“Ədəbiyyat qəzeti” – 85...

 

Bütün zamanların zirvə örnəyi

 

Yaş baxımından məndən altı yaş böyük, dəyər baxımından isə böyüklüyü hardasa çağdaş ədəbiyyatımızın böyüklüyünə bərabər olan "Ədəbiyyat qəzeti"nin 85 yaşı tamam olur. Ədəbiyyatda ilk uğurum "Ədəbiyyat qəzeti"ndən (Onda hələ "Ədəbiyyat və incəsənət" qəzeti adlanırdı) başlayır. Bu uğurun da hardasa 58 yaşı var. Hətta tale elə gətirdi ki, qısa müddət də olsa, bu qəzetdə işləmək mənə də qismət oldu. Yusif Əzimzadə rəhmətliyin baş redaktor olduğu o dönəmlərdə qəzetin çox güclü bir kollektivi vardı: Sabir Əhmədov, İsa İsmayılzadə, Camal Yusifzadə, Sirus Təbrizli, Ayaz Vəfalı, Davud Nəsib (Ölənlərə Allahdan rəhmət, qalanlara cansağlığı diləyirəm) və daha kimlər... Tam 58 ildir, "Ədəbiyyat qəzeti" ilə əməkdaşlıq edirəm. Və 1960-cı il payızının elə bu vaxtlarında "Ədəbiyyat və incəsənət" qəzeti foto-etüdlə birlikdə "Payız" şeirimi çap edəcəkdi (Bu, mənim mərkəzi mətbuatda çap olunan ilk uğurlu şeirim idi). Onda hələ rayonda - Tovuzda yaşayırdım. Siz indi mətbuat bolluğunda bir şeirin yox, hətta silsilə şeirlərin diqqət çəkmədiyinə baxmayın, o zamanlar şeirin, sənətin çox urvatlı vaxtları idi, bir uğurlu şeirin sorağı bütün ölkəyə yayılırdı. Sonralar hətta dərs kitablarına düşən "Payız" şeirimin taleyi də belə olacaqdı. O zamanlar Yazıçılar İttifaqının katibi olan rəhmətlik Nəbi Xəzri mənə təbrik məktubu yazacaq, rəhmətlik Çingiz Ələkbərzadə isə tanış olmaq üçün hətta Tovuza - kəndimizə gələcəkdi. Doğrudur, bu uğurum bir müddət başıma bəla olacaqdı, bir neçə il hansı redaksiyaya şeir apardımsa, onu "Payız"la müqayisə edib bəyənməyəcəkdilər. Özümü-özümlə müqayisə edib: "Payız" səviyyəsində şeir gətir, çap edək, deyəcəkdilər!

Aradan keçən bu 58 ildə qəzetdə mənə münasibətin qabarma və çəkilmələri az olmamışdır. Təbrik yazısına tənqid çaları qatmaq doğru olmasa da, deyim ki, səhifələrinin "qapılarını" üzümə taybatay açan redaktorlarla yanaşı birisi də vardı ki, nəinki yazılarımı çap etməmiş, hətta o, məzuniyyətdə olanda silsilə şeirlərimi çap etdiyinə görə müavininə töhmət verməkdən də çəkinməmişdi.

Adın sadəcə insanların taleyində deyil, hətta mətbuat orqanlarının həyatında da önəmi böyükdür. Ədəbiyyat adına layiq ədəbiyyat qəzeti çıxarmaq elə də asan deyil. "Ədəbiyyat qəzeti" - ədəbi yad yox, ədəbi doğma olmağı bacarmalıdır. Qəzetin başında dayanan redaktordan, onun ədəbi zövqündən və ölçü hissindən çox şey asılıdır. Çünki bir adam az deyil, yüz adam çox!

Arzuları ilə imkanları örtüşən redaktor taledən başqa daha nə istəməlidir ki? Hansı birimiz hər hansı bir mətbuat orqanının zəif çıxdığını görüb, "mən olsam" istəyində bulunmamışıq. Günün birində "mən olsam", "sən olsan"a çevriləndə isə tərəddüd və qorxaqlıq başlamış deməkdir. O redaktor özünü xoşbəxt və yerində olduğunu düşünə bilər ki, o, axına qarşı üzməyi bacarır. Və buna zamaniçi yolçuluqda şablonları yox etmək, yenilikləri qəbul etdirmək bacarığı deyilir.

Azər Turanın baş redaktorluğu ilə çıxan "Ədəbiyyat qəzeti" indiki halıyla hardasa intibah dönəmini yaşayır. İndiki mətbuat bolluğunda bu qəzeti köşklərdə tapmaq mümkün deyil. Bu o deməkdir ki, qəzet, başındakı adamın hardasa qara sevdasıdır. Sevgidən yaranan, yaradılan hər şey tərəddüdsüz sevinc gətirir, bir adamın zövq sevinci, yüzlərin, minlərin sevincinə enerji verir. Qəzet səhifələrinə çıxarılan yazıların çoxsəsli xoru hardasa bütün könüllərin gizli sifarişinin özü kimi qarşımıza çıxır... "Ədəbiyyat qəzeti" öz tarixi yubileyini bütün zamanlarının zirvə örnəyi kimi qarşılayır. Və mən qəzetin keçmiş əməkdaşlarından biri və müəllifi kimi bugünkü mətbuat bolluğunda "Ədəbiyyat qəzeti"ni ədəbiyyat səviyyəsinə qaldıra bilən, başda Azər Turan olmaqla, əməyi keçən hər kəsi canı-könüldən təbrik edir, yeni-yeni başarılar diləyirəm.

 

Məmməd İSMAYIL

 

Ədəbiyyat qəzeti.-2018.- 8 sentyabr.- S.11.