Bütün yaradıcılığı
ilə azərbaycançılığa
xidmət edən böyük ziyalı
80
illik yubileyini qeyd etdiyimiz görkəmli müasirimiz,
yazıçı Anarla
bağlı respublikamızın bütün mətbu
orqanlarında, bir sıra nüfuzlu xarici qəzet və
jurnallarda geniş yazılar verilir, dövlət və
hökumət xadimləri, ən müxtəlif peşə
sahibləri onu yubiley münasibətilə təbrik etməyi
özünə borc bilirlər. Müasir ədəbiyyat və mədəniyyət
tariximizin canlı əfsanəsi sayılan bu böyük ədibin
çoxşaxəli fəaliyyəti, ölçüyəgəlməz
maraq dairəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında
baş verən hadisələrə həssas münasibəti,
yaradıcı insanların ədəbi taleyinə diqqəti
onu hamıya yaxın, əziz həmsöhbətə, həmfikrə,
bəzən isə uzaq, barışmaz opponentə
çevirir. Hər gün qəzet və
jurnallarda məqalələrini, əsərlərini
oxuduğumuz, müsahibələrini, xarici mətbuatda
yaradıcılığını izlədiyimiz, televiziya
verilişlərində həmsöhbət olduğumuz - bir
sözlə, hər gün rastlaşdığımız bu
ziyalını həm də təsəvvürlərimizdə
heykəlləşmiş bir bütöv kimi qavrayırıq.
O varsa, o danışırsa, o mübahisə edirsə, bəzən
emosional, bəzən sakit tərzdə kiməsə, nəyəsə
fikir bildirirsə, deməli, istinad və ya etiraz ediləcək
nüfuzlu bir məqam və mənbə var. Hamıya sirli olan
bu məqamı ilə o, daima gündəmdədir, o hər
birimizlə həmfikir, həmsöhbətdir,
sözümüzə, zəkamıza, azad, müstəqil, təəssübkeş düşüncəmizə yol
açandır, cəmiyyətimizin ən müxtəlif fikirli insanlarını bir araya gətirən,
sonda o, hamı tərəfindən qəbul olunan, fəxr və
ümidlə qeyd edilən söz və fikir adamıdır.
Anar müəllim hər kəsə yaşıl
işıq yandırmağa, xeyirxah münasibət bildirməyə
hazır olan ağsaqqal ziyalımızdır. Yaradıcılıqla
bağlı şəxsən öz taleyimdən keçən məqamları
yada salmaq istəyirəm. 1997-ci ildə Azərbaycan
Yazıçılar Birliyində "Mütərcim" ədəbi-bədii
və tərcümə jurnalının təqdimat gecəsini
xatırlayıram. Bədii tərcüməyə
diqqətin azaldığı və bu sahədə ədəbiyyatımızda
müəyyən boşluq yarandığı bir zamanda
müstəqil dövlət və ədəbiyyatımız
üçün olduqca vacib olan bu sahənin inkişafına dəstək
verən hər hansı ciddi addıma böyük diqqət və
maraq göstərən xalq yazıçımız, Birliyin sədri
kimi "Mütərcim"in birillik fəaliyyətinin,
çap edilmiş saylarının müzakirəsini
keçirtdirdi. Moskvada nəşr olunmuş "XV-XVII əsrlər
rus ədəbiyyatında türk elementləri"
kitabımın Beynəlxalq Türksoy mükafatına təqdim
edilməsinə və sonradan Ankarada Atatürk Kültür,
Dil və Tarih Yüksek Kurumu tərəfindən "XV-XVII
Yüzyıl Rus Edebiyatında Türkler" adı altında
nəşrinə məndə maraq yaratdı. Məhz
Anar müəllimin tövsiyəsi ilə dahi rus nasiri və
filosofu Fyodor Dostoyevskinin "Karamazov qardaşları"
romanını ilk dəfə dilimizə çevirdim. Tərcümə
Azərbaycan Yazıçılar Birliyində müzakirə
edildi və Tofiq Bayram adına mükafatla
qiymətləndirildi.
