DVD
hekayə
Vaqif teatrdan çıxıb asta və yorğun
addımlarla Hüsü Hacıyev küçəsi ilə
"İçərişəhər" metrosuna tərəf
gedirdi. Onu adətən işdən sonrakı içki məclislərinə
saxlamazdılar. Çünki hər şeydən
qabaq Vaqif azacıq içəndə belə dərin
sükuta qərq olur və heç danışmırdı.
Vaqif teatrın truppasındakı olduğu qədər də
içki məclislərində arzuolunmaz bir adam
idi. Ona adətən heç kimin götürmədiyi
rollar həvalə olunurdu. Dərindən baxanda onun həyatda
oynadığı rolu da heç kim oynamaq
istəməzdi. Lakin bu həyatın təfərrüatlarından
çox az adam xəbərdar idi. Vaqif
sirrverməz olduğu qədər də maraqsız adam idi.
Bu gün Vaqif üçün digər günlərdən
fərqlənirdi. Bunu onun üzündəki ifadəsindən
tutmuş addımlarının sürətinə qədər
çox şeydən bilmək olardı. O, düz 22 il sonra ilk dəfə öz doğma kəndini,
yurdunu, evini bu gün görəcəkdi. Yarım
saat sonra gürcü dostu ilə "İçərişəhər"
metrosunun qarşısında görüşü vardı.
Vaxta hələ vardı, amma tələsirdi.
Görüşə on beş dəqiqə
qalmış o, metronun qarşısında var-gəl edirdi. Xoşbəxtlikdən dostu da tez gəldi,
yubanmadı. O, dostundan DVD-ni alıb əlini cibinə
atdı. Tələsdiyindən kartından pul
çıxarmağı unutmuşdu. Metronun
girişindəki bankomatdan iki aylıq maaşını
çıxardıb dostunun ovcuna basdı. Sonra
da əlini onun çiyninə vurub sürətli addımlarla
turniketdən keçib evə tələsdi.
Evdə
onu heç kim gözləmirdi. O,
ayaqqabılarını çıxartmadan birbaşa qonaq
otağına keçdi və DVD-ni bilgisayara taxıb siqaret
yandırdı. Bəli, bu onun illər boyu
yuxularında gördüyü eynən həmin kənd idi.
İllərdir ki, o bu kəndi ancaq yuxularında
görmüşdü, kəndlə bağlı hər
şey onun yaddaşında dipdiri qalmışdı.
Müharibə isə kəndə çox az
ziyan vermişdi, düzdür, görüntülərdə kəndin
çox az hissəsi vardı və bütün bu görüntülər
onun xəyalı ilə, 22 il əvvəl qoyub getdiyi kənd
ilə eyni idi. Sadəcə, adamsız kənd sanki bir az köhnəlmişdi,
nimdaşlaşmış və qocalmışdı. Eynən
Vaqifin özü kimi... Misal üçün, bu
kənd klubunda ilk dəfə Vaqif səhnə deyilən
şeyin həzzini dadmışdı, qorxusunu udmuşdu.
Nə olsun ki, bütün
tamaşaçıları adbaad, sifətbəsifət
tanıyırdı. O, bununla belə, Qacarın
qarşısında Vaqifin monoloqunu deyəndə XVIII əsrdəki
adaşı Vaqif qədər qorxmuşdu,
hürkmüşdü və bu hürkü ilə öz sənətinə
əbədi olaraq bağlanmışdı. Tamaşanın
sonundakı gurultulu alqışlar zamanı o aydın başa
düşmüşdü ki, daha onun həyatında səhnədən
başqa heç nəyə yer olmayacaq.
Həyat ona ağrıları sənətdən
çox səhnə arxasında yaşadacaqdı. Misal
üçün, elə kəndin işğalı və
ardınca baş verən min cür əzab, əziyyət,
zillət. Əslinin əsir düşməsi
onu kəndin işğalından da çox
ağrıtmışdı. Həyat belədir,
insanın başına bir faciə gəldikdə o bunu insan
iztirabının son həddi sayır və bu iztirabı ancaq
ondan böyük bir iztirab sakitləşdirə bilir. Əsli kəndin işğal günü əsir
düşsə də Vaqif bu xəbəri bir həftə gec
eşitdi. O bir həftə Vaqif üçün əzablı
keçmişdi. O, Əslinin qonşu, təhlükəsiz kənddə
olduğunu düşünürdü və o sarıdan
heç narahat deyildi. Lakin Əslinin əsir
düşdüyünü biləndə avtomatı ilə
özünü vurmaq istəmişdi. Kəndin
işğal xəbərinin ardına Əslinin əsir
düşməsi xəbəri Vaqif üçün
ölümdən də ağır idi. Amma
onun həyatından bundan da ağır bir faciə baş verəcəkdi.
