Zahid Xəlil:

Öz içimdəki uşağa borcluyam...

 

- Zahid müəllim, müasir uşaq ədəbiyyatının hazırkı durumunu necə dəyərləndirirsiniz? Yeni uşaq ədəbiyyatı yaranırmı?

- Yeni uşaq ədəbiyyatı demək olar ki, yaranmır. Azərbaycan uşaq ədəbiyyatı Sovet dövründə, xüsusilə 80-ci illərin sonunda SSRİ üzrə ən qabaqcıl ədəbiyyat idi. Səsimiz, sorağımız Moskvadan gəlirdi, rus ədəbiyyatşünasları bizimlə hesablaşırdılar, haqqımızda məqalələr yazırdılar, aramızda dialoq və müzakirələr olurdu. Məlum 90-cı illərdən sonra təkcə ədəbiyyatın yox, bütün mədəniyyət sahələrinin inkişafına mane olacaq cəhətlər meydana çıxdı. Televiziyalarımız əvvəlki kimi ədəbiyyatı əks etdirmədi, mədəniyyətin inkişafına meyil dəyişdi. Layiq olmayan adamlar öz yerlərindən daha yüksək mərtəbədə yer tutdular. Bu səbəblər, o cümlədən, uşaq ədəbiyyatının işini ləngitdi. Və indi də uşaq ədəbiyyatı meydanında döyüşənlər qocaman yazıçılardı. Ələsgər Əlioğlu, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Qəşəm İsabəyli kimi barmaqla sayılacaq qədər yazarlar qalıb. Təəssüflər olsun ki, sonrakı yazarların əksəriyyəti təqaüdə çıxan müəllimlərdi, yaş etibarilə, demək olar, onlar da bizim nəsildəndir. O zamanlar tanına bilməyənlər indi azadlıq dövründə pulunu verib, istədiyi kimi yazıb, kitab çap etdirirlər. Mənə elə kitablar bağışlayırlar ki, görürəm, o zaman bu cür yazıları redaksiyanın qapısından içəri buraxmazdılar, amma indi yüksək tərtibatla çap etdirib paylayırlar. Bunlar ədəbiyyat və mədəniyyətin inkişafına mane olan ən birinci səbəblərdir. Amma bir şey də var, indi heç kimdən gözəl ədəbiyyat nümunəsi tələb etməyə haqqımız da yoxdur. Bizim dövrümüzdə yüksək qonorar vardı. Məsələn, mən yazılarımın əksəriyyətini xarici ölkələrdə yazmışam. Hətta mənim haqqımda o zamanlar miflər yaranmışdı. Hər yeni əsərimi başqa-başqa şəhərlərdə yazırdım. Səhər 5-dən 6-ya kimi dənizdə gəzirdim, saat 6-dan 11-ə kimi yazırdım. Sonra gəzib dincəlirdim. O zaman yazıçıya, onun həyat tərzinə böyük hörmət vardı. Ən yaxşı yaşayan insanlar yazıçılar idi. Bəzi yaxşı yaza bilməyənlər yaxşı yazıçılara qarşı aqressiya ilə yaşayırdılar. Deyirdilər, buna bax, pula görə, yaxşı yaşamağa görə yazır. Bəli, mən elə pula görə yazırdım. Bütün dünyada belə olub və belədir. İstedad da əməkdir, çəkdiyin zəhmətin qarşılığını görməsən, uğur davam edə bilməz. Niyə də ədəbiyyat gəlir gətirməsin? Niyə yazıçı başqa işlə məşğul olmağa məcbur olsun? İndiki dövrdə o zamanlardakı kimi əsərlərin yaranmamasının səbəbi yazıçının çətin həyat şəraitidir. Səbəblər bəlli. Təəssüf ki, mən bu gün məni qane edəcək, diqqətimi cəlb edəcək uşaq ədəbiyyatı nümunələri görmürəm. Olsaydı, mən bu əsərləri "Ədəbiyyat qəzeti"ndə oxuyardım. Bugünkü "Ədəbiyyat qəzeti"ndən çox razıyam, çünki, uşaq ədəbiyyatına xüsusi yer və dəyər verir.

- Uşaq kitablarının tərtibatı məsələsi həmin kitabların satılmasında və oxunmasında əhəmiyyət kəsb edirmi? Bəzən müəllif və nəşriyyat tərtibata elə uyurlar ki, məzmun tamamilə yaddan çıxır.

