Xoşbəxtlik
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar
kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də xoşbəxt
olmalı,
gözünün ikisi də gülməli-
biri güləndə,
biri ağlamamalı.
Bir ovuc
Dodaqlarımda
iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından
süzülən sözlər.
Hərfləri
tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki, ayağımın altında
yer yarpaqlayır,
yarpaqların üstündə
kölgəm gedir.
Udqunduğum günlər dolaşır
boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü
dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər
şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü
şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu
yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Təzad
Havaların
doğmalığı
havama qovuşmur, qovuşmur.
Gedənlər dən-dən sovuldu,
dərdləri sovuşmur,
sovuşmur.
Yatan qaldı, yetən öldü,
öldürdülər, vətən
öldü,
Sənin
yurdun nədən öldü,
bir kimsə soruşmur, soruşmur.
Bu
torpağın sıyıq üzü,
qəbirlərdən oyuq üzü,
o buz üzü, soyuq üzü,
adama yovuşmur, yovuşmur.
Gedirəm
Mən
çoxdandı yol əhliyəm,
yolumu salıb gedirəm.
Havaların havasında
havamı çalıb
gedirəm.
O
dağların, oylaqların,
dərələrin, çaylaqların,
gözü durna bulaqların
gözündə qalıb
gedirəm.
Can piyada,
könül atlı,
illər uçur
yel qanadlı,
bu dünyadan Elçin adlı
yükümü alıb
gedirəm.
Kim dünyanı
sevdisə...
Başqa
bir yol da yoxdu,
durub çıxıb
gedəsən.
Gözünü yaşamaqdan
çəkib, yığıb
gedəsən.
Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı
başqa adamlar,
başqa həyatlarıyla.
Başqa
bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə
evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
Vaxt
Hər
şey keçib gedib, elə keçib ki,
zamanı geriyə
qaytarmaq olmur.
Nə keçən günləri
geri gətirmək,
nə günü dünənə aparmaq
olmur.
Bütün
şəkillərdə zaman dayanıb,
dayanmış zamanda şəkil kimiyəm.
Elə bilirəm ki, yenə o vaxtdı,
yenə də o vaxtı çəkir kimiyəm.
Geriyə
çəkməyə ömür çəkilmir,
bu ömrün şaxtalı qış
vaxtındayam.
Quruya çıxardıb gələn
vaxtları,
bu gedən vaxtların yaş
vaxtındayam.
Mənim
vaxtlarımın gülüşü itib,
sevinci harasa qaçıb gedibdi.
Mən vaxtın dalınca qaçandan bəri
vaxtın əqrəbləri
uçub gedibdi.
Sənli xatirələr
Bütün
xatirələr adına bağlı,
indi xatirənin sənsizliyidir.
Şəklimi özündə aparıb
gedən
solğun gözlərinin
mənsizliyidir.
Mən sənli
dünyanın sənsizliyində,
sən mənli dünyanın mənsizliyində.
Necə
tutuşacaq baxışlarımız
qaranlıq dünyanın
günsüzlüyündə?
Beləsi
heç olmur, elə sevəsən,
sonra həsrətlərə
yovuşmayasan.
Dizində susasan ayrılıqların,
sonra da öləsən, qovuşmayasan.
Sənli
xatirələr xatirə deyil,
daha indən belə sənsizlik
imiş.
Mən harda varamsa, orda sən yoxsan,
sən harda varsansa, mənsizlik imiş.
Bütün
xatirələr yaralı quşdu,
uçurlar, təzədən
mənə dönürlər.
Sənin
mənsizliyin qara torpağa,
mənim sənsizliyim
sənə dönürlər.
Qürbət
Bir vətən
sükut eləyək...
Amma min sükut
vətən eləmir.
Acizlik eləyir,
sınıqlıq eləyir,
vətənsizlik eləyir.
Və sevdiyin yuvalar yoxdusa,
bir ömür qürbət eləyir: -
Ana vətən,
dədə yurdu,
ata ocağı,
baba eli,
nənə yaylası
adında nə varsa -
hamısı qürbət
eləyir.
Gəzirəm
Tofiq Abdinsizliyə
Gözümdə dünya yolları,
bir yol gəzirəm, gəzirəm.
Əlimi
atıb tutmağa
bir kol gəzirəm, gəzirəm.
Ömrün
bu itkin çağında,
çölündə, düzdə,
dağında,
gəlməyə yolun sağında
bir sol gəzirəm,
gəzirəm.
Namərd,
viranlıq dünyada,
qarışıq, toranlıq
dünyada,
Bu qədər qaranlıq dünyada
bir nur gəzirəm, gəzirəm.
Sevgi
Göyüm
göyündən keçmirsə,
külüm külündən
keçmirsə,
bütün yollar
sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.
Sevgi söz yarasıdı,
göz
yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.
Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən
gəlir.
Hələ getmədiyin yollar
var,
getmədiyin yerlər
var sevgi adında.
Heç bilmirsən gedib hara çıxır.
Başına
sevgi gəlməyən yerdə,
başına dərd
gələr,
dərdlərə danışarsan
bütün yuxularını.
Göyüm göyündən keçmirsə...
bütün sevgilər
ayrılıqdı.
Bu sevda
dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.
Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın
bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.
İçindən
gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.
Görürsən
ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin
ertəsi...
Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.
Və bir
günün ertəsi...
gözlərinin yaddaşından
silirsən
bütün xatirələri.
Sonra iki damla yaş
yandırır dodaqlarını...
İki
damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.
Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq
adında
və bu şeir də ayrılıq.
Arasında
Mən də
başı dumanlıyam
dumanların arasında.
Bu taledən bir gözəllik
umanların arasında.
Yelkənim
yellərdə gedib,
çəfkənim əllərdə
gedib,
öz nəğməm
dillərdə gedib
yamanların arasında.
Bir əl
yoxdu əlim ola,
bir gül yoxdu gülüm ola,
bir gümandı, günüm ola,
gümanların arasında.
Yol gedib
köçdə dayanır,
ömür də bir küncdə
dayanır,
saatım heçdə
dayanır
zamanların arasında.
Sınır
Tufan elə
qəfil qopur,
qəfildən dirəyin
sınır.
Diz üstündə bölünməkdən,
bir gün də çörəyin
sınır.
Ah var ki,
ahdan ağırdı,
yox var ki, yoxdan ağırdı,
söz var ki, dağdan
ağırdı,
çəkirsən, kürəyin
sınır.
Yanğınlarda
yandıranda,
çox dərdləri
qandıranda,
dünya səni
sındıranda
dünyadan ürəyin
sınır.
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 15
sentyabr.- S.8.