Əli Səbri hekayəti
“Köhnə kişilər” silsiləsindən
Ömrümün
silinməz izlər buraxan bir xatirəsi də düz 37 il bundan öncə Qori Müəllimlər
seminariyasının məzunu, yazıçı-publisist-tərcüməsi
Əli Səbri ilə bağlıdır. Mənə "Azərbaycan"
jurnalı redaksiyasından tapşırmışdılar ki,
Əli Səbrinin 90 yaşı tamam olur, həm onunla bir
müsahibə apar, həm də xatirələrini al oxu,
çapa hazırla. O zaman mənə yuxu kimi, röya kimi gəlirdi:
doğrudanmı, Qori müəllimlər seminariyasını
bitirən və hal-hazırda sağ qalan yeganə bir insanla
görüşəcəyəm? Qori Müəllimlər
seminariyası və orada təhsil alan azərbaycanlılar
haqqında az-çox məlumatım vardı, "Dəli
Kür" filmində də bu seminariya ilə bağlı
epizodlar az deyil. Tanınmış ədəbiyyatşünas
İsa Həbibbəylinin Cəlil Məmmədquluzadənin həyatı,
xüsusilə, təhsil illəri barədə qələmə
aldığı monoqrafiyada da Qori seminariyasında təhsil alan azərbaycanlılarla bağlı
maraqlı faktlarla rastlaşmışdım.
Lakin budur, 90 yaşlı məzun qarşımda idi. Hökumət
Evi yaxınlığındakı mənzilində onunla
üzbəüz dayanmışdım. Əli
Səbri ömrün ötən illərini səhifələyirdi.
1981-ci ilin dekabr ayıydı.
"Mən Naxçıvanın məşhur Nehrəm
kəndində doğulmuşam. Çox vaxt deyirlər
ki, Mirzə Cəlil guya "Danabaş kəndi" deyəndə
Nehrəmi nəzərdə tutub. Savadsızlıq,
cəhalət, nadanlıq o zaman Azərbaycanın əksər
kəndlərinə xas idi, o cümlədən, Nehrəmə.
Amma Nehrəmin də, orada yaşayan
insanların da özünəməxsus dünyası
vardı. Əsrlərdən bəri bu kənddə
dindarlıq çox güclü olub. Vaxtilə
Mirzə Cəlil bu kənddə məktəb müdiri işləyib.
Sonralar bu kənddən Azərbaycanda
tanınmış alimlər, hüquqşünaslar, həkimlər
sənət adamları meydana çıxdı. Mənim atam, atamın atası, babamın atası nəsillikcə
tacir olublar. Amma mən bu ənənəni
pozub başqa yol seçdim".
O yol
maarif - təhsil yolu idi. Əli Səbri 1899-cu
ildə Naxçıvanda M.T.Sidqinin məktəbində oxuyub.
M.T.Sidqi (1854-1903) nəinki Naxçıvanda,
bütün Azərbaycanda tanınan görkəmli
maarifçi, ziyalı idi, o, Naxçıvanda dördsinifli
bir məktəb açmışdı, ona "Məktəbi-tərbiyə"
adı vermişdi. Böyük mütəfəkkir
Hüseyn Cavid də bu məktəbdə təhsil
almışdı. Az sonra Əli Səbri
Hüseyn Cavidin də şagirdi olur. Cavid ona həm məktəbdə,
həm də evdə fars dilindən dərs
keçirdi. Əli Səbri o məktəbdə
rus dilini də öyrənmişdi. Atası
istəmirdi o təhsil alsın, amma qonşuları - məşhur
maarifçi Qurbanəli Şərifov onun atasına başa
saldı ki, əsr-zaman dəyişir, uşağın
marağını, həvəsini öldürmə.
Əli Səbri Qori müəllimlər seminariyasına
çətinliklə yola düşür. Ana dilindən və şəriətdən
tanımadığı iki kişi ondan
imtahan götürür. Sonra bilir ki, bunlardan
biri Firidun bəy Köçərli, ikincisi Rəşid bəy
Əfəndiyev idi.
"İmtahan
verəndən azca sonra Rəşid bəy zarafatyana məndən
soruşdu:
- Sən
sünnüsən, yoxsa şiə?
Mən
cavab vermək istəyirdim ki, Firidun bəy dilləndi:
- Rəşid
bəy, o naxçıvanlıdır. Orada
sünnü, şiə söhbəti olmaz.
