Bioqrafiya...
Hekayə
Andre Morua
Böyük
yemək otağını işıqlandıran lampaların
işığı azaldılmışdı, bu il Londonda yarıqaranlıqda nahar etmək dəb
idi. Stol arxasında yerinə oturan Erve
Marsena gördü ki, onu mirvari taxmış çox qoca
xanımın - ledi Hemptonun yanında otuzdurublar. Erve bundan narazı deyildi. Yaşlı
qadınlar adətən iltifatlı olur və maraqlı əhvalatlar
danışır. Ledi Hemptonun gözlərinin
parıltısından görünürdü ki, yumor hissi olan
qadındır.
-
Hansı dildə danışmaq istəyirsiniz, cənab Marsena?
Fransız, yoxsa ingilis?
- Etiraz
etməsəniz, fransızca danışardım, ledi Hempton.
- Amma
ingilis mövzularını yazırsınız. Sizin "Jozef Çemberlenin həyatı"
kitabınızı oxumuşam. O məni əyləndirdi,
mən axı bu adamların hamısını
tanıyırdım. Bəs indi nə
yazırsınız?
Gənc fransız köks ötürdü.
- Bayron
haqda kitab yazmaq istəyirəm, amma onun haqda o qədər
çox şey yazılıb ki... Düzdür,
təzə materiallar tapılıb - Meri Şellinin məktubları,
qrafinya Qviççolinin qeydləri. Amma
onlar da artıq dərc olunub. İndiyəcən
məlum olmayan sənədləri tapmaq istəyərdim, amma
heç nə tapa bilmirəm.
Qarı gülümsədi.
- Sizə
Bayronun indiyəcən məlum olmayan bir macərasını
danışsam, onda necə?..
Erve Marsena kolluqda maral və ya qaban görən
ovçu, hansı aksiyaların bahalaşacağını
öyrənən maliyyəçi kimi qeyri-ixtiyari diqqətini
cəmlədi.
- Bayronun
naməlum macərası? Bu axı
ağlasığmazdır, ledi Hempton, Bayronun bütün həyatı
araşdırılıb.
- Deyəsən,
sirli macəra olduğunu deyəndə bir az
şişirtdim, çünki qadının adı artıq
bioqrafiyalarda hallanıb. Mən ledi Spenser-Svifti nəzərdə
tuturam.
Erve
dodaqlarını büzdü:
- Hə,
hə... Bildim kimi deyirsiniz... Amma bu hadisə haqda heç kim heç nəyi dəqiq bilmir.
- Əzizim cənab Marsena, bəyəm belə hadisələr
haqda dəqiq nəsə bilmək olar?
- Əlbəttə, ledi Hempton. Bu cür hadisələr
haqda əsasən məktublara, sənədlərə əsasən
fikir yürüdürük. Bunlar da çox vaxt
aldadıcı olur...
Ledi
Hempton üzünü ona çevirdi:
- Bəs əgər
sizə ledi Spenser-Sviftin (onun adı Pandora idi) Bayronla əlaqəsi
vaxtı yazdığı gündəliyini versəm, onda nə
deyərsiniz? Bir də Bayronun ona
yazdığı məktubları.
Gənc fransız həzzdən gülümsədi.
- Mən,
ledi Hempton, induslar kimi deyərəm ki - siz mənim
atamsınız, anamsınız. Sayənizdə kitabı
yazaram... Bu sənədlər doğrudan sizdədir?.. Sualıma görə
bağışlayın. Bu o qədər qəribədir
ki...
- Yox, -
qadın dedi, - bu sənədlər məndə deyil. Amma onların harda olduğunu bilirəm. O indiki
ledi Spenser-Sviftdədir, adı Viktoriyadır, pansionda
görüşüb dostlaşmışdıq. İndiyəcən heç kimə o sənədləri
göstərməyib.
- Bəs
onda mənə nə üçün göstərsin?
-
Çünki mən xahiş edəcəyəm... Siz hələ bizim ölkəmizi yaxşı
tanımırsınız, cənab Marsena. Burda
hər addımbaşı sizi sirrlər, tapmacalar gözləyir.
Bizim şəhərətrafı evlərimizin
zirzəmilərində, çardaqlarında xəzinə gizlənir.
Amma sahibləri onlarla qətiyyən
maraqlanmır. Əgər kimsə
axtarıb tapmasa, onda həmin sənədlər əbədi
olaraq gizli qalacaq. Əgər hansısa
amerikan Bosvellin kağızlarını tapıb üzə
çıxartmasaydı, onda onlar indiyəcən kroket
şarlarının yeşiyində qalacaqdı.
