Biz ədəbiyyat (və
"Ədəbiyyat qəzeti") uğrunda
döyüşürdük...
Komandanımız Nəriman Həsənzadə
idi...
"Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru Nəriman Həsənzadə məni - hələ qələmini əlində ciddi mətləblərin "izhar"ına yenicə sahmanlamağa başlayan, "böyük ədəbi döyüşlər"ə hazır olmayan birisini tənqid və ədəbiyyatşünaslıq şöbəsinə müdir dəvət edəndə (Nəriman müəllim dəvət teleqramını 1987-ci ilin yayında, birbaşa Qazax rayonunun Zəlimxan kəndinə ünvanlamışdı), teleqramı neçə dəfə oxuduğum indi yadımda deyil, ancaq o yadımdadır ki, həmin günün axşamı Ağstafa-Bakı qatarı ilə yola düşüb səhər tezdən özümü çatdırdım Bakıya...
Nəriman müəllim məni, adəti üzrə, nə qədər gülərüzlə qəbul eləsə də, açıq hiss olunurdu ki, "məsələ"ni həll etmək üçün hansısa müqavimətlərlə də qarşılaşıb və bu təyinatın gələcəyi barədə narahatlığı da az deyil, işimin öhdəsindən gələ bilməsəm, Yazıçılar Birliyindən heç vaxt əskik olmayan söz-söhbət yenə də baş qaldıracaq... "Əmrin verilib" - dedi, "get Yazıçılar Birliyinə, Anar müəllimə, Elçin müəllimə təşəkkür elə. Sənin namizədliyinə etiraz eləmədilər. Sonra gəl işə başla". Gedib hər iki böyük yazıçıya minnətdarlığımı bildirdim. Məni yaxşı tanımırdılar, "get işlə, baxaq görək" dedilər.
Tənqid və ədəbiyyatşünaslıq şöbəsinə "başçılıq" etməyə başlayanda məlum oldu ki, müdirlə birlikdə iki nəfərik - mən və rəhmətlik Kamilə Nemət... Keçmiş müdir Rəhim Əliyev (indi görkəmli tənqidçi-ədəbiyyatşünas) işdən gedəndən sonra müdirlik yeri Kamilə xanıma düşürmüş, mən isə "kənar"dan gəlmişdim. Və gücüm yalnız ona çatdı ki, Kamilə xanımın yolunu gözləyəm, hörmətini saxlayam, özümü elə aparam ki, kimin müdir, kimin ədəbi işçi olduğu o qədər də hiss edilməsin.
Qəzet mənim üçün böyük bir məktəb oldu. Xüsusilə, Nəriman müəllimin yaratdığı məhsuldar yaradıcılıq mühiti, istedada pərəstiş səviyyəsinə yüksəlmiş qarşılıqlı münasibətlər etikası (və etiketi) mənə çox şeylər öyrətdi. Baş redaktorun məşhur kəlamı vardı: "İstedad səhv eləyə bilər... Həmin səhvi dərhal kəndir edib onun boğazına keçirmək olmaz..."
Ancaq Nəriman müəllim özünü "istedad" elan edib ortada gəzənləri, söz aparıb-söz gətirənləri də redaksiyanın həndəvərinə qoymurdu... Əsl ədəbiyyat uğrunda mübarizəsində əsas dayağı isə, heç şübhəsiz, böyük istedadı idi. O istedadı ki, bugün də mənim üçün ədəbi meyardır. Və hər yeni əsərindən "ədəbiyyat (və insanlıq) dərsi" alıram.
Qəzetdə işə başladığım ilk günlərdən yazırdım, özü də çox yazırdım... O qədər çox yazırdım ki, bəzən çap eləmək imkanı da olmurdu... İş o yerə çatırdı ki, Nəriman müəllim özünəməxsus səmimiyyətlə deyirdi ki, "dərdiş, səndən başqa da tənqidçilər var, axtar tap, xahiş elə, bizə yazılar yazsınlar..." Mən də bilirdim ki, əsas işim özüm yazmaq yox, nüfuzlu tənqidçi-ədəbiyyatşünasları qəzetin ətrafında toplamaqdır. Lakin bu elə də asan deyildi. Onların çoxu "Azərbaycan"da, bir qismi də "Ulduz"da çap olunduqlarına görə "Ədəbiyyat və incəsənət"ə nəinki məqalə vermək istəmir, hətta çayxanalarda bizə qarşı çıxırdılar. Elə ki, mən də çayxanalara ayaq açdım, əvvəl istədilər öz tərəflərinə çəkələr (80-ci illərin axırları idi, hamı bir-birini ələ almağa çalışırdı), dəstə-dəstə, bölük-bölük idik. Sonra məlum oldu ki, bütün xalq ələ alınıb, bölünə-bölünə kiçilib... Ən dəhşətlisi isə o oldu ki, ədəbi dəstəbazlıq sürətlə siyasi qrupbazlığa keçdi.
Bir "böyük" yazıçı vardı. "Cavanlar"ı başına yığıb gecə-gündüz təbliğat aparırdı ki, əvvəl Nərimanı, sonra Elçini, sonra da Anarı "taxtdan salsın"... Müəyyən "uğurlar"ı da oldu... Ancaq başını (Elçinin "Baş" romanı, doğrudan da, dahiyanə əsər imiş) nə qədər xonçaya qoydularsa, orda dayanmayıb düşdü yerə... Haradansa Yazıçılar Birliyinin katibi olub "Ədəbiyyat və incəsənət"i Natəvan klubunda müzakirəyə çıxarmışdı. Millət öz varlığı uğrunda çarpışırdı, bu da millətin sözünün eşidildiyi bir qəzeti yerlə-yeksan eləmək istəyirdi... Mən Nəriman Həsənzadənin, Anarın, Elçinin ədəbiyyata sədaqətini bir də onda gördüm ki, ən çətin vəziyyətdə belə, konyunkturaya getmədilər...
"Ədəbiyyat qəzeti" təkcə
kirildə deyil, latında, ərəbdə
də çıxdı... Bütün səngərlərdə
döyüşdük...
Komandanımız Nəriman Həsənzadə olduğuna görə, o
illərdə məğlub olmadıq... Əgər məğlub
olsaydıq, ədəbiyyatımız (və "Ədəbiyyat
qəzeti"miz) bu gün
yaşamazdı... Nə Azərbaycan olardı, nə Turan sevdası... Nə də "Ədəbiyyat
qəzeti"nin mübarizələrlə zəngin tərcümeyi-halının
bugünkü Azər Turan
mərhələsi...
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.11.