Kültigin xaqan və Dədə Qorqud
"Rusiyanın adamı" olub?
"Ədəbiyyat
qəzeti" etik mülahizələrdən adını
yazmaq istəmədiyim bir filologiya üzrə fəlsəfə
doktoru, şair, tənqidçinin hiddət, şiddət,
narahatlıq, xitab, itab, təəssüf, təəssüb, təəccüb
dolu məqaləsini verib.
Məqalə
ədəbi dilimizin vəziyyəti və orfoqrafiya
qaydalarına təklif edilən dəyişikliklər barədədir.
Hörmətli
fəlsəfə doktoru əvvəlcə orfoqrafiya layihəsi
ilə bağlı "hər yerindən duran"ın
"tələm-tələsik" öz mövqeyini ortaya
qoymasına qeyzlənir. Ardınca "məsələyə
bütövlükdə ironik münasibət bildirənləri"
heç cür başa düşə bilmədiyini qeyd edir.
Sonra bir az da hiddətlənir: "Əcəba,
nə baş verir? Orfoqrafiya lüğəti nə zamandan
"müqəddəs toxunulmazlar" sırasına daxil
olub, tabulaşıb?!". Sonra "dəyişməyən
hər şey məhv olur!", - deyərək
yaylım atəşi ilə yazılışı sabitləşmiş
sözlərin dəyişməsinə etiraz edənləri pərən-pərən
edir. "Dil doxturu"nun dediyindən belə məlum
olur ki, hazırda bərkgedən dillərin sağlam,
gümrah, totuq-motuq qalmağının əvvəlinci və
axırıncı səbəbi 5 ildən bir sözlərin
orasını-burasını yontalamaları, hətta amputasiya
etmələridir. İndi bildinizmi, latın,
akkad, şumer, elam və s. dillər niyə ölüb?
Çünki o dilləri daşıyan xalqların ictimai rəyi
vecinə almayıb öz fikrini diktə edən
ağırçəkili alimləri, regional və şəxsi
münasibətlər zəminində bir-birinin ən cəfəng
təklifini müdafiə edən akademik və professorları,
apreldə Nazirlər Kabinetinə göndərəcəyini vəd
etdiyi layihəni payızda eqosunun təhriki ilə dar dairədə
dəyişməyə cəhd edən akademikləri və belənçik
elm dağarcığı füfd-ləri olmayıb
(ağlınıza pis-pis şeylər gəlməsin:
"füfd" filologiya üzrə fəlsəfə doktoru
deməkdir).
Hörmətli
"dil həkimi" diaqnoz qoyandan sonra dilimzə müalicə
də yazıb:
"Biz dilimizə zülm edirik. Səbəbi məlumdur;
dilimiz Türk dilləri ailəsindən zorla qoparılaraq rus
dilinin qrammatikasına uyğunlaşdırılıb. Ona görə də böyük dil islahatı
başlanmalıdır, tarixi şansımızı dəyərləndirməyi
bacarmalıyıq".
Dilin
işğaldan azad edilməsi: tabeli mürəkkəb cümlələrlə
müharibə anonsu...
Bundan sonra filologiya üzrə fəlsəfə doktoru,
şair, tənqidçi ağrı-acısını tabeli
mürəkkəb cümlələrin üzərinə
tökür.
Deməzsənmi, rus dilinin təsirinin ən qabarıq təzahürü
tabeli mürəkkəb cümlələr imiş:
"İlkin
prosesin sonrakı mərhələsində ("Proses"in
yerinə "islahat" yazmaq istərdim!) dilimizi
işğal edən, onun belini qıran tabeli mürəkkəb
cümlələrdən tədricən qurtulmaq
lazımdır. Bu, dilimiz üçün
xarakterik deyildir. Nə baş, nə budaq
cümlə? Dildə ayrı-seçkilik yoxdur, hər
şey bərabərdir! Baxın, bəlkə
yanılırıq? Biz tabeli mürəkkəb
cümlələrin nəzəri mexanizmini rus dilindən
dilimizə "kopiya" eləmişik".