- Amma mənim
çoxlu dollarım yoxdur ki, o amerikan Bosvellin
kağızlarını aldığı kimi verib gündəliyi
alım.
- Viktoriya Spenser-Svifti dollarla ələ ala bilməzsiniz. Biz yaşıdıq, səksən
yaşına az qalıb, öz gəlirləri
ona artıqlamasıyla bəsdir. Əgər siz
buna layiq olduğunuzu sübut edə bilsəniz, Vik o
kağızları sizə göstərər. Üstəlik, siz onun nənəsinin obrazını
da yaradacaqsınız.
- Lord Spenser-Svift sağ deyil?
- Lord yox, baronet... Ser Aleksandr Spenser-Svift nəsildə
bu titulu daşıyan axırıncı adam
idi. Viktoriya hələ də Bayronun o vaxt qonaq olduğu evdə
yaşayır... Bu Qloster qraflığında
möhtəşəm malikanədir. Bəxtinizi
sınayıb ora getmək istəyirsiniz?
- Məmnuniyyətlə...
əgər dəvət etsələr.
- Bunu mənim
öhdəmə buraxın. Elə bu gün Vikə
yazacağam. Yəqin ki, sizi dəvət edəcək...
Məktubu bir az quru yazılsa, inciməyin.
Vik elə fikirləşir ki, bizim
yaşımızda gözəl sözlər danışmaq
yersizdir, gərək fikirləşdiyini düz deyəsən,
gəldiyi kimi. Əzilib-büzülmək
nəyə lazım?
Bir neçə gün sonra Erve Marsena balaca
maşınıyla Qloster qraflığının kəndlərindən
keçirdi. Artıq qurtarmış yay həmişəki kimi
yağışlı keçmişdi və bu ağaclara,
güllərə xeyir vermişdi. Ən
sadə kotteclərin də pəncərələrindən
gül dəstələri görünürdü. Yerli qızılı daşlardan tikilmiş evlər,
eynilə Şekspirin dövründə olduğu kimi
görünürdü. Erve ingilis peyzajından zövq alan biri olduğu üçün, Vindherst
parkından vəcdə gəldi, bu park ledi Spenser-Sviftin
mülkiyyətinə daxil idi. Burda otlar və
kollar biçilmişdi, yolun hər iki tərəfində
hündür palıd ağacları ucalırdı. Nəhayət, Erve qəsri gördü və ürəyi
döyünə-döyünə maşını qapıda
saxladı. Zəngi basdı. Qapıya çıxan olmadı. Erve beş dəqiqə gözləyəndən
sonra gördü ki, qapı bağlı deyil və
qapını itələyib açdı. Yarıqaranlıq dəhlizdə
heç kim yox idi, kresloların
üstündə paltolar, şərflər
qalaqlanmışdı. Qonşu otaqdan kiminsə
monoton səsi eşidilirdi, o elə bil ki, əvvəlcədən
əzbərlədiyi nitqi oxuyurdu. Fransız
içəri girdi, bura divarlarından böyük portretlər
asılmış iri otaq idi. Turist qrupu əynində
frak, tünd-boz jilet və zolaqlı şalvar olan butler`in
(Eşikağası - ing.) ətrafında
toplanmışdılar.
-
Baxın, bu, - eşikağası portretlərdən birini
göstərib dedi, - ser Uilyam Spenser-Sviftdir (1775-1835). O Vaterlooda vuruşub və Vellinqtonla dostluq edib.
Arvadı ledi Spenser-Sviftin portreti kimi, onun da
portretini ser Tomas Lourens çəkib.
Dinləyicilər
arasında pıçıltı düşdü:
- Həmin
qadının...
Eşikağası çox ehtiyatla başını
razılıq mənasında tərpətdi.
- Hə, -
az qala pıçıltıyla dedi, -
Bayronun sevgilisinin. Bayron məşhur
"Pandoraya" sonetini ona həsr edib.
Turistlərdən
ikisi sonetin ilk iki misrasını əzbərdən dedi. Eşikağası yenə başını tərpətdi.
- Tamamilə
doğrudur. - Sonra başqa portreti göstərdi. - Bu da ser
Uilyam Spenser-Sviftin oğlu ser Robert Spenser-Sviftdir (1808-1872). Portreti ser Con Milles çəkib.
Sonra əminliklə
əlavə etdi:
- Ser
Robert, Bayron bu qəsrdə qonaq olandan dörd il
sonra doğulub.
Gənc
qadın soruşdu:
- Bayron
bura nə üçün gəlmişdi?
- O ser
Uilyamın dostu idi.
- Belə
de! - Qadın dedi.
