətdardır ki, Qırat
"Koroğlu" variant və versiyalaında dəlilərə
(qəhrəmanlıqlara!) həmdəm və dayaq olan yeganə
adlı və seçmə at deyil. Baxın: Dürat, Düldül,
Köhlənşir, Haçadil, Qaragöz, Ağcaquzu,
Alagöz, Sarınər, Qəmərday və s.
İldırım parçasından
hazırlanmış Misri qılınc isə Koroğlunun o
arxası, dayağı və sirdaşıdır ki,
"könlünü namərdlər yıxsa, polad
qolçaq qolun sıxsa, Misri qılınc qından
çıxsa, leş sərilər, baş inildər."
Bu bədii
atributlarla yanaşı dastanda obrazlaşdırılmış
Qoşabulaq - Koroğlunun köpüyündə çimib,
suyundan içdiyi sehrli Qoşabulaq da yada düşür və
Koroğlunun həm aşıqlığında, həm də
bir qəhrəman kimi səciyyəsində
obrazlaşmış bu bədii atributun xüsusi yeri var.
"... yeddi ildən yeddi ilə cümə axşamı məşriq
tərəfdən bir, məğrib tərəfdən bir ulduz
doğar, bu ulduzlar göyün üzündə toqquşarlar.
Onlar toqquşanda Qoşabulaq köpüklənib
daşar. Hər kim
Qoşabulağın o köpüyündə çimsə elə
qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri
tapılmaz. Hər kim Qoşabulağın
suyundan içsə aşıq olar. Özünün
də səsi elə güclü olar ki, nərəsindən
aslanlar ürkər, pələnglər tük tökər,
quşlar qorxusundan qanad salar, dağlar, daşlar titrəyər,
atlar, qatırlar dırnaq tökər."
Bu həmin
nərədir ki, dastanın "Durna teli" qolunda Qara xanla
qarşılaşan Koroğlu "bir nərə çəkdi,
Qara xanın qulaqları batdı", yaxud "Koroğlu ilə
Dəli Həsən" qolunda Koroğlu ilə Dəli Həsən
döyüşərkən "qılıncdan murad hasil
olmadı, əmuda əl atdılar. Əmuddan
murad hasil olmadı, nizəyə əl atdılar. Nizədə də kar olmadı. Atdan
düşdülər, güləşməyə
başladılar. Gah o, buna güc gəldi,
gah bu, ona güc gəldi. Qoç Koroğlu bir dəli nərə
çəkib, Dəli Həsəni götürüb, yerə
vurdu.", yaxud "Koroğlu bir dəli nərə
çəkib, Kürdoğlunu götürüb yerə
vurdu", yaxud da baxın, hələ Koroğlu ilə
tanış olmayan igid Dəmirçioğlu nə deyir:
"Mən onun (Koroğlunun- E.) nə
qılıncından qorxuram, nə şeşpərindən, nə
də dəlilərindən. Amma deyirlər dava
eləyəndə onun bir nərə çəkməyi var.
Qorxsam, qorxsam, bəlkə, bircə o nərədən
qorxaram" və türkmən, özbək variantlarından
tutmuş tatar-tobol versiyasınacan belə bir obrazlı bədii
təfəkkür ifadəsi bu eposun mühüm bədii-estetik
xüsusiyyətidir.
Yeri
düşmüşkən deyim ki, Qoşabulağın, yaxud
Misri qılıncın, yaxud da Qıratın timsalında
"Koroğlu" eposunun bütün variantlarında bu
dastanla kosmos arasında olduqca maraqlı bir bağlılıq
var və dastanın türk ölkələrindəki mifoloji
elmin inkişafında (misal üçün, Azərbaycanda
M.H.Təhmasibin, M.Seyidovun və başqalarının tədqiqatlarında)
ciddi rol oynamısına baxmayaraq, elə bilirəm ki, məhz
bu cəhətin mistik-mifoloji baxımdan daha dərin tədqiqinə
hələ də ehtiyac var.
