Söz yolu
Yerdənmi, göydənmi gəlir söz yolu?
Şam eylər yoluna sağ əl sol əli.
Gedərəm
çiynimdə bir cüt göyərçin,
Duraram min
rəngli dumanlı yolda:
Xeyirli hansıdır, hansını seçim?
Sözün
qırx qapısın açıb görərəm,
Dözümüm saçımdan asılıb göyə.
Canım
söz içində sehrli quşdur,
Bir igid gələcək xilas etməyə.
Açılar
ömrümün köz karxanası,
Sökülər
dərd yükü, söz barxanası,
Allahla
aramda körpü olası
Sətir böyüdürəm ona yetməyə.
Tanrı
yolçusuyam, bəxtim söz yükü,
Mənalar canımı yonar, cilalar.
Bəzən
axtardığım qalar o yana,
Kiminsə itiyi qarşıma çıxar.
Daşın
da, sözün də yaddaşı varmış,
Ocağın,
közün də yaddaşı varmış,
Tanrının,
insanın söz, yaddaşıymış,
Mən də sözdən, sirdən, daşdan göyərdim.
Payız etüdləri
Payızın
dilində şeir yazıram,
İçimdə, çölümdə payız nəğməsi.
Yarpaq
qırğınıdır, məhşər başlayıb,
Yoxdu ağacların ağlayan kəsi.
İstədim
əlini tutam payızın,
Ruhunu oxşayam, dərdini böləm.
Yağışa
qarışam, kimsə görməyə,
Ya da durnalara qoşulam gedəm.
Getsəm nə dəyişər, qalsam, nə bilim?
Zamanla köçəni saxlamaq olmur.
Ölümə
tələsən xəstə anamtək
Payız da kövrəkdi, ayrılmaq olmur.
Bu payız fərqlimi, ruhum qəribmi?
Ya qismət, bahara yetə arzular.
İçim
yarpaq-yarpaq talanıb gedir,
Bu dəli
küləyi əyləyən ola.
Çinar
öz yarasın sarısa belə,
Yarpaq balaları qoruya bilmir.
(İlahi,
qarşıdan hələ qış gəlir)
Gecikən
sevgitək bu bəyaz çiçək
Tufanı tanımır, çovğunu bilmir.
Yarpaq məzarlığı
bağa gözdağı,
Ya qismət, min çiçək doğurar bahar.
Tumurcuq
diləklər Tanrı töhfəsi,
Bizdən güc alınca bitər sevdalar.
Həsrətin
ölçüsü payızmış elə,
Qarışla, arşınla ölçülməz, demək.
Ayrılığın
rəngin görmək istəyən
Saralan yarpağa toxunsun gərək.
Ağacam
bu payız dağ sinəsində,
Bu payız duyulmaz sevincim, dərdim.
Ruhumu
dumana, yağışa bükün,
Bahar qayıdanda, bəlkə, göyərdim.
Əməl dəftəri
Ya
yağışlı havada,
ya da qar
qapımı alanda,
sübh
tezdənmi, bilmirəm,
bəlkə də, Ay işığında,
nə
vaxtsa,
açılacaq yolla
qapına
gələcəyəm,
İlahi!
Əmanət
verdiyin ruhumla,
səndən özgəyə oxunmayan
iki əməl
dəftərimlə...
Sənə
dönəcəyəm...
Son əvvələ qayıdacaq.
Sonra haqq
tərəzisi, tale yazısı,
həyatın ədalət çəkisi,
hər
iki dünyanın yaşam ahəngi...
ömrün üzü üstə çevrilmiş
Tanrı güzgüsü.
Sualın
ölçüsü çox böyük:
Allahım,
mən
necə yaşadım?
Sağ əlim
sol əldən oğurlayıbsa,
ya elə
sol əlin etdikləri ağırsa,
bu, mənim
suçum,
bu da cəzamı
çəkməyə etiraf gücüm...
Hazıram
çəkməyə cəzamı,
İlahi!
Yer üzü
bizdən,
sol əlimizdən əyilibsə,
pisliklər sol əldən tökülübsə,
daşqına, yanğına, selə dönübsə,
dəyiş, İlahi, vəd etdiklərini,
ver yer
üzünə
sağ əlin
gətirdiklərini,
dünyamız düzəlsin.
İlahi,
sağ əldən toplanan nə varsa,
Yer
üzünə səp,
insanlar
xəlq
etdiyin kimi təzədən,
təzədən adam kimi göyərsin!
Yallı
Göy
gurultusudur
çalınan,
göy
gurultusudur coşan qan.
Daram,
daram...
nağaraya vurulan zərbə
içimdə min illərin
tarixinə daş atır.
"Yallı" çalınır.
yaddaş
oyanır.
Bu, oyun deyil,
Təvafdır, təvaf.
"Ya
Allah, ya Allah" -
"Yallı" çalınır, "yallı"
ucalır.
Hara
qayıdıram,
hardan
boylanıram?