Erve Marsen hər iki portretə diqqətlə baxmaq
üçün qrupdan dala qaldı. Ser Uilyamın
böyük, şərab içməkdən
qızarmış üzü vardı. Tündxasiyyət
və özündənrazı adam təsiri
buraxırdı. İlahi gözəlliyə
malik arvadının isə üzü ağıllı idi.
Turistlər artıq çıxış
qapısına yaxınlaşmışdılar, gənc
fransız isə hələ də portretlərə
baxırdı. Eşikağası yanına gəlib
astadan dedi:
- Ser,
üzr istəyirəm, sizin biletiniz var? Siz lap axırda gəlmisiniz...
Hamı artıq ödəniş edib. Buna
görə də, icazə versəniz...
- Mən
turist deyiləm. Ledi Spenser həftəsonunu burda keçirtmək
və bəzi sənədləri mənə göstərmək
üçün məni bura dəvət edib...
-
Bağışlayın, ser... Siz yəqin ledi
Hemptonun dediyi həmin gənc fransızsınız. Bircə
dəqiqə gözləyin zəhmət olmasa, turistləri
yola salıb xanıma xəbər verim... Otağınız
hazırdır, ser. Əşyalarınız
maşındadır?
- Mənim
bircə çamadanım var.
Ledi Spenser-Svift qapını xarici turistlər
üçün açdığı günlərdə - bu
ziyarətlər onu vergilərdən azad edirdi - ikinci mərtəbədəki
qonaq otağında otururdu. Gənc fransızı
da ora apardılar. Qoca ledi şax
oturmuşdu.
-
Heç bilmirəm sizə necə təşəkkür edim.
- Marsena sözə başladı. -
Tanımadığınız adamı qonaq
çağırmaq...
- Nonsense
(Boş şeydir - ing.), - ledi dedi. - Sizi mənim ən
yaxın rəfiqəm məsləhət görüb. Kitablarınızı oxumuşam. Çoxdandır bu əhvalatı yaza biləcək
birini axtarırdım. Fikrimcə, siz bunu
bacararsınız.
- Ümid
edirəm, miledi. Amma buna inanmağım gəlmir: necə olub
ki, heç bir ingilis bioqrafı hələ də Bayronun bu macərasını
yazmayıb?
- Burda qəribə
heç nə yoxdur, - ledi dedi. - Mərhum ərim ulu nənəsinin
gündəliyini heç kimə göstərmirdi. O çox
köhnəfikirli adam idi.
- Bəyəm
o kağızlarda nəsə... dəhşətli şey
yazılıb?
- Bilmirəm.
Gündəliyi oxumamışam. Onun xırda muncuq xətti adamı kor edər. Həm də ki, iyirmi yaşlı qadınların
aşiq olduqları vaxt gündəliklərinə nə
yazdığını hamımız yaxşı bilirik.
- Miledi, ola bilsin ki, kağızlarda Bayronla ərinizin
ulu nənəsinin arasındakı hansısa əlaqəyə
eyhamlar tapım. Belə olan halda, bunları gizlətməyə
bilərəm?
Ledi gənc
fransıza heyrətlə baxdı:
- Əlbəttə ki. Yoxsa sizi bura nə
üçün çağırmışam?
- Siz
çox ürəyiaçıq adamsınız, ledi
Spenser-Svift... Çox ailələr nəsil
şərəfini qorumaq üçün belə şeyləri
gizlətməyə üstünlük verir.
- Nonsense,
- qarı təkrar etdi. - Ser Uilyam axmaq idi, gənc
arvadını başa düşmürdü, üstəlik,
ona ətrafdakı bütün qızlarla xəyanət edirdi.
Sonra o lord Bayrona rast gəldi, Bayron böyük şair olmaqla
yanaşı, iblis ağlına sahib yaraşıqlı kişi idi. Ledi
yaxşısını seçdi. Kim onu
qınaya bilər ki?
Erve hiss
etdi ki, bu mövzunu daha artıq uzatmaq lazım deyil. Amma
özünü saxlaya bilməyib əlavə etdi:
-
Bağışlayın, ledi Spenser-Svift, əgər siz
gündəliyi oxumamısınızsa, onda Bayronun bura təkcə
ev sahibinin dostu kimi gəlmədiyini hardan
bilirsiniz?
- Bu nəsildən-nəslə
ötürülmüş həqiqətdir - ledi əminliklə
dedi. - Ərim atasından öyrənmişdi,
atası da öz atasından. Elə özünüz də
bundan əmin ola biləcəksiniz, dediyim
kimi, gündəlik sizin ixtiyarınızdadır. İndi onları sizə göstərəcəyəm.
Sizsə, işləmək üçün hara
rahatdırsa, orda oturarsınız.
O
eşikağasını çağırdı.