Burasını da qeyd edək ki,
folklorşünasların apardıqları tədqiqatlara
görə dünya folklorunda "Koroğlu" qədər
variant və versiyalara malik ikinci epos yoxdur.
3
"Koroğlu"nun janrı elmi ədəbiyyatda əsasən
epik janr kimi müəyyənləşdirilir, ancaq bu
dastandakı lirika, qətiyyən onun həqiqətən
geniş epik mənzərəsinin kölgəsində
qalmır, səhifədən-səhifəyə (qoldan-qola) həmin
epiklik ilə yanaşı addımlayır.
Azərbaycan folklorunda Koroğlunun bu dastandakı
şeirlərdən başqa da bir sıra qoşmaları, gəraylıları
var və olsun ki, bu şeirlərn müəllifi real
Koroğlular yox, yüzilliklər boyu yazıb-yaradan
aşıqların cəmi - mifik Koroğludur. Bu faktın özü
göstərir ki, yalnız dastan qəhrəmanı deyil, bədii
xəlqiliyin gücü və sövqü ilə dastandan
çıxıb, xalqın qəhrəmanı olan Koroğlu
obrazı türk xalqlarında aşıq sənətinin
inkişafında, poetik rəngarəngliyində, həm lirik,
həm də epik səciyyə əldə etməsində
çox ciddi və əhəmiyyətli rol oynayıb.
Güman
edirəm ki, bu - ümumtürk folkloru üçün səciyyəvi
ədəbi hadisədir, dastanın türk, qazax, türkmən,
özbək, altay variant və versiyalarında da yalnız kor
kişinin (mehtər Alının, türkmənlərdə
Adi bəyin, Cənubi Azərbaycan variantında Mirzə Sərrafın)
oğlu yox, torpağın, dağın, işığın,
odun, atəşin oğlu olan Koroğlunun (Goroğlunun,
Qoroğlunun, Qurqulinin...) türk xalqlarının folklorunun
lirik-poetik baxımdan zənginləşməsində az rolu
olmayıb.
Eləcə
də silsilə "Koroğlu" havalarına (Azərbaycanda
"Koroğlu gözəlləməsi", "Misri
Koroğlu", "Qanlı Koroğlu", "Dəli
Koroğlu", "Şahsevəni" və s., qazax
makamları, Türkiyədə "Koroğlu çeşitləməsi",
"Kiziroğlu Mustafa bəy", "Aldı Kosa bəy"
və s., Türkmənlərdə "Aşık bolmuşam", "Novayi",
"Sen etir" və s.) qulaq asdıqca, açıq-aşkar
hiss edirsən ki, bu havaların, nəğmələrin
yaranması və yüz illikləri adlaması yanlız saz
ifaçılığında yox, ümumiyyətlə,
türk xalqlarının musiqi yaradıcılığında
mühüm rol oynamış, bu musiqini millidən bəşəriliyə
aparan yolun (elə yalnız Qara Qarayevin
"Üçüncü simfoniya"sını
xatırlasaq, elə bilirəm ki, kifayətdir) bədii-estetik
yolçularından biri olmuşdur.
Bir
mühüm cəhəti də qeyd etmək istəyirəm:
türk dövlətlərində ədəbiyyatşünaslığın,
daha konkret desəm, folklorşünaslığın
inkişafında "Koroğlu" dastanının
böyük rolu olub - onu təhlil və tədqiq edən
yüzlərlə (bəlkə də minlərlə!) elmi məqalələr
yazılıb, bir çox monoqrafiyalar nəşr edilib və
onilliklər boyu aparılan "Koroğlu" tədqiqatı
(Azərbaycanda V.Xuluflu, H.Əlizadə, H.Araslı, M.H.Təhmasib,
P.Əfəndiyev, F.Fərhadov, X.Koroğlu, V.Vəliyev, A.Nəbiyev,
N.Cəfərov, M.Həkimov, İ.Abbasov... və saymaqla
qurtarmayan başqa müəllifləri, Türkmənistanda
B.A.Karrıyev, Özbəkistanda X.T.Zərifov kimi məşhur
ədəbiyyatşünasları, Türkiyədə
D.Yıldırım, P.N.Boratav, F.Bayat və başqa alimləri
xatırlayaq) dərinləşdikcə, elmi nailiyyətlər
əldə edildikcə, folklorşünaslıq da daima
inkişaf edib, zənginləşib.