1993-cü
ildə özəl Tərcümə mərkəzinin və
1996-cı ildə bədii tərcümə dərgisinin təsis
edilməsi, 2005-ci ildən başlayaraq rus dilində tədris
aparılan Azərbaycan məktəbləri üçün
"Ədəbiyyat" proqramının və dərsliklərin
yazılmasında iştirakımız, moskvalı həmkarlarımızda "Ən
yeni rus ədəbiyyatı" antologiyasının ana dilimizdə
və "Ən yeni Azərbaycan ədəbiyyatı"
antologiyasının rus dilində (hər biri iki cilddə) nəşri,
beynəlxalq layihə çərçivəsində
Almatıda ali məktəb tələbələri
üçün hazırlanmış "Ən yeni xarici ədəbiyyat"
tədris vəsaitində postsovet dövr ədəbiyyatımız
barədə fəslin yazılması bizə Anar müəllimi
ən yaxın məsləhətçilərimizdən və
xeyirxahlarımızdan biri kimi görmək imkanı verdi. Bu yaxınlaşmada mərhum ədəbiyyatşünas-alim,
gözəl və səmimi insan Arif Əmrahoğlunun rolunu
xüsusi qeyd edirəm. Səmimi olaraq deyim ki, bizim nəsil
filoloqlar və pedaqoqlar məhz Anar müəllim kimi
böyük ziyalılarımızın
çıxışları, ideyaları, müstəqil Azərbaycanda
dil və ədəbiyyat, mədəniyyət və mənəviyyat,
təhsil və elm məsələlərinə münasibətlərini
ayıq şəkildə dəyərləndirməyə
çalışırdıq. Düzdür, mənim də müəllimlər və
məsləhətçilər cəhətdən bəxtim gətirib,
universitetimizdə həmişə gözəl ziyalı
mühiti olub, amma Anar müəllim kimi dahi bir müasirimizlə
mütəmadi ünsiyyəti olan yaşıdlarıma həmişə
qibtə etmişəm.
Yubiley
yazılarında yazıçı, tərcüməçi,
ictimai xadim, fikir adamı kimi Anar müəllim ən müxtəlif
tərəflərdən müsbət xarakterizə edilir, onun
60-cı illərin
lap əvvəllərindən başlanan
yaradıcılıq yoluna işıq salınır. Təbii ki, bu, ədəbiyyat və fikir tariximiz
üçün uzun, məhsuldar və məsuliyyətli bir
dövrdür. Bizi milli kimliyimizin dərkinə,
ana dilimizin tərəqqisinə, musiqi, incəsənət və
ədəbiyyatımızda təsdiqinə, azərbaycançılıq
ideyalarının canlanmasına aparan ağrılı bir
yoldur. Bu yolun yolçusu, təəssübkeşi, cəfakeşi,
ilhamçısı olmuş yazıçı Anar, fikrimizcə,
60-cı illərdə "Molla Nəsrəddin - 66", 70-ci
illərdə "Dədə Qorqud" və "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" pomanı ilə,
80-ci illərdə "Sizsiz"lə və AYB-nin rəhbərliyinə gəlişi
ilə, 80-ci illərin sonu - 90-ci illərdə müstəqillik
mücadiləsində fəal iştirakı, "Kitabi-Dədə
Qorqud"un 1500 illik yubileyinin keçirilməsi təklifi,
"Min beş yüz ilin oğuz şeiri" və "Azərbaycançılıq
ətrafında düşüncələr"i ilə,
2000-ci illərdə Azərbaycan, rus, dünya ədəbiyyatı
incilərinin latın qrafikası ilə nəşri, milli ədəbiyyatımızın
ən yaxşı nümunələrinin rus və ingilis dillərinə
çevrilməsi və nəşri üzrə təklif və
təşəbbüsləri, rus poeziyasından, xüsusən
də Gümüş dövr ədəbiyyatından tərcümələri,
ümumiyyətlə, nüfuzlu bir ictimai təşkilat kimi Azərbaycan
Yazıçılar Birliyini qoruyub saxlamaq, yaşlı, orta və
gənc nəsillərə mənsub ədiblərin bu təşkilat
ətrafında birliyinə, ədəbi
orqanlarımızın nəşrinə dövlət dəstəyinə
nail olunması və onların yüksək professionallıqla
buraxılması, "Ağ qoç, qara qoç",
"Göz muncuğu" və s. əsərlərilə
yadda qaldı. O, mahir esseist və publisist kimi də onilliklərdir
ki, ictimai və ədəbi-bədii fikrimizə səf çəkən
bir müəllif və sözün həqiqi mənasında
böyük Azərbaycan ziyalısıdır. Onun bu
yaxınlarda "Ədəbiyyat qəzeti"ndə Mahmud
Qaşqarlı və "Divani lüğəti-it
türk" haqqında qeydləri, "525-ci qəzet"də
Nəvaidən bəhs edən "Üç Leyli,
üç Məcnun" məqaləsi müasir türkoloji
araşdırmalar üçün olduqca vacibdir. "Divani lüğət-it türk"ün ilk
türkoloji mənbə kimi dəyərləndirilməsi Azərbaycanda
son illər türkoloji tədqiqatları sistemləşdirmək
və onların elmi-metodiki istiqamətini müəyyənləşdirmək
cəhdi üçün atılan ciddi addımdır.