Mən
tab gətirə bilmədim:
- Olar...
dedim, - Nənəm mənə acıqlananda deyir ki, bu gədədə
sünnü damarı var.
Firidun bəyin dodaqları qaçdı. Sonra mənə belə bir
sual verdi:
- Ana
dilindən sənə kim dərs deyib?
- Mirzə
Məmməd Tağı Sidqi, sonra da Hüseyn Cavid.
- Onda sən
gərək Naxçıvandakı başqa şairləri də
tanıyasan?..
- Bəli,
Molla Mahmud Çakəri, Şürbini yaxşı
tanıyıram.
Xülasə, imtahanlar qurtardı. Mən əla
qiymətlərlə, dövlət hesabına seminariyaya qəbul
olundum".
Qori Müəllimlər seminariyası iki ayrı binada qərar
tutmuşdu. Birində xristian şöbəsi yerləşirdi.
Burada xristianlar üçün kilsə də
var idi. İkinci bina isə "Tatarskoye
otdeleniye" adlanırdı. Məlumdur
ki, burada müsəlman tələbələri
yaşayırdılar. Məzhəb
bölgüsü də unudulmamışdı, sünnülərə
şəriət dərsini Rəşid bəy Əfəndiyev,
şiələrə isə Firidun bəy keçirdi. Amma Firidun bəyin "şəriət" dərsi
Azərbaycan ədəbiyyatı tarixi idi və bunu hamı
bilirdi.
Əli Səbri ədəbi fəaliyyətə 1912-ci
ildə bədii tərcümə ilə başlayır. O, L.Tolstoyun dörd hekayəsini
dilimizə çevirir, Orucov qardaşları mətbəəsində
kitab kimi çap etdirir. Bu tərcümələr
Tolstoyu Azərbaycan oxucularına tanıtmaq yolunda ilk təşəbbüslər
kimi maraqlı idi. Əli Səbri sonralar da
tərcümə sahəsindəki fəaliyyətini davam
etdirir. Şekspirin "Şıltaq
qızın yumşalması", R.Taqorun "Fəlakət",
L.Qrunsun "Günəşli səhər", gürcü
yazıçılarının hekayələrini dilimizə tərcümə
edir. 1913-cü ildə, Bakıda - Orucov
qardaşlarının mətbəəsində "Solğun
çiçək" romanını nəşr etdirir.
Romanda müəllif iki gəncin nakam sevgisindən
söz açır. Əli Səbrinin
"Balaca və xalı" povesti isə uşaqların həyatından
bəhs edir.
Əli Səbri o dövrün bütün
tanınmış ziyalıları ilə dostluq və
yaxınlıq edirdi. Mirzə Cəlil, Abdulla Şaiq, Ə.Haqverdiyev, N.Nərimanov,
Ü.Hacıbəyli, Ə.Qəmküsar, H.Cavid, C.Cabbarlı,
M.Müşfiq, Seyid Hüseyn, A.M.Şərifzadə, Kazım
Ziya, Mirzağa Əliyev, Məmmədəli Sidqi, Səməd
Mənsur, Mehdi bəy Hacınski, Əhməd Cavad, A.Divanbəyoğlu
- bunlar XX əsr Azərbaycan ziyalılarının
qaymaqları idilər. Əli Səbri o insanlarla
birgə olduğu günləri yada salır, bəzən
gözləri yaşarırdı. Cavid
haqqında deyirdi ki, Cavid onun üçün ideal şəxsiyyət
idi. Həm insan kimi, həm də
yaradıcı kimi. Cavidin hər pyesi və
bu pyeslərin tamaşaları hadisəyə çevrilirdi.
Tez-tez onların evlərinə gedirmiş.
Cavid hərdən konyak içməyi sevirdi,
amma bu sevgini ehtirasa çevirmirdi. Əli Səbrinin
naxçıvanlı olduğunu bilib bəzən onunla o ləhcədə
danışırmış.
Cəfər Cabbarlı isə hamıya yovuşan,
hamının Cəfəri olan bir şəxs idi. Onun
üçün dinclik məfhumu yox idi. Özü
deyərdi ki, mənim istirahətim yazmağım, işləməyim,
teatrdakı fəaliyyətimdir.