Belə ki, bir neçə ay sonra Əsli əsirlikdən
azad edildi. O
zaman Vaqif ağır əməliyyatlara məruz
qaldığı qospitalda yatırdı. O bu anlarda
dünyanın ən yazıq adamı idi. Ermənilərin
əsirlərin başına açdıqları oyunlar
haqqında balaca uşaqlar belə bilirdilər. Bu barədə qəzetlər yazır, televiziya
danışırdı. Onsuz da
darmadağın olmuş psixoloji vəziyyəti Əslinin əsirlikdən
qayıtmasına hazır deyildi. O, əvvəlcə
özünü gizlətmək, qaçıb başqa ölkəyə
getmək belə istədi. Bəs Əslinin
taleyi necə olacaqdı? Bu qızı illərlə
sevmişdi, Əslinin bu dünyada ondan başqa kimsəsi yox
idi. Bu barədə qərar verməmiş
Əsli özü gəlib onu qospitalda tapdı. Onu
gördükdə Vaqif həyatının dördüncü
travmasını yaşadı: Əsli hamilə idi.
Əsli
çox dəyişmişdi, bir neçə il
qocalmışdı, saçında ağ tüklər
gözə dəyirdi, üzünə qırışlar
düşmüşdü. O zaman Əslinin cəmi 21
yaşı vardı, amma kənardan baxan ona 50 yaşdan az verməzdi. O, palataya girdikdə Vaqifin
gözünə onun şişmiş qarnı dəydi. Əsli yad kişilərin əhatəsində
sıxılıraq gözləri ilə Vaqifi axtarırdı
və bu anda Vaqif onun üzünə yox, qarnına
baxırdı. Çünki o, ilk
baxışda Əslini tanıya da bilməzdi. Onların baxışları toqquşduqda Vaqif
hansı hisslər yaşadağını heç cür ifadə
edə bilməzdi. Oynadığı
yüzlərlə pyesdə, baxdığı yüzlərlə
filmdə belə bir səhnə yox idi, olmamışdı və
yəqin ki, heç zaman da olmayacaqdı. O Əslini
gördükdən sonra dərhal palatadan çıxdı və
qospitalın damında bir qutudan çox siqaret çəkdi.
O, Əslidən qaçmırdı, sadəcə belə bir
vəziyyətə o heç hazır deyildi. Dünyada bu qədər
dözümlü neçə insan vardı ki...
Amma bir saat sonra damdan həyətə düşəndə
Əslini gördü. Əsli skamyada elə yazıq oturmuşdu ki... Ağır
döyüşlərdən keçmiş, qucağında
dostları can vermiş Vaqif o anda çox kövrəldi və
heç kimdən və heç nədən çəkinməyərək
qaçıb Əslini qucaqladı. Bu, düz 21 il əvvəl olmuşdu və Vaqif də,
Əsli də bu anı heç zaman unutmamışdılar. Lakin heç zaman da xatırlamamışdılar.
Kəndin işğalından cəmi bir neçə
gün əvvəl Vaqif Əslini yoluxmağa gəlmişdi və
ardınca da Əsli əsir düşmüşdü. Bu uşaq onun ola bilərdi. Olmaya da bilərdi.
Bu qeyri-müəyyənlik onu haldan
çıxardırdı, bəlkə uşağın
atasının özü olmadığını bilsəydi
onun üçün hər şey daha rahat keçərdi.
Qəribədir ki, Əsli ilə heç bir
zaman bu haqda danışmamışdılar, danışa bilməmişdilər.
