PİKASSO...
PYES
Əvvəli ötən sayımızda
İştirak edənlər:
Pikasso - Dünya şöhrətli rəssam
Fransuaza Jilon - Pikassonun sevgilisi
Salvador Dali - Məşhur
sürrealist rəssam
Dostlar - Pikassonun yaxın dostları
Jaklin Roq - Pikassonun həyatında
olan sonuncu qadın
Həkimlər
Qulluqçu
Pikasso -
Bu, realıq deyil, əzizim. Bu, ədəbiyyatdır. Həyatı həyat
kimi yaşamaq lazımdır. Zaman gedir... Gecikirik...
Qocalırıq...
Fransuaza - Həyatı həyat kimi yaşamaq nə deməkdir?
Pikasso -
Real... olduğu kimi. Bir xanımla gün
keçirmək istəyirsənsə, deyirsən səninlə
gün keçirmək istəyirəm. Yəni
əclafcasına Romeo maskasına bürünməyə gərək
yoxdur. Romantika parıltısıyla
qamaşdırmırsan zavallı Lizaların gözlərini. Etdiyin etirafdan sonra ya əvəzində
əl açılacaq sənə, həyatını belə
quracaqsan, ya da sillə alacaqsan. Həyatı
düzgün yaşamaq lazımdır. Qısa
və lokanik. Karyeranı düzənləyən
kimi həyatını da düzənləməlisən.
Bir qadınla və ya bir kişiylə
ömrünün sonuna qədər bir yerdə olmaq istəyirsənsə,
düşüncəni yüz yerə haçalamamalısan.
Sevirsən, seçirsən, vəssalam. (pauza)
Fransuaza -
(ah çəərək) Bəlkə də...
Pikasso - Nə qədər ömrümüz var ki? Bütün
ömrümüzü lazımsız tərəddüdlərə,
olarlara, olmazlara xərcləməyək. Yaşayaq,
əzizim. Yaşamaq lazımdır.
Fransuaza -
(şıltaqlıqla) Onda deyin (tərəddüdlə) məni
hansı rəngdə görürsünüz?
Pikasso -
Fransuaza...lütfən
Fransuaza -
Yox, yox... eşitməsəm sakit olmayacam. Hansı
rəngdə görürsünüz məni?
Pikasso ayağa qalxır. Fransuaza ilə
göz-gözə dayanır. Əlindən
tutur.
Pikasso - (Fransuazanın əlini itələyərək)
Yox, siz çox gəncsiniz.
Fransuaza -
Cənab Pikasso, sizin həyatınızda olan bütün
qadınlar gənc olub (ironik gülüş).
Pikasso - Yaş ötdükcə külək daha sürətli
olur, Fransuaza.
Adətən daha (Əliylə üzünü
göstərərək) çox üzünə vurur.
Fransuaza - Siz mənim sualımdan qaçdınız. Bayaq dediklərinizlə
indiki reaksiyanız arasında ziddiyyət var.
(gülümsünərək) Siz bütün kişilər
kimi, suallardan qaçma, mövzunu dəyişmə
metodikasından istifadə edirsiniz. (acizanə)
Nə olar, cavab verin.
Pikasso - (pauza) siz.... Fransuaza
...
Fransuaza -
Bəli, mən....
Pikasso -
(düşünərək) Rəsmi bitirməliyəm... Bir başqa vaxt bu haqda danışarıq (molbertin
qarşısına keçir).
Fransuaza - Demək rəngsizəm.
Pikasso -
(dərindən nəfəs alaraq) Ahhh... Fransuaza ... Siz... siz
daha çox nəğməsiniz. Yəni, rəsm
çəkmək üçün gözlərini bağlayan
zaman eşidilən nəğmə.
Fransuaza - O zaman gözlərinizi bağlayın. (Fransuaza
Pikassonun əllərindən yapışıb stulda əyləşdirir).
Bağlayın gözünüzü, lütfən
Pikasso - Məni hipnos etmək istəyirsiniz?
Fransuaza - Mistik nəğməyə sarı aparmaq istəyirəm.
Pikasso cəld ayağa qalxır. Fransuaza yenə onu
yerində oturdur. Pikasso bir də qalxaraq
Fransuazanı itələyir.
Pikasso -
yox, siz çox gəncsiniz
Fransuaza - (onun arxasınca) Bəs, Olqa?
Pikasso - (təəccüblə) Hansı Olqa?
Fransuaza -
Xoxlova... Olqa Xoxlova? Məgər o, gənc
deyildi?
Pikasso - Çox irəli gedirsiniz, əzizim.
Fransuaza - Niyə ki? ... Niyə? (mülayim səslə). Siz subay
kişisiniz, mən isə subay xanım. Məgər
belə olduğu halda yaşın bir önəmi varmı?
Axı siz dünən başqa sözlər
söyləyirdiniz. Nəinki dünən,
ondan öncəki gün. Bir az da
ondan öncə... (pauza) Hər
gün. Mən buraya gələndən siz
məni üzük halqası kimi əhatənizə
aldınız. (Təəccüblə baxan Pikassoya)
Siz... bəli, siz... Daha çox mənə
yaxın olmağa çalışırdınız.
Pikasso -
Fransuaza, mən sizi başa düşə bilmirəm. Həqiqətən. Siz gah “sən” deyəcək
qədər yaxın olursunuz, ya da...
Fransuaza -
ya da... “siz” deyəcək qədər
uzaq... Günah kimdədir, görəsən?
Mən anlaya bilmirəm sizi. Siz
kişilər....Gah bir addım irəli gəlirsiniz, gah da
heç nə olmamış kimi uzaqlaşırsınız.
Pikasso -
İnanıram ki, çox yaxşı bir kişi
sizin həyatınızda mütləq peyda olacaq.
Fransuaza -
(gülümsəyərək) qısqandınız...
Pikasso - necə? Nə qısqanclıq?
