"Məsihin qapısı" və ya
30 il sönməyən qisas atəşi
Filip Lö Ruanın "Məsihin
qapısı" romanı haqqında
Bugünlərdə dünya
şöhrətli fransız yazıçısı, bir
çox bestsellerlərin və trillerlərin müəllifi
Filip Lö Ruanın son işlərindən biri olan "Məsihin
qapısı" (2014) romanını oxudum. Müasir
romançılığın bütün prinsip və tələblərinə
cavab verən, rəngarəng, ziddiyyətli məqamları ilə
oxucunu öz arxasınca çəkib aparan əsər son
dövrlər dünya - daha çox Avropa - ədəbiyyatında
ənənə halını almış monoteist dinlər,
onların müqəddəs kitabları, dini ehkamlar, eləcə
də din pərdəsi altında təşəkkül
tapmış siyasi improvizasiyalardan bəhs edir.
Müəllif əsərdə son dərəcə
maraqlı və kəskin süjet xətti ilə diqqət
çəkən təzadlı bir mövzuya - İslam dininin
təməl sütunlarından biri olan "Quran"ın
meydana gəlməyi, ümumiyyətlə, İslam tarixi kimi
mürəkkəb bir məqama müraciət edib. Roman 1983-cü
ildə Beyrutdakı restoranların birində, İslam
fundamentalistlərinin törətdiyi terror nəticəsində
dünyasını dəyişmiş alman əsilli jurnalist
Henri Lombardi ilə onun xanımı Leylanın qətlindən
sonra yetim qalan 2 yaşlı oğulları Simonun sonrakı
taleyini və onun macəra dolu həyatını əks
etdirir. Əsər elə ilk səhifələrdən
oxucunu maraqlı bir atmosferə salır. Terror və
terrordan ötən 30 il. Artıq Henri ilə
Leylanın oğlunun 32 yaşı var. Amma o, dünyaya 2
yaşında gəlib - valideynlərini itirəndən sonra. Mərhum dostunun yetim qalmış oğlunu
övladlığa götürən diplomat Pol Lanq və onun
xanımı Aminə bu uşağı doğma balaları
kimi böyüdüblər. İlk
baxışdan hər şey normaldır. Oxucu Simonla onun
ögey valideynlərinin dəfni ərəfəsində -
Qüdsdə tanış olur. Atalığının dostu Marküslə
yaxşı yeyib-içəndən sonra Simon müqəddəs
"Məscidlər meydanı"ndakı "Məsihin
qapısı" adlanan yerə gəlib çıxır.
İnanca görə qiyamət günü
İsa Məsih həmin qapıdan gələcək. Buna mane olmaq üçün Sultan Süleyman 1541-ci
ildə həmin qapını hördürüb. Sərxoş və macəraçı Simon
Marküslə mərc qoşub deyir ki, o,
qalınlığı 5 metrə çatan divarı keçə
bilər. Və keçir də… Bunu telefon
vasitəsilə videoya çəkən Marküs o andan etibarən
itir. Hadisənin səhəri alkoqolun təsirindən
kəskin baş ağrısı ilə gözünü polis
bölməsində açan Simon isə Marküsü
axtarmağa başlayır.
Hər
şey 30 il əvvəl baş vermiş
terrordan qaynaqlanır. Oxucu dostunu itirən
diplomat Polun illər əvvəl baş vermiş terrorda əli
olanları axtardığını və nəticədə,
hədəfə aldığı qüvvələrin
qurbanına çevrildiyinin şahidi olur. Amma gizli bir
qüvvə qeyri-iradi olaraq Simonu da 30 il əvvəl
baş vermiş terrorun izinə salır.