- Miller,
zirzəmidəki qırmızı otağı açın,
ora şam aparın və seyfin açarlarını mənə
gətirin. Cənab Marsenlə ora gedirik.
Bütün evdən fərqli olaraq, zirzəmidəki
otaqda elektrik işığı yox idi. Şamların
titrəşən kölgəsi divarlara
düşürdü. Divarın dibində
seyf qoyulmuşdu, onunla üzbəüz divan vardı. Gənc fransızın əlindən tuta-tuta zirzəmiyə
düşən yaşlı ledi açarı üç dəfə
fırlatdı və Miller seyfin ağır qapısını
araladı.
Marsena seyfdəki gümüş qab-qacağı və
dəri üzlüklü futlyarları gördü. Yaşlı
ledi qalın albomu götürüb ona uzatdı.
- Bu Pandoranın gündəliyidir, bu da məktublardır. Məktubları
özü şəxsən bu çəhrayı lentlə
bağlayıb.
Sonra zirzəmiyə nəzər
saldı:
- Bir dəqiqə...
Sizin üçün hara rahat olar? Bu böyük stol palıd ağacındandır, bura necədir?
Hə? Əla... Miller,
şamdanları stolun üstünə qoyun, seyfi
bağlayın. Gedək, qoy cənab rahat
işləsin.
- Miledi,
olar gecə yarısınacan burda oturum? Vaxtım
çox deyil, mənsə hamısını oxumaq istəyirəm.
- Əziz
cənab Marsena, - ledi
dedi, - tələskənlik yaxşı şeylər
vəd etmir. Amma istədiyiniz kimi edin.
Naharınızı bura gətirəcəklər, başqa
heç kim sizə mane olmayacaq. Bu sizi qane edir?
- Əlbəttə, ledi Spenser-Svift. Heç bilmirəm sizə...
-
Heç lazım da deyil. Gecəniz xeyirə.
Erve tək qaldı. Portfelindən avtoqələmlə
kağız çıxardıb oturdu, ürəyi
döyünə-döyünə albomu açdı. Qarı haqlı imiş, yazı doğrudan da
xırda xətlə yazılmışdı, çətin
oxunurdu. Pandora bilə-bilə belə
yazmışdı ki, oxumaq çətin olsun, albom ərinin əlinə
düşə bilərdi. Ağıllı
qadın imiş. Amma Marsena bu işlərdə
təcrübəli biri idi, bu yazıda da çox çətinlik
çəkmədi. Elə ilk sətirlərdən
gülümsəməyə başladı. İfadə tərzindən yazanın gənc
qadın olduğu bilinirdi. Pandora tez-tez
sözləri qaralamışdı, yazanda həyəcanlı
imiş. Gündəlik 1811-ci ildə,
toydan bir neçə ay sonra yazılmağa
başlamışdı.
"25 oktyabr 1811. Çox yorğunam, xəstəyəm, yəhərdə
otura bilmirəm. Uilyam ova gedib. Bilmirəm başımı necə qatım. Gündəlik yazmağa qərar verdim. Bu albomu mənə mehriban atam hədiyyə edib.
Onu tək qoyduğum üçün elə peşmanam ki! Qorxuram, ərim heç vaxt məni başa
düşməsin. O qəddar deyil, amma qadının nə
istədiyini bilmir. Görəsən, o, heç
mənim haqqımda fikirləşir? O siyasətdən,
atlardan, fermerlərdən daha çox danışır, nəinki
məndən. Deyəsən, evləndiyimizdən bu yana bir dəfə də olsun "sevgi"
sözünü işlətməyib. Ah, yox, işlədib.
Bir neçə gün qabaq o Bricitə demişdi:
"Arvadım məni necə də sevir!" Mənsə
bunu deyə bilmərəm".
Erve
şikayət və lağ dolu səhifələri bir-birinin
dalınca çevirirdi. Pandora hamilə idi, buna
sevinmirdi, sadəcə uşağın
doğulmağını gözləyirdi. Pandoranın
qeydlərindən ser Uilyamın sevimsiz portreti
tamamlanırdı. Bununla bərabər,
olduqca mehriban qonşu lord Peterson da gündəliyin səhifələrində
peyda olmağa başlamışdı.
"26 dekabr 1811. Dünən Milad bayramı münasibətilə
lord Peterson mənə küçük gətirmişdi.
