Hamilə...
HEKAYƏ
Dünyanın kədərli bir günü, qürub
çağıydı. Günəş dağların dalına
çəkilib gizlənir, axşam qaranlığı
düşürdü. Kəndin evlərində
adamlar, həyətlərində ağaclar, yamaclarında
yovşanlar ağlayırdı. Qaçılmaz
qüssə qəlblərin qaysağını qoparır, kədər
bulağı elə hey dolub-daşdanır, duyğuların
yaralı yollarında ölüm kölgələri gəzişirdi.
Kişilərin girdablar kimi dərin-dibsiz lal kədərindən,
qadınların sinə sökən vay-şivənindən
yerlərdə daşların, göylərdə
quşların bağrı çatlayırdı...
- Ey, ay adam, bu kədər kimin kösövüdür
tüstülənir?
- Kimsən,
ay çağıran? Səsini tanımadım...
- Mənəm,
qonşu kənddənəm, Keçəçi
uşağından Boz Ayvazın oğlu Ayrapetəm; kimdir
ölən, bu yasın yiyəsi kimdir?
-
Tanıdım səni, Allah sənə lənət eləsin,
Ayrapet Keçəçiyan, tumunuza tüpürüm!
- Kimdir
ölən, bu dağ-daş kimin kədər
körüyünə qorlanıb yanır?
- Dirilərimizdən
əl çəkmirsiz, ay alçaqlar, ay xainlər, ay şərəfsizlər,
heç olmasa, ölülərimizdən əl çəkin!
Əl çəkin bizdən, şeytan tüpürcəkləri!
- Ürəyimi
paralama, səni and verirəm o bir olan Allahına, de
görüm, ölən kimdir; o kimdir ki, ölümünə
böyüklər də, kiçiklər də,
dağlar-daşlar da ağlaşır?
-
Eşidib şadyanalıq etmək istəyirsənmi, ay nankor,
ay çörək tapdayan, ay zatıqırıq!
- Mən
Keçəçiyan nəslindənəm, yəni Keçəçi
oğluyam, bu sözün ki, mənasını bilirsən... Yüz illərdir tüstülənən
kösövəm; sən pirin, sən peyğəmbərin,
sorğuma cavab ver; ölən kimdir, bu ellik matəmi kimindir?
Bu...
Elə hey gəvəziyən, sualı suala calayana cavab
vermədi. Susdu. Yaralı, yorğun
yolların daşı-torpağı kimi, qəlbi qanayan
göylərin göz yaşı kimi susdu. Dünya belə qəmli qaynarca, kədəri
körüklənən belə səbirli sükut görməmişdi.
Sükutun daş-kəsəkli yolları
ayaqlarını kəsib tökür, ruhunu qanadır, qəlbinə
qan ağladırdı. Eləcə ayaqları kəsilib
tökülə-tökülə, ruhu qanaya-qanaya, qəlbi qan
ağlaya-ağlaya qəfildən qışqırdı:
- Sus!
Danışma! And olsun o bir Allaha, baxmaram atəşkəsə-filana,
müvəqqəti sərhədə-mərhədə, gəlib
ətini aşıqcan, qanını qaşıqcan edərəm!
- Gəl,
gəl, öldür məni, bezmişəm belə
yaşamaqdan daha, qanımı halal edirəm sənə... Ancaq biz qonşu kəndlərin adamıyıq,
ürəyim məndən xəbərsiz ağlayır, ha
deyirəm kiri, kirimir, ha deyirəm, ölən düşmən
tərəfdəndir, toy-bayram elə, sözümə
baxmır; damarımda qanım soyuyur, sümüyümdə
iliyim ağlayır, bədənimdə ruhum ağrıyır;
de görüm, ölən kimdir?
-
Bütün sözlərin yalandır, bütün
varlığın xəyanət çirkabıdır, ay namərd,
ay tumu çürük, ay şeytan balası!
