Səni görmək üçün kədəri qəlbimə yuva edirəm...

Gözlərim həsrətə qan selini axıdır

və əlində çiçək açıb ovuclarıma düşür.

Gəl vüsalının əliylə sil

yuxularımda düyünlənmiş göz yaşlarımı.

Buz bağlamış susqunluğum fəryada hamilədir...

Tənhalığımı gördüm gözlərim dənizdə dalğalarla sevişərkən

Gecənin qaranlığı həkk olunmuşdu kimsəsiz göy üzünə...

Röyada əllərimlə saçlarını hörürsən

Ömrüm saçının qıvrımında əsir qalıb.

Yalnızlıq gecənin barmaqlarından könlünə damar...

hər gecə öpəcəksən qədəhlərdə qalan barmaq izlərimi

Buludlar kimi çarəsiz keçərkən

Kor işıq xəbər gətirər

Gecənin əsarətində açan çiçəkdən

Yağmurlu gecədəki ağac kimi

Yarpaq səsinə qədər

Fidanlanır xatirən.

Bahar səndən yadigar,

Əs gecə küləyitək

Çıxar payızı üstümdən...

 

Qısılırsan gecələr

tənhalığın küncündə.

Ümidlərin kəsilir

zamanın ülgücündə...

 

Səpələnib otağın

hər bir yanına dərdlər...

Həsrətin yenə gəlib

pəncərədən gülümsər.

 

...Qanad açır hər səhər

neçə-neçə xatirə.

Üzündəki təbəssüm

məndən sənə xatirə...

 

Görürsən addımbaşı

sənsizlik hökm sürür.

Yalnızlıq da qapıda

yenə it kimi hürür...

 

...Gəlsən də ki mən çətin

qürurumdan əyiləm.

...Nə sən o sən kimisən,

nə mən o mən deyiləm.

 

Əl açıb yollarına

Tanrı dua oxuyub...

Qucağını geyindim,

Üst-başım sən qoxuyub...

 

Ayşən RƏHİM

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.32.