Həmişəki kimi evdə tək idim, amma
lordu qəbul etdim, o axı məndən çox
böyükdür. Mənimlə ədəbiyyatdan,
incəsənətdən danışdı. Kaş ki,
onun parlaq fikirlərini yaza biləydim! Ona qulaq
asmaq adama zövq verir. Onun güclü
yaddaşı var. Mənim üçün əzbərdən
Valter Skottun və lord Bayronun şeirlərini oxudu. Bundan çox zövq aldım. Lord
Petersonun arvadı olsaydım, şübhəsiz uğur
qazanardım. Amma o, çox qocadır, mənsə
başqasının arvadıyam. Əfsus! Bədbəxt
Pandora!"
Sonrakı qeydlərindən məlum olurdu ki, Bayronun
"Çayld Harold" poeması Pandoraya çox təsir
edib. Bunu ərinə
deyəndə, Uilyam deyib:
- Bayron? Onunla tanışam. İkimiz də
dünyanı gəzdiyimiz vaxt tanış
olmuşduq. İtaliyada xeyli xoş gecə
keçirtmişik...
Növbəti səhifələrdə Pandora ərini
razı salmağa çalışırdı ki, o, Bayronu dəvət
etsin.
- Gəlib
burda nə edəcək axı? - Əri deyirdi.
- O, burda darıxacaq. Ayağı axsayır deyə
mənə uzun səfərlərdə yoldaşlıq edə
bilməyəcək. Həm də ki, o,
ovçu deyil.
Arvadı
inadkarlıq göstərirdi:
- Mən
onu əyləndirməyə çalışaram.
Ser Uilyam
hirslənirdi:
- Siz?! Bu
arvadbazı, bu Don Juanı əyləndirəcəksiniz?.. Bir o qalmışdı ki,
arvadımın Bayronla tək qalmağına icazə verim.
Onun mənim torpaqlarımda ağalıq etməyinə
imkan vermərəm.
Amma
Londonda Bayronun şöhrəti getdikcə artmağa
başlamışdı, ser Uilyam da hər yerdə onunla dost
olduğunu deyirdi. Pandoranın qızı oldu və
ağlına gəldi ki, bəlkə lord Bayrondan qızın
xaç atası olmağı xahiş etsinlər? "Məşhur şair qızımızın
xaç atası olsa yaxşı olmaz?" Ser Uilyam təslim
oldu: "Yaxşı, mən ona yazaram. Amma o,
razılaşmayacaq. Onun başı
şeirlərə və qadınlara qarışıb".
Amma Bayron razılaşdı. Biləndə ki, onu - çoxunun iblis hesab elədiyi
adamı körpənin, üstəlik də qız
uşağının xaç atası etmək istəyirlər,
bu ona maraqlı göründü.
Erve Marsena oxumağa o qədər aludə olmuşdu ki,
nə aclıq hiss edirdi, nə susuzluq, nə də
yorğunluq. Eşikağası Miller əlində içində
nahar olan sini tutmuş lakeylə onun yanına gəldi.
- Ledi Spenser-Svift sizə nəsə lazım
olub-olmadığıyla maraqlanır.
-
Heç nə lazım deyil. Lediyə deyin ki, sənədlər
çox maraqlıdır və mən bütün gecəni
işləmək istəyirəm.
Eşikağası narazı sifət aldı.
-
Bütün gecəni, ser? Doğrudan? Belə olan halda, sizə ehtiyat şam gətirim.
Erve nahara demək olar ki, toxunmadı, təzədən
albomu oxumağa başladı. Bayronun gəlişi
olduqca həyəcanla yazılmışdı, Pandoranın xəttini
oxumaq olmurdu.
"Bu gün səhər 11-də lord B. gəldi. O necə
yaraşıqlıdır! Amma deyəsən o
xoşbəxt deyil. Axsamağından
utanır. Buna görə də gəzmir,
qaçır, axsadığını gizlətmək istəyir.
Amma nahaq yerə! Axsamaq onu daha da maraqlı edir.
Qəribədir... Uilyam mənə ehtiyatlı
olmağı tapşırıb, guya Bayron arvadbazdır. Amma o mənimlə iki kəlmə də
danışmadı. Bununla belə, arada
oğrun-oğrun mənə baxır. Bir dəfə
güzgüdən baxışını tutdum. Söhbət vaxtısa ancaq Uilyama və lord Petersona
müraciət edir. Nə
üçün?"
Erve bütün gecəni Pandoranın Bayronun təsiri
altına düşməyini izlədi. Belə məlum
olurdu ki, gənc qadını qonağın Bayronsayağı
hərəkətlər etməməyi
maraqlandırmışdı. Bayron Vindherstə
gələndə, özünü yaxşı
aparacağına söz vermişdi. Birincisi, o başqa
qadına vurulmuşdu və bütün fikri onun
yanındaydı, ikincisi, qonaq olduğu evin xanımını
tora salmağı özünə yaraşdırmırdı,
üçüncüsü, ev sahibəsi çox cavan,
çox xəyalpərvər idi, Bayron ona əzab vermək istəmirdi.