- Nə
deyirsən de, necə söyürsən söy məni;
bizimkilər ona-buna tulalıq yolunu tutdu, çörəkbasanlıq
elədi, sizin tərəfin aşkar mərdliyinə namərdliklə
cavab verdi; bizimkilər sizinkilərə hər
addımbaşı tor, tələ qurdu, min bir fitnə-fəsad
törətdi, hamısını bilirəm, namərdlərin
hamısına lənət olsun! Gündüzlər kədər
kor edir, gecələr hönkürtü boğur məni;
içimdə, ürəyimin dərinliklərində
boğduğum hönkürtü "Mən Keçəçiyəm,
mən Qıpçaq çölünün yorğun
türküyəm" deyib qışqırır... Səni and verirəm təmiz qanının
halallığına, de görüm, ölən kimdir?
Nankor, namərd, gəlmə qonşunun etirafından
qanı göynədi.
Susdu. Yüz illərlə qınında paslanan
qılınc kimi, nə müddətdi gözü tutulan bulaq
kimi susdu. Dünya belə sirli susqunluq
görməmişdi. Bir istədi desin ki, ölən mənim
böyük qardaşımdır, qocaman ədəbiyyat müəllimi
Xankərəmdir ölən, ancaq demədi, deyə bilmədi,
hönkürdü...
- Ölən
Xankərəmdirmi? Ədəbiyyat müəllimimiz
həmin xallı Xankərəmdirmi ölən?!
Qanı göynəyə-göynəyə, ruhu
yaralı qızılquş kimi
çırpına-çırpına susdu.
- Eyy, ay adam, niyə susursan?! Ölən
hansı Xankərəmdir?! Qorqudoğlular
nəslindən Şahkərəmin böyük oğlu Xankərəmdirmi
ölən?! Ədəbiyyat dərsində Sabirin
"Beynəlmiləl" şeirini əzbər söyləyən,
"fitneyi-iblisi-məlunu" açıq-aşkar nişan
verən, Cəfərin "Atan kazaklardır" həqiqətini
izah edən, gəlmə hayların min bir məkr, hiylə ilə
yerli türklərin mədəniyyətinə sahiblənməsinin,
onları assimilyasiya etməsinin eybəcər, qanlı mənzərələrini
açıb göstərən, türk soyadlı Qarabağ
ermənilərinin itkin tale yollarını aşkara
çıxarıb əsl doğrunu bizlərə başa
salan və bütün bunlara görə Sibirin buzlu
çöllərində iyirmi beş illik siyasi dustaq
ömrü yaşayan həmin Xankərəm müəllimdirmi
ölən?! Vay mənim böyük müəllimim! Vay mənim
qəlbimdə dustaq olan Keçəçioğlu həqiqətim!
Vay mənim bu aşkar həqiqəti görə-görə,
billə-bilə yalanlara sığınan, yad qapılarda
yalmanan bədbəxt taleyim!.. - Yenə
hönkürtü səsi ürək qanatdı, ruh göynətdi.
Sonra
qaranlığın o tərəfində başqa bir səs
hikkələndi:
- Sən
nə danışırsan, baba, nə Keçəçioğlu?!
Keçəçioğlu kimdir?!
-
Eşitdinmi, nəvəm Vazgen Keçəçiyan,
eşitdinmi əsl doğrunu, bildinmi əsl həqiqəti?!
-
Hamısını eşitdim! Bu, ola bilməz!
Bizim tarix kitablarımız, bizim böyük alimlərimiz,
yazıçılarımız...
-
Tüpürüm bizim qanlı, ləkəli tarix
kitablarımıza, bizim o böyük alimlərimizin, sənətkarlarımızın
xəyanətkar yalanlarına!
- Sus!
Müqəddəslərimiz xatirinə sus, baba!
- Yox, mən
daha susa bilmirəm! Biz bizim olmayan müqəddəslərimizi,
dinimizi də yalanlarımıza qanlı alət etmişik!
- Mən
erməniyəm, bunu illər uzunu mənə sən
özün demisən! Bunu nəsilbənəsil biz uşaqlara
siz böyüklər demisiniz! İndi isə...