1937-ci ildə
- o vaxt ki, bütün Sovet
İttifaqında, o cümlədən türk mənşəli
respublikalarda, muxtariyyətlərdə, diyarlarda (Azərbaycanda,
Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda,
Türkmənistanda, Tatarıstanda, Başqırdıstanda,
Krımda, Altayda, Uyğurustanda, Yakutiyada, Tuvidə və s.)
qanlı repressiyalar gedirdi, birdən-birə böyük
Üzeyir Hacıbəylinin "Koroğlu" operası meydana çıxdı və
Qıratın belinə sıçrayaraq, Misri
qılıncı siyirib, başının üstünə
qaldırmış Koroğlu yalnız Azərbaycan
xalqını yox, bütün türk xalqlarını zülmə,
sitəmə sinə gərməyə, əzmkarlığa
çağırırdı. Təsadüfi
deyil ki, 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində
müstəqillik uğrundakı mübarizə zamanı
"Koroğlu" operasının üverturası Azərbaycanda
bu mübarizənin himninə çevrilmişdi.
Bu opera
1939-cu ildə Aşqabadda, bir müddət sonra Daşkənddə
tamaşaya qoyuldu, illər keçdi, nəhəng Sovet
imperiyası dağıldı, dünyanın siyasi xəritəsində
türk dövlətlərinin sayı artdı və bu dəfə
TÜRKSOY-un layihəsi olaraq Üzeyir bəyin operası
Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan və
Başqırdıstan sənətçilərinin
iştirakı ilə tamaşaya qoyulub, böyük uğurla
həmin dövlətlərin paytaxtlarında göstərildi.
Mən
filateliya ilə maraqlandığım üçün, hardasa
mistiq-rəmzi təsir bağışlayan bir faktı da demək
istəyirəm: 1966-cı ildə - Sovet İttifaqının
(və ideologiyasının) əzəmətli bir
dövründə sovet filateliyası yeni gözəl bir marka
ilə zənginləşir (!) və "Koroğlu"
operasına həsr olunmuş bu markada da Koroğlu
Qıratın belində Misri qılıncını
başının üzərinə qaldırıb.
1989-cu ildə
- Sovet İttifaqının sarsıldığı bir vaxtda
SSRİ-nin poçt markalarından biri "Koroğlu"
dastanına həsr olunmuşdu və bu markanı belə bir mətn
müşayiət edirdi: "Koroğlu" - Azərbaycan
xalqının epik abidəsidir. Bu cəngavər-nəğməkar
obrazının timsalında xalqın qəhrəmanlıq
idealları, istibdada və ədalətsizliyə qarşı
mübarizə əzmi öz ifadəsini
tapmışdır."
Bu, həmin gərgin dövr idi ki, sovet rəhbərliyinin
təhrikedici sükutu, fəaliyyətsizliyi sayəsində
erməni militarizmi Qarabağ iddiası ilə bağlı
baş qaldırmışdı və elə bil, o sovet
markasında (!) Azərbaycan xalqı Koroğlunun
timsalında elə həmin ədalətsizliyə
qarşı ayağa qalxmışdı.
1990-cı
ildə isə artıq tarixin səhifəsinə çevrilməkdə
olan Sovet İttifaqının ən son poçt
markalarından biri türkmən rəssamı
İ.Klıçevin "Goroğlu" ("Koroğlu")
mövzusunda çəkdiyi lirik bir qrafikasının əksi
ilə çap olunmuşdu və o markada yazılıb ki,
"türkmən xalqının epik abidəsinin qəhrəmanı
Goroğlu öz vətənini (Türkmənistanın
timsalında qədim türk yurdunu!- E.) qoruyaraq, istibdada qarşı mübarizə
aparır."