- Tərtibatın gözəl olmağı uşaq üçün çox vacib məsələdir. Atalar məsəlində deyildiyi kimi: "Gözəllik ondur, doqquzu dondur". Uşaq kitablarında şəkillər, rənglər xüsusi yer tutur. Amma həm də sadə və anlamlı olmalıdır. Bu yaxınlarda mənim "Üç alma" nəşriyyatında kitabım çıxıb. Çox sadə və eyni zamanda mənalı şəkillərlə bəzənmiş, yüksək keyfiyyətli kağızla çap olunmuşdur. Və bizdə uşaq əsərlərinə şəkil çəkən rəssamlar var, onlara da layiq olduqları qonorar verilmir deyə, işləyə bilmirlər. Onları bir yerə cəlb etmək, kömək etmək lazımdır. Vicdanla, zəhmətlə pul qazanmaqlarına şərait yaratmaq lazımdır. O gün pul qazanmaq barədə bir maraqlı hekayə eşitdim. Pul qazanmaq istəyirsənsə, ilk növbədə vicdanını unutma. Bir yaz - bu, vicdandır, yanına bir sıfır yaz - zəhmətdir, bir sıfır daha - uğur, bir sıfır daha - zirvə və s. Sıfırlar artdıqca qazancın çoxalır. Amma qarşısındakı biri götürsən, o sıfırların heç bir dəyəri qalmaz. Vicdanın yoxdursa, qazancının mənası yoxdur. Uşaq kitablarının tərtibatı çox çətin, eyni zamanda vicdan tələb edən işdir. Bir kitabımın tərtibatında maliyyə məhdudiyyəti ucbatından şəkilləri internetdən götürdük. O kitabdakı şəkillər ölü şəkillər idi, onlar şeirlərimlə nəfəs almırdılar.

-  Bugünkü uşaq ədəbiyyatımızda süni uşaq obrazları çoxdur. Yəni bu uşaq əlaçıdır, daim dərslərindən "5" alır, düz danışır, heç nədən qorxmur. Bəs "2" alan, bir az qorxaq, bir az da yalançı uşaq yoxdurmu? Bu uşağın şeirini yazmısınızmı?

-  Demək, İsveç uşaq yazıçısı Astrid Lindqrenin "Uzuncorab Peppi" əsərində Peppi digər uşaqlara deyir ki, mən böyüyəndə dəniz qulduru olacam. Sovet dövründə biz elə obraz yarada bilməzdik. Necə yəni uşaq dəniz qulduru olmağı arzulayır, yəni yazıçı uşaqlara örnək olacaq başqa bir obraz yarada bilməzdimi? Dediyiniz əlamətlər Sovet ədəbiyyatının ənənəvi qalıqlarıdır. O zaman yazılan bir çox əsərlər öz dəyərini itirdi, amma mənim o dövrlərdə yazdığım əsərlər bu gün də çap olunur və güman edirəm, yüz illər sonra da təkrar-təkrar çap olunacaq. Ona görə ki, mən Sovet cəmiyyətinin Pavlik Morozov surətinin arxası ilə getmədim. Yazıçının daxili azadlığı olmalıdır. Məsələn, hekayələr vardı. "Uşaq tramvayda oturmuşdu, yaşlı qadın daxil olanda qalxıb ona yer verdi". Bu hekayə deyil, adi ədəb-ərkan qaydasıdır. Bu hekayələri bayaq dediyim təqaüdə çıxmış müəllimlər yazırdılar. Bu yazıçı təfəkkürü yox, müəllim təfəkkürüdür. Bu hekayələr uşaqlara yox, o uşaq obrazını arzulayan böyüklərə aiddir. Mark Tvenin "Tom Soyyerin macəraları"nda əsər nənənin uşağı çağırması, uşağın nənəsinə fikir verməyib çıxıb getməsi ilə başlayır. Bizim anlamımıza görə bu, çox tərbiyəsiz bir hərəkətdir. Amma yazıçı burda dərhal diqqəti cəlb etmək üçün həyatın adi bir detalını önə çıxarır. Axı, bu uşaqdır. Bir dəfə eyvanda oturmuşdum, yay tətilinin ilk günləri idi. Hələ üç ay tətil qarşıdadır. Uşaqların biri digər uşaqlara deyir ki, xəbəriniz varmı, sentyabrın 15-i bazar gününə düşür. Bütün uşaqlar qışqıraraq sevinirlər. Bax, əsl uşaq psixologiyası budur. Qarşıdakı uzun yay tətilinə dərs gününün bircə gününün əlavə olunduğunu biləndə çox sevindilər. Bu müşahidədən təsirlənərək "Orxan və dostları" əsərini yazdım. Əslində, bu tip dəcəl, qeyri-adi uşaq obrazlarını yaratmaq lazımdır. Uşaqların qeyri-adi hadisələrə, xüsusilə bizim mənfi hesab etdiyimiz cəhətlərə meyli güclüdür. Yazıçının ustalığı odur ki, həmin mənfi hadisələrin arxasındakı müsbət keyfiyyətlər uşağa sirayət edə bilsin.