-
Artıq yalanların ölüm çağıdır,
çürüyən dayaqlar çökür, böyük
millətçilik, dənizdən-dənizə böyük
dövlətçilik iddiaları yerbəyerdən çat
verir, sınıb dağılır; itirdiklərimizdən
artıq itirmək mümkün deyil; bu, bizim sonumuz, bizim
ümummilli fəlakətimiz olar...
- Sən
belə danışa bilməzsən! Sus!
- Mən
ömrümün son çağında bu həqiqəti
bütün dünyaya bağırmaq, bizim bütün
yatmışlarımızı oyatmaq istəyirəm! Qoy
dünya eşitsin, bilsin ki...
- Sus! Qoca
kaftar, nəvənə beləmi millət dərsi keçirsən!
- Təngnəfəs idi, görünür, qaça-qaça
gəlmiş, baba ilə nəvənin söhbətini indicə
eşitmişdi. - Erməni qocası erməni gəncinə
beləmi yol göstərməlidir?! Səndə
heç vətən, millət hissi yoxdurmu, ata?!
- Xankərəm
müəllim ölüb, oğul, bizə düz-doğru
yolları göstərən, bizə kirvəmiz deyən Xankərəm
əmi... - Qoca hıçqıra-hıçqıra
danışırdı, yanıqlı səsində ağappaq
saqqalını isladan göz yaşları
görünürdü.
-
Ölüb?! Lap yaxşı, gedək yeddi illik çaxır
küpünü açaq, bir toy toğlusunu kəsək,
dolma bişirtdirək, şişlik çəkək,
toy-bayram edək!
- O
çaxırın da, dolmanın da, şişliyin də əsl
sahiblərindən biri ölüb, oğul...
Gəncin
sərsəri, yalaq tula
hürüşü kimi çiy səsi eşidildi:
-
Görürsən, ata, bu qocanın - babamın bütün vintləri
boşalıb, belə getsə bizi bütün ölkədə
biabır edəcək...
-
Hansı ölkədə, - qoca kövrələ-kövrələ
yenə cəhd etdi, - adamları köçüb gedən,
bütün dünyaya səpələnib qaçqın, dilənçi
taleyi yaşayan, böyük-kiçik məmumrları
olan-qalan var-yoxunu da talan edən bu özgə yurdlarına, bu
tarixi türk torpaqlarına yenə ölkə deyirsənmi?!
- Kəs
səsini! - Nəvə qışqırdı. - Mən bir
daşnak fəalı olaraq sənə susmağı əmr
edirəm!
- Sus, qoca
köpək! - Oğul Kalaşnikov
avtomatını atasının ürəyinə
tuşlayıb quduz it kimi mırıldadı.
-
Öldür məni, oğul, bu dəqiqə həyatıma
son qoy, nəvəm, ancaq bilin ki, mən daha yalanlarla yaşaya
bilmirəm, öz içimdəki Keçəçioğlunu
susdura bilmirəm, ruhumdakı dustaqxananın köhnə,
paslı qapılarını bağlı saxlaya bilmirəm
daha! Bilmirəm, bilmirəm, bilmirəm!!! İnanın,
sizə bir vaxt babamın ölüm ayağında mənə
dediyi həqiqəti söyləyirəm; ona da öz
babası, bizim ulu babamız Keçəçioğlu
demişdi bunu. İnanın mənə,
indi bir sıra erməni alimlərinin də
açıq-aşkar dediyi, müdafiə edib əsaslandırdığı
bu həqiqət bizim yeganə çıxış yolumuzdur.
Yoxsa bizi çox böyük bir fəlakət,
ümumxalq intiharı gözləyir. Biz, əslində, kim olduğumuzu etiraf edib hayların əsrlər
boyu uzanan qanlı oyunundan çıxmalıyıq. Biz əsl həqiqətə, əsl tarixə, əsl
özümüzə qayıtmalıyıq.
Quduz it mırıldaya-mırıldaya
avtomat Kalaşnikovun lüləsini qocanın sinəsinə,
ürəyinin başına sıxdı:
- Sus! Sus!