Sonra müəllif rus dilini də bildiyini göstərmək
istəyir. Etirazı tabeli mürəkkəb cümlələrə
olsa da, ruscasını nümayiş etdirəndə onların
bir hissəsinin - budaq cümlələrin adlarını
yazır. "pridatoçnoye
podlejaşeye - mübtəda budaq cümləsi; -
pridatoçnoye skazuyemoe - xəbər budaq cümləsi və
s". Məlum olur ki, müəllif, məsələn,
xəbər budaq cümləli tabeli mürəkkəb
cümlələrlə xəbər budaq cümləsinin fərqini
də bilmir.
Bu nəzəriyyədən istifadə edib türk dillərinin
"fabrika əyarlarının" hələ
eramızın I minilliyində pozulduğunu demək olar. Çünki
Orxon-Yenisey abidələri, xüsusən, Kültigin abidəsi
tabeli mürəkkəb cümlələrlə liməlim
doludur. Əgər müəllifin iddia etdiyi kimi, tabeli
mürəkkəb cümlələrin dilimizi işğal etməsində
"rus barmağı" varsa, onda Kültigin xaqan və Dədə
Qorqud, şəksiz, rusların
adamı olub:
"Türk
kağan Ötüken yış olursar, ilte bung yok"
(müasir dilimizdə: "Türk xaqanı Ötüken
meşəsində otursa, eldə sıxıntı
olmayacaq", "Kültigin" abidəsi, cənub tərəf,
3-cü sətir).
"Bir
kişi yarigılsar, oğuşı budunı bişükinge
tegi kıdmaz ermiş" ("Bir insan yanılsa, qəbiləsi,
milləti, əqrəbasına qədər
barındırmazmış", yenə orada, 6-cı sətir)...
"Kitabi-Dədə
Qorqud", müqəddimədən: "O, nə buyursa, qəbul
edirdilər, sözün tutub gedirdilər"; "Ozan, evin
dayağı odur ki, çöldən-bayırdan evə bir
qonaq gəlsə, əri evdə olmasa, o gələn adamı
yedirir-içirir, əzizləyib-oxşayır, yola
salır"; "Gördü ki, oğru köpəklə
yekə dana evini qatıb-qarışdırmışdır;
evi toyuq komasına, inək damına dönmüşdür";
Dirsə
xanın boyu: "Kimin oğlu-qızı yoxdursa, qara otaqda
oturdun"; "Xanım, bu gün Bayındır xandan buyruq
belədir ki, oğlu-qızı olmayanı Allah
qarğayıbdır; biz də qarğayırıq";
"Atan dedi, geyikləri qovub gətirsin, mənim
qarşımda toplasın"; "Baxdı-gördü ki,
bir dərənin içində qarğa-quzğun
enir-çıxır, qonur-qalxır" və s...
Daha sonra filologiya üzrə fəlsəfə doktoru,
şair, tənqidçi hiddətini soyutmaq üçün,
eləcə də cəmiyyətin heç bir kəsimi moizədən
bibəhrə qalmasın deyə fağır bir cümlə
tapıb acığını ondan çıxır. "Bir nümunə ilə
fikrimizi əsaslandıraq: "Mən bilirəm ki, belədir".
İfadə olunan sadə bir fikir tabeli mürəkkəb
cümlə şəklində verilib. Sadə
variantına baxaq: "Belə olduğunu bilirəm". Birinci cümlənin havası istər-istəməz
özüylə qəribə bir eqo, amiranəlik, təkəbbürlülük
və hikkə gətirir".
Di yeri, əziz oxucu. Yazının əvvəlini
oxuyanda ağzını büzürdün. Gördün, hörmətli alimimiz dilmizin
nöqsanlarını necə bittə-bittə
xırdalayır, ilmə-ilmə sökür?