- Bir də uşaq haqqında yazılan ədəbiyyatla, uşaq ədəbiyyatını qarışdırırlar, Zahid müəllim...

- Bəli, uşağa ananın, müəllimin dediyi sözlərlə uşağın öz dilindən deyilən sözlərin fərqi var. Həmişə düşünmüşəm ki, uşaq Allahın ailəyə verdiyi ən böyük hədiyyədir, xoşbəxtlikdir. Daha bundan gözəl nə ola bilər ki? Uşaq yazıçısı həm də Allahın bu müqəddəs hədiyyəsinə layiq əsərlər yazmalıdır. Allahın bəxşişinə layiq yaza bilməyən yazıçılar gərək yazmasınlar. Rusiyanın böyük şairi, mənim tərcüməçim Yuri Kuşak öz ilk şeirini digər böyük şair Sergey Mixalkova oxuyur. Mixalkov deyir ki, Yura, kaş o şeirin müəllifi mən olaydım. Bax, bu şeirə uşaqcasına, səmimi verilən dəyərdir. Mənim və bütün dünyanın dostu başqırd şairi Mustay Kərim deyirdi ki, uşaq ədəbiyyatı insanın uşaqlığını saxlamağa kömək edir və kimsə öz uşaqlığını qoruyub saxlaya bilirsə, o gözəl insandır. Uşaq yazıçısının 70-80 yaşında da içində uşaqlığı yaşayır.

- Zahid müəllim, "Cırtdan" obrazına necə baxırsınız? Bu obraz uşaqlara nə verir, onlara nə öyrədir?

- Mən Cırtdanı sevirəm. Çünki o, qeyri-adi uşaqdır. Bütün uşaqlar divdən qorxur, o qorxmur. Hamı yatır, o oyaqdır. Uşaqlar onun sözünə baxır. Cırtdan elə bu günün uşağıdır. Mən Cırtdan obrazını ədəbiyyata yenidən gətirdim. "Cırtdan və Azmanın sərgüzəştləri" əsərimdə Cırtdanın nə qədər zirək və ağıllı, Azmanın böyük və ağılsız olduğunu göstərdim. Cırtdan gecələr Azmanın cibində yatır, Azmanın xəbəri yoxdur, onu axtarır. Azərbaycanda Amerika Universiteti vardı, məni çağırdılar, dedilər "Əlifba" kitabı yaz, yaxşı qonorarını verəcəyik, amma öz adın yazılmayacaq. Biz özümüz müəyyən edəcəyik, layihə müəllifi başqa adamdır. Razılaşdım, yaxşı qonarar verdilər mənə, amma düşündüm ki, adım olmasa da, bu kitabda bir iz qoymalıyam. Bu "Əlifba"da Cırtdanla Azmanın başına gələn hadisələri böyük və kiçik hərflərin başına gələn hadisə kimi təsvir etdim. Ancaq uşaq ədəbiyyatını bilən, mənim üslubumu tanıyan oxucu müəllifin mən olduğunu dərhal başa düşəcək. Bu yaxınlarda mənim yeni "Çınqı" adlı kitabım çıxıb. Çınqı Cırtdanın qardaşıdır. Cırtdan adı çırtlayan sözündəndir. Yəni tonqalın içindən çırtlayan od kimi - od uşaq anlamını verir. Çınqı da oddan çıxıb uçan kiçik qığılcımdır. Bu əsərlərim xalqın yaratdığı Cırtdan obrazına olan sevgidən irəli gəlib.