Sənin!..
Qoca
ürəyindəkilərin hamısını deməyə tələsirdi:
- Biz
hamımız bilirik ki, erməni uydurmalarının
hamısı yalandır; qədim Urartu şəhəri
İrpununu Yerevana, Urartu çarı Arameni hay padşahı
Arama döndərmək, Urartunu - Araratı
özününküləşdirmək... hamısı,
hamısı yalandır! Tarixdə heç bir dövləti,
mədəniyyəti olmayan, daim ondan-bundan oğurlayan bədbəxt,
zavallı hayların yalanlar girdabından, nəhayət ki,
çıxmalıyıq, özümüzü xilas etməliyik;
yoxsa bunun cəzası axırda çox böyük olacaq;
Allah özü verəcək bu dəhşətli cəzanı,
biz...
Nəvənin vurduğu qəfil yumruqla babanın
sözü yarımçıq qaldı, ağzı-burnu qanla
doldu. Gözləmədiyi
zərbədən səntirlədi, diz çöküb udqundu,
öz qanını uddu və öz qanına
bulaşmış titrək əllərini qara göylərə
qaldırıb qışqırdı: - Göndər mənim
cəzamı, Allah, eşidirsənmi, mən daha dözə
bilmirəm, göndər mənim cəzamı! Əgər
varsansa, sübut elə, indi, bu dəqiqə, bu an göndər
mənim cəzamı, əgər yoxsansa!...
Və
Kalaşnikov avtomatı gecənin qaranlığında
ölüm saçan alov diliylə şaqqıldadı,
dünyanın ən ağır ölüm hökmünə
- atasını qətlə yetirmək istəyən oğulun
vəhşiliyinə göylər göynəyib damar atdı,
dağlar diksindi...
Kalaşnikov avtomatının qəfil atəş səsləri
ölüm hökmünü imzalamışdı.
Qoca son
gücünü toplayıb xırıldayır,
xırıldaya-xırıldaya son sözlərini deməyə
can atırdı:
- Bir
vaxtlar ölüm ayağında əsl həqiqətləri
söyləyən atama da mən belə demişdim: "Sus,
qoca kaftar..." Onda mən də atama rus tüfəngini
tuşlayıb qışqırmışdım ki, səni it
kimi gəbərdərəm. Ancaq mən vura bilmədim,
mən... sən isə Kalaşnikovla... vurdun məni,
oo...ğul... Sə-ni də öz oo...ğlun, bax, bu ya... ra...
maz... - Və səs kəsildi, isti qan iyiylə
qaranlığa qan ağladan buz kimi soyuq bir sükut
çökdü; sükutun qara-ançır səmaları
hələ də xırıldayırdı...
Gənc
boğula-boğula fısıldadı:
- Nə
etdin, ata?
Quduz it
ağzından lehmə axa-axa mırıldadı:
- Nə
edəcəyəm?.. Görmədinmi,
türklər istəkli atamı, sənin sevimli babanı - 97
yaşlı xəstə qocanı, bədbəxt Ayrapet
Keçəçiyanı necə qəddarlıqla
öldürdülər?! Gördünmü,
şahid oldunmu bu qanlı vəhşiliyə öz gözlərinlə?!
- Hə,
hə, qaniçən türklər mənim sevimli babamı,
sənin istəkli atanı qəddarcasına
öldürdülər; elə bu saat bu dəhşətli qətli
internet vasitəsilə bütün dünyaya yayacağam. Qoy
bütün dünya bilsin ki, türklər necə vəhşidirlər,
necə qaniçəndirlər, hətta 97 yaşlı
xristian qocasına da rəhm etmirlər...
Günəşi batan göylərin Ayı, ulduzları
da didərgin düşmüşdü. Elə
qaranlıq idi ki, elə bil dünyanın gözlərinə
mil çəkilmişdi. Və Allahın göz
yaşları təzə bir başlanğıca, yeni bir Nuh
tufanına hamilə idi...
Sadıq Elcanlı
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.12.