SƏMƏRQƏND
“DİVANI”
(poetik silsilə)
Fanilik duyğusuna ithaf edilir...
Zəni eylə o əyyamdır,
fikr ilə nəzər sal gör,
Dərgah haman dərgahdır, meydan da haman meydan.
Söyləyər:
ayağın bərk bas, göz yaşını tök rahat,
Biz torpaq olub getdik, sən də diri torpaqsan.
Xaqani Şirvani “Mədain
xərabələri”
İndi
dörd yanı tarix qoxuyan,
ruhlar
mühasirəsində yaşayan –
qılınc və nal səslərinin
dilinin
batdığı bu şəhərdə nəfəs
alıram –
kiminsə ahının üstünə.
Onsuz da,
tale günün birində
başımızı aşağı əyir– sinəmizə
və
insan öz könül evində
qurşanır etiraf ibadətinə – tövbəyə
və qəlbinə
səcdə edir beləcə.
Tarixin adətidir
səssiz yaşamaq,
bizim adətimizdi
itən
addım səslərini dinləmək:
qanlı
saraylarda,
sağalmayan yaralarda.
Çox
şey bizə
danışılan kimi deyil deyə
dünyaya baxıram
gözüdolusu nabələdliklə...
Adəm övladının
tarixini öyrənirəm:
vaxt gəlir
insan,
hamının gözündən yayınıb
doymağını hiss etmək istəyir,
bax onda
qaçır yüksəldiyi vəzifədən,
qazandığı addan,
gələcəyindən,
cənnətindən,
daha onun
qorxusu qalmır,
əliboş dağlara zəncirlənməkdən.
Divarın
üstündəki adlara,
qızıl qatılmış palçıqla
suvanan
qalalara baxıram, –
insanın özünün dırnaqla,
tişəylə, dəmirlə
ölümsüzlüyə həkk etmək həvəsinə –
uzun
yaşamaq nəfsinə,
fanilərin əbədiyyət tamahına,
silinmiş insan izlərinin
əlləri yaman yaraşır,
unudulacaq
insanların yaxasına.
Nə
sülslə
nə nəstəliqlə,
nə
kufi ilə
yazma mənim
ismimi
dəri
üzərinə, Xəttat,
mən
öz adımı
unudulacağım hər yerə qazımışam.
Diqqətlə
baxsalar görərlər,
məni
bağışlamayanlar
adımı hər lövhədən oxuya bilərlər.
İndi
qızıllarla bəzədilmiş saraylarda,
ötən əsrlərin laylasının şirinliyindən
yeni əsrin
vicdanı məts olur.
Sən
keçmişin nəğmələrinin
üzünü köçürmə, Xəttat, –
bəlkə də ancaq unudulanlar
həqiqi
taleyini yaşayır.
Bayramlarda
ev-ev
baş
çəkdiyin adamları,
gün
gəlir
məzar-məzar ziyarət edirsən,
beşikdən qəbirə
yol
göstərən ox işarəsini,
süslə,
kufiylə,
nəstəliqlə,
nə
“çəkə”,
nə
yaza bilərsən, Xəttat.
Dünyanı
gəzdikcə,
olanları gördükcə
tarixin
üzündəki təcrübədən utanıram.
Anlayıram
ki, insan öz gücüylə,
qılıncıyla,
dırnaqarası zəfərləriylə
sirkə
içirdirmiş qəlbinin ədalətinə.
Tarix
keçmişin üzündəki
yaranı
gecə-gündüz qaşıyır,
qan
gölü,
baş
təpələri ilə öyünən səltənətlər
tarixin
geyindiyi
xəritə köynəyində
ləkə yerləri kimi yaşayır.
Tarix yaman
darıxırmış,
hökmdarları siqaret kimi
bir-birinə calamağından,
havalı
adam başı kimi
taleləri oyan-buyana
bulamağından görürəm.
Sən
demə, yalanla həqiqət,
əhvalatla olmuşlar siam ekizləriymiş –
biri
öləndə, o biri də yaşamır.
Ona
görə hər dövran öz yalanıyla,
hər
vaxt öz həqiqətiylə
sulayır könül səhramızı,
evimizi,
eşiyimizi,
çatlamış tale məzarını,
bəxtin
xarabazarını.
