Uçmasın deyə
Göyü qurşağından vurdular.
Uzaqda bir göy qurşaq
idim,
rəngsiz!
Ulduzdan bir uşaq idim
qaçırdım gecənin
qara səhifəsində
Bir əlimdə kölgə
O birisi əlim də qalmışdı səndə.
Dayanım deyə qarşıma
bir nöqtə qoydular
Durdum sükut
durağında.
Ac şəhərin yoxsul yollarında
Bütün qəpiklərimə işıq
aldım.
Aşağı şəhərdə hamının adı maska
Yuxarı
küçədə əllərimi
tuturam
Qucaqlayıram özümü
Gecə
ağrıyır
Axı qaranlığı qanadından
vurdular
Ona görə
də, uça bilmirik.
Gecəyarı
Kibriti yandırıram,
Üşüyür dilimdəki sözlər
Gecəni
üstümə çəkirəm
Bir qəzeti görürəm
Manşetdə uzanır cənazəm.
Kibriti yandırıram
Ayaqyalın,
Ayı göydən dərib,
Şarı uşağa verirəm
Gülür...
Gülürəm...
Dörd
yolda
Odların izdihamı...
Hamı
şaxtadı,
Hamı külək.
Səndən gizlətdiyim söz:
"Dodaqların isinmək üçündür"
Sənə demədiyim söz:
"Ayaqların ölmək
üçün".
Sənə yaxınlaşıram
Bir məhəllə
də uzaqlaşır
məndən.
kibriti yandırıram
Gözlərini yum,
Dodaqlarına isladacam!
Yox oluram
Yuxu olursan
Cəbhədə bir ayağımı
unudub evə dönürəm
Yarım
səndə qaldı,
Yarımı da böldü qaraçılar.
Son kibritimi yandırıram,
O gəlir gözlərimin önünə
Gözlüyüm gözümdə deyil, bağışla.
Özümü yandırıram,
İşıqlanır divarlar
Qaranlıqlaşır sabah.
Sonra
Şarı uşaqdan alıb
Ayı yerinə taxıram,
Ağlayır
Ağlayıram...
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.15.