Fransuaza - “Siz kişilər” dedikdə üzünüz
tamamilə ayrı bir rəng aldı. Mənim həyatımda heç kim yoxdur, əziz Pikasso.
Pikasso - Mən
kişi və qadın məntiqini nəzərdə
tuturam
Fransuaza -
Yəni?
Pikasso - Yəni kişilər və qadınlar təbiətcə
fərqli məntiqə malikdilər.
Fransuaza -
fərqi bilmək maraqlıdır
Pikasso - Biz
daha çox ovçuyuq...
Fransuaza -
Ovçusunuz?...Biz isə qurban, hə?
Pikasso - Mən belə demək istəmədim.
Fransuaza - Siz elə belə demək istədiniz.
Pikasso -
Fransuaza!
Fransuaza -
Elə bilirsiniz heç kim xəbərdar
deyil. (tərəddüd və ötkəm)
Sizin həyatınızda bir sərgi dolusu
qadın olub. Bezmədiniz? Məgər bezmədiniz bu qədər
parçalanmaqdan? Qadından qadına getmək
sizi yormadımı? Don Juansınızmı? Kimsiniz?
Pikasso -
Bizim sənət...
Fransuaza -
Yox, bu sənət məsələsi deyil. Bu
daha çox xarakter məsələsidir. Sevmədən
necə rahatlıqla qadın yatağına soxulmaq olar?
Pikasso -
Fransuaza!
Fransuaza -
Yox, dinləyin məni. Bu qədər sənət əsəri
yaradan bir təfəkkür bu qədər cılız, ehtiras
düşkünü ola bilməz axı.
Pikasso - Həddinizi aşmayın.
Fransuaza -
Sizin nə ixtiyarınız var o qadınları gözü
yaşlı qoymağa?
Pikasso -
(səsinin tonunu qaldıraraq) Onlar özləri gəlirdilər
mənim həyatıma!
Fransuaza -
Bir və əbədi qadın alovunda atəşlənən kişi həyatının qapısını
digər qadınlar üçün bağlı saxlayır.
(Gülür) Sizin ürəyinizin
qapıları taybatay açıqdır, cənab Pikasso.
Tapdalanmış döşəmə kimi
yüzlərlə qadın bu qapıdan içəri
keçir, sonra da heç nə olmamış kimi
çıxıb gedir həyatınızdan. Heç biri də özündən sonra
qapını bağlamır.
Pikasso - Mən həmişə
bacarmadığımı etməyə çalışıram. Belə olmasa
öyrənə bilərəm?
Fransuaza - Demək axtarışdasınız?
Pikasso - Mən
axtarmıram! Tapıram!
Fransuaza -
Nəyi?
Pikasso - Sənəti...
Rəngləri... İdeyaları...
Fransuaza - (təəssüflə) Qadınlar isə əşya
kimi axtarış obyekidir sadəcə, eləmi?
Pikasso - Siz anlayışları
qarışdırısınız, Fransuaza. Mən sizi
başa düşürəm. Gəncsiniz,
hələ böyük həyat təcrübəsi
qazanmalısınız.
Fransuaza -
(gah irəli, gah da geri qayıdaraq) daha işləmək istəmirəm
sizinlə!
Pikasso - necə?
Fransuaza - düzgün eşitdiniz. Gedirəm!
Pikasso -
ixtiyarınız yoxdur!
Fransuaza -
Belə deyin.... Siz zindan deyilsiniz, əzizim.
Məni həyatınıza həbs edə bilməzsiniz.
Pikasso - rəsm
əsəri hələ bitməyib
Fransuaza - mən sizin muzanız olmaqdan imtina edirəm. Görmək istəmirəm
sizi
Pikasso -
Niyə?!
Fransuaza - (Pikassoya yaxınlaşaraq) Nə yazıq ki,
siz mənim gözlərimə baxanda heç nə
görmürsünüz. Mən sizin üçün
yalnız ilham mənbəyiyəm
Pikasso - (Fransuaza gedərkən)
Dayanın! (pauza) Səhv
düşünürsüz
Fransuaza başını yelləyərək getmək
istəyəndə Pikasso arxadan onun çiyinlərini tutur.
Fransuaza - (sakit səslə) Mən yetkin qadınam, cənab
Pikasso. Nə istədiyimi də yaxşı bilirəm.
Pikasso - (onu qucaqlayaraq) O zaman, mənim olun Fransuaza. Və
özünüzdən sonra qapını elə kilidləyin
ki, daha heç bir qadın onu aça bilməsin. (sükut) Bacararsınızmı?
Fransuaza üzünü Pikassoya çevirərək əllərini
Pikassonun üzündə gəzdirir.
Fransuaza -
Çalışacam. Mən bunu bacaracam.
Səhnə musiqi sədaları (Besame Mucho - Cesaria Evora)
ilə digər pərdəyə keçid edir.
İkinci Pərdə
Pikassonun emalatxanası. Salvador Dali hərəkətli
kreslo üzərində oturub. Qəzet
oxuyur. Pikasso emalatxanaya daxil olur. Salvador onu görən kimi ayağa qalxır.
Ona yaxınlaşaraq əl verir, çiyinlərindən tutur
Salvador
Dali - görürəm ki, yaxşısan... Kefin yerindədir, əziz
dostum
Pikasso - Məhəbbət xarüqələr yaradır. (gülümsəyərək)
Hiss olunur xoşbəxtliyim?
Salvador - Əlbəttə...
Son zamanlar rəsmlərindəki çiçək
təsvirləri bunu deyir.
Pikasso - demək ki, biz daha çox ovqatımızı
çəkirik......şüur bizdən asılı olan məsələ
deyil.
Salvador -
Təhtəlşüur
Pikasso - bəli...
Salvador - (əlindəki qəzeti göstərir) Bunu
oxumusan?
Pikasso - Yenə nə yazılıb? Özümə
söz vermişəm ki, daha heç bir məqaləni
oxumayacam.