Qəlbin
sarı simə keçən,
sifətlərin kölgələnən,
əllərin hönkürən,
səbrin
üzü qaralan yerdə dayanmışam.
İndi
yaşadığım anlar
səbəblərə gözünün ucuyla da baxmır,
yarasa
gözlərində ölüb
zamanın qaranlıq sifəti,
gələcəyimizdə qeybə çəkilib
bu
günümüzün bərəkəti.
İnsan
başlarından ucaldılan piramidalar,
bölüşdürülən hərəmxanalar,
“Allah”
sözü divarlarına naxışlanan saraylar,
“Bizim
gücümüzə inanmayanlar,
tikdirdiklərimizlə inansınlar” deyən hökmdar,
rahat uyu
məzarında,
olduğun yerdə,
zamanın unutmaq ixtiyarını
al gələcəyin
əlindən.
İndi
şairlərin kəlmə kəndirbazlığı,
alimlərin şübhə zəncirləri,
münəccimlərin səma əlifbası,
əyanların tərif bülbülləri,
tarix
aynasının arxa üzündə
heç
zaman dolmayacaq
bir
buluda doluşublar, –
Qiyamət
gününün
vətənsizliyinə sığınıblar.
Muncuq kimi
sapa düzələn
zəfər ilğımları
vaxt
hakiminin əlində qırılıb,
insanlar
hökmdar, mömin,
alim qəbirlərinə
ziyarətində
fanilik səcdəsində
qapanıb.
Bu dilsiz məzara
–
bu sakit,
qara daşa baxıram.
Şəhadət
gətirə mənə əbədi göylər,
onun islandığı yağışların,
onu isidən
günəşin,
onu
çətinə salan dumanın dilindən,
deyin ki,
biz yağan torpaqlara,
səhralara,
saraylara
gəlmisən,
deyin ki,
qırmızı kərpicli saraylar,
deyin ki,
qızıl suyuna çəkilən qılınclar,
al ipəklər
bu qara
daşlar önündə
dayanan həqiqətin
pərtlikdən qızarmış yanağıdı,
deyin ki,
bu lal məzarlar
qəhrəmanlığın dodağına
“sus” qoyan şəhadət barmağıdı.
Quyruğunun
altında neştər gizlədən arı kimi,
gizlədir ölüm sonuncu addımımızı,
hansısa həyat dolu bir gündə.
Həyat
ömrümüzə sığınacaq verib
fanilik vətənində.
Tarix suyun
ehtirası öldürdüyü kimi,
öldürür qələbələri, zəfərləri,
həyatın qart üzündə.
Daha əcaib
doğulur,
məğlubiyyət nəvələri.
Bir
gün bir itki doğulur ömrümüzdə,
bizi silkələmək,
bizi
ayıltmaq üçün,
xatırlatmaq üçün ki,
sizin
gözləmədiyiniz ölümlər də var;
öyrəşmədiyiniz ağrılar da,
dadmadığınız məşəqqətlər də.
Dərdlə
bəxtsizliyi əl-ələ görüb,
arzularla
əlçatmazı qol-qola görüb,
şəhər darvazasının səsiylə
örtülür insan üzünə zamanın qapısı,
və
Şahi-zində sükutu
çökür dünyanın qəlbinə.
Əlçatmazlığa
aşiqliyi öyrədən
göylərə boylanıram,
görə bildiyim ulduzlara,
ucsuz-bucaqsız səmaya baxıram,
necə
susqundu,
necə
dinməzdi,
necə
sirrverməzdi
bu şəhadət
nəhəngi.
Ulduzların
səyahətini,
səmanın sevgisini,
ilin
günlərini
bircə
günlük yanlışla öyrənən bəndələr,
elmi
hücrələrdə mənimsəyənlər,
sizin
tikdiyiniz ibrət köynəkləri
cahil cəsarətlərinin
əyninə gəlmir,
indi səmaya
baxmağa vaxt tapmır adamlar –
daha
heç kəs susmağı göylərdən öyrənmir.
Baş əyilən
qapıların
arxasında
boyun əydirməyən
adamlar əyləşmədikcə,
bükülən qədlər düzələn,
kəsilən səslər eşidilən deyil...