Bu sovet
markalarının çapı, güman edirəm ki, dünya
filateliya tarixinə həkk olunmuş həqiqətən əlamətdar,
bəlkə də, dediyim kimi, bir az mistik
hadisədir.
Koroğluya həsr olunmuş və Türkiyədə
basılmış bir poçt markası da var. "Burası
türk yurdu..." başlıqlı o markaya Koroğlunun
"Mərd dayanar, namərd qaçar" sözləri həkk
olunub.
(Dastanın Azərbaycan variantında Koroğlunun söylədiyi
son gəraylının birinci bəndi:
Mərd
dayanar, namərd qaçar,
Meydan
gumbur-gumburlanı...
Dəlilərim
meydan açar,
Düşmən
gumbur-gumburlanı...)
Siz Tahir
Salahovun məşhur Koroğlu portretinə fikir verin: o,
artıq dastanın yalnız Azərbaycan variantının ədəbi
qəhrəmanı yox, bütün türk xalqlarının
milli qəhrəmanıdır, elə bil ki, bizim müasirimiz
olan böyük rəssam bu portreti genetik yaddaşın diktəsi
ilə yaratmışdır.
Bu gün
Bakıda Tokay Məmmədovun yaratdığı Koroğlu
heykəli türk xalqlarının bir tərəfdən
qılınca (qəhrəman Koroğlunun Misri
qılıncına!), bir tərəfdən də sehrli saza
(Nigar sevdası ilə şeirlər qoşan aşiq
Koroğlunun məhəbbət,
sədaqət, mərdlik, mərhəmət, xeyirxahlıq, əhdi-peyman,
vəfa, ilqar tərənnüm edən sazına!) söykənən
birliyinin simvoludur və yalnız Azərbaycanda deyil, Türkiyədə,
Türkmənistanda, başqa türk dövlətlərində
ucaldılmış Koroğlu heykəlləri ortaq tarixin
dediyim həmin genetik yaddaşdan doğmuş müasr abidələrdir.
Yaxud bu
gün müstəqil Türkmənistanın valyutasında
Goroğlunun (Koroğlunun) şəkli həkk olunubsa, o,
yalnız türkmən xalqının yox, bizim
hamımızın - Qırğızıstandan Krımacan,
Qazaxıstandan Altayacan, Anadoludan Qaqauzstanacan, Özbəkistandan
Uyğurustanacan bütün türk xalqlarının
iftixarı, qürur mənbəyi, fəxarətidir.
Üzeyir
bəydən qırx il sonra məşhur türk bəstəkarı
Əhməd Adnan Sayqunun "Koroğlu" operası
İstanbulda tamaşaya qoyuldu, böyük uğur qazandı və
opera səhnəsindəki bu yeni uğur bir daha göstərdi
ki, Koroğlu əsrlərin bədii-estetik və milli-mənəvi
sınağından keçərək daima ümumtürk mədəniyyəti,
bu mədəniyyətin inkişafı, müasir nailiyyətləri
ilə bir yerdədir.
Və
2015-ci ildə Türkmənistanın təşəbbüsü
və işgüzar fəaliyyəti nəticəsində bu
eposun YUNESKO-nun "Bəşəriyyətin qeyri-mədəni
irsi siyahısı"na daxil edilməsi Balkanlardan tutmuş
Qafqazadək, Türkmənistandan tutmuş Tuvaya, Baltikadan
tutmuş Krımacan bütün türk xalqlarının bəşəri
mədəniyyətin inkişafında və zənginləşməsində
böyük rol oynadığını bir daha təsdiq və
bədii-estetik baxımdan təsbit etdi.
Baxın,
türk torpaqlarında nə qədər Koroğlu qalası
var (yalnız elə Azərbaycanda Gədəbəydəki,
Tovuzdakı, Qazaxa gələn qədim karvan yolunun
üstündəki və s.