Buna görə də Bayron Pandorayla sevgidən
danışmırdı. Amma ocaq öz-özünə
alovlanmağa başlamışdı.
Artıq gecəyarısı idi, Erve səhifə-səhifə
qeyd tuturdu. Yarıqaranlıq zirzəmi getdikcə
qaranlıqlaşırdı, elə bil şamların
işığı zəifləyirdi və Erveyə elə gəlirdi
ki, ətrafında kölgələr oynaşır. O
qırmızıyanaq ev sahibinin
gülüşünü eşidirdi, bu tərəfdə
Pandoranın kədərli üzü görünürdü,
Bayronsa küncdən bu uyğunsuz cütlüyə baxıb
lağla gülümsəyirdi. Fransız təzə
şamları yandırandan sonra oxumağa davam etdi. İndi o, gənc qadının Bayronu əyləndirmək
üçün işlətdiyi hiylələri oxuyurdu, bu hiylələrin
bəziləri çox təhlükəli idi və bu cür
gənc qadından gözlənilməyən şeylər idi.
Qadın bilyard oynamaq bəhanəsiylə Bayronla tək
qalmışdı.
"Bu
axşam ona dedim: "Lord Bayron, hesab edin ki, qadın kişini
sevir, kişi isə ona fikir vermir, onda qadın nə etməlidir?"
O dedi: "Bax, bunu etməlidir!" - və qəfildən məni
qucaqlayıb..."
Axırıncı
söz elə yazılmışdı ki, oxumaq olmurdu, amma Erve
onu oxuya bildi: "öpdü".
Erve Marsena dərindən nəfəs aldı. O öz xoşbəxtliyinə
inana bilmirdi. "Bəlkə mən yatıram?
- o fikirləşdi. - Axı
ancaq yuxularda xəyallar gerçəkləşir". Ayağa durub seyfə, divana toxundu ki,
yatmadığına əmin olsun. Hər
şey həqiqi idi, həmçinin, gündəlik də.
Təzədən oxumağa başladı.
"Mən
qorxdum, dedim ki: "Lord Bayron, mən sizi sevirəm, amma mənim
uşağım var, o məni atasına bağlayır. Sizinlə
ancaq dost ola bilərəm. Amma
sizsiz yaşaya bilmirəm. Mənə
kömək edin". O məni başa
düşdü".
Gənc fransız gülümsədi. O, Bayronu yaxşı öyrənmişdi
və onu hansısa gənc qadının istəklərinə
tabe olan platonik aşiq kimi təsəvvür edə bilmirdi.
Erve elə bil şairin səsini eşidirdi: "Əgər
o, saatlarla əlindən tutub şeir oxumağın xoşuma gəldiyini
fikirləşirsə, onda səhv edir. Artıq əlaqəmizi
möhkəmlətmək vaxtıdır".
Sonra
ağlına gəldi ki, ledi Spenser-Sviftin verdiyi məktub
bağlamasında diqqətəlayiq bir şey tapa bilər. Tez bağlamanın lentini açdı. Bunlar doğrudan da Bayonun məktubları idi. Erve o saat şairin xəttini tanıdı. Amma bağlamada Pandoranın yazdığı
kağızlar da vardı. Erve onlara da tələsik
göz gəzdirdi. Bunlar ledi Spenser-Sviftin
yazdığı məktubların qaralaması idi. Məktubları oxuyanda, Erve
yanılmadığını gördü. Platonik eşq Bayronu tez
darıxdırmışdı. Pandoraya gecə
hamı yatandan sonra görüşmək istədiyini
yazmışdı. Pandora etiraz etsə də,
qərarında qəti deyildi. Erve fikirləşdi:
"İndicə qaralamasını oxuduğum məktubun əsli
Bayrona çatmışdısa, onda o, qələbənin
uzaqda olmadığını hiss etməliydi". Doğrudan
da, qadın cəmisi bircə bəhanə gətirirdi: "Bu
mümkün deyil, çünki qəsrdəkilərin diqqətini
çəkmədən harda görüşə biləcəyimizi
ağlıma gətirə bilmirəm".
Erve təzədən albomu götürdü. Pandora Bayronla
necə məktublaşdığını
yazmışdı. Guya o, öz
kitabxanasından Bayrona kitab verirdi, məktub kitabın
içində olurdu. Və marito (ər -
ital.) heç nədən şübhələnmirdi.
"Bu gün Uilyam ova getmişdi, qulluqçuların
yanında olsa da, bütün günü Bayronla tək
keçirtdim.
O, heyrətamiz idi. Kimsə ona qəsrin zirzəmisindən
danışıbmış, o oranı görmək istədi.