Atı
ilk ram etməyə
yığılan,
əl-ələ, çiyin-çiyinə
dövrə vuran, sevinən,
çağıran elimdi bu...
"Yallı"m
"Ya Allah" - deyir.
Tək çadır
dirəyinə,
tək
Allah güvəninə...
Allahın
gecəsinə,
gündüzünə inanan.
İlk gəmini
yaradan,
ilk əkinə
başlayan,
yurd
qurmağı bacaran
atam,
babam, qardaşım,
ilk
yurddaşım
birləşib,
əl-ələ, çiyin-çiyinə
"Ya Allah", "Yallı" - deyir.
Milyon ildir
Qobustan
qayasından
babaların duası
"Yallı"m "ya Allah" - deyir.
Məhrəm
əllər, dost əllər,
düşüncələr, beyinlər
birləşib təvaf edir.
Yurd Kəbədi,
ətrafında
sevgi
niyyət tutulur,
oğullar təvaf edir.
"Başına
dolanım sənin",
"qurban olum" kəlməsi,
min ilin
oxşaması,
laylası, əzizləməsi
indicə
kəşf olunur.
Yurd
sevgisi yaranır,
yurd nəğməsi
oxunur.
Oğuz eli qorunur,
Oğuz oğlu birləşir.
Əl-ələ,
çiyin-çiyinə
çinar olur oğullar.
Sərhəd
belə qurulur,
torpaq
belə qorunur.
Əl-ələ,
çiyin-çiyinə,
əl
silahlı, dil dualı -
"Yallı" belə yozulur.
"Yallı"m
göyə ucaldıqca
sərhədim genişlənir,
Pərən
torpağım birləşir,
gedənim geri dönür.
"Ya
Allah"lar ucalır,
"Yallı"m duaya dönür.
"Yallı"m
Tanrı duası,
"Yallı"m sərhəd qalası.
Şeirin rəngi
Bu gecə
şeirin
rəngini gördüm.
Tanrı
şeiri
ağappaq işıq rəngində,
ağappaq yolla,
ağappaq təbəssümlə
göndərmişdi.
Hər sətir
ağappaq
işıq saçan közdü...
içimə dolduqca
yol
göründü, yol açıldı.
Sonra o
yolla söz
doğuldu,
söz
yarandı.
Söz vərəqin
üzünü ağartdı,
sonra,
sonra
şeir
sözü
rənglədi,
cilaladı...
Sözdən
ağappaq almaz
yarandı,
asıldı könlümüzdən,
gözəlləşdi içimiz.
Olanlar,
qalanlar,
Qürbətlər,
ayrılıqlar,
sevib
unudulanlar,
kədərdən ağlayanlar
ağappaq işıqla
boylandılar şeirdən.
Tanrı
sətir-sətir
yeni
doğulmuş
körpə kimi
gülümsündü üzümüzə,
göndərdiyi
işıq töhfəsindən,
ağappaq şeirdən...
Şeir yazılacaq...
İçimdə
ünvanı bilinəmyən həsrət,
dilimin
ucunda
dərdimi çatdırmağa aciz söz...
Sözün
içində
ümidin
qoruduğu köz...
qələm maşa,
hey
qurdalayır içimin közünü.
Yana-yana,
dözərək yaşayır ürək,
yeni
söz doğulacaq deyə.
Nə gecə bitir, nə şeir dünyaya gəlir.
İçimdə
həsrətin odladığı
köz-köz yanıq yeri...
göynədir məni.
Gecəmi,
axtardığım sözə yetmək məsafəmi
uzun eləmə,
İlahi!
Sabahacan,
sabahacan
söz
yanğısından ölməməyə
möhlət səndən,
mədət səndən, İlahi!
Alın yazım
Taleyim
Tanrı əliylə
Yazılıbdır məndən öncə.
Hər adam bir sətir imiş
Əcəl torpağa gömüncə.
Qarışınca
torpaqlara
Sətir-sətir göyərəcək.
Kimi qara
tikanlara,
Kimi laləyə dönəcək.
Azalıb
qələm, mürəkkəb,
Allah da yorulub, yazmır.
Min ildir
doğranan torpaq
Qismətimi bəxtə yazmır.
Dünyanın
bir ucunda qəm,
Bir ucunda çal-çağırdı.
Bir
zalımın qələmindən
Alın yazısı axırdı.
Vətən
də alın yazımız,
Qorumasaq, pozulacaq.
Alından
pozulan yazı
Günahlara yozulacaq.
Xəyanət
Boşalan
könüllər dünyanı yıxır,
Göz yaşı kirpiyə qısılı qalır.
Xəyanət
laxladır yerin mehvərin,
Dünya ümidlərdən asılı qalır.
Asılar
ümiddən aldanan qadın,
Göz yaşı taleyin fəryadın çəkir.
Yalan
sevdaların ağır yükünü
Min kişi çəkməzdi, bu qadın çəkir.
İnam
da ruh kimi, uçdu, qayıtmaz
Ha
çağır, ha səslə - yollarda itər.