Simon həqiqəti tapmaq üçün dəfələrlə
ölümlə üz-üzə gəlir. Məlum olur ki, 30 il əvvəl baş vermiş terrorun səbəbi
jurnalist Henrinin islamın tarixini araşdırması və
müəyyən tarixi faktları üzə
çıxarmasıdır. Onun
ölümündən sonra bu işi dostu Pol davam edir və 30
ildən sonra Pol da eyni qüvvələr tərəfindən
avtoqəzada həlak olur. Marküs isə yoxdur. Marküsün
Qüdsdəki və Berlindəki evləri darmadağın
edilib. Simon Marküsün evinin
kandarındakı gizli yerdən bir dəftərçə
tapır. Həmin dəfərçədə
qeyd olunan adlar və ünvanlar onu sonu görünməyən
bir yola çəkib aparır. Marşrut çox rəngarəngdir:
Paris, Berlin, London, Nürenberq, Qüds, Beyrut, Kipr, dağlar,
qayalıqlar, mağaralar, sinaqoqlar, kilsələr məscidlər…
Simon İslamın müqəddəs kitabı
olan "Quran"ın köklərinin hara gedib
çıxdığı ilə maraqlanır və bu məqamdan
sonra oxucu heyrət doğuracaq faktlarla üzləşir.
Təbii ki, biz müsəlman ölkəsində
yaşayır, İslam dininə sitayiş edirik və
"Quran"la bağlı istənilən qeyri-ənənəvi
fikir bizim üçün qəbuledilməzdir. Lakin bir fakt var - hər şeyin ibtidaidən aliyə
doğru inkişafı. Bəşər
tarixi ilk din olaraq çoxallahlılığı qəbul
edirdi, daha sonra insan övladının tapındığı
bütün Tanrılar vahid bir Allahın iradəsi altında
cəmləndi. Allahın təkliyinə
şəhadət verən səmavi kitablar -
"Tövrat", "İncil" və "Quran" nazil
oldu. Bu kitablar da öz formasına görə
ibtidaidən aliyə doğru dəyişdi və müəllifi
Allah olan bu kitabların bir-birindən qaynaqlandığı
heç kəsdə şübhə doğura bilməz.
Lakin "Məsihin qapısı" romanın
müəllifi bu məqamdan istifadə edərək, oxucunu
provokasiyaya çəkir. Müəllifə
görə İslam Xristianlığın bir qoludur. Xristianlıq isə öz növbəsində
iudaizmdən, daha doğrusu onun bir qolu olan essenizmdən
qaynaqlanıb. İudaizm də Şumer
mədəniyyətindən ilham alıb. Şumer
mədəniyyəti isə başqa planetdən gəlib bir
müddət Yerdə yaşayan, bəşəriyyətə
ilkin sivilizasiyanı öyrədən və bir gün gəldiyi
kimi də yox olan faktdır. Əslində,
müəllif qəsdən oxucunu çaşdırmaq istəyir.
Monoteist dinlər Allahın göydə
olduğunu və bütün müqəddəs kitabların
göydən yerə Allahın mələkləri tərəfindən
göndərildiyini iddia edirlər. Şumer
mədəniyyəti də göydən - başqa planetdən
gəlib. Yəni bütün hallarda
ünvan - göylərdədir.
Müəllif bu əsəri ilə ərəb
dünyasına, dindən siyasi məqsədlər kimi istifadə
edən dövlətlərə çox qətiyyətli
mesajlar göndərir. Əslində Qüdsün 3 dinin müqəddəs
şəhəri olduğunu hamımız bilirik. Müəllifin
iddiasına görə (o bu iddiaları kitabın sonunda siyahısını
göstərdiyi onlarla dünya şöhrətli şərqşünasın,
islamşünasın, teoloqun kitabından sitat gətirərək
ağıllı formada təqdim edir) İslam dini bildiyimiz kimi
indiki Səudiyyə Ərəbistanının Hicaz ərazisində,
yəni Məkkədə deyil, Suriyadakı Məkkədə
(min illik bir tarixdə Suriya ərazisində elə bir şəhərin
varlığı ilə bağlı məlumat yoxdur)
yaranıb və İslam dinini Allah Qüreyş
tayfasının nümayəndəsi və İslam peyğəmbəri
Məhəmməd (s.ə.v) vasitəsilə yer üzünə
göndərməyib. Romanın qəhrəmanlarının
iddiasına görə bu dini nəsranilər ərəblərlə
birləşib yəhudilərdən qisas almaq məqsədi ilə
yaradıblar. "Quran" özü isə
əvvəllər mövcud olmuş xristian himnləri (mərasim
duaları və dini nəğmələr) əsasında tərtib
olunub. Məkkənin Suriyada olduğunu
bildirən yeganə dəlil 1972-ci ildə Yəməndəki
Səna məscidinin damını təmir edən fəhlələrin
tapdığı qədim Suriya xəritəsidir. (Bir
fakta diqqət yetirək: əgər doğrudan da Məkkə
Suriyada olubsa və İslam dini Suriyada yaranıbsa, o zaman Səudiyyə
Ərəbistanın İslam dininin mərkəzi olması iddiaları
puç olur. Başqa bir misal: Qüdsdəki Qübbət
Əs-Səkra günbəzi İslamdan əvvəl mövcud
olub, müəllif iddia edir ki, həmin qədim günbəzin
divarlarında sonradan "Quran"a ayələr
şəklində əlavə edilən xristian himnləri yer
alır.) Tarixdə xəlifə Ömərin
638-ci ildə Qüdsə hücum edib şəhəri ələ
keçirdiyi ilə bağlı faktlar mövcuddur.