Onunla düşməyə ürək etmədim,
qulluqçunu onunla göndərdim. Qayıdandan sonra
dedi: "Gözəl günlərdən birində bu zirzəmi,
ömrüm boyu həzzlə xatırlayacağım məkan
olacaq". O, bununla nə demək istəyirdi? Bu
eyhamın dərinliyinə getməyi və haqqında danışdığı
həzzin mənim xatirəmlə bağlı olduğunu fikirləşməyə
qorxuram".
Məktublarla albom fransıza düyünü
açmaqda kömək etdi. Bir gecə, ərinin
xoruldadığı və qulluqçuların
üçüncü mərtəbəyə
çıxdığı vaxt, Pandora Bayronla zirzəmidə
görüşməyə razılıq verdi.
Bayron inadkar idi. Qadın ondan
mərhəmət istəyirdi.
- Lord
Bayron, - o dedi, - mən sizin ixtiyarınızdayam. Mənimlə istədiyinizi edə bilərsiniz.
Bizi heç kim görmür, heç kim
eşitmir. Sizə müqavimət göstərməyə
gücüm yoxdur. Mübarizə aparmaq istədim,
amma sevgim məni bura gəlməyə vadar etdi. Xilasım sizin əlinizdədir. Mənə
sahib olmaq istəsəniz, qarşı gəlməyə
gücüm çatmayacaq, amma sonra utancdan və dərddən
öləcəyəm.
O,
ağlamağa başladı. Gənc
qadının yalvarışları Bayronu rəhmə gətirdi.
- Siz məndən
mümkün olmayan şeyi istəyirsiniz. Amma
sizi elə sevirəm ki, sizdən imtina etməyə
hazıram.
Onlar bir xeyli bir-birinə qısılıb divanda
yanaşı oturdular, sonra Pandora öz otağına
çıxdı. Səhəri gün Bayron dedi ki, naşir Merrey onu Londona
çağırır və Vindhersti tərk etdi. Həmin
gün Pandora bu qeydi yazmışdı:
"Axmaq, axmaq! Hər şey itdi, əlimdən
çıxdı, mən sevginin nə olduğunu bilməyəcəyəm.
Mən axı o saat onun qucağına atıla
bilməzdim, o bunu başa düşmədi. Bəyəm mənim kimi qadın yüngül hərəkət
edə bilərdi? Mən ağlamalı
idim. O isə məni sakitləşdirməliydi, məni
çulğayan hisslərin öhdəsindən gəlməkdə
mənə kömək etməliydi. Amma o getdi, bütün
ümidlərimi puç etdi! Bunu ona heç
vaxt bağışlamayacağam!"
Bayron gedəndən sonra Pandoraya bir məktub göndərmişdi,
Pandora da ona cavab yazmışdı. Bayronun məktubu
ehtiyatla yazılmışdı, aydındır ki, məktubun
Uilyamın əlinə düşməyindən qorxmuşdu.
Pandoranın məktubunun qaralaması incə
hisslərlə yazılsa da, hirsli qadının fikirləri
idi. Gündəliyin sonrakı qeydlərində
bir neçə dəfə də Bayronun adı çəkilirdi,
ya təzə poeması haqda yazmışdı, ya da növbəti
sevgi qalmaqalı haqda. Qeydlərdən qadının
Bayrona hələ də acıqlı olduğu hiss olunurdu. Belə görünürdü ki, 1815-ci ildən
sonra, Bayron tamamilə qadının yaddaşından
silinmişdi.
Zirzəminin balaca nəfəsliyindən işıq
süzülməyə başlamışdı. Səhər
açılırdı. Erve trans vəziyyətindən
çıxıb ətrafa boylandı, XX əsrə
qayıtdı. Gecə gündəliyi oxuyanda
aldığı həzz yadına düşdü. Bunu
necə həzzlə yazacaq! İşini
qurtarandan sonra yuxusuzluq, yorğunluq hiss etdi. Şamları söndürüb onun
üçün ayrılan otağa çıxdı.
Zəng səsi səhər yeməyi vaxtı olduğunu
bildirdi. Miller onu dəhlizdə gözləyirdi, o Erveni qonaq
otağına apardı. Ledi Spenser-Svift
artıq orda idi.
-
Sabahınız xeyir, cənab Marsena, - ledi dedi. - Mənə
dedilər ki, bütün gecəni yatmamısınız. Ümid edirəm, yaxşı işləyə
bildiniz.
- Əla.
Hər şeyi oxuyub iyirmi səhifə qeyd
tutdum. Bu əvəzsiz əhvalatdır.
Bilmirəm sizə necə...