- Mənə elə gəlir ki, bu gün uşaq ədəbiyyatının tənqidçisi yoxdur. Tədqiqatçısı ola bilər, bu ayrı məsələ. Tənqidçisi olmayan ədəbiyyat inkişaf edə bilərmi?

- Əslində, bu gün nəinki uşaq ədəbiyyatı, ümumiyyətlə, ədəbiyyatın tənqidçisi yoxdur, tərifçilər var. Adı tənqidçidir, amma, ancaq tərif edir. Bilirsiz, əsl tənqidçi olmaq çox çətin məsələdir. Tutalım, mən özüm kiminsə əsərini tənqid edim, o adam mənimlə düşmən olacaq. Amma belə olmamalıdır. Bu ədəbiyyat elminin ən mühüm sahəsidir. Tənqidçi həm təhlil, həm tədqiq, həm də tənqid etməlidir. Mənim əsərlərim haqqında çoxlu monoqrafiyalar yazılıb. Məsələn, Füzuli Əsgərli haqqımda 4 kitab yazıb. Salatın Əsgərli, Şöhrət Məmmədova tədqiqat kitabları yazıb. Təbii ki, tədqiqat işi artıq imzası təsdiq olunmuş müəlliflər haqqında olur, amma inkişaf üçün tənqid lazımdır. Biz tənqidə çox dözümsüzük. Biraz tənqid olan kimi düşmənçilik yaranır. Hal-hazırda da kimsə mənim əsərimdəki qüsuru desə, mənə pis təsir etməz. Sərt tənqid olmasa belə, nəyin çatışıb-çatışmadığını qeyd etmək lazımdır. Tənqidçilərin çoxu tanıdığı, yaxın münasibətdə olub, oturub-durduğu müəlliflər haqqında tərif yazmaqla məşğuldurlar. Onu deyim ki, mən gənc vaxtlarımda həm də əməlli-başlı tənqidçi idim. Bir dəfə o vaxtkı "Ədəbiyyat qəzeti"nə məqalə yazdım - "Uşaq ədəbiyyatını uşaq yerinə qoyanda". Həmyaşıdlarım müəllifləri tənqid etmişdim, faktlar gətirmişdim. Tənqid etdiyim müəlliflərin bir qismi Cənub bölgəmizdən idi, yığışıb məni döymək üçün axtarırlarmış.

- Bu gün uşaq jurnallarının vəziyyəti necədir? Onlar öz oxucularına necə çatdırılır? Bu barədə fikrinizi bilmək maraqlı olardı.

- Düzü, bu gün uşaq jurnallarının sayını bilmirəm. Keçmişdən qalan "Günəş", "Göyərçin", "Tumurcuq", Gülzar nənənin təsis etdiyi "Elli" jurnalları maraqlıdır. Arada çıxıb, sonra yoxa çıxan jurnallar da oldu. Mən özüm "Fındıqburun" adlı jurnal buraxmaq istəyirdim. Heç yerdən maliyyə dəstəyi ala bilmədim. İndi hətta dövlətin pul ayırdığı uşaq jurnallarını da paylayıb qurtara bilmirlər. Maraq yoxdur. Görünür, biz daha uşaqları maraqlandıran mövzularda yaza bilmirik.

- Texnologiyanın, internet əsrinin təsirləri daha çoxdur, məncə... Uşağı maraqlandıracaq gələcək uydurmalar kimi mistik, fantastik əsərlər yazılmalıdır bəlkə?