"Koroğlu qalaları"nı yada salaq), nə qədər
Çənlibellər, "Koroğlu qayaları",
"Koroğlu yarğanları", "Koroğlu dağları",
"Koroğlu zağaları" var? Türkiyədə,
Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda,
Qırğızıstanda Koroğlunun adı ilə
bağlı nə qədər coğrafi məkanlar, qədim
tarixi abidələr var? Bütün bunlar
türk xalqlarının genetik yaddaşının təzahürüdür
ki, ağac eyni kökdən qol-budaq atdığı kimi, həmin
genetik yaddaşın milli-mənəvi şaxələridir.
Bəli,
bütün bu qalaları Koroğlu (Goroğlu, Karoğlu,
Qurqulu, Quroğlu) tikib, Misri qılıncını o,
oynadıb, bütün bu Çənlibellərdə
(Şamlıbeldə, Canbilbeldə, Çandibeldə)
Koroğlu saz çalıb, bütün bu dağlarda, qayalarda
Koroğlu, onun Dəli Həsən, Giziroğlu Mustafa bəy,
Bəlli Əhməd, Dəmirçioğlu və
başqaları kimi 7777 - yeddi min yeddi yüz yetmiş yeddi
(Orta Asiya variantlarında 40, bəzən də 70) dəliləri
at çapıb, bu yarğanları adlayaraq, düşmənləri
təqib edib.
Bu qəhrəman
yalnız Həsən paşanın kor etdirdiyi mehtər
Alı kişinin oğlu Rövşən deyil, o, eyni zamanda
ölmüş anasından gorda doğulub, dünyaya gələn
həmin çağa - Goroğludur, zülmətdə
İşığın, planetar gecələrdə
çıxmış Ayın, parıldayan ulduzların, gecələri
gündüzə çevirən Günəşin rəmzidir,
Xeyir ilə Şərin mübarizəsində Xeyirin qüdrətli
müttəfiqidir.
Tanınmış
türkmən alimi B.A.Karrıyev dastanın türkmən
variantının ("Goroğlu") Moskva nəşrinin
ön sözündə yazır ki, bu eposun "Azərbaycan
versiyasında bütün başqa versiyalardan artıq tarixi
elementlər var" (Q¸r-oqlı.Turkmenskiy qeroiçeskiy gpos, Moskva,
"Nauka", 1983, str.7.), Azərbaycan alimi F.Cəlilov isə
"Əsl "Koroğlu"nun qədim variantı Türkmənistanda
qalır"- deyir (Bax: "Şərq" qəzeti, 22 sentyabr
2016.) və belə məhrəmanə
qarşılıqlı müddəalar, əlbəttə,
eyni kökdən, eyni əsasdan, eyni mənbədən
doğur.
Dastanı
ingilis dilinə tərcümə edib, 1842-ci ildə Londonda nəşr
etdirən polyak şərqşünası Aleksanr Xodzkodan,
alman dilinə çevirən O.Volfdan, fransız dilinə
çevirən Jorj Sanddan (sonralar bu tərcümə
J.Sandın oğlu rəssam Moris Sandın
illüstrasiyaları ilə yenidən nəşr
edilmişdi), rus dilinə çevirən S.S.Rennindən sonra, müasir çağa qədər
mütəxəssis tədqiqatçılar Koroğlunun tarixi
kimliyini axtarır: kim olub Koroğlu - Cəlalilər sərkərdəsi,
yaxud da Şirvan üsyançılarının rəhbəri?,
hansı türk torpağında yaşayıb, mübarizə
aparıb - Azərbaycanda, yoxsa Anadoluda, ya da Türkmənistanda?,
konkret olaraq kimlərə qarşı vuruşub -
qızılbaşlara, 1 Şah Abbasa, yaxud Həsən
Paşaya, yaxud da Bolu bəyə qarşı?