Salvador - (ironik pafosla. Qəzetə baxaraq) İspan
şairi Rafael Alberti belə deyir:
Pikasso -
Lütfən, oxuma
Salvador - (Pikassoya fikir verməyib qəzeti oxuyur) “Pikasso
ömründə Gernikada olmamışdı. Amma şəhərin
müharibə mənzərəsi onu dəhşətə gətirmişdi.
Gernikanı bir aya tamamlayan rəssam sanki bunu
öncədən düşünmüşdü”. Sən nə etmisən, dostum?
Pikasso - Yox, Salvador. İstədiyim reaksiyanı görmədim
publikadan. “Gernika” daha çox ziyarətçilərin
arxasını gördü sərgi boyunca. Hamı etinasız keçdi onun yanından. (Yerdəki jurnalı qaldırıb Salvadora
uzadır). Hələ buna, bax. Oxu gör “Madrid” jurnalı nə yazıb.
Salvador jurnalı cəldliklə vərəqləyir. Diqqətini
yazı üzərində cəmləyib. Onu diqqətlə
oxuyur
Salvador - ““Gernika” böyük ölçülərə
malik əsərdir. Dəhşətlidir, yəqin ki, bu, Pablo
Pikassonun bütün həyatı boyu yaratdığı ən
pis əsəridir”.
Pikasso -
Görürsən
Salvador frakını qaldırıb stulda əyləşir. Ayağını
ayağı üzərinə aşırır.
Salvador -
Dostum, yəqin ki, sən bütün bu deyilənlərdən
sonra ruhdan düşməyəcəksən. Məsələn,
mən tənqidçilərin haqqımda dediyi heç bir
sözü vecimə almıram. Daha
doğrusu, mən bilirəm ki, onlar daxilən mənim
yaratdığım sənət əsərlərini sevirlər.
(Təmkinli) Sadəcə bunu dilə gətirməyə
qorxurlar.
Pikasso - Bəlkə də. (sükut) Necə deyərlər, yaxşı zövq sənətin
düşmənidir.
Salvador - (stuldan qalxaraq. Emalatxanada o yan bu yana
hərəkət edir) Biz azad sənətkarıq, Pablo! Əgər azadlığı estetik kateqoriya
adlandırsaq onun formasız olduğunu görəcəyik.
Bu, amorfluğun özüdür.
Pikasso - Mən bütün düşüncələrimi,
enerjimi bu əsərə yansıtmağa
çalışdım. Mən dünya ağalarını donuq
baxışlı, qırğınlar qarşısında
susan, yalnız bəlağətli nitq söyləməyi
bacaran, boşboğazlıq edənləri bu formada rəsm etdim.
Salvador - sənin yaratdığın öküz
başları dəhşətli tapıntıdır, əzizim. O ki, qaldı sənətin
qavranılmasına, inan mənə, ölümündən
sonra hamı səninlə fəxr edəcək. Hətta qızıldan büt yapdırıb
sitayiş edəcəklər sənə.
Pikasso - Bu vecsiz dünyada bəzən
fırçanı yerə çırpıb
çıxıb getmək istəyirsən.
Salvador - əzizim....
Pablo....Bilirsən Yaradanın, Tanrının
şan-şöhrəti haqqında niyə əsrlərdir
danışılır?
Pikasso - niyə?
Salvador - Əzizim, çünki o, aramızda yoxdur. O, bizimlə rəqabətdə
deyil. Uzaqdadır. İnsan
düşüncəsi onu əl çatmaz Olimplərdə
yaradıb. Aramızda olsaydı məmnuniyyətlə
Qalileo Qaliley kimi dar ağacına sarıyardıq. (emossional) Sorğu-suala tutardıq
onu. Bütün xurafi din xadimləri adından “tövbə
et” deyərdik. İnsanlara zəka
alovunu bəxş edən Prometey kimi Qaf dağında zəncirləyib
ciyərini qartallara yem edərdik. İttiham
edərdik onu. Rənglərdən
tutmuş formalara qədər bütün
yaratdıqlarını üzünə çırpardıq.
Səhvsən deyərdik. Mükəmməl
deyilsən, deyərdik. Din təəssübkeşi kimi,
öldürməyi günah bilməyib yandırardıq onu.
Yandırardıq! İnkvizisiya məngənəsində
sümüklərini xıncım-xıncım sındırardıq.
Məhv edərdik. Güllələyərdik,
edam edərdik. (bir az
sakitləşərək) O isə uzaqdan səslənən
alimin səsi kimi (əlini ağzına tutaraq) “Onsuz da o,
fırlanır” deyərdi. Biz isə əsrlər
sonra yumru kürənin həqiqətən
fırlandığını kəşf edib mədh edərdik
alimi (qəhqəhə ilə gülür). Afərin sənə,
Qalileo Qaliley, sən doğru deyirdin. Biz
öküz üzərində dayanmamışıq, yer
müstəvi deyil. Nə yazıq ki, səni
öldürəndən sonra bu qənaətə gəlmişik.
(Pauza) Dostum (pauza), gör biz nə qədər
Allah öldürmüşük.
Pikasso -
Salvador...
Salvador -
Mən bu yırtıcı insan yığınına, beyinsiz
manqurt kütləsinə, ölülərə pərəstiş
edən, diriləri məhv edən kütlə
sürüsünə nifrət edirəm! Mən müharibələrə,
atəşə, silahlara nifrət edirəm! Mən
dini kitablardan bir sətir belə oxumayan, kor-koranə xurafiliyi
təbliğ edən, peyğəmbərinə
savadsızdır deyən, guya yazmağı, oxumağı
bacarmır söyləyən beyinsizlərə nifrət edirəm.
Pablo, onlar qəsdən belə deyirlər, guya peyğəmbərlərə
vəyh gəlib. Bu belə deyil, əzizim, belə deyil.
