Əbədi minnətdarlıq
simfoniyası
Anadan şair, yazıçı və aşiq doğulmuşların bir-birilə səsləşən etirafları var; sözlər, cümlələr fərqli ola bilər, məna, mahiyyət isə eynilə qalır... Bu, ilk növbədə ədəbi ustada minnətdarlıq, onu etiraf məqamıdı. "Valideynlərim məni yer üzünə gətirdi, müəllimim (ustadım) isə yerdən göy aləminə, yüksəklərə qaldırdı" etirafı artıq bilinən, xüsusi təbəssümlə anılan bir deyimdi...
Dünyaşöhrətli yazıçı Markes də yüzillər sonrası təxminən öz hamisini eyni sayğıyla xatırlayır - yazıçı, naşir Ustad Zabalanı. Yazırdı: "Bəli, onun qədər sülhsevər və sakit, onun qədər mədəni, qayğıkeş kimsəni tanımadım; o, həmişə ürəyi istədiyi adam olmağı bacarmışdır. Kölgədə qalan müdrikdi... Ustad Zabalanın qələmi və qayğısı, eyni zamanda insana meydan oxuyub yaradıcılığı qızışdıran senzuranın çək-çeviri olmasaydı, həyatımın necə olacağını hələ də özümdən soruşuram.."
Məşhur kolumbiyalı yazıçı ilə təqribən eyni vaxtda gələcək həyatının necə olacağı nigaranlığını yaşayan xalq şairi Nəriman Həsənzadə də illər sonrası ədəbi ustadı və xilaskarı, görkəmli söz ustası Mir Cəlal Paşayevin haqqını eyni fikir ucalığından etiraf edəcəkdi; ayrı-ayrı çıxışlarında, çoxsaylı xatirə və məqalələrində, oxucu ilə olan görüşlərində, televiziya, radio məkanlarında. Bütün bu deyilənlər, xatırlananlar xalq şairinin "Azərbaycan" jurnalının builki 4-cü sayında işıq üzü görən və ustadı Mir Cəlalın anadan olmasının 110 illiyinə həsr etdiyi "Xəlvətdə yanan şam" adlı dramatik poemasında bir arada təqdim edilir. Bu sətirləri yaza-yaza istər-istəməz Markesin öz ustadı haqqında səsləndirdiyi "Kölgədə qalan müdrik" dəyərləndirməsini yenidən xatırlayıram. Eyni zamanda Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin unudulmaz ustadı (və hamisi) M.Cəlalı "Xəlvətdə yanan şam" deyə qiyaslandırmasını... Heyrətlənirəm bu münasibət, dəyərləndirmə eyniliyinə. Deməli, böyük ustadların, sələflərin dəyər ölçüsü hara qədərdisə, eyni dərəcədə də böyük olan xələflərin, şəyirdlərin etiraf mədəniyyəti həmin miqyasdadı. Fərqi yoxdu ki, bu etiraf hansı coğrafi məkanda, kimin dilindən səslənir. Əsas olan odur ki, bu böyük etiraflar insanlığa ləyaqət, qədirbilənlik dərsi verir. Xatırladır, kövrəldir, zənginləşdirir. Anlayırsan ki, həqiqətən də "şair doğulanlar əmrə peşiman ola bilməz". Anlayırsan ki, doğrudan da, əslində həyat insanın yaşadığı deyil, onu necə xatırlaya və başqalarına anlada bilmək məharətidir". Eyni zamanda tale haradasa gözlənilməzliklərə borcludu. Və bu gözlənilməzliyin əsl adı Allah nəzəri, Tanrı bəxşişidir. Ən dar ayaqda, heç gözlənilmədən qarşında pirani bir Allah bəndəsi dayanır və onun piranəliyi Allah nəvazişi kimi qəlbini oxşayır. Məsələn, belə:
Mir Cəlal (özünəməxsus bir səmimiyyətlə):
Necəsən, Qiyam?
Bir dəfə görmüşdüm əvvəl mən səni,
Unuda bilmirdim o gündən səni.
Onda da
şineldə, əsgər babaydın,
Yenə İttifaqın qabağındaydın.
Qiyam:
- Manifest
deyirdim mən bir az qabaq,
Ağlıma gəlməzdi heç qarşılamaq.
Sanki xəfif
bir rüzgar, ya lent yazııı nostalji əsintilərlə
geriyə - yaşanmış günlərin
unudulmazlığına dönüş edir. Gör
necə yerbəyer, necə adbaad, necə xatırlanıb, ay
dadi-bidad?! Sağdı-salamatdı ruh babaları:
Müşfiq:
- Mir Cəlal, haraya?