"Məsihin qapısı"nın
müəllifinin iddiasına görə isə bu hücum nəsranilərin
xəlifəyə yazdıqları diplomatik
yazışmaların nəticəsində baş tutub və nəsranilərin
ərəblərlə birləşməyində məqsəd
vaxtilə romalılara satılaraq İsa Məsihə xəyanət
edən yəhudilərdən qisas almaqdır. Müəllif
özünün gətirdiyi dəlillərə əsasən
obrazların dili ilə qeyd edir ki, "Quran" Varaqa adlı
nəsrani (Həzrəti Xədicənin xalası oğlu) tərəfindən
yuxarıda qeyd olunduğu kimi xristian motivləri əsasında
yazılıb. Xəlifə Ömər
Qüdsü ələ keçirəndən sonra nəsranilərlə
münasibətlərini pozub və guya "Quran"da
xristianlıqla bağlı olan yerləri dəyişərək,
İslam dininin Allahın buyruğu ilə kafir
torpaqlarını ələ keçirmək üçün
yarandığı iddiasını ortaya atıb. Nəsranilərlə (xristianlarla) müsəlmanların
arasında olan nifrətin kökündə bu fakt dayanır.
Bədii əsər üçün normal süjetdir. Amma
bütün bunları araşdırmaq, ortaya çıxarmaq
kimə lazımdır? Filip Lö Rua tərəfkeşlik
etmədən "Tövrat" və "İncil"in də
müxtəlif müəlliflər tərəfindən
yazıldığını bildirir və onları səmavi
kitab kimi qəbul etmir. Lakin əsərdə
"Quran"la bağlı iddia və ittihamlar 30 il əvvəl baş vermiş terror faktına
görə bütün İslam dünyasına qarşı
yönəlib. Müəllif qəhrəmanların
simasında İslamın və "Quran"ın xristian
köklərini üzə çıxarmaq istəyi ilə əslində,
müsəlman dinini xristianlığın bir qolu, bir məzhəbi
kimi qələmə verməyə çalışır.
Hətta Hitlerin islama olan sevgisi ("Mənim
mübarizəm" kitabındakı etiraflar) faktından
yararlanaraq, müsəlman ideyalarının kökündə
terrorun, zorakılığın, vəhşiliyin
dayandığını söyləyir. Bütün
bunlar müxtəlif fəsillərdə ziqzaqvari gedişlərlə
təqdim olunur. Lakin müəllif öz qəhrəmanlarının
qisasını fanatik islamçılardan deyil,
bütünlüklə müsəlmanlardan almağa
çalışır. Bunun
üçün o, müsəlmanları Yer üzünün
insanları qarşısında yalançı bir dinə
sitayiş etmək iddiası ilə alçaltmaq fikrindədir.
Əsərin qəhrəmanı Simon - Müasir Məsih
- Qüdsəki müqəddəs divardan keçir və
Marküs bunu videoya çəkir. Simon romanın az
qala sonuna qədər Marküsü axtarır və sonda
görüşsələr də bir neçə dəqiqədən
sonra Marküsü snayperlə vurub öldürürlər.