Aparılan yalançı təbliğat üzündən
hamı ağzını yuxarı açıb ağacdan armud
gözləyən ayı kimi ancaq dua etməklə məşğuldur,
real dünyaya yox deyib, utopik Cənnət arzuları ilə
qanadlanırlar.
Peyğəmbərlər alim olub, alim. “Beşikdən qəbr evinə
qədər elm öyrənmək” deyən adam
savadsız ola bilməzdi. (Pikassonun çiyinlərindən
yapışaraq). Onlar kimi aldadır? İstəmirəm onların -
yalançıların təbliğ etdiyi dini, mən
onların üzünə İbrahimin büt üzünə
tüpürdüyü kimi tüpürmək istəyirəm.
Məni yalandan yaratdığınız Allaha
sitayiş etdirə bilməzsiniz. Mənim Allahım belə
ola bilməz, demək istəyirəm. O,
daha uca, daha zirvədədir. İçimdədir.
O, mənim içimdəki vicdandır, haqqdır, ədalətdir.
Madam ki, siz buna din deyirsiniz. O zaman
Allahsızam mən. Dininizə boyun əyməyən
ateistəm. İnanmıram sizin
yalançı fantaziyalarınıza. Mənim
Yaradanım belə cılız düşüncəli ola bilməz. Bilməz!
Pikasso - Bəlkə elə bu səbəbdən
qaçırsan.
Salvador - Mən Allah kimiyəm. Qaçmıram.
Hər yerdəyəm.
Pikasso - (gülərək) Ah, kaş bunu inkvizisiya məhkəməsi
eşidərdi.
Salvador - Elə bilirsən bir insanı məhv etmək
üçün yalnız inkvizisiya məhkəməsi
olmalıdır?
Pikasso - Əlbəttə, yox.
Salvador -
İndi daha çox mənəvi inkvizisiya mövcuddur, cənab
Pikasso! (bir qədər rişxəndlə).
Etinasızlıq, laqeydlik, sənəti görməmək,
qiymətləndirməmək dəbdədir. İndi istedadsızlıq dəbdədir. Çünki savadlı, baş bilən insanlar
heç kimə lazım deyil. Qoyun
sürüsünü idarə etmək çox asandır,
Pablo!
Pikasso - Məgər bu sürünü başqaları
idarə edə bilməzmi?
Salvador - Əlbəttə, edər. (pauza)
Edir də! Hay-küylə... Adətlərə,
ənənələrə ironiya quyusu qazmaqla. Öncə xalqların əlindən adətləri
alınır. Vəziyyət elə
yaradılır ki, insanlar əsrlərdir yol gələn ənənələrinə
ironiya nümayiş etdirirlər. Gülürlər
özlərinə. Sonra ləğv edirlər
adətlərini. Davamında ailə
institutu dağılır. Bu isə millətin
sütunudur. O da çat verir. Sonra
haqsızlıq. İnsanlar haqsız məkanlardan
qaçır. Beyinlər satılır.
Yerdə sürü qalır, sürü. Onlar da (havada çıtma çalaraq) bir idarəçi
barmağıyla cüzii, yersiz sərsəmələrlə
qızışırlar. Vəssalam, xaos
hazırdır. Sonra nə istəyirsən et.
Pikasso - Hələ
qarşıda nələr var, nələr....
Salvador -
Hanı Gernika?
Pikasso böyük tablonun üzərindəki
örtüyü açır. Səhnədə Gernika canlanır
Pikasso -
Budur!
Salvador rəsmə həsədlə baxır.
Salvador - budur, rəssam təxəyyülü. Budur, sənət.
Budur, müharibə. Ağ-qara
dünya. İnsan
etinasızlığı. Dəhşət. Budur, bəşəri
şou. Xaotik müharibə şousu. Budur,
Bəngü Badə. Budur, insan. Vəhşi toplum. Uşaq ölümlərinə
göz yuman, mərhəmət hissini unudan
vəhşi yığını. Necə deyərlər...
Üçüncü pərdə
Birinci səhnə
Yataq otağı. Fransuaza cəldliklə çamadana
paltarlarını yığır.
Qulluqçu
- Xanım
Fransuaza - Haqqımda heç nə demirsən. Uşaqları
da götürüb rədd oluram bu xarabadan.
Qulluqçu
- Xanım, cənab Pikasso getməyinizi bilsə dəli olacaq. Belə eləməyin.
Fransuaza - (paltarları yığa-yığa) Aha, bəlkə
mənə yol göstərəsiniz?
Qulluqçu
- Yox… Qətiyyən belə bir fikrim yoxdur.
Fransuaza -
Ay sağ ol, o zaman susun, lütfən
Qulluqçu - Mən canabı yaxşı
tanıyıram o, ayrılıqları çox depressiv
keçirir. Belə eləməyin.
Fransuaza -
Mən ona hər şeyi bağışlayardım! Hər şeyi. Xəyanəti isə
heç vaxt.
Qulluqçu - Hardan bilirsiz? Bəlkə şaiyədir
Fransuaza - Gözümlə görmüşəm. (Yatağı göstərərək)
Bax, burda. (Ağlamsınaraq) Bizim birgə yatağımızda. (Çarpayıda oturur. Əllərini
üzünə tutur). O, bunu necə edə bilər?
Qulluqçu
- Xanım, kişilərin hamısı belədir
Fransuaza -
Yetər! Kişilərin hamısı belədir
deyib əxlaqsız etmişik onları. Əslində belə
deyil, ola bilməz. Övladlarına,
qadınına hörmət etməyən kişi
həşəratdır. Eynilə Kafkanın
yataqdan qalxa bilməyən murdar həşəratı kimi
çarpayıda eşələnir.
Bədbəxt
insan! Qadın
düşkünlüyünün bir həddi var axı....!.