(Mir Cəlal
cavabında ləngiyir)
Mir Cəlal...
Mir Cəlal:
- Bəli...
Müşfiq:
- Nə bəli? Bu lap gülməli!
Mir Cəlal:
- Kəbin kəsdirməyə!
Müşfiq:
- Əşi, mübarək!
(qucaqlayır)
Gedək,
mən də sənin yanında, gedək!
Orda
şahid olsun bu Qaradağlı,
Yanında
qul kimi qolları bağlı!
Mir Cəlal:
-
Müşfiq, şairlərin ürəyi, qardaş,
Sənin ürəyinə bənzəyəydi kaş.
Sənin
hər qafiyən xeyir-duamdı,
Mənim ilk nigahım, son nigahımdı.
Hələ Müşfiqin "açsam qollarımı
sığar kainat, sənindi, mənimdi, bizimdi həyat"
coşqusuyla yaşadığı anlardı. Hələ gənc
Qiyamın "əbədi bir qəmdi ana həsrətim"
təəssüfü yeni-yeni qövr etməyə
başalyır. Bu, Mir Cəlal müəllimin ilk təsəllisidi;
eyni zamanda Müşfiqin də, Qiyamın da, Mir Cəlalın
özünün də ortaq acısı, təəssüfünü
dönüb-dönüb bəyan edir:
Mir Cəlal:
- Yoxdur
yer üzündə qəmsiz bir insan,
Mən də yanıqlıyam ana sarıdan.
Bizim, tək
analar müqəddəs olur,
Nə yaşaya bilir, nə əvəz olur.
Eyni
itkinin köynəyindən keçənlərin üstündə
nə yaxşı ki, unudulmaz Püstə xanım kimi mələk
xislətli gözəl qəlb sahibinin nəvazişi var.
Heç gözləmədiyin halda görürsən ki:
Püstə
xanım (daxil olur):
- Söhbətə
tutmuşdu köhnə qonşumuz,
Bəlkə
yadındadı balaca Tovuz...
Mir Cəlal
(Qiyamı təqdim edir): -
Tanış
ol, qiyamdı bizim gənc şair,
Vurğunun, Müşfiqin dalınca gəlir.
(Püstə
xanım və Qiyam görüşürlər)
Mən də
geyinmişəm bu boz şineldən,
Onda ki,
dardaydı o tayda vətən...
(Pauza)
Mənim
qardaşlarım, mənim yüz arxam
Arazdan o
tayda yaşayır, Qiyam!
...Gəlişin-gedişin
yolu kəsildi,
Millət ayrı düşüb necə nəsildi.
...Gəncə
bir anamdı, Təbriz bir anam,
Gəncədə təhsilim, Təbrizdə laylam.
Bir ləhcə
ordadı, bir ləhcə burda,
Mən də...
nə qalıbdı, ölüncə burda!
(gülümsəyir)
Hər
yaşda görürəm qəlizdi həyat...
Mir Cəlal hər yaşda qəliz görünən həyatın
gedişatını asan etməyə,
qaranlığını işıqlandırmağa üz
edilmiş müdrik ömrü yaşadı. "O da bir çox görkəmli
şəxsiyyətlər kimi özündən sonra o qədər
həqiqət və həyat qoyub getdi ki, indi ancaq onu dərk
etmək, başa düşmək qalır". Və Nəriman Həsənzadənin "Xəlvətdə
yanan şam" dramatik poeması əslində bu böyük
sənətkarı - görkəmli ədib Mir Cəlalı dərk
edib, başa düşməyin gizli kodlarını, şifrələrini
açır oxucular üçün.
Nəriman Həsənzadənin "Xəlvətdə
yanan şam" dramatik poeması böyük şairimiz Səməd
Vurğunun "Vaqif" dramından sonra o ruhda, o lisanda,
yüksək poetik gəlişmələrlə qələmə
alınmış ən mükəmməl, oxunaqlı əsərdir. Bu, ruhdan,
havadan-sudan, kökdən gələn bir gerçəklikdir.
Elə bil ki, Səməd Vurğun bitən yerdən
Nəriman Həsənzadə, "Vaqif" bitən yerdən
"Xəlvətdə yanan şam" başlayır. Vaqifin (eyni zamanda Səməd Vurğunun)
müdrikliyi "Xəlvətdə yanan şam"da Mir Cəlalın
yaşamında, həyata baxışında davam edir. Xalq ruhunun dərinliklərindən qopub gələn
Eldar Qiyamda tamamlanır - üsyankarlıqla şeiriyyət
qovuşur. Vaqif - Əli bəy münasibəti
arasındakı ata-oğulluq, böyük-kiçiklik (və
dostluq) yaşamı Mir Cəlal - Arif və Hafiz Paşayevlər
arasında yenidən cəmiyyət səhnəsinə,
müstəvisinə çıxır. Bu ailə triosuna
sevilərək qəbul edilən Qiyama da oğul gözüylə
baxması görkəmli ədibin əsl vətəndaş, bəşəri
insan obrazını tamamlayır:
Mir Cəlal:
- Qiyamda
Qiyamı oyadıram mən,
Gənclər
oyananda oyanır vətən...