Cəmi bir dəfə, Mətləbin (Vaqif
oğluna atasının adını qoymuşdu) on yaşı
olanda bir seriala baxmışdılar. Serialda
DNT testi barədə söhbət gedirdi, ancaq o zaman Əsli
bunun mümkün olduğunu öyrənmişdi. O,
Vaqifin üzünə baxmışdı, Vaqif isə cavab əvəzində
kanalı dəyişmiş və otaqdan çıxıb
getmişdi. Mətləb Vaqifin öz oğlu idi
və illərdir ki, Vaqif bunu özünə belə qəbul
etdirmişdi. Mətləbin isə nə anasının
əsir düşməsindən, nə ailədəki
şübhələrdən xəbəri yox idi. Vaqif digər
həmkəndliləri kimi çadır şəhərciyində
yox, Bakıda məskunlaşmışdı, burda, teatrda
iş də tapmışdı və kənddən
tanıdığı hamı ilə əlaqəsini birdəfəlik
kəsmişdi. Keçmişin heç bir sirrini
xatırlamaq istəmirdi və bunun üçün
mümkün olan hər şeyi etmişdi. Eləcə də
Əsli...
Mətləb böyüdükcə ailənin
qorxuları da böyüyürdü. Mətləb elə
uşaqlıqdan heç kimə
qaynayıb-qarışmırdı, ünsiyyət
saxlamırdı, özünə qapanırdı. Beş-altı yaşında futbol onun hər şeyi
idi. İndi ölkənin ən
yaxşı klublarının birində oynayan Mətləb
üçün futbol təkcə uşaqlıq sevdası
deyildi, həm də peşə və qazanc yeri idi. Lakin futbol belə Mətləbi qaradinməzlikdən
xilas edə bilmirdi. Yeniyetməlik
dövründən qarışıq yuxular görməyə,
xəyali dostları haqqında danışmağa
başlamışdı. Əsli
uşağın bu halından çox narahat idi, Vaqif isə
narahatlığını bir o qədər büruzə
vermir, bunu uşağın sadəcə olaraq qəribə
olmağına bağlayırdı. Əslinin
təkidlərindən sonra psixoloqun yanına getdilər.
Psixoloq da elə bütün həmkarları
kimi dərhal uşaqlıq travmaları haqqında söhbət
saldı. Bu əlbəttə ki, həm
Əslini, həm də Vaqifi çox narahat edirdi. Lakin xoşbəxtlikdən onun yazdığı dərman
effekt verməyə başlad və daha psixoloqa getməyə
ehtiyac qalmadı.
Son bir neçə aydır ki, Mətləb yenidən
özünü qəribə aparmağa
başlamışdı. Hər şey bir bazar sabahı
başladı. O gün ailədə hamı adət
üzrə yuxudan gec qalxırdılar. Və səhər
yeməyində Mətləb babasından danışmağa
başladı. Mətləb söz yox ki, babasını
heç zaman görməmişdi, çünki babası o hələ
anadan olmamışdan bir neçə il əvvəl,
Vaqif tələbə olanda dünyasını dəyişmişdi.
Üstəlik, babasının bir şəkli də
məlum səbəblərdən qalmamışdı. Lakin Mətləb babasını elə dəqiq
xatırlayırdı ki, Vaqif möhkəm narahat oldu. Hətta babasının üzündəki doğum
xalından da Mətləb inamla danışırdı. Bu dəfə Əsli buna əhəmiyyət vermədi.
Bir neçə gün sonra Mətləb yenə də
babasından söz saldı, atasına bu haqda suallar verdi. Vaqif bu suallar qarşısında
gözünü döyməyə başladı, lakin Mətləbin
dedikləri o qədər dəqiq idi ki... Misal
üçün, Mətləb babasının atının
adını belə dəqiq bilirdi. Mətləb
durmadan babası haqqında atasına, ondan əlini üzəndən
sonra da anasına suallar yağdırmağa başladı.
Bir gün Vaqif onun bu suallarına dözməyərək
səsini qaldırdı və Mətləb də
qapını çırpıb evdən getdi. Bu, onların ailəsindəki ilk söz-söhbət
idi. Əslinin yalvarışlarından
sonra Mətləb evə qayıtdı. Vaqif
onun boynunu qucaqladı, atası haqqında ümumi bir söhbət
eləyib mövzunu bağladı. Daha
doğrusu, Mətləb bir də belə suallar vermədi.