İnsanı başı idarə edir... (ağzını
sözlə doldurur) Tfu....Bundan sonra bütün
dünyanı ayaqlarım altına sərsə belə, mən
elə kişini heç vaxt bağışlamaram.
Qulluqçu - Məncə onunla danışın. Anlaşılmamazlıq
fəlakət doğura bilər. O, özünə qəsd
edə bilər.
Fransuaza - (istehza ilə) Narahat olma, öldürməz. O, özünü
hamıdan çox istəyir. Bir də ki, nəyi
danışım? Özümü
alçaldaraq xəyanət oluduğumu söyləyim ona?
Səncə bunu necə deyə bilərəm?
Yoxsa bəzi qadınlar kimi şou göstərim?
Yox...yox...
xəyanəti bağışlayan Məryəmlər var e....
guya yuvalarını qoruyurlar... Guya
övladları üçün bunu edirlər...
gözümü yumum hər şeyə?
Qulluqçu
- müqəddəs İncildə...
Fransuaza -
Siz allah, yetər...! İncil... Tövrat...
sonra daha nələr! (Üzünü tamaşaçılara
tutaraq) Bütün həyatımızı
günah olar deyə qurban vermişik. İnsan
kimi yaşamağı unutmuşuq. Qadın
olmağı unutmuşuq. Ancaq uşağa
görə, ona görə, buna görə yaşayaraq
özümüzü insan kimi ömür sürmək
haqqından məhrum etmişik. Zərifliyimizi,
incəliyimizi yaddan çıxarmışıq. Güclü qadınsan deyə çox şeylərlə
yükləyiblər zərif çiyinlərimizi. Ailənin
dayağı qadındır, uşağı qadın tərbiyə
etməlidir, qadın çəpərdir, qadın arxadır,
qadın ucadır, qadın dayaqdır. Sonra, sonra! Sonra nə?
(qulluqçuya baxaraq) Uşaqlar
atalı böyüsün deyə artistlik etmək istəmirəm.
Nə var ki, kimlərsə (yaxasını
göstərərək) təltif edəcək məni.
(ironik pafosla) Bərəkallah, onlarla
qadını yatağına daşıyan kişinin hərəkətlərini
görməzdən gəlmisən! Kor olmusan, kar olmusan
bütün həyatın boyu!
Yox, əzizim,
yox...Özü demişkən, bu mənim həyat tərzim
deyil. (sakit səslə. Saçına sığal çəkərək) Mən
qadın olmaq istəyirəm. Sevilmək
istəyirəm. Bütün həyatımı
həyəcan içində, “görəsən yenə də
kimlədir?” suallarıyla boğula-boğula keçirmək
istəmirəm. (pauza) Çox
yorulmuşam.
Qulluqçu - Bəzən ehtiras insanın
ağlını başından ala bilir. Bəzən
insan hisslərinin qurbanına çevrilir.
Fransuaza -
(İronik təbəssümlə) 63 yaşlı kişi, yox. Heç 35 yaşlı kişi də, yox. Bu
yaşında onu idrakı idarə etməliydi, hissləri
deyil.
Qulluqçu - (pərişanlıqla başını
aşağı salır) doğrudur.
Fransuaza –
(tamaşaçılara baxaraq) qadın iki halda
özünü xoşbəxt hiss edir. Sevdiyi kişi
ilə bir ömrü bölüşdükdə və məhəbbət
dolu bir evdə yaşadıqda. Mən indi nə
onu, nə də hörümçək yuvasına bənzəyən
bu evi daha sevmirəm. (pauza) Özümü yolun
ortasında bitən, başına ildırım çaxan tənha
ağac kimi hiss edirəm. Kimsəsiz ağac kimi... Yersız qorxular xirtdəyə kimi bezdirib məni.
(Özünə baxaraq) Yoxam mən. Mənim qadınlıq qürurumdan zərrə qədər
də qalmayıb. Hisslərim,
düşüncələrim, varlığım
parça-parçadır. Mən simurq
quşu kimi yenidən külümdən yaranmaq istəyirəm,
anlayırsız? Yorulmuşam. (emossional) Kimsənin mənə
toxunmasını istəmirəm. Mənə
baxan baxışlar da rədd olsun. Övladlarımı
da özümlə götürüb onları çökməkdə
olan, yox olan bir atadan xilas etmək istəyirəm.
Qulluqçu
– axı...ailə
Fransuaza -
Ailə... Nədir ailə? Qadının
korluğudurmu? Yəni nə edirsə etsin,
o kişidir, bəraətidirmi? Təki
hamı bizi qoşa görsün, camaat elə bilsin ki, biz
xoşbəxtik, eləmi? Artistlik etmək?
Hərənin öz həyatını
yaşaması, xəyanət çirkabına
bulaşmasıdırmı ailə? Axı sən dünən
bu əllərinlə qucaqladığın başqa
qadından sonra, necə səni bütün gecə gözləyən
qadınına qayıda bilərsən. Axı
bu, iyrənclikdir.
Fransuaza təkərli çamadanını yerə
qoyaraq onu ardıyca çəkir. Qulluqçuya
yaxınlaşır.
Qulluqçu - Hara gedəcəksiniz? Heç olmasa onu deyin.
Fransuaza -
Yox, deyə bilmərəm. ... Klod və Paloma
atalarını yaxşı rəssam kimi xatırlayacaq. Buna söz verirəm. O, ki qaldı mənim
gedişimə olan reaksiyaları?....Onlar hələ
uşaqdırlar, məni anlamazlar. Vaxt gələcək
analarını başa düşəcəklər......... Biz heç kimin gümanına gəlməyən yerə
gedəcəyik.
Fransuaza gedir. Qulluqçu onu arxadan
çağırır. Fransuaza
dönür.