Arif (əslində
gül dəstəsi daxil olur):
Ana,
mübarəkdi sənin həyatın,
Dayaq nöqtəsisən bu kainatın.
Gənc Arif anasının açıq süfrəsini
dünyanın, halallığın dayaq nöqtəsi kimi qəbul
edir, o süfrənin halallığına tapınır. Püstə ananın
nigaranlığı da özünü gizlətmir:
Püstə
xanım (zarafatla):
- Arif,
anan qurban,
yoxsa
acmısan?
Arif: Yox,
ana südüylə doyuzdurmusan.
...Teleqramm
gəlibdi, - poçtalyon deyir,
Hafizdi, anamı təbrik eləyir.
(oxuyur)
"Atom Enerjisi
İnstitutu..."
Püstə
xanım (onun sözünü kəsir):
Gör
neçə günüydü xəbər yoxuydu,
Sənə
anan qurban... (kövrəlir)
Acdı, susuzdu? -
Mənim nə xəbərim, ya yuxusuzdu?
...Mir Cəlal:
- Sabah
sevinərsən gələndə Hafiz,
Qəm sevincsiz olmur, sevinc də qəmsiz.
Biz Cavid
deyilik, Hadi deyilik,
Adi görünsək də adi deyilik.
Arifi,
Hafizi elə böyüdək,
Adları hörmətlə çəkilsin gərək.
Tarix Mir Cəlal müəllimin bu istəyini yetərincə
gerçəkləşdirdi. Arzuları çin
çıxdı. Necə ki, Arifin özü dərin
minnətdarlıq duyğusu ilə isbatlayır:
Arif (təmkinli):
Dahi
adamların dediyi fikir
İnsanı hər yaşda özünə çəkir.
Yenidən doğulur hər yaşda insan.
(əlləriylə əyani göstərir)
Bu
başda insandı, o başda insan...
Müdriklik çeşməsindən su içənlərin
fikri, düşüncəsi də belə aydın, sirayətedici
olur. Bu səbəbdən
də ata-oğul arasında gedən söhbət əslində
əsl insanlıq, böyüklük etalonu, əyarı kimi
tarixləşir, mütəəssir edir:
Mir Cəlal:
-
Qiyamın getməyə bir yeri yoxdu,
Yüz yerə gedibdi, xeyiri yoxdu.
...Qiyama
demədim, könlü qırılar,
Getmir ömrü boyu belə ağrılar.
Sonra
zaman-zaman o yada düşür,
Yada
düşəndə də can oda düşür.
Qoy sənin
adına order oxunsun,
Evi ona verək...
Arif: -
Ata, qoy olsun.
Mir Cəlal:
- Mən xahiş edirəm.
Arif: -
Ata, əmr elə.
Mir Cəlal:
- Əmr
etməmişəm ömrümdə hələ,
Anan Püstə xanım şahiddi, danmaz.
Püstə
xanım (Arifi öpür):
Atan əmr
eləsə Mir Cəlal olmaz...
"Xəlvətdə yanan
şam"ı oxuyuram... Nədənsə eyni
anda, bax elə həmin dəqiqələrdə "Nabat
xalanın çörəyi"nə yazılmış
"Epiloq əvəzi"dən ta uşaqlıq illərimdən
yaddaşımda ilişib qalan bu sətirləri yenidən
xatırlayıram - bu, "Xəlvətdə yanan
şam"da bütövləşən, bütövləşən
Qiyamın hələ qədəmləri yeni-yeni ayaq tutan
çağlarının düşüncələridi: "Gərək mən qələmimlə
şəkillər çəkəm. Fotoaparatımla
çəkə bilmədim. Gərək mən
gözlərimdə, hafizəmdə, ürəyimdə
qalanların şəkillərini təzədən
araşdıram. Detallar, ştrixlər, boyalar tapam...
Həmin o detallar, ştrixlər, boyalar "Xəlvətdə
yanan şam"da yerli-yerindədi. Yerbəyer və adbaad... Hər misra, hər mətləb anlatmaqdadı ki, demək
bizdə "kişi ölür, kişilik ölmür".
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.13.