Şair qəlbində
sözlərin qiyamət günü var,
o
sözləri ki, deyə bilməmişik,
o kəlmələri
ki, beşiyində boğmuşuq,
o
sözləri ki, susmuşuq,
həmin
körpə sözlər
bir
gün qundaqlarından qalxacaqlar,
bələklərinin iplərini açıb
boynumuza
dolayacaqlar
və
bizi yaşadığımız yalanlar boyu sürüyəcəklər.
Vaxtın
zindanında
fitnə
zəncirləri ilə
qandallanıb ayaqlarımız,
qollarımız,
arzu dəryalarımızı
qurudub
bizi səhralara
öyrəşdirdi,
qum
sayı günahlarımız.
Nə
baş sındırmaqla,
nə
beyin yormaqla,
nə zəkamızı
itiləməklə
dünyanın mənasını,
ömrün məqsədini
dirilik
suyu kimi tapmaq olur,
nə də
bu Teymur şahmatı həyatda
–
irəlilədiyin xanalarda,
yarası
köhnəlməyən,
ağrısı keyiməyən
vicdanı toxtatmaq olur.
Ulduzların
təpiyindən əzilə-əzilə,
Günəşin
qapazaltısında yaşayan,
əcəb sərkərdələrik:
guya
döyüşürük,
qan
tökürük,
tarix
yazırıq,
öz
aləmimizdə qəhrəmanlarıq,
əslindəsə, zəmanəsinə zəhər bişirən
aşpaz,
təqvimləri qırmızı və qaralara boyayan
fərsiz
rəngsazlarıq.
Dolmuş
qaba axan,
suyun səsi
gəlir keçmişdən,
dünən bu günlərini yaşamağa,
bu
günlə yaşlanmağa çoxdan tövbə edib,
o,
öz guşənişliyinə – tarixin hücrəsinə
çəkilib.
Gələcəksə
əcdadlarından xəbərsiz
özündən başlayacaq günün intizarındadı,
onun
damağındadır hələ yaşanmamış
günü dadı...
Gözəlləşməkdən
doymayan,
ənlik-kirşandan usanmayan
qadın
kimisən, ey şəhər,
keçmişi bəlkə də günaha sövq etmisən,
ən
gözəl qarət libasları geymisən,
indisə
özünə tamaşaya çağırırsan
hamını,
istəyirsən gözəlliyin daşa dönməyini,
ecazın
lallığını,
işvəkarlığın axırını,
hamı
öz gözləriylə görsün,
istəyirsən fanilik aynalarında
daha
çox adamın üzü görünsün.
Dünya
bir Xanəgah “mehmanxana”sı,
ən ləziz
yeməkləri,
ən
şirin taamları,
ilə
xürrəm edər səfərimizi,
parvardası,
nahabı,
tahibi ilə bəzəyər süfrəmizi.
Getməz
ağzımızdan toy nanının dadı,
ən
yumşaq döşəkləri,
pərqu
balışları,
rahat
yatacağı ilə döşəyər yerimizi,
sonra elə
ağrılarla qardaşlaşdırar,
elə
şükürlərlə naəlac qoyar ki,
hər
şey öz diliylə danışar zülmün adından,
və
beləcə yaddaşımız yalayar keçmiş səadəti
yanağındakı çuxuru
gülüşünün
vəfa
quyusuna çevrilmiş bir qadın xəyalından.
Qəlbi
bətninə çevrilmiş,
meyvəsiz bir qadın varmış,
“bari-həmli”ni “göylərə göndərən”
nicatsızlığına yol yoldaşı sayan,
bir
gün ayaqları əfsanələrə ilişən,
həya
namələri xalq arasında dolaşan,
sən
demə sevgisinin hüsnünə doymayanlar,
ona xəyanət
donu biçibmiş,
zəmanəsə yalanları yaraşdıran
fürsətkeş dərziyə çevrilibmiş.
Zəmanə
bir Danyal məzarıdır,
ədalət hər qarışda deyil,
başqa-başqa yerlərdədi.
Nemət
ünvanı su içən quşlardan soruşdum,
gördüm ki, ruzimiz göylərdədi.
Dünya
bir səs-küylü bazar,
hər
kəs öz aldığını satar.
Qadın kimi gözəldir Siyob.
o hər
səhər zəhmətin boyasıyla süslənir,
günortalar əziyyətin zənbilini daşıyır,
axşamlarsa əliboş qalmağın şövqünü
yaşayır.