Anar sovet və postsovet dövrlərində xaricdə ən
çox çap olunan Azərbaycan yazıçısı və
fikir adamlarındandır. "Literaturnaya qazeta"dakı
yubiley məqaləsində yazıçımızın
"dünya miqyaslı ziyalı" adlandırılması
və bu yubileyin təkcə Azərbaycan ədəbiyyatı
və mədəniyyəti üçün deyil, bütün
dünya oxucusu, ədəbi və elmi elitası
üçün bayram olduğunun vurğulanması
sözümüzə və bütövlükdə ədəbiyyatımıza
verilən yüksək qiymətdir.
Anar müəllim qədim və klassik ədəbi
irsimizin, müasir ədəbiyyatımızın ən fəal
təbliğatçısı kimi böyük işlər
görür.
"Min beş yüz ilin Oğuz şeiri" ilə
yanaşı, onun rəhbərliyi ilə həyata
keçirilmiş və rusca nəşr olunmuş 3 cildlik
"Azərbaycan poeziya antologiyası" layihəsini
xüsusi qeyd etmək istərdim. Antologiyaya yazılmış
75 səhifəlik ön sözdə o, Odlar yurdunu əsl azərbaycanşünas
kimi təqdim edir, "Kitabi-Dədə Qorqud"dan tutmuş
bugünkü ədəbiyyatımıza qədər
bütün ədəbi nümunələrimizi, şair,
yazıçı və dramaturqlarımızı xarici
auditoriyaya ustalıqla təqdim edir, hər kəsə və təhlil
etdiyi hər bir əsərə böyük maraq yaradır.
Anar müəllim sadəcə yazıçı deyil,
o, böyük filoloqdur, ədəbiyyatımızı və
filoloji fikir salnaməmizi tarix kontekstində şərh və
təqdim edən bir ədəbiyyat adamı və kulturoloqdur. Ədəbiyyat
və elm həmişə müqayisələr və paralellər
aparmağı sevir. "Kitabi-Dədə Qorqud"a yeni
nəfəs verdiyinə, mədəniyyətimizin, ədəbiyyatımızın,
dilimizin ekologiyası uğrunda yorulmaz mübarizəsinə
görə mən Anar müəllimi akademik Dmitri
Lixaçovla müqayisə etməkdən çəkinmirəm.
Bir vaxtlar biz rusların "İqor polku hekayəti"ni necə
həssaslıqla özünküləşdirməyə cəhd
etdiklərini görür, redaktor-kompilyatorlar tərəfindən
dəfələrlə üzü köçürülərək
orijinal variantdan fərqli hala gətirilmiş bu və onlarla
digər rus-poloves, rus-türk, rus-tatar abidəsində türk
izlərini şərh etməyə və tarixi həqiqəti
bərpa etməyə çalışan Oljas Süleymenovu
öz "səhvlərini etirafa dəvət edən" rus
elmi və akademik dairələrinin iddialarını ideoloji
buxovlar ucbatından cavabsız qoyduğumuzu zənn edirdik. Məncə,
Orta əsrlər qəhrəmanlıq eposlarının ilki,
ideya-mövzu dərinliyinə,
süjet-kompozisiya xüsusiyyətlərinə,
dini-mifoloji zənginliyinə və təsəvvürlərinə,
tarixi-coğrafi masştabına, folklor motivlərinə və
bədii məziyyətlərinə görə onların
hamısından mükəmməl görünən Azərbaycan
oğuzlarına məxsus "Kitabi-Dədə Qorqud"un elə
70-ci illərdə Anar tərəfindən ssenariyə
alınması "İqor polku hekayəti" ilə
müqayisədə türk-oğuz eposunun daha qədim
olduğuna və ovaxtkı geniş Böyük Çöl-Qədim
Rus tarixi-mədəni arealında izlər buraxdığına,
həm də ortaçağ dövr Avropa qəhrəmanlıq
eposlarına ciddi təsir etdiyinə yaxşı işarə
idi. Fikrimizcə, xalqımızın və ədəbiyyatımızın
böyük dostu, qazax şairi Oljas Süleymenovun Azərbaycana
nəhayətsiz sevgisinin kökündə duran başlıca
amil elə budur.
Anarın
"Azərbaycançılıq haqqında düşüncələri"
əlahiddə bir mövzunun söhbəti olsa da, burada onun
üzərində xüsusi dayanmağın öz məntiqi
var. O, tarix boyu bütöv və böyük Azərbaycan
ideyasına, bugünkü müstəqilliyimizə
uzanmış və uzanan əlləri və xəyalları
qamçılayır, azərbaycançılığı
mövcudluğumuzun, bütövlüyümüzün fəlsəfəsinin,
həyat və düşüncə tərzimizin,
xalqımızın və Vətənimizin
özünüqoruma immunitetindən doğan bir təfəkkür
kimi dəyərləndirir.