Bir müddət sonra yaranan bu sakitlik bu dəfə daha qəribə
bir şəkildə pozuldu. Belə ki, Mətləb
babasının sağ olduğunu, hansısa çadır
düşərgəsində yaşadığını elə
əminliklə demişdi ki, öz əli ilə
atasını qəbirə qoyan Vaqif də xoflandı. Mətləb indi balaca uşaq deyildi ki, əlindən
tutub həkimə aparaydılar, futbolçu idi, milli
komandasının formasını bir ay bundan əvvəl
geyinmişdi. Amma Əsli onu həkimə
apardı, di gəl ki, həkimin dərmanları ona təsir
eləmədi. Düzdür, Mətləb bir də
babası haqqında nə sual verdi, nə
də bu haqda bir şey danışdı. Lakin o
evə gec-gec gəlməyə başlamışdı, təsadüfdən
Vaqif onun babasını axtardığını da öyrənmişdi.
Vaqif əlbəttə ki, öz atası
sarıdan heç narahat deyildi, lakin bütün bu
axtarışların gəlib Əslinin əsirliyinə
çıxacağına ehtiyat edirdi. Mətləb
isə inadkar idi.
Vaqif
görüntülərə baxa-baxa elə bu haqda
düşünürdü, beynində min bir duyğu cövlan edirdi,
bir-iki dəfə kövrəlsə də qəhər gəlib
boğazına dayandı, o ağlaya bilmədi.
Ağlasaydı bəlkə bir az sakitləşərdi.
Evin qapısı döyüləndə Vaqifin hönkürməyinə
lap az qalmışdı. Tez
ayağa qalxıb DVD-dini bilgisayardan çıxardı və
rəfdəki kitabların birinin içinə qoydu. Sonra qapını açdı, Mətləblə
Əsli gəlmişdilər. Həmişəki
kimi Mətləb məşqdən çıxanda
anasını da işdən götürmüşdü.
Əllərində market çanta torbaları
vardı. Mətləb anasının
dalınca mətbəxə girib torbaları stolun üstünə
qoydu və otağına keçdi. Əsli
isə səhərdən hazırladığı yeməyi
qızdırıb süfrə açdı. Ailə həmişə mətbəxdə şam
edirdi, lakin Vaqif yemək dolu qabı götürüb qonaq
otağına apardı. Əsli də
süfrəni orda düzəltdi. On dəqiqə
sonra onlar süfrə başında əyləşmiş və
adi söhbətlər edə-edə yeməyə
başlamışdılar. Bu anda Vaqifin
ağlına nə gəldisə ayağa qalxıb Tiflisdən
aldığı bahalı şərabı süfrəyə
gətirdi. Nə Vaqif, nə Mətləb və əlbəttə
ki, Əsli də içməyə meyilli deyildi. Ona görə də onun bu hərəkəti
hamıya qəribə göründü. Vaqif şərabı
açıb hamıya süzdü, sual dolu nəzərlərlə
onu seyr edən oğluna və arvadına baxıb dedi:
- Mənə
elə baxmayın. Deyəcəm hamısını.
Bu gün bizim həyatımızda əlamətdar
gündür.
Sonra əlindəki qədəhi yerə qoyub gedib kitab rəfindən
DVD-ni götürüb televizorun altındakı
tozlanmış DVD cihazına taxdı. Pultu götürüb DVD-ni
açıb dedi:
- Bax, Mətləb.
Bu bizim kəndimizdi. Bura klubdur. Kinolara da burda baxırdıq. Ananla
burda o qədər kinoya baxmışıq ki. Hə, bura kənd sovetinin qabağıdır. Axşamlar kişilər bura
yığışıb söhbət eləyər, domino
oynayardılar. Burdan bir az qabaqda bizim
evdi. Bu evi baban tikmişdi. Kənddə
bizim evdən uca ev yox idi. Çünki
baban bənna idi. Bura bax, bax, burda futbol
oynayırdıq. Daşlardan qapı
düzəldirdik. Burda, bax, burda olub mənim
toyum. Hə, elə küçədə.
Mağar qurmuşduq. Niyaməddin
gəlmişdi toya. Hə, bura Əsligilin
evidir. Burda da çayı kəsib
özümüz üçün üzməyə yer düzəltmişdik.
Əslinin göz yaşları əlindəki qədəhə
damcılayırdı, Mətləb isə donub
qalmışdı. Vaqif isə elə hey danışırdı...
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.25.