Divarlarına
Quran səsi hopmuş,
ayələr hörülmüş,
hədislər boyanmış,
ibrət
hekayətlərinin nəqşləri vurulmuş
ibadət
sarayına baxıram,
qəfil
bir qadın keçir önümdən,
heç
zaman səsini eşitməyəcəyim bir qadın,
torpağı incitməyən yerişiylə uzaqlaşır
və
günahların astarı sökülür yaddaşımda,
və
beləcə ruhum bədənimə qarışır.
Başımı
qaldırıb göy üzünə baxıram,
bizim
olmayan,
ancaq
bizimlə olan dünyaya,
saatım
gələcəyə tələsir
və
yaxamdan tutub məni sirkələyən biri
əliəyri illərin hamının gözündən
yayınıb
ömrümdən oğurladığı günləri göstərir.
Tutuquşuya
söyüş öyrədən dəcəl
uşağın,
xatırlamadığı sözlərə qarışıb
keçmiş.
Şəhər
yaşamağa həvəslidir
gənc
qızı sevən qoca kişi sayaq,
xəyallar keçmişin ağrılarını soyudur,
ilk sevgi
unudulmur,
ilk məhəbbət
əbədidi,
şəhərin yaddaşında yaşayan xoşbəxtlik hissi
qələbə sevincini müjdələyən
çaparların yolda ölən atlarının hünəridi.
Ey Şərqin
Roması,
ay
qanlı döyüşlərin
qabırğasından yaranan zəfər Həvvası,
ağasını gözləyən
faytonçu tələskənliyində itirdin
bütün qazandıqlarını,
xəzinə xizəyindən yıxılaraq sındırdın
əbədiyyən sənin olmayanlarını...
Dünyanı
behişt bağına döndərib,
sonra cəhənnəm
köynəyi geyindirdilər,
harının qəfil başlayan qara günləri kimi
ağardı şəhərin siyah zülfü,
qüdrət qırışlarını düzləyib torpağa
yapışdırdı
yandırılan səadət evlərinin taxta sütunlarının
kömürüylə qızdırılan ütü.
Mənə
öyüdnamələrdən misal gətirməyin:
qamış qələmləri bihudə zəhmətlərin
tərli
yalanlarına batırıb yazıblar,
həkkak
fışdırığıyla hopub divarlara,
qaliblərin ibrətli sözləri,
at azan
bağlarda
çoxdan sönüb zəfər çırağının
şöləsi.
Vaxtın
bazarında
hərə öz sata bildiyi qiymətə satır
ömrünü,
həyat
ticarətə təşviqkar hökmdar kimi
bazarda
daha çox mal olmasını istəyir
və
beləcə ən yeyin addımıyla belə
kölgəsini tapdaya bilməyənlər
miniyini əcəl
kölgəliyinə hörükləyir.
Hər kəs
köynəyində bir məktub
qasid,
çapar tələskənliyi ilə çapır,
qaranəfəs atlarını haldan salır,
zaval
küləklərini geridə qoyur,
günəşi “gecə-gündüz nəğməsi”ylə uyudur
və
özündən keçmişə
at cəsədləri,
sovrulmamış toz burulğanı,
yorğun
ömür qoyur.
mənzil
başına tələsir,
rəhm
etmədən həkdən salır özünü
və əlbəəl
yetirdiyi məktubdan
əzrail
müjdələyir ona öləcəyi günü.
[1] Şərq
ədəbiyyatında bu simvol – başın sinəyə əyilməsi
daha çox qönçəyə aid edilir və məcazi mənada
işlədilir.
[2] Ərəb
əlifbasında yazılan klassik xətt növlərindən
biri sayılan süls X əsrdə məşhur ərəb xəttatı
Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən
yaradılmışdır.
[3] Nəstəliq
xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin
sintezi nəticəsində yaradılmış və ərəb
əlifbası ilə yazılan bədii xətt növlərindən
birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən
yaradılıb.
[4] Kufi xətti
– Qədim tarixə malik olan kufi xətti VII əsrdə meydana
gəlmişdir. . Ərəb qrafikası ən
qədim kufi xətti əsasında İmam Əli tərəfindən
yaradılmışdır. İlk “Quran”
nüsxələri də məhz bu xətlə
yazılmışdır.