Qulluqçu
- Xanım... (pauza) Xəyanətkar kişi üçün bundan ağır cəza
ola bilməzdi. Məncə bu dəhşətli
yaranı cənab Pikasso illər uzunu hələ çox
xatırlayacaq. (Pərişanlıqla) Özünüzdən
və övladlarınızdan muğayət olun. (Sinəsindən bir şəkil çıxarır
Fransuazaya yaxınlaşır. Onu xanıma
uzadır). Bunu özünüzlə
götürün. Qoy müqəddəs
sizi daima qorusun.
Fransuaza və qulluqçu qucaqlaşırlar.
Fonda Vaqnerin “Ölüm tanqosu” səslənir. Səhnədə
Pikassonun minotavr rəsmləri əks olunur.
İkinci səhnə
Pikasso yataqdadır. Yuxuda sayıqlayır. Qulluqçu başının üstündədir.
Rəssamın alnına dəsmal qoyur.
Qulluqçu
- cənab, siz od qızdırmanın
içindəsiniz
Pikasso -
Getdi... Məni qoyub getdi
Qulluqçu - Harda qaldı həkimlər?
Pikasso - Özün gizlədirsən. Hara gedib?
Qulluqçu - anasına məktub yollamışam. Yalvarmışam
ki, sizin halınızı ona söyləsin.
İnanıram ki, tezliklə qayıdacaq
Pikasso -
Qayıtmayacaq. Mən onu yaxşı tanıyıram
Qulluqçu - Siz məşhur rəssamsınız, cənabım. Bütün dünya sizin əsərləriniz
qarşısında mat qalır. Siz təkcə Fransuaza
haqqında düşünməməlisiniz
Pikasso - Onun adını çəkmə. Ürəyim
sancır.
Qulluqçu
- Unudacaqsınız
Pikasso - Bəlkə
də bu, həə.... Bu, Olqanın ahıdır...
Qulluqçu - Siz özünüzdə deyilsiniz. Ona görə
belə danışırsınız.
Pikasso - onun dəfninə getmədim. Bədbəxt elədim o
qadını
Qulluqçu - Ölüm haqdır. Həm də
siz məşğul idiniz.
Pikasso -
Yox, gedə bilərdim. Heç bir işim yox
idi. ..... Mən dünyanın ən əclaf kişisiyəm....
Fransuaza düz deyirdi. Mən ehtiras
düşkünüyəm
Qulluqçu
- Yox, sadəcə siz əsl qadına rast gəlməmisiniz
Pikasso - Mən ölümə doğru gedirəm, əzizim. Nə tapmaq?
İndi məni ölüm ilahəsi axtarır.
Qulluqçu
- xahiş edirəm sakit olun
Pikasso - rəsm əsərlərimi övladlarıma vəsiyyət
edirəm.
Qulluqçu
- bu haqda danışmaq çox tezdir
Pikasso -
Dali düz deyir... “Ölüm sonsuzluq olduğu
üçün insanı həyəcanlandırır”. Mən sonsuzluğa doğru gedirəm. Orada
işıqlı həyat gözləyir məni
Qulluqçu - harda qaldı bunlar?
Pikasso - kədərlidir, hə? Səhər açılır,
hamının qarşısından sağ-salamat keçən
insan daha olmur dünyada
Qulluqçu
- (üstündə xaç çəkərək) siz allah belə danışmayın.
Pikasso - Görəsən Fransuaza mənim
ölümümdən təəssüflənəcəkmi? ...
Qulluqçu
- xahiş edirəm
Pikasso - Mən
həmişə çox tənha olmuşam...
Qulluqçu
- sizi sevən milyonlarla pərəstişkarınız var
Pikasso - səs
eşidirəm, məni
çağırırlar
Qulluqçu
- deyəsən həkimlərdi
Pikasso -
ölüm gözəldi
Həkimlər içəri daxil olur. Pikassonun nəbzini
yoxlamaq istəyirlər. Pikasso
çabalayır.
Pikasso - Əl
çəkin! Heç nə istəmirəm! Əl çəkin
məndən!
Həkim
- sakitləşin
Pikasso -
Ölmək istəyirəm!
Həkim - (qulluqçuya) Xahiş edirəm otaqdan
çıxın və kilidləyin qapını.
Qulluqçu üzü Pikassoya dayanıb xaç çəkir
sinəsində.
Pikasso -
istəmirəm... əl çəkin məndən!
Dördüncü pərdə
Birinci səhnə
Pikasso gecə paltarındadır. Emalatxanasının
işığını yandırır. Molbertlərin
üzərində olan örtükləri açır. Sonra birinin qarşısında oturaraq
fırçasını əlinə götürür. Arxada Pikassonun rəsmləri canlanır. Pikasso pərişan vəziyyətdədir. Depresiyadadır. Heç nə
çəkə bilmir. Fırçanı
yerə ataraq ayağa qalxır. Cəld
addımlarla güzgü önünə gəlir.
Pikasso - (Əllərini
üzündə gəzdirərək) Kim insan surətini daha
doğru görür: güzgümü, fotoqrafmı, yoxsa rəssam?
Düşüncələrimizi, xatirələrimizi
özündə saxlayan beynimiz olmasaydı daha yaxşı
olardı, əslində. Yəni təkcə
gözlərimiz olardı baxmaq üçün, ən
çox da görmək üçün. (pauza) Heç nəyi görmək
istəmirəm indi.
Dahilik! Nəyə lazımdır dahilik? (pauza) Axı dahilik Enşteyni Xirosimaya qədər
gətirdi... Sənət Cadugər kimidir. Özünü sənə verib sənin istədiklərini
səndən alır.
Güzgünün
yanından aralanır
hara
doğru gedirəm? (gülümsünür)
Keçdiyim bütün yolları xəritə
üzərində bir xəttlə birləşdirmək
mümkün olsaydı o, minotavr görkəmində
olardı. Daxilimdəki dəhşətli
acının yaratdığı minotavr kimi. (Əlini
ürəyinə qoyur) Dözə bilmirəm.
Rəsm əsərinin
qarşısına keçir
Sənət kimə lazımdır? Yalandır, o.