Xəyanət
tufanı, günah ilğımı
Sevdalı
bir könlün külündə gedər!
Dağlar
silkələnir, dənizlər daşır,
Yerin məhvərindən çıxan
çağıdır.
Qadın
gözlərində Allah ağlayır,
Qiyamət
Allahın ağlamağıdır!
Hər
gecə göz yaşı içini döyər,
Göynər xəyanətin ağır yarası.
Dərdinə
söykənib unutmaq istər,
Tapılmaz kədərin, qəmin çarası.
Dərd
ağır olanda ağlamaq olmur,
Sevgitək göz yaşı qəhətə dönər.
Talanan
ruhuyla, sönən gözüylə
Yad olub, evində qərib görünər.
Ev-eşik
sevgisiz, ürək sevgisiz,
Doğma görünənlər yaddan yad indi.
Üz-üzə
gəlməyə üz olmayanda
Yuyulmaz günahlar görən kimindi?
Toplanan
illəri ömürdən çıxıb,
İnamdan,
sevgidən, əzabdan çıxıb,
Gözünün
önündə yadından çıxıb
Bir naşı sevənin əlində qadın.
Kimsəyə
sirr verməz, tənha əridər
Sovrulub puç olan talan ömrünü.
İtirib
gücünü, daşıya bilməz,
Yaşamır, sürüyür qalan ömrünü.
İnandım qayıdacağına
Sən
ağrıyla çarpışan an
mən
qorxunun içindəydim.
Yer,
göy qaranlığın, soyuğun...
Ümidlərim,
dualarım göz yaşımın içindəydi.
Boylandım
sənsizliyə,
havanın, günəşin, suyun
özümün içimdən boylandım,
boylandım inamla,
sevgiyə, təsəlliyə.
Gözümlə
gördüm yer üzünün boşluğunu,
gözümlə gördüm
sənsizliyin necə olduğunu.
Ümidlər
azaldıqca,
qaranlıq uzandıqca, soyuq artdıqca,
daha
çox inandım hər şeyin yaxşı
olacağına,
Bu çətin
səfərdən qayıdacağına,
məni
tək qoymayacağına,
məni
tənhalığa qıymayacağına.
İnandım
qaranlıqda da
tapacaqsan
evimizin
yolunu...
Dözməzsən
mənim tək-tənha olduğuma,
qaranlıqda qaldığıma.
Utanıb
heç kimə
demədiyim bir şeyi
yalnız
sən bildiyindən
inandım dönəcəyinə.
Axı tək
sən bilirdin
mənim
qorxaq olduğumu,
bu
yaşda qaranlıqdan qorxduğumu.
Ay qapı bağlayan
Taleyi bağlı qapı arxasında
həll edilən millətlərə
Bu yandan
açanı mənəm,
O yandan kimdir
bağlayan?
Tanrı əliylə
açıram,
Dayan, ay qapı bağlayan.
Kimi bir
salama yozar,
Kimi taleyinə yazar.
Bu nə dərddi, bu nə azar?
Bəsdir, ay qapı bağlayan.
Kimisi bir
hayla açdı,
Kimisi
duayla açdı,
Kimi də
ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?
Bu
qapının cırıltısı
Min ilin qəlb
sızıltısı...
Dərbənd,
ya Gəncə ağrısı -
Gəl açaq, qapı bağlayan.
Bu
qapı gözüm qapağı,
İçi Vətənin torpağı.
Ürəyim
yağı tapdağı,
Sən də bax, qapı bağlayan.
Keçmədim
qapı varsa da,
Əlacı yad çarasında.
Torpaq
qapı arasında
Can verir,
qapı bağlayan.
Aç, keçək, görüm yol hanı?
Ovut qəmdən oynayanı.
Gözümdə
qapı dabanı
Öldüm, ay qapı bağlayan.
O ağ şallı kimdi, gəldi?
Duası haqqa yüksəldi.
Yağışdan
açar ələndi -
Götür aç, qapı bağlayan.
Türkün duası
Şükür
yaratmaq eşqinə,
Torpağa, dənizə şükür.
"Türküm"
- deyib arxa olan
Tanrım, hamımıza şükür.
Səndən qopub hara gəldik?
Sənlə vara-vara gəldik.
Din
vardı, imana gəldik,
Gecəyə, gündüzə şükür.
Köç
başladı, elin köçü,
Tale payı, Boğaziçi.
Göy sevgisi,
türk sevgisi,
Şükür, "bir"imizə şükür.
Yol verib ərkan
göstərdin,
Haqq
üçün divan göstərdin,
Dərk
yolu irfan göstərdin
Şükür elmimizə, şükür.
Göy
niqablı, bəyaz atlı,
Atı
qızıldan qanadlı,
İstanbul
eşqli, soraqlı
Uca pirimizə şükür.
Yenə
yönüm düşdü bu yaz,
İstanbulun canı boğaz.
Taleyinə
məni də yaz,
Deyim, sevgimizə şükür.
Sona Vəliyeva
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.6-7.