Əli Səbri
dörd adamı özünün müəllimi kimi yad edirdi:
Abdulla Şaiqi, Haqverdiyevi, Seyid Hüseyni və Mehdi bəy
Hacınskini. Şaiq son dərəcə sadə,
səmimi, mehriban insan idi. Əli Səbrinin
hər bir yazısını oxuyur, fikrini bildirirdi, yalnız
onun rəyindən sonra çapa verirdi. Əbdürrəhim
bəy Haqverdiyev də gənclərə bu cür
qayğıkeşliyi əsirgəmirdi. Ciddi adam idi.
Əli Səbri
Cəlil Məmmədquluzadə ilə bağlı bir
görüşünü qürur hissi ilə
xatırladı:
"1916-cı il idi. Qapının zəngi
çalındı. Gedib açdım.
Gözlərimə inanmadım. Qarşımda kimi görsəm yaxşıdır?
"Molla Nəsrəddin" jurnalının
baş redaktoru Cəlil Məmmədquluzadəni və onun
sadiq dostu Əliqulu Qəmküsarı. Mən
özümü itirdim. Danışmağa
nitqim olmadı.
- Bəlkə
içəri girmək olmaz? - bunu Mirzə
Cəlil gülərək dedi.
- Deyəsən,
torbada pişik var. - Əliqulu əlavə etdi. Mən
onda ayıldım ki, girəcəyi tutub durmuşam, tez kənara
atıldım. Məlum oldu ki, onlar
"İslamiyyə" mehmanxanasında qalırlar, özləri
isə Orta Asiyaya gedirlər.
Mirzə Cəlillə Qəmküsarın
mehmanxanadakı otelinə görüşmək
üçün dəstə-dəstə adamlar gəlirdilər. Küçəyə
çıxanda hamı onu bir-birinə göstərir, "bu,
Molla Nəsrəddindir" deyirdilər. Bəzən
Mirzə Cəlil dayandığı yerdə böyük bir
izdiham yaranırdı. Mən onda anladım
ki, doğrudan da, Mirzə Cəlil nəinki Azərbaycanın,
bütün Şərqin və dünyanın qüdrətli
sənətkarlarından biridir. Mirzə Cəlil
mənim gördüyüm və şəxsən
tanıdığım adamlar içərisində yeganə
dahi idi".
Əli Səbri Mirzə Cəlilin "Ölülər"
pyesinin tamaşasını yaxşı xatırlayırdı. Deyirdi ki, "Ölülər"in
tamaşasına o qədər adam gəlmişdi,
ayaq üstə durmağa yer yox idi. Əliqulu Qəmküsar
bu pyesdə Şeyx Nəsrullahı oynayırdı. Onun oyunu möcüzə idi. Elə
səhərisi günü Bakıda nəşr olunan qəzet
və məcmuələrin əksəriyyəti tamaşa
haqqında məqalələr və müsahibələr dərc
etməyə başladılar. Məsələn, Sultan Məcid
Qənizadə "Açıq söz" qəzetində
yazırdı: "Şeyx Nəsrullahın ölüləri
diriltməsi yalansa da, "Ölülər"in ölü
fikirləri diriltməsinə şübhə edilə bilməz".
Üzeyir bəy Hacıbəylinin də sözlərini
xatırlayır Əli Səbri: "Ölülər"
"Molla Nəsrəddin" kimi baltanı dibdən vuran
pyesdir".
Əli Səbri Birinci Dünya müharibəsi illərini
də yaxşı xatırlayırdı. Qori
Seminariyasını bitirəndən sonra Bakıya gəlir,
9-cu rus-tatar məktəbində müəllim işləyir.
Mehdi bəy Hacınskinin köməyi və təşviqilə
ictimai işlərdə də çalışmağa
başlayır. "Cəmiyyəti-xeyriyyə",
"Nicat", "Səfa" xeyriyyə cəmiyyətlərində
katiblik edir. Sonra İkinci realnı məktəbdə
müəllim işləyir (Xalq Təsərrüfatı -
indiki İqtisad İnstitutunun binasında). Həmin binada başqa bir realnı məktəb də
var idi və məlum məsələdir ki, iki realnı məktəb
bir binaya sığışmırdı. Belə
qərara alındı ki, həmin binanın üstündə
bir mərtəbə də tiksinlər. Bunun
üçün smeta tərtib elədilər. 36 min manat pul tələb olunurdu. Hökumət bu qədər pulu verməkdən
imtina etdi. Məktəblərin
direktorları Əli Səbrini özləriylə götürüb
məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin
yanına gedirlər.