- Bəli, doğru deyirsiniz. İnternet əsrinin uşaq yazıçısı müasir elmləri bilməlidir. Uşaqların maraqlarının önünə keçməli, onların düşüncəsinin gedəcəyi kəsə yolları axtarıb-tapmalıyıq. Müasir uşaq yazıçısı fizikanı, riyaziyyatı, informatikanı bilməlidir. Uşaq öz yazıçısından çox bilirsə, onu necə təəccübləndirə bilərik? Bəzən isə sadə detallarla da uşaqların dünyasına daxil olub, onlarla söhbət edə bilərik. Yenə də qeyd edim, "Ədəbiyyat qəzeti"ndə bir hekayəm çap olunmuşdu. "Bacı qardaşının dəftərini qaralayıb, qardaşı deyir bunu kimin etdiyini bilsəm, saçını yolacam. Yolla gedəndə qız deyir gəl gedək kimin etdiyini dələdən soruşaq, amma kişi sözü ver ki, kimin etdiyini biləndə onun saçını yolmayacaqsan. Razılaşırlar. Oğlan gəlir ağacın altından dələni çağırır - Dələ, ay Dələ... Qız deyir dələni elə çağırmazlar, cibindən 3 dənə qoz çıxarıb ovcunda bir-birinə sürtən kimi dələ gəlir. Guya onunla nəsə danışır, oğlan soruşur, dələ nə dedi. Bacısı deyir, dələ dedi ki, dünən kiminsə saçını yolmusan, dəftərini də o qaralayıb." Bax, bu hekayədə dələni çağırmaq üsulu, qızın bu hadisədən qurtulmaq üçün düşündüyü ağıllı tədbir maraqlıdır.

- Zahid müəllim, XX əsrin əvvəllərindəki M.Ə.Sabirin "Tülkü"sü ilə XXI əsrin əvvəllərində, məsələn, belə deyək, sizin və ya bir başqa bir şairin yaratdığı tülkü obrazı arasında hansı filoloji fərqlər var?

- Bizim tülkülər daha hiyləgərdir. Tülkülər də zamana görə hiylələrini artırıb. "Mən Tülküyəm" adlı poemam var. Mən tülkünü özüm müşahidə etmişəm, həqiqətən çox bilmiş, hiyləgər heyvandır. Tülkünün hiyləgər obrazı ədəbiyyatın uydurması deyil, xalq deyimlərinə, müşahidələrinə əsaslanır. Ədəbiyyatda tülkü xarakterli insanlar var, onları ədəbiyyata gətirmək yeni tülkünün daha təhlükəli olduğunu göstərməkdir. Müasir uşağın tülküsü o dövrün tülküsündən daha ağıllı və tədbirlidir. Əvvəlki xalq düşüncəsi hekayələrinə görə, siçanla pişik, itlə pişik dost ola bilməzdi, indi həyatda onların bir yerdə oynadıqlarını görürük. Həm filoloji, həm bioloji münasibətlər dəyişib. Ümumiyyətlə, yaxşı yazmaq üçün ədəbiyyatın sirlərini, bu sirləri yaxşı bilmək üçün isə çoxlu mütaliə və müşahidə etmək lazımdır. Həm də təkrar etməmək, yenisini yaratmaq üçün mütaliə vacibdir.

- Dərsliklərimizin indiki durumu sizi qane edirmi?

- İbtidai siniflərdə "Azərbaycan dili" dərslikləri vaxtilə "Ana dili" adı ilə tədris olunurdu. Yəni məqsəd bədii dili ana dilimiz şəklində öyrətmək idi. Bu mənada dilin alt qatındakı mənaları, mahiyyətini öyrədirdilər. Yeni dərsliklərimizin isə "Azərbaycan dili" adı ilə nəşr olunmasını məsləhət bildilər. Ana dili məfhumunun kiçik millətlərin dilinə aid olduğu səbəb olaraq qeyd edildi. Yeni "Azərbaycan dili" dərsliklərinin birinin müəllifi mənəm. Dərsliklərin mətnləri çox mükəmməldir, onların hər birinin üzərində saatlarla işləmişik. Eyni zamanda cəsarətli addımlar da atdıq. Biz indi kurikulum deyilən təhsil proqramı ilə dərs keçirik. Bu proqramda yazıçıdan daha çox əsər maraqlıdır, şagirdə əsərin obrazları arasında mənfi və ya müsbət münasibət seçimi şansı verilir. Əsəri dəyərləndirən keyfiyyəti tapıb müzakirə etmək lazımdır. Təəssüf ki, bizim orta məktəb müəllimləri hələ bu sistemi dərk edə bilmirlər. Ona görə təzad yaranır. Dərsliklər müasir, sistem köhnə, müəllimlər çaşqın. Sistem kor-koranə tətbiq olunur deyə, dərsliklərimizi düzgün qiymətləndirə bilmirik.

- Amma sizinlə tam razılaşa bilmərik, dərsliklərdəki vəziyyət dediyiniz qədər ürəkaçan deyil.