Bəzi
türkoloqlar, folklorşünaslar "Koroğlu"nu "Dədə
Qorqud"dan da qədim ümumtürk abidəsi hesab edir,
eposun qəhrəmanını isə Heraklla eyniləşdirir,
onun Qoroğlu (Koroğlu) - Qerakl - Herakl şəklində qədim
Avropa xalqlarının mifologiyasında təzahür etdiyini
deyir, "Koroğlu" mənbələrini bəşəri
beynəlxalq süjetlərdə, Heradotun "Tarix"inə
istinad edərək, qədim skif rəvayətlərində
axtarır, maraqlı paralellər gətirirlər. Rəhmətlik
İsrafil Abbaslı qarşıya belə bir sual qoyur:
"Koroğlu" eposunu hansı epik abidələr qrupuna aid
etmək lazımdır, o mifikdirmi, yoxsa daha çox tarixi səciyyəmi
daşıyır?" (İsrafil Abbaslı.
"Koroğlu": Nə var, nə yox?",
Bakı, 2013, səh.85.)
"Koroğlu"şünaslıqda
bu tipli çox misallar gətirmək olar və bütün bu
fikir və mülahizələr, ideyalar, gümanlar, mübahisələr,
ehtimallar, suallar, söz yox, elmi tədqiqat obyektidir, ancaq
bütün bunlarla bərabər, mühüm və elmi
problemlərdən kənar, həmin problemlərin
fövqündə dayanan bir həqiqət var: dastanın
hansı variantının, hansı versiyasının qəhrəmanı
olursa-olsun, epos hansı dövrdə yaranıbsa, yaransın,
hansı qədim mifologiya ilə qohumdursa - bu da olsun,
"Koroğlu"nu vahid türk bədii-estetik təfəkkürü,
milli-mənəvi özünüifadəsi yaradıb.
"Koroğlu" dastanı müxtəlif variant və
versiyalarda ayrı-ayrı türk xalqlarının milli sərvəti
olduğu kimi, ümumilikdə, bir vəhdət halında
bütün türklərin milli sərvətidir.
Əsas o deyil ki, Koroğlu tarixi şəxsiyyətdir,
ya yox, XII əsrdə, yaxud XVI əsrin sonu, XVII əsrin əvvələrində
yaşayıb, ya yaşamayıb, bu dastan bəzi ədəbiyyatşünasların
qənaətinə görə yalnız XVII - XVIII əsrlərdə
formalaşıb, ya yox?
Əsas odur ki, Koroğlu bu gün yaşayır.
Bu gün ən müasir Bakı metro stansiyalarından
biri Koroğlunun adını daşıyır və elə
bil, o modern qatarlar Koroğlunun özünü də gələcəyə
aparır.
Dastanın sonunda Koroğlu artıq qocalıb
("Qocaldım, Nigar, qocaldım..."), Aşıq
Cünunun təbiri ilə desək, "dəliləri
başından dağıtmışdı, Koroğluluğu
yerə qoymuşdu."
Ancaq müstəbidliyi və ədalətsizliyi görən
Koroğlu koroğluluğu yerə qoya bilərdimi?
Və
növbəti xanlar (Ağa xanla Mehdi xan) böyük bir
qoşunla Çənlibelə hücum edəndə qoca
Koroğlu yenə Qıratı minib, Misri qılıncı
qınından siyirərək, yenə başına
yığışmış dəliləri ilə birlikdə
düşməni darmadağın edir və Aşıq
Cünunun "- De görüm, indi nə fikirdəsən?"-
sualına Koroğlu: "- Yox, Aşıq
Cünun! Düzdü, mən Koroğluluqdan əl
çəkmişdim. Amma baxıram ki, bu, olan iş
deyil. Nə qədər ki, xotkarlar, padşahlar,
paşalar, xanlar, bu namərd dünyada ağalıq eləyirlər,
mən Koroğluluğu yerə qoya bilməyəcəyəm."
Koroğlu ömrünün zaman sərhədi yoxdur.
Və nə qədər ki, türk xalqları
yaşayır, o qədər də Koroğlu yaşayacaq.
Koroğlu
türk xalqlarının tarixində və taleyində əbədidir,
o, heç zaman qanadlı dərya atından törəmiş,
çapanda ayaqları yerə dəyməyən
Qıratın belindən düşməyəcək,.
Misri qılınc da, saz da həmişə Koroğlu ilə
bir yerdədir.
24 fevral
2018 Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.2-4.