Anar azərbaycançılıq
amalını beş sözlə
(Azadlıq, Müstəqillik, Bərabərlik,
Qardaşlıq, Dostluq) ifadə edir. O yazır: "Azadlıq
sözünü mən ilk növbədə insan
azadlığı kimi dərk edirəm... Azadlıq
isə - insanın yalnız hüquqi haqları deyil, həm də
düşüncə hürriyyətidir. Yəni, mənim
fikrimcə, azad insan yalnız öz hüquqlarını dərk
etmiş insan deyil, o həm də fikir, fantaziya sərbəstliyinə
yetmiş insandır. Düşüncənin, təxəyyülün,
fantaziyanın hüdudsuz azadlığı olmadan nə elmdə,
nə sənətdə, nə siyasətdə, nə
istehsalatda, ümumən, həyatın heç bir sahəsində
heç bir önəmli uğur qazanmaq olmaz. Hər hansı bir xalqı da, ümumən bəşəriyyəti
də irəli aparan işlər görməyə yalnız
azad insan qadirdir. Stereotiplərin,
standartların, qəliblərin əsiri olmayan insan...
...insan
azadlığı olan ölkə qeyri-müstəqil ola bilməz. Çünki Azad
insan öz ölkəsinin də azadlığı və
müstəqilliyi uğrunda mübarizə etmək və qələbə
çalmaq imkanını bulur."
Anar
müəllim üçün azərbaycançılıq
amalını səciyyələndirən beş
sözdən ikisi: Qardaşlıq və Dostluq barədə
düşüncələri aşağıdakı fikirlə
yekunlaşdırılır: "Azərbaycan türk
dünyasının bir parçasıdır, amma Azərbaycanın
içində ayrıca bir Azərbaycan dünyası da var və
bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli
yerə malikdir.
Və inanıram ki, bu vətənin övladları əl-ələ
verib çiyin-çiyinə, ürək-ürəyə, beyin-beyinə
gələcəyin - XXI əsrin - Üçüncü
Minilliyin Azad, Müstəqil ölkəsini, Bərabərliyin,
Qardaşlığın və Dostluğun hökm sürəcəyi
xoşbəxt Azərbaycanı quracaqlar".
"Ağ
qoç, qara qoç" roman-utopiya və antiutopiya Məlikməmməd
haqqında Azərbaycan xalq nağılından
götürülmüş reminissensiyalar üzrəində
qurulmuşdur ("O vaxt döyüşə-döyüşə
iki qoç gələcək: Biri ağ,
biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ
qoçun belinə minən kimi işıqlı dünyaya
çıxacaqsan. Qara qoça minsən,
qaranlıq dünyaya düşəcəksən."). Tariximizin məsuliyyətli bir dövründə
yazıçı cəmiyyətin mümkün inkişaf
perspektivləri barədə düşüncələrini
yüksək bədii təxəyyüllə ifadə edir.
O, bizi "qara qoç"un ata biləcəyi qaranlıq
dünyanı təsvir etməklə yaddaşı
pozulmuşları böyük bir ümidlə "ağ işığ"a bürünəcək
Azərbaycan obrazının sehrinə dəvət edir:
"İndi Azərbaycan əhalisi rifah səviyyəsinə
görə Ərəb Əmirliklərini arxada
buraxmış, iqtisadi və mədəni inkişafı
etibarilə ən qabaqcıl Avropa ölkələrinə
çatmışdı.
Uzaq illərin qanlı Qarabağ hadisələri, ölkənin
ovaxtkı ağır iqtisadi durumu indi yalnız xatirələr
aləmində qalmışdı. Qarabağ demişkən,
Məlikin yadına dünən oğlunun Şuşadan telefon
etməsi düşdü.
Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi
idi, qızı Burla ədəbiyyat müəllimi, arvadı
Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf
elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək
Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə.
Beyrək
Şuşada Cıdır düzündən Topxana meşəsinə
çəkilən funikulyorun qurulmasına rəhbərlik
edirdi...".
Yazıçı Anarın bu süjet xətti Azərbaycan
vətəndaşı kimi xəyallarımızın və
ruhumuzun yol xəritəsidir, bizi xəyal
qırıqlığından, ruh
düşkünlüyündən, natamamlıq kompleksindən
sığortalayan yol xəritəsi. Heç şübhə yox ki,
dövlət başçısının təsdiq etdiyi
İqtisadiyyatın inkişafı üzrə "Yol xəritəsi"
bu postmodernist yazıçı xəyalını - onun
"yol xəritəsi"ni
reallaşdıracaq.
Telman Vəlixanlı
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.8-9.