... Həqiqətə aparan yalan. Həqiqəti dərk etmək üçün
uydurulan yalan.
Nəyimə
lazımdır rənglər, fırçalar... Rəssamlıq gündəlik kimi bir şeydir.
Daha doğrusu xatirə dəftəri. (Əlini
başına aparır) Beynində yaşayan
xatirələrin doğuluşudur, rəssamlıq. Silinsəydi,
kaş...
Fransuazanın model olarkən oturduğu masanın
yanına gəlir. Örtüyü qoxlayaraq
Ah,
Fransuaza...Neynədin sən? Qocanı atıb
getdin. Bağışlamadın onu. (emossional) Mən isə
yatağında qızdırma içində qovrulan, sonra isə
bu dünya ilə vidalaşan Rafael kimi özümü
axtarırdım qadınlarda. Sən söz
vermişdin... Sən söz vermişdin ki,
özündən sonra qapıları bağlayacaqsan. Bağlamadın, əzizim, bağlamadın. (ağlayaraq) Bunu heç kim
bacarmadı.
İki cür qadın var həyatda. Şəhzadə
qadın, (ironik gülüş) döşəmə
qadın. Sən şəhzadə
olmağı bacarmadın, Fransuaza. Məni
əllərdə qoyub getdin.
(emossional) Bayağı dünya
görüşün, yersiz istəklərin, heç bir
çərçivəyə sığmayan izləmələrin
məni daha çox başqa qadınların yatağına
sürükləyirdi. Mən qadınlarda
dinclik tapmaq istəyirdim, Fransuaza. Dinclik! Onlar
isə məni bir-birinə ötürürdülər.
Vermirdilər axtardığım dincliyi. Daha çox həyatımı narahatlıq alovuna bələyirdilər.
(örtüyü yerə ataraq) Mən isə qaçırdım. Ondan ona, bundan buna. .........Murdar vərdişdir!
Hər şeydən yorulmuşam, Fransuaza. (pauza) Hər şeydən. Övladlarımı
belə mənə çox gördün. Yerini
bildirməməklə ən dəhşətli cəzanı
verdin Pikassoya. Zalım qadın!
Tərk etmək, əl çəkmək çox asandır,
Fransuaza. Şıltaq, dəlisov Pikassonun cilovunu yığa
bilmədin əllərinə. (əllərini
havada yellədir) Buraxdın məni çərpələng
kimi.
Darıxıram,
Fransuaza. Ən çox anam üçün
darıxıram. Sənin gedişin mənə
onu xatırlatdı. (özünü
qucaqlayaraq) Onun isti qucağına qaçmaq istəyirəm
indi. (Emossional) (köynəyinin
yaxasından yapışır) Yırtmaq istəyirəm
qəlib bədənimi. Ruhuma azadlıq vermək istəyirəm,
amansız qadın!
Heç kim mənə ana ola bilmədi. O isə hər
gecə nağıllar söyləyərdi mənə. Reallıq dəhşətlidir, ana (ağlayaraq).
Darıxıram.... Ana... darıxıram səninçün.
Pikasso yerə çökür. Üzünü
ovuclarında gizlədir. Sonra gözlərini
bir nöqtəyə zilləyir.
Özünə nifrət etmək olduqca asandır. Özünü
buna məcbur edə bilərsən. Çətini
özünü sevməkdir.... Sevmək. Sənin xatirələrindən qurtulmaq
üçün yenidən sənətə
qayıtmalıyam. Məni gözləyən,
məni sevən yeganə varlıq, odur, Fransuaza.
...fırçalar, rənglər, kətan gözləyir
məni. Özümü sevməliyəm, Fransuaza, sevməliyəm.
Pikasso yerdən qalxaraq molbert önünə
yaxınlaşır.
Mən yeni həyata başlamaq istəyirəm. (Gülərək) Hə, bu yaşımda yeni həyata. İndi dünyanın ən gözəl tablosunu
yaratmaq istəyirəm. Vəfalı Şərq
qadınını yaratmaq istəyirəm kətan üzərində.
Səni unutmaq istəyirəm, Fransuaza. Səni unudacam.
Pikasso musiqi sədaları altında şövqlə kətan
üzərində rəsm çəkir.
Beşinci pərdə
Birinci səhnə
Pikasso, Jaklin və dostu kinoteatrdan çıxırlar.
Dostu -
Anri Kluzo sənin sirrlərini açmağı bacardı, əziz
dostum
Pikasso - Tanış olun, Jaklin, mənim yeni sənət
muzam.
Dostu
Jaklinin əlindən öpür
Dostu - Şadam
Pikasso - Mən
də şadam ki, sənin kimi həssas, zövqlü
insanın 78 dəqiqəlik film xoşuna gəldi
Dostu - Bəli,
çox bəyəndim. Təklif də yerinə
düşüb. Əlbəttə, sənin
kimi sənətkar haqqında sənədli film çəkməmək
günah olardı. Sən İspaniyanın
fəxrisən.
Pikasso - Gəlin,
incə dilimizi pafos yağında bişirməyək, dostum
Gülürlər
Dostu - Əsla. Həqiqəti söyləmək casərat
istər. Çox istedadlısan, sənətkar.
Məncə belə gümrah və xoşbəxt
görünməyində xanım Jaklinin də az
əməyi yoxdur... Doğru deyirəmmi? ... Gözəlsiniz, Jaklin
Pikasso - Mən
qısqana bilərəm (Gülür)
Jaklin - Mənim gözlərim səndən başqa
heç kimi görmür, əzizim.
Dostu - Demək hər şey “əzizim” sözü qədər,
olduqca ciddidir.
Pikasso - Yeri gəlmişkən, sizi bazar günü
evimizdə keçiriləcək toy mərasimimə dəvət
edirəm.
Dostu -
Bunu belə deyin də... Yoxsa muza. Mən də dolaşıb qalmışam.