Roman boyu haqqında söhbət gedən gözəgörünməz
"Müsyö X." əsərin sonunda qəflətən,
gözlənmədiyi bir yerdə peyda olur və Simonun son nəfəsində
ona deyir ki, əslində Henri (Marküs, Haldey) 30 il əvvəl
restorandakı terrorda həlak olmayıb, sevimli arvadının
qisası almaq üçün bütün ömrünü
İslamı kökündən laxlatmağa həsr edib və
bu işdə ona müxtəlif adamlar, dini icmalar, güc
qüvvələri və s. yardım göstəriblər. Yəni,
əslində Marküs Simonun doğma atasıdır və o,
bir neçə gün əvvəl Qüdsdə baş
vermiş zəlzələ nəticəsində müqəddəs
divarda əmələ gələn yarıqdan keçən
Simonu videoya çəkib həmin görüntüləri
müəyyən qüvvələrə çatdırmaqla,
İslam dinini laxlada biləcək 5 sübutu - 1) Suriyanın qədim
xəritəsi; 2) Qübbət Əs-Səkra günbəzinin
divarlarındakı yazılar; 3) Nəsranilərin diplomatik məktubları;
4) "Kodeks Koranikum"u - ortaya qoyur. Bəs
5-ci sübut hansıdır? Beşinci
sübut Simonun müqəddəs divardan keçməyidir,
çünki inanca görə yalnız İsa Məsih o
divardan manesəiz keçə bilər. Marküs
zəlzələ nəticəsində çatlamış
divardan keçən Simonu videoya çəkməklə
xristian dünyasına yeni Məsihin doğuluşunu elan etmək
istəyir.
Roman nəticə
olaraq Marküsün - 30 il əvvəl
öldüyü iddia olunan Henrinin - illərini boş yerə
sərf etdiyini, qisas yanğısının onun gözlərini
bağladığını və bu axmaq düşüncələri
ilə neçə-neçə işıqlı insanın həyatını
təhlükəyə atdığını ortaya qoyur. Böyük bir şəbəkə sonunda istəyinə
çata bilmir. Marküsün və onun tərəfdaşlarının
illər boyu topladığı dəlillər sonda gizli şəkildə
tanınmış bir yazıçıya təqdim olunur və
bədii əsərin süjet xəttinə çevrilir.
Müəllif romanda İslam dininin kökünü laxlatmaq,
xristianlarla müsəlmanları qarşı-qarşıya
qoymaq və bundan siyasi məqsədlər üçün
istifadə etmək ideyasını da qabardır və
dolayı yolla da olsa bu məsələdə ən
böyük maraqlı tərəf kimi Amerika özəl
silahlı qüvvələrini (yenə "Sem dayı"nın barmağı) göstərir. Romanda hədəf İslam dini olsa da (bu ilk baxışdan
belədir), əslində, xristian təriqətlərinin,
sektaların, dini icmaların nəyin bahasına olursa-olsun
İslama qara yaxmaq prinsipi diqqətdən yayınmır.
Burada müəllif bilərəkdən elə bir
üsula əl atıb ki, oxucunun qəlbində səmavi dinlərin
heç birinə şübhə yeri qalmır. Amma əsərin
süjet xətti bir daha onu sübut edir ki, İslamı - onun
Tək Olan Allahı qoruyur.
Əslən
suriyalı olan və YUNESKO-da işləyən xüsusi xidmət
orqanı əməkdaşı gözəl Sabbahla Simon
arasında olan platonik eşq, qızın İslam dəyərlərinə
olan bağlılığı və dinlər arasında olan
ilahi əlaqə də yüksək peşəkarlıqla təqdim
olunur və Sabbah Simonun ən böyük
tapıntısına çevrilir. Müəllif bu romanı ilə
bəşəriyyətə bir mesaj verir: Dünyada ən
böyük din insanların bir-birinə olan sevgisidir.
Son
dövrlərdə çap etdiyi maraqlı əsərlərlə
oxucuları sevindirən "TEAS Press" nəşriyyatının
yaxın günlərdə çapa gedəcək "Məsihin
qapısı" kitabı dünya oxucusunun "Da Vinçi
şifrəsi", "Qızılgülün adı",
"Mələklər və iblislər" kimi kitablar
seriyasından tanıdığı möhtəşəm əsərlərdən
biridir. Qeyd etmək istərdim ki, əsəri Azərbaycan
dilinə Şahin Sinaria və İlahə xanım tərcümə
edib. Əminəm ki son dərəcə
peşəkar tərcümə ilə təqdim olunan kitab
oxucuların böyük marağına səbəb olacaq.
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.28-29.