Futbol səsli-küylü teatrdır...  

 

"Ədəbiyyat qəzeti"nin son sayında (1 sentyabr 2018-ci il) ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Rüstəm Kamalın "Şeirimizin Vurğunu, futbol vurğunu" yazısını oxumağa başladığım ilk cümlələrdən, nədənsə, bu yazını artıq yazmağa başlamışdım.

Rüstəm müəllim xalq şairi Səməd Vurğunun futbola sevgisindən, futbol azarkeşliyindən yazdığı yazısında bir çox Azərbaycan ziyalılarının - Qara Qarayevin, İmran Qasımovun, Hüseyn Abbaszadənin də bu yönlərini oxuculara işarə verir.

Mən isə futbolla bağlı Azərbaycan ədəbiyyatında yazılmış ən gözəl şeirin Şahmar Əkbərzadənin 1974-cü ildəki dünya çempionatı ərəfəsində Brazilyanın, bəlkə də dünyanın gəlmiş-keçmiş ən böyük futbol ulduzlarından biri (mənə görə birinci Maradonadır) olan Pele haqqında yazdığı "Pele" şeirini xatırladım.

Rüstəm müəllim çox haqlı olaraq yazır ki, "futbol da əsl yaradıcı oyundur. Futbol oyununun dramaturgiyası ədəbi əsərin kompozisiyasını xatırladır". Əlavə olaraq qeyd etmək yerinə düşər ki, futbol bəlkə də yeganə oyundur ki, özünü teatr lojasında hiss edirsən. Teatrdan fərqli olaraq burada tamaşaçı özünü bütün çılğınlığı ilə ifadə edə bilir. Teatr səssiz-küysüz futboldursa, futbol səsli-küylü teatrdır.

Şahmar Əkbərzadənin "Pele" şeirinin bir çox misraları futbolla maraqlı olan hər kəsin sevə-sevə yaddaşında saxlayacağı ifadələrdəndir. "Qibtə eləyərdi ayağa başlar", "Aldada-aldada diyirlətdiyi, Top deyil, elə bil Yer kürəsiydi", "Aldatmaq imanı, qollar diniydi", "Aldatmaq insanı gözdən salsa da, Çatdırdı Peleni şöhrətə, şana, Həsəd aparırdı ağıllı başlar, Ağlı "topuğunda" olan oğlana" və sair kimi ifadələr təkcə futbolu, Peleni göz önündə canlandırmırdı, həm də bu misralar ədəbiyyatın ciddi və yeni fikirlərlə zəngin poetik mətninə çevrilirdi.

Poeziyada futbolun poetikasını açıb göstərmək üçün Ş.Əkbərzadənin bu şeirini oxumaq kifayətdir.

Ənənəvi və qəlibləşmiş, lakin inkaredilməz bir ifadə də var: "Futbol: idmanın şahı". Bəziləri üçün bu güləş, yaxud şahmat da ola bilər. Amma futbol elə bir oyundur ki, bu gün dünya iqtisadiyyatının böyük bir qismini öz ovcunda bərk-bərk sıxıb-saxlayır. Bu cəhəti ilə azarkeşləri oyunun öz poetikasından, daxili emosiyasından, çılğınlığından uzaq sala bilər, lakin futbola sevdalandınsa, tez-tez sosial şəbəkələrdə qarşılaşdığımız zərif cins nümayəndələrindən gələn "Futbol, yoxsa mən?" sualı qarşısında uzun-uzun düşünməli olursan. Bu yerdə məşhur futbolçu və məşqçi Slaven Biliçin "Qadınlara hörmətlə yanaşıram. Amma futbol onlardan da gözəldir" fikri köməyə çatır.

Səhv xatırlamıramsa, bir dəfə hörmətli və dəyərli yazıçı Aqil Abbas yazılarının birində təxminən belə bir ifadə işlətmişdi ki, futbol yeganə oyundur ki, orda düşünmək üçün sənə bir an belə uzun gələ bilər. Top sənə ötürülən anda sürətlə düşünməli və qərarını verməlisən. Bədən hərəkətiylə rəqibi keçməlimi, birbaşa digər yoldaşına ötürmə verməlimi, qapıya zərbə vurmalımı, topu ram etməlimi? Bu sualların cavabını bir andan artıq düşündünsə, top artıq sənin deyil. Aqil Abbas tamamilə haqlıdır.

Rüstəm Kamalın yazısı nəşr olunan gün şair dostum İlqar Qulusoyun doğum günü idi. O İlqar Qulusoy ki, həmin gün 38 yaşını qeyd edəcəkdi. Amma iki il əvvəl, 2016-cı ilin 9 iyul tarixində futbol meydançasında topu aut xəttindən oyuna daxil edərkən qəfil ürəktutmasından dünyasını dəyişdi. Futbolda belə acı hadisələrlə qarşılaşsaq belə, futboldan uzaq düşə bilmirik. Görəsən, bu oyun bizimlə hansı "sirli oyunu" oynayır ki, ondan ayrılmaq olmur?!

2008-ci ildə qardaş Türkiyə yığması Avropa Çempionatında hər oyunda az qala bizi o dünyaya aparıb-gətirdiyi zamanlarda o yığmaya şeir yazmışdım. Futbola olan vurğunluğum Naxçıvanın "Araz" komandası üçün himn yazmağıma da kömək olub. Bunları həm də ona görə xatırladım ki, futbol mənə görə idmanın ən romantik janrıdır. Ona görə də şairlərin əksəriyyəti futbolun romantikasına aşiq olurlar. Elə mən də.

Məşhurların sitatlarını qeyd etdiyim dəftərçəmdə futbolla bağlı söylənilmiş fikirlər də az deyil. Hollandiyalı ulduz, total futbolun atası hesab olunan Yohan Kroyfun sadə bir fikri var: "Futbol sadə oyundur. Ən çətini futbolu sadə oynamaqdır".

Mən isə bu yazını yazarkən indiyədək poeziyada futbolun poetikasını ən sadə şəkildə misralara çevirən "Pele" şeirini təkrar xatırlayıram. Həm də Rüstəm Kamala minnətdarlıq hissiylə...

 

Naxçıvan

 

04.09.2018

 

Elxan YURDOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.19.