Günay qızıma

 

Qulağımdakı səsdən,

Ürəyimdəki həvəsdən,

Xəstə candan

Özüm-özümdən,

Qəsdən qaçdım!

Ürəyimdə sızlayan

Günay adlı səsdən,

Elə o səsə qaçdım.

Asiyaya, Avropaya...

Yox, yox,

Amerikada

İndianapolisə qaçdım!

 

***

 

Bu şəhərdə

Hər axşam, hər səhər,

Böyükdən-kiçiyə

Hər yaşda,

Hər nəfər,

Hərə bir səmtə qaçır.

Kimi öz elindən,

Kimi doğma dilindən,

Kimi dost əlindən,

Kimi düşmən əlindən qaçır.

Kimi öz əməlindən qaçır.

Kimi bu dəbə qoşulmaq,

Elə qaçmaq üçün qaçır.

Kimi iştahını açmaq üçün qaçır.

Kimi şişmanlığından qaçır,

Kimi peşmanlıqdan qaçır.

Kimi qapıdan çıxıb qaçmaq üçün,

Kimi birinə qapı açmaq üçün

Qaçır, qaçır...

Heç kəs bilmir

Hansı səmtdədir sevinc, kədər...

Kimin payına düşəcək

qədər, bilən yoxdu.

Ayaq saxlayıb bir an

Bir-birinin üzünə baxıb

Gülən yoxdu...

 

***

 

Unuduruq, hər kəsin öz taleyi var,

Hər şey qədərdi.

Hər kəsin payı

Öz taleyinə düşən qədərdi.

Heç kəs sənin payını

Əlindən almayacaq.

Alsa da səninki azalmayacaq.

Onunki çoxalmayacaq.

Bu qədərdi.

Özünü yormağın faydası yoxdu.

Kimin ruhunun gözü acdı

Ac olacaq.

Kimin ruhunun gözü toxdu,

Tox olacaq.

Yüyürən yıxılar - deyiblər,

Ancaq,

Elə yüyürməyən ,

vaxtsa yıxılacaq.

 

ABŞ, İndiana

İndianapolis şəhəri

 

18.07.2018

 

Şuşa mənim ruhumdadı

 

Bu yaşımda...

Dünyanın o başında

Könlümdə-gözümdə

Xatirə yandı.

Ruhum Qarabağa da

Burdan boylandı...

Bir qərib axşamda

Göyün üzündə

Bir səs havalandı,

Cıdır düzündə,

Yanıqlı bir səs.

Bir Qədir səsi

Səsin lap zilindən,

Son zənguləsi,

Özünü qayadan

Uçuruma atdı.

Mürgülü dağları,

Lal qayaları,

Yuxudan oyatdı,

Aləmi qatdı,

Geri qayıtdı.

Dəli ürəyimi,

Çaldı, oynatdı.

Daşaltı çayının

Səsi oyandı

Sanki asimanda,

Dünyada hər şey,

O səsin hökmüylə

İndi yarandı.

Hər yan öz rənginə,

İndi boyandı.

Dedim şükür sənə,

Dünya oyandı.

Yarəb, məni geri

Qaytarma, atma.

Allah, bu xəyaldan

Məni oyatma.

 

ABŞ, İndianapolis şəhəri

 

02.08.2018

 

Zaman

 

Zaman!

Yalvarıram sənə, aman ver,

Aman!

Qadınların zərifliyini alma!

Ürəklərindən məhəbbəti çalma!

Ruhlarına kin-nifrət salma!

Erkəkləri əsl erkək eylə.

Xanımına geyim kimi,

Balasına öyüm kimi,

Evinə işıq kimi gərək eylə.

Süfrəsində duz-çörək,

Amma düz-çörək eylə.

Zaman!

Dövran olsa da yaman,

Sən aman ver, aman!

Müqəddəs duyğularımıza dəymə.

Bizi o yerdən döymə,

İçimizin sütununu əymə.

Bu acıya dözülməz.

O əcdadımın yadigarıdı -

Gələcəyimin vüqarıdı, adıdı,

Sonra zamanla da düzəlməz.

İnsan yaşı çox olanda qocalmır,

İçi qocalanda ölür.

Millət ac qalanda ölmür,

Alçalanda ölür!

 

07.08.2018

 

Fəvvarə

 

Xeyli vaxtdı

Bir sakit gölün

Sahilində qalıram.

Əlbət ki, havadan,

Quşların səsindən həzz alıram.

Gölün ortasında fəvvarə var.

Elə bil su fişəngidi.

Üfüqdəki bütün rənglər

Onun rəngidi.

Bəlkə göl olmaqdan

Bezmiş suyun

Qaçmaq,

Uçmaq,

Yağış olmaq cəngidi,

Həvəsidi.

Gecəli-gündüzlü qulağımda

Yağış səsidi.

Sakit göldən uçan, qaçan

Damlalar.

Zümrüd dənəsi

Kimi gün altında yana-yana

Üsyan edir göl olmağa, sükuta.

Qalxır asimana,

Az sonra gücü tükənir.

Atəşi sönür.

Havada bir an dayanır,

Dönür,

Enir,

Öz kökünə, soyuna...

Hər zərrənin, hər damlanın

Canında bu qədər uçmaq

Həvəsi var.