Pikasso - Bəli,
muza və həyatımın qadını.
Dostu - Mükəmməlsiniz hər ikiniz. Məmnuniyyətlə
iştirak edəcəyəm. Sağ olun ki, bu gözəl
gündə məni də görmək istəyirsiniz.
Pikasso -
Gözləyəcəyik.
Dostu - (Xanımın əlini öpərək) Xanım,
Jaklin.
(Pikassonun əlini sıxaraq) Əziz dostum.
Xoşca qalın. Görüşənədək.
Pikasso - Hələlik
Dostu
çıxıb gedir
Pikasso - (Jaklinin əlini ürəyinin üzərinə
qoyur) Gözəl xanım, bu qoca kişini sevməyə
peşman deyilsiniz ki?
Jaklin - Əzizim, səni ömrüm boyu sevəcəyəm. Bizi heç kim
ayara bilməz.
Pikasso - Bəs,
amansız fələk. Ölüm necə?
Jaklin - Heç onun da bizi ayırmağa gücü
çatmaz. Mən sənsiz yaşaya bilmərəm, əzizim.
Əcəl məni səndən öncə apararsa...
Pikasso -
Jaklin, bağışla, bu nə söz-söhbətdir. Nə ölüm? Biz
yaşamağa yenicə başlayırıq.
Jaklin - (gülümsünərək) Doğrudur. Amma yenə də,
əgər sən gedərsənsə, öldürərəm
özümü.
Pikasso -
ah, siz cavanlar... Ölmək çox asandır,
sevgilim. Yaşamağı bacarmaq lazımdır!
Pikasso Jaklinin əllərindən öpür. Çıxıb
gedirlər.
İkinci səhnə
Pikassonun evi. Qonaq otağı. Ortada
böyük masa var. Pikassonun dostları masanın ətrafındadırlar.
Fonda musiqi səslənir. Hamı
şəndir. Dostlar badələri bir-birinə
vururlar.
Dost –
Harda qaldı, cənab Pikasso? Ehey, dostum
Digər
dost – Gələr indi, gələr, səbr edin.
Pikasso ağır addımlarla, üzündə təbəssüm
içəri daxil olur. Masanın yanına gəlir. Dostlardan biri onun badəsinə şərab
süzür. O, əlindəki badəni qaldırır.
Fikrə dalır...
Pikasso - Mən elə bilirdim ki, bütün həyatım
boyu sevdiyim qadına rast gəlməyəcəm. Gördüyünüz
kimi, rast gəldim.
Jaklin Pikassonun yanına yaxınlaşır.
Jaklin - Mən də həyatım boyu
axtardığım kişini tapdım. (Gülümsəyərək).
Sevirəm səni, əzizim.
Dostlar əl
çalır
Pikasso -
Jaklin, yəqin ki, səni tapmaq üçün bu qədər
yaşamağa, gözləməyə dəyərmiş.
Jaklin - Əzizim.
Pikasso -
Dostlar, mən qocaya bənzəyirəmmi?
Dostlar - Əsla.
Pikasso - Əslində biz qocalmıraq, zamanla yetişirik. (Gülərək) Həm də yenidən cavan olmaq üçün
çox vaxt sərf etməliyik.
Dostlar - Əla tostdur.
Pikasso -
Yox.. Yox... Dediklərim hələ
tost deyil.
Dostlar gülüşürlər.
Dostlar - tez ol, şərab soyuyur.
Pikasso - Mən çoxlu pulu olan kasıb insan kimi
yaşamaq istəyirəm.
Jaklin əl
çalır
Pikasso - həm də sadə hayətım boyu nəhayət
ki, xoşbəxtlik halqasının içinə daxil olmaq istəyirəm. (Pauza) Jaklin, nə
yaxşı ki, varımsan. Mənim həyatımda
sənət uğurları çox olub. Amma
etiraf edim ki, şəxsi həyatımdakı axsaqlıq məni
məhv edib, daima. Məncə Dostayevski belə
deyib, eləmi dostlar?
Dostlar - nə deyib?
Pikasso - Nə
yazıq ki, tale insanın xoşbəxt ola
biləcəyi ən gözəl neməti - ailəni məndən
əsirgəyib. (Pauza) Bu gün mən çox
xoşbəxtəm. Həyatımın
qadınına rast gəlmişəm. Bilmirəm,
bundan sonra yaşayacaq nə qədər ömrüm qalıb.
Amma ömrümün sonuna qədər Jaklinin
sevgi tilsimi altında yaşamağın dadını doya-doya
çıxaracağam.
Pikasso Jaklini qucaqlayır.
Pikasso - Gəlin,
badələri sevimli xanımlarımızın şərəfinə
qaldıraq. Əslində biz hamımız sevgiyə
möhtac varlıqlarıq. Mən də
Jaklinin adını çəkərək bu badəylə dodağımı
yaşlamaq istəyirəm. Əslində
xoşbəxtliyə bax, belə sadə, təmkinli, təmtəraqsız
da yetmək mümkündür. Yəqin
ki, məni toyuq şorbasına görə ittiham etməyəcəksiniz.
Hər halda, inanıram ki, evinizə dönən
zaman məhəbbət dolu istiliyimizi də özünüzlə
aparacaqsınız. (Badəni qaldırır) Məhəbbətin, sevginin, qadınların şərəfinə.
Dostlar
ayağa qalxır
Dostlar -
Xoşbəxt olun... Xoşbəxt olun...
Jaklin
patifonun yanına yaxınlaşır
Pikasso - Mənim əvəzimə də için,
dostlar. Bilirsiniz, mən artıq içə bilmirəm.
Jaklin musiqi sadaları altında Pikassoya
yaxınlaşır. Paul McCartney-in “Picasso,s Last Words -
Drink to me” mahnısı sədaları eşidilir.
Pikasso və Jaklin rəqs edirlər.
SON
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.20-22.