Yəqin ki, filologiya üzrə fəlsəfə doktoru,
şair, tənqidçi "El bilir ki, sən mənimsən"in
əvəzinə də "El sənin mənim olduğunu bilir"
təklif edəcək. Və ya "Ağlasan, ağlaram"
tabeli mürəkkəb cümləsi, güman ki, "Sən
ağladığın halda (təqdirdə) mən də
ağlaram" şəklində sadələşəcək.
Qımışmayın, əziz oxucu,
"dilimizi işğal edən, onun belini qıran tabeli
mürəkkəb cümlələrdən qurtulmaq" sizə
asan gəlir?
Çinlilər,
yaponlar və koreyalıların "müdhiş sirləri"...
Daha sonra
müəllif yazır: "Və bildinzmi amorf (kök) dillərinin
daşıyıcıları - çinlilər, yaponlar,
koreyalılar niyə bu qədər sadə, ruhən aristokrat,
təvazökar, səliqəli və korrektdirlər?! Hətta
intiharın da "sadə" formasını kəşf
ediblər: Xarakirini! Onlar dildəki artıqlıqları da bu
cür xarakiri edib dışa atıblar! Yapon
hokkuları həmin xarakirinin məhsulu deyil, bəs nədir?!"
Məncə,
füfd burda
baltanı daşa vurub. Çünki:
1. Amorf
dillər müəllifin qeyd etdiyi kimi kök yox,
köksözlü dillərdir.
2. Yapon
dili və Koreya dili amorf yox, iltisaqi (aqqlütinativ) dillərdir.
3. Əgər,
gerçəkdən, çinlilər, yaponlar,
koreyalıların "bu qədər sadə, ruhən
aristokrat, təvazökar, səliqəli və korrekt" olmasının
səbəbi danışdıqları dildirsə, demək,
bunun tipoloji mənsubiyyətlə heç bir əlaqəsi
yoxdur, çünki deyildiyi kimi, o dillərin ikisi iltisqi, biri
amorfdur.
4. Xarakiri
yaponlara aiddir.
5.
"Dildəki artıqları bu cür xarakiri edib dışa
atmaq" bilməzlər. Çünki xarakiri
zamanı icraçı işi öz üzərində edir.
İndiki halda ya orfoqrafiya layihəsinin müəllifləri xəncəri
soxur öz qarnına, ya da "dildəki artıqlar" xəncəri
öz qarmına soxur... Qurbanəli bəy xəncəri
nökərin qarnına soxanda bu, artıq xarakiri yox, qətldir.
6. Müəllif
yazır ki, bu xalqlar məhz dilləri amorf olduğu
üçün hokku yaza bilirlər. Qeyd edildiyi
kimi, hokku yaponlara məxsus şeir şəklidir, yapon dili isə
amorf dil deyil.
Nəhayət, müəllif islahat adı ilə iltisaqi
dili köksözlü dilə çevirmək istəyini ifadə
edir. Burdan da məlum olur ki, bu dillər barədə
elementar məlumatı yoxdur. Çünki
bir çox alimlərin fikrincə, dillərin təkamül
prosesinin əvvəlində qədim insanların istifadə
etdiyi dil birhecalı, dəyişməyən və bir-biri ilə
bağlanmayan sözlərdən ibarət olub. Dillərin növbəti mərhələsində bu
sözlərin bəzisi şəkilçiləşib və
iltisaqi, təkamülün növbəti mərhələsində
flektiv, sonda inkorparlaşan dillər yaranıb. İstənilən halda, tərsinə, yəni
iltisaqidən köksözlüyə doğru təkamül hələ
heç bir fantastın belə ağlına gəlməyib.
Nəhayət,
müəllif yazır:
"... qoşa "yy" və sonunun "ət"lə
qurtarışı əsl müşküllər
quyusudur". Məncə, məqalənin yazılmasında əsas
məqsəd elə qoşa "y"nin qətlinə
fərman verənləri dəstəkləmək olub. Edam
üçün arqument də yetərlidir: belə sözləri
tələffüz edəndə "Ağız-burun pis hala
düşür". Vəssalam, namə tamam.
Xeyirli
şənbələr...
Vasif SADIQLI
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.9.