Mən çıxıb getməyə
bir küçə tapsam,
Mən çıxıb getməyə
bir kimsəsizlik,
Mən çıxıb getməyə
bir ada tapsam
Bir boş ada!
Nə ağacı olsun, nə daşı olsun!
Mən çıxıb getməyə
bircə yol tapsam,
Mən çıxıb
getməyə bir azca da güc.
Mən çıxıb getməyə
ən uzaqları!
Kimsənin olmayan uzaqlar!
Nə bir iz buraxım, nə geri baxım.
Mən çıxıb getməyə
qərarlı olsam,
Mən çıxıb
getməyə yır-yığış
etsəm.
Mən çıxıb
getməyə həyətə
çıxsam.
Əllərim qoynumda qəfil
titrəsə!
Hər şeyi o köhnə evdə unutsam!
Hər şeyə yenidən başlamaq olar!
"Gözlərin
ayağının altını
seçmir"
deyənlərə anlada bilmədim,
Anlada bilmədim ayaqlarıma dolaşan
kabusa baxa bilmədiyimi.
Hər yerdə qınandım,
Hər yerdə
özgə oldum.
Ürəyimin ən yüksək
yerlərindəki buzlar
da əridi,
ürəyimə od düşəndə.
Bütün dayanacaqlarda ağrılar qalaqlanmış.
Bütün avtobuslardakı sərnişinlərin
bir gözü arxada.
Övladını yetimlər evində qoyub gedən atalar kimi.
Hamı yalan danışır.
Hamı
tezliklə dönəcəm
deyir...
Amma, bütün biletlər birtərəflidir...
Ürəyimdən çıxarılan qanlı ox bərabəri doğmasan,
Ovcumla qanlı
həqiqətə pərdəyəm
rahat ol.
Baxışlarımın ayaq səsindən
diksinməsin getdiyin yollar,
Gözlərim susmağı da
öyrənib
"A" hərfini öyrənərkən.
Məndən sənə ziyan gəlməz bütün arzu şəkillərində.
Məndən sənə ziyan gəlməz, məni də özümdən qoru.
İntiqam YAŞAR
Ədəbiyyat qəzeti.- 2018.- 15
sentyabr.- S.19.