Bəs necə olub ki, kainatda

"Yer kürəsi"

Adlı bir İnsan qəfəsi var.

Qayıtmaq vaxtım yaxınlaşıb

Qulağımda yağış səsi var.

Mən başdan-ayağa suyam.

İçimə sığmayan uçmaq arzusuyam.

İnsanın üzünə yox.

İçinə baxın!

Açın insan

Qəfəsini,

Bizi kainata buraxın.

İnsan gəzsin planetləri

Axın-axın.

Kainata sızın-axın...

Hamımız sudan yaranmışıq

Qohumuq bir az, uzaq,

Bir az yaxın.

Hamımızın içində

Tənhalıq yaşayır.

Hamımız əziz övladıyıq

Allahın.

 

Amerikada

 

Burda hər kəs öz evinin

Şahıdı.

Uşaqdırsa - hamının

Uşağıdı.

Böyükdürsə - hər kimdir,

Öz evində hakimdir,

Öz evində məhkumdur.

O da öz ailəsinə məlumdur.

Hər kəs buna alışsa.

Öz iştahına görə çalışsa

Qalxar ayağa,

Hər kəs özünün ağasıdı,

Həm quludu.

Hər kəs öz ağlının məhsuludu.

Amerika da

Qanunsuz yaşayanlarla doludu.

Amma dövlət qanunu burda

İncildən , Tövratdan da,

Qurandan da uludu.

Hər ölkədə yaşamağın bir

Yolu var,

O da Dövlət Qanunun yoludu!

Axı niyə sən.

Öz ağlınla yazdığın, bəyəndiyin

Qanununu,

Sonra iynəyəsən?

Çeynəyəsən?

Qanun vicdanın dediyidi.

fərqi var ağsan, sarısan, qarasan.

Niyə dövlətin vicdanını aldatmağa

Yol axtarırsan.

O zaman, budur gerçək!

Sənə öz ağlın cəza verib,

Get çək!

 

Sankt-Peterburq limanında

 

Limanda Avrora gəmisi

vaxtdır lal dayanmışdı.

İnqilab qalib gələndə dil açdı

İlk zəfər atəşi açdı...

Sonra Kuba adası

Amerika qitəsinə

Avrora gəmisi kimi yanaşdı.

Sonra...

İnqilabın dadı qaçdı...

 

Sonra qanlı çevrilişlər,

Terrorlar da

İnqilab sayılmaq istədi,

Vəba kimi dünyada yayılmaq istədi.

 

Çox şükür, bir əsrdən sonra,

Dünya bu qanlı yuxudan

Ayılmaq istəyir.

Qanun qələmlə yazılır,

Silahla yox...

Günah - qanunla yuyulur,

Qanla - günahla yox.

Zəfər rəmzi deyil  - top səsi.

Zəfər rəmzi - insan səsidi.

İnsan alqışıdı, insan nəğməsidi.

İnsanın həyata məhəbbətidi.

Qalib gələn zamandı, həyat həqiqətidi.

Qan tökən ən yaxşı halda -

                        xəstədi, dəlidi!

Ən güclü silah insan zəkasıdı,

İnsan əlindən tutan insan əlidi.

 

15.08.2018

 

Ömür suallara cavabdır

 

Dünya çox dərindi, aləm genişdi,

Səslər sənin səsin, nəğmələrindi.

Yaşamaq özü ağır bir işdi.

Ölüm sirdirsə bilmirəm indi.

Canlı da, cansız da, , "sualdı"?

Canlılar deyinir, cansızlar laldı.

Hər kəs bir suala cavab axtarır.

Sual verən kimdi? Sual kimindi?

 

19.08.2018

 

Məndən sonra

 

Məndən sonra var?

Mənim xatirəm!

Xatirəm nədir ki?

Bir az kədər, qəm...

Mənim gəlməyimlə

Gəlməyib aləm!

Məndən sonra var?

Bu Yer, kainat,

Bütün bu aləm!

Bu dünya, bu aləm,

Mənim ailəm.

Məndən sonra yenə

Yeni səfər var.

Günəş xoruz kimi

Banlayacaqdı:

"İnsanlar oyanın,

Yeni səhər var"!

Xoruzu banladan

Mən olacağam.

Qəlbində, beynində

Xır-xır səsimlə

Mətləbi anladan

Mən olacağam.

Mən odlar oğluyam,

Odam-ocağam.

Əgər siz varsınız

Bu kainatda

Sizin ruhunuzda

Mən olacağam!

 

24.08.2018

 

Hər gün səhər duam

 

Dəli yuxarı qalxmır,

Ağıllı aşağı enmir.

Ağsaqqal abrına qısılıb dinmir.

Dünyada hamının başı qarışıqdı.

(Allahımız bunları bizə

                        göstərən işıqdı).

Deyəsən, çoxu elə bilir

Yaradan evimizdə

                       ən sözə baxan uşaqdı.

- Allah mənə kömək elə! - deyir.

Həm elə deyir...

Hələ bu günə şükür...

Allahım, bizə baş qoşma

Böyüksən, ucasan səbrinə şükür...

Sənə şükür...

Bu günə şükür.

Hər səhər...

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.2-3.