"- Bala, deyəsən, müsəlmansan?
- Bəli,
Hacı əmi, mən müsəlmanam.
-
Haralısan?
-
Naxçıvanlı.
- Müəllimsən?
- Bəli!
- Neyçün ali məktəbə getmirsən?
- Hacı
əmi, bunun üçün gərək gimnaziya bitirim. Onun üçün də hazırlaşmaq
lazımdır. Seminariya attestatı kifayət
eləmir.
-
Yaxşı, hazırlaş, hansı universitetə gedəcəksənsə,
mən sənə kömək edərəm, ayda yüz manat
göndərərəm. Hə, indi de
görüm, bu ağalar niyə təşrif gətiriblər?
Mən əhvalatı nəql elədim. 36 min manat pul
lazım olduğunu söylədim.
Hacı
dedi ki, bu məqsəd üçün 36 min manat pul verərəm.
Pilləkənlərdən düşəndə
Hacının hesabdarı mənə yanaşdı və bir
paket təqdim elədi. Bildim ki, içindəki puldur. Mən
onu direktorum Popova vermək istədikdə hesabdar dedi:
-Yox, o
paket şəxsən sizin üçündür.
Evə gəlib paketi açdım. Gördüm
ki, 500 manat puldur. Bu pul mənim müəllim
tutub hazırlaşmağım üçün idi".
Amma Əli Səbrinin universitet arzusu baş tutmur. Birinci
Dünya müharibəsi başlanır. Əli
Səbri Bakı "Cəmiyyəti-xeyriyyə" təşkilatında
qızğın fəaliyyət göstərir, indiki Elmlər
Akademiyasının binasında (İstiqlal küçəsində)
hərbi xəstəxana təsis edilir. Cəbhədən
yaralıları bu xəstəxanaya göndərirdilər.
Cəmiyyətə daxil olan nümayəndələr
Qara dəniz sahillərinə, Qars ərazisinə gedir, əlsiz-ayaqsızlara,
köməksizlərə yardım göstərirdilər.
Əli Səbri bu dəstələrdən
birinin başçısı idi. Bu dəstənin
içində şair Əhməd Cavad da var idi. Əli Səbri nəql edirdi ki, bir gün Trabzondan
Batumiyə gələndə Əhməd Cavadı çox
dilxor görür. Səbəbini
soruşur. Məlum olur ki, Əhməd
Cavad Süleyman bəy Bejanoğlunun-Bejanidzenin (o, varlı acar
idi) qızını sevir, özü də bu münasibət
qarşılıqlıdır. Amma kimi
elçi göndərəsən? Qərara
alırlar ki, 22 yaşlı Əli Səbri qabağa
düşsün, elçi olsun. Ağsaqqal
olmadığından onu razı salırlar. Süleyman bəy
"elçi"ni yaxşı
qarşılayır. Hətta deyir ki, Cavad pis
oğlan deyil, şeirlərini mənə oxuyub. Amma əsas
məsələyə gələndə, deyəndə ki,
sizin qızınız Şükriyyə xanımla Cavad
bir-birini sevirlər, gəlin onlara xeyir-dua verək - o zaman
Süleyman bəy nə desə yaxşıdır: "Mən
qızılbaşa qız vermərəm!".
Əli Səbri pilləkənlərdən qaça-qaça
qışqırır ki: "Verməzsən, biz də
götürüb qaçarıq!" Doğrudan
da, Əhməd Cavad Şükriyyəni götürüb
qaçır. Düz iyirmi ildən sonra
(1935-1936-cı illərdə) Süleyman bəy Şəmkirə
gəlir, nəvələrini, qızını, kürəkənini
görür.
İyirminci-otuzuncu illərdə Əli Səbri həm bədii
tərcümə, həm jurnalistlik fəaliyyəti, həm də
müəllimliklə məşğul olur. "Maarif
işçisi" jurnalında məsul katib işləyir.
Bu jurnalda alimlər, maarif xadimləri, müəllimlər,
yazıçılar, şairlər, tənqidçilər
tez-tez çıxış edirdilər. Amma
jurnalın ömrü uzun çəkmir.