Qarı
onun sözünü kəsdi:
- Axı
sizə demişdim. Həmişə
Pandoranın portretinə baxanda, onun çox ehtiraslı
olduğunu fikirləşirdim.
-
Doğrudan da o sevgi və ehtiras üçün
yaradılmışdı. Amma əhvalatın
bütün marağı bundadır ki, Pandora heç vaxt
Bayronun sevgilisi olmayıb.
Ledi
Spenser-Sviftin rəngi qaçdı:
- Necə?
Gənc fransız qeydlərini götürüb
bütün əhvalatı qarı üçün
danışdı.
- Bayron
ömründə birinci və axırıncı dəfə
hansısa qadına güzəştə getdi, ərinizin ulu nənəsi
isə, bunu heç vaxt ona bağışlamadı.
Ledi
Spenser-Svift bayaqdan qulaq asırdı, amma daha özünü
saxlaya bilmədi:
- Siz nəyisə
qaçırtmısınız, ya da başa düşməmisiniz...
Pandora Bayronun sevgilisi olmayıb? Bütün dünya bilir ki, olub. Bu qraflıqda
elə bir ailə yoxdur ki, bu əhvalatı bilməsin... Lord
Bayronun sevgilisi olmayıb!.. Çox təəssüf
edirəm, cənab Marsena, əgər gəldiyiniz qənaət
budursa, onda bunu yazmağı sizə qadağan edirəm... Necə!
Siz Frasaya və başqa ölkələrə
sübut etməyə çalışırsınız ki, bu
böyük sevgi yaşanmayıb? Pandora qəbrində
fırlanar, cənab!
- Axı
nə üçün? Pandora həqiqəti
hamımızdan yaxşı bilir, axı özü gündəlikdə
yazıb ki, Bayronla onun arasında heç nə olmayıb.
- Gündəlik,
- ledi Spenser-Svift dedi, - seyfə qayıdacaq və bir də
heç vaxt ordan çıxmayacaq. Siz onu hara
qoymusunuz?
- Zirzəmidəki
stolun üstündədir. Açar məndə
deyildi, buna görə də onu seyfə qoya bilmədim.
- Yeməkdən
sonra zirzəmiyə düşüb yerinə qoyarıq. Ailə arxivini sizə göstərməməliydim.
Yazıq ərim, Aleksandr haqlı imiş... Sizdənsə, cənab,
bu... belə deyək... gəldiyiniz qənaət
haqda susmağı tələb edirəm.
- Əlbəttə ki, ledi Spenser-Svift, sizin icazəniz
olmadan, bircə sətir də çap etdirə bilmərəm. Amma, başa
düşmürəm ki...
- Başa
düşməyiniz lazım deyil. Sizdən
başqa şey istəyirəm - bunu unudun.
- Nə
edək? Unudaram... Bu gündəliyi də, yazacağım
kitabı da...
- Lap
yaxşı. Açığına qalsa,
fransızdan bundan artığını gözləmirdim də.
Gəlin başqa şeydən danışaq.
Cənab Marsena, buraların havası sizə düşür?
Yeməkdən sonra Millerin müşayiətiylə zirzəmiyə
düşdülər. Eşikağası seyfin ağır
qapılarını araladı. Qarı
albomu və çəhrayı lentlə bağlanan
saralmış məktub bağlamasını öz əliylə
dəri üzlüklü futlyarların və gümüş
qab-qacağın arasına qoydu. Miller seyfi
təzədən bağladı.
- Bu da belə.
- Ledi dedi. - Gündəlik bir də heç vaxt burdan
çıxmayacaq.
Onlar yuxarı çıxanda, birinci turist qrupu artıq gəlmişdi
və dəhlizdə biletlə üstündə qəsrin
şəkilləri olan açıqcalar alırdılar. Miller portretlər
haqda danışmaq üçün hazır
dayanmışdı.
- Biz də
içəri girək. - Ledi Spenser-Svift fransıza dedi.
Onlar
qrupdan bir az aralı dayanıb Millerə
qulaq asmağa başladılar.
- Bu, -
eşikağası deyirdi, - ser Uilyam Spenser-Sviftdir (1775-1835). O Vaterlooda vuruşub və Vellinqtonla dostluq edib.
Arvadı ledi Spenser-Sviftin portreti kimi, onun da
portretini ser Tomas Lourens çəkib.
Gənc
turist qız portretə baxmaq üçün yaxına gəlib
pıçıldadı:
- Həmin
qadının...
- Hə...
- Miller də səsini qısıb dedi. - Lord
Bayronun sevgilisinin.
Ledi
Spenser-Svift fransıza baxıb dedi:
-
Gördünüz?
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.30-31.