- İbtidai siniflə böyük siniflər arasındakı dərslik kitablarında siz deyən hal yaşanır. Dərsliklərdə veriləcək mətnlərin yığılması üçün müsabiqə elan olunanda mübarizə avropasayağı yox, azərbaycansayağı oldu. Və şübhəsiz ki, səlahiyyətli şəxslər öz tanışlarını qəbul etdirdilər. Həmin nəticələr sayəsində ikinci, üçüncü növ ədəbiyyat dərsliklərə gəldi. Ümumiyyətlə, ədəbiyyata dəxli olmayan adamların mətnləri ilə dərsliklər hazırlandı, bu acınacaqlı haldır. Yenə də bayaq dediyimiz vicdan söhbəti...

- Yazı stixiyanız aydın və sadə olduğu üçün çox sevilirsiniz. Bəs, uğurlarınızın açarı həmişə öz əlinizdə olub?

- Mənim müəllimim italyan yazıçısı Canni Radaridir. Şəxsən tanış idik, Moskvada görüşmüşdük. O, çox qeyri-adi adam idi. İbtidai siniflərə dərs deyirdi. Məsələn, yazı lövhəsinə bir söz yazırdı. Məsələn, daş. Sonra o daş haqqında suallar yaradırdı. Daşın neylədiyi, fikri, arzusu haqqında maraqlı hekayələr uydururdu. Uşaqlarda yaradıcılıq düşüncələrini oyadırdı. Deyirdi ki, povestlərimin bir neçəsini uşaqlarla birlikdə yazmışam. Həm də İtaliyada uşaq verilişi aparıcısı idi. Deyirdi, verilişimdə bir hekayəni oxuyurdum, yarımçıq hekayəni uşaqlardan gələn məktublar əsasında tamamlayırdım. Mən də aparıcısı olduğum "Çıraq" verilişində bunu tətbiq etdim, amma azərbaycanlı balaca oxucular buna o qədər də maraq göstərmədilər. Fərqimiz aydın görünürdü. Mən indi də hər hansı bir əsərimi yazanda Canni Radarini düşünüb, ondan yaxşı yazacağıma söz verib yazıram. Öz aləmimdə onunla yarışıram. Nəticə etibarı ilə həmişə ustadıma uduzuram. Lakin onunla rəqabət mənə stimul, yaradıcılıq enerjisi verir. Fikir versəniz görərsiniz ki, əsərlərimdə obrazların əksəriyyəti cansızdır. Bu cəhətim də müəllimimə oxşarlığımdandır. Eyni zamanda Andersenin əsərlərini oxuyuram və onu təkcə uşaq yazıçısı yox, böyük filosof hesab edirəm. Onu mütaliə etmək mənə yaradıcılıq zənginliyi bəxş edir. Mənim Moskvada bir ildə dörd kitabım çıxmışdı. Bu məni çox fərəhləndirirdi. Artıq özümü ümumittifaq miqyasında yazıçı hesab edirdim. Ən uğurlu kitabım "Salam, Cırtdan" kitabım oldu. Ön sözünü də özüm yazmışdım. Bu kitab 1987-ci ildə Moskvada Beynəlxalq yarmarkada iştirak etdi. Yarmarkada xarici naşirlər iştirak edir, müqavilələr bağlayırdılar. Mənim kitabım rəfin aşağı gözündə qoyulmuşdu. Birdən səs-küy yarandı ki, komissiya var. Hamı kənara çəkildi, gördüm iki nəfər gəlir. Mərkəzi Komitənin katibi Yakovlev və Heydər Əliyev. Nəşriyyatın direktoru mənim kitabımı rəfin aşağı gözündən götürüb arxasında gizlətdi. Getdi onlara tərəf, görüşdü və söhbət vaxtı kitabımı göstərib dedi, - sizin Cırtdanınız da burdadı. Heydər Əliyev müəllifi ilə maraqlandı, gəldim görüşdüm. Gördüm ki, elə bir böyük yarmarkada öz xalqının yazıçı nümayəndəsini görməyinə çox sevinir. Bu, həm Azərbaycan uşaq ədəbiyyatının, həm də yazıçısının uğuru idi. Uğurlarımın açarı taleyimin əlində olub. Buna görə isə həmişə öz içimdəki uşağa borcluyam.

 

Söhbətləşdi: Nuranə Nur

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.4-5.