Həyatında baş verən bir əlamətdar hadisəni
də heç vaxt unutmurdu. Əli Səbri
1934-cü ildə SSRİ Yazıçılar
İttifaqının I qurultayının
iştirakçısı olur.
"Qurultayda bizim yazıçılardan Cəfər
Cabbarlı, M.K.Ələkbərli və M.Rəfili
çıxış etdilər. Hər
üçünün çıxışı maraqla
qarşılandı. Rəfilinin rus dilində
çox sərbəst və savadlı nitqi də
çoxlarını heyran qoydu. Qurultayın
bir iclasında Dağıstan şairi Süleyman Stalski
çıxış etməli idi. Həmin günkü
iclasın sədri, yazıçı Stavski məni
çağırıb dedi ki, Stalski ilə görüş,
o, rusca yaxşı danışa bilmir, öz dilində -
qumıqca danışacaq, sən onun tərcüməçisi
olacaqsan... Doğrusunu deyim ki, çox çətinlik
çəkdim, amma məqsədimə çatdım".
Əli Səbri böyük bəstəkar Müslüm
Maqomayevlə dostluğunu da əvvəl fərəhlə,
sonra kədərlə xatırladı. Deyirdi ki,
1937-ci ildə Kabarda-Balkarın paytaxtı Nalçikə
getmişdim. "İnturist"
mehmanxanasında yer aldım. Bakı Opera Teatrının
inzibatçısı Xristoforu gördüm, hal-əhval tutduq
və o, mənə dedi ki, Müslüm Maqomayev də
burdadır. Səmimiyyətlə
görüşürlər. Amma məlum
olur ki, Müslüm Maqomayev ağır vərəm xəstəliyinə
tutulub, son günlərini yaşayır. Əli
Səbri hər gün iki-üç saat Müslümün
yanında olur, ona ürək-dirək verirdi. İki-üç günlüyə Elbrusa gedir və
Nalçikə qayıdanda Müslüm Maqomayev artıq vəfat
etmişdi. Süleyman Rüstəm və
Üzeyir Hacıbəyov də burda, tabutun yanında
dayanmışdılar. Vağzalda tabutu
Bakıya yola salanda yığıncaq keçirilir. Kabarda-Balkar vilayət komitəsinin katibi Bədəl
Kalmıkov, Üzeyir Hacıbəyli, Süleyman Rüstəm
yanıqlı nitq söyləyirlər. Əli
Səbri vağzalda tabuta yanaşıb son dəfə
Müslümə baxır.
Əli Səbrinin xatirələrini çətinliklə olsa da (çünki xətti əyri-üyrü idi, oxumaq olmurdu), çapa hazırladım. "Azərbaycan" jurnalının 1982-ci il 2-ci sayında o xatirələr işıq üzü gördü. Xatirələrin sonunda Əli Səbri qədim rus şəhəri Arxangelskə səfərindən söz açırdı. Yazırdı ki, uzun illərin yorğunluğunu çıxarmaq üçün səyahətə çıxır. Amma elə o zaman ürəyimə şübhə dammışdı ki, Əli Səbri bura yorğunluğunu çıxarmaq üçün gəlməyib. Bu xatirələri 1981-ci ilin sonlarında hazırlamışdım və onda Sovetin gurhagur vaxtıydı.
Sonralar 2007-ci ildə filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Əli Səbri" monoqrafiyası çapdan çıxanda hər şey mənə məlum oldu. Əli Səbrini 1937-ci ildə "müsavatçı, pantürkist, Sovet quruluşunun əleyhdarı" adı ilə "yorğunluğunu çıxarmağa" yox, sürgünə göndərmişdilər. Yalnız bəraət qazanandan sonra sürgündən qayıdır, yenə də ədəbi fəaliyyətini davam etdirir, uzun müddət SSRİ ədəbi fondu Azərbaycan şöbəsinin sədri vəzifəsində çalışır.
Bir il sonra - 1983-cü ildə Əli Səbri 91
yaşında dünyasını dəyişir. Mən Qori
Müəllimlər Seminariyasının o zaman sağ qalan
yeganə məzunu, iki ali məktəb bitirən balacaboylu o
müdrik qoca - o "köhnə kişi" ilə söhbətimi
isə heç vaxt unuda bilmirəm.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.22-23.