[5] Bu
fikir Əmir Teymura məxsusdur.
[6] Səmərqənddə
“Gur-Əmir” mavzoleyində (məqbərə) dəfn olunan
Əmir Teymurun məzarı nəzərdə tutulur.
[7]
Əmir Teymur nəzərdə tutulur.
[8]
Ömrü döyüşlərdə keçən,
ölümü adilik kimi qarşılayan Teymur ilk
övladı Cahangirin vəfatından bərk sarsılmışdı – bu itki ilə barışa
bilmirdi.
[9]
Şahi-zində Səmərqənddəki əsas memarlıq
komplekslərindən biridir. Burada Teymurun nəslindən olan,
habelə müqəddəs şəxsiyyətlərin dəfn
olunduğu çoxsaylı türbələr var. Bura həm də qəbiristanlıq
sayılır.
[10] Bu
misrada Uluqbəy rəsədxanası və məqbərəsi,
oradakı elm adamların fəaliyyəti nəzərdə
tutulur. Uluqbəy (Sultan Al əüd dövlə
Uluq bəy Gurkan, Turğay Mirzə) 1447-ci ildən Teymurilər
sülaləsinə başçılıq edib, mədrəsə
və rəsədxana yaradıb, onun hakimiyyət illəri
elmin sürətli inkişafı dövrü kimi orta əsr
elm, sənət tarixində mühüm əhəmiyyət kəsb
edir.
[11]
Binalar daxilində hücrələr tikmək sufi
fəlsəfəsi, əxlaqi üçün çox
uyğun memarlıq üslubudur. Səmərqənddə
əksər tikililərdə hücrələr var. Hücrələr
ölümü düşünmək, ölümdən əvvəl
ölmək anlayışını ifadə edir, faniliyi, gəldigedərliyi,
hədərliyi simvolizə edir. Eyni zamanda bu cür
hücrələr darlığa sığınmaq, kiçik
bir yerdə yaşamağın mümkünlüyünü,
gözütoxluğu təlqin edir.
[12] Səmərqəndə
yerləşən məşhur “Registan” (qum
meydanı, qum ölkəsi) adlanan meydandakı üç mədrəsədə
– Uluqbəy mədrəsəsi (XV əsr), Şir-Dor mədrəsəsi
(XVII əsr) və Tilla-Karı mədrəsəsi (XVII əsr)
– qapılar alçaq düzəldilib. Bu cür tikili üsulu elm, niyyət
qapısından girərkən baş əymək, elm öyrənərkən
təvazökar, ehtiramkar olmaq düşüncəsini təlqin
edir.
[13]
Əmir Teymur böyük şahmat taxtasının
üstündə şahmat oynamağı sevirdi. O,
şahmatın mövcud fiqurlarına iki dəvə, iki
zürafə, iki keşikçi, iki mantil, vəzir və bir
neçə başqa fiqur da əlavə etmişdi, nəticədə
oyun və gedişlər xeyli çətinləşmişdi.
Bu çox çətin, mürəkkəb, iti
zəka tələb edən oyun “Teymur şahmatı”
adlanır.
[14] Səmərqənd
şəhəri nəzərdə tutulur.
[15] Bəzən
Səmərqəndin gözəlliyinin, ecazkarlığının
, möhtəşəmliyinin
təhrikediciliyi barədə müxtəlif alimlər məcazi,
rəmzi mənada yazırlar ki, Səmərqənd şəhəri
özü Əmir Teymurun qulağına
“pıçıldayırmış”: döyüşləri
dayandırma, şəhərləri işğal et və qarətlərlə
məni bəzə”. Sanki Əmir Teymur bu şəhəri daha
da gözəl bəzəmək üçün qarətlər
edər, gecə-gündüz döyüşərmiş,
[16] Bu yer
Uluqbəy mədrəsəsi kompleksinə aid binalara aiddir,
mehmanxana tipli tikilidir,
burada çox hörmətli şəxslər qonaq
edilirmiş..
[17] Səmərqəndə
məxsus ləbləbi növüdür.
[18] Şəkər
növüdür, Səmərqənddə çox vaxt
çayla bu qənnadı içilir.
[19] Səmərqənddə
hazırlanan halva növüdür..
[20] Səmərqəndə
hazırlanan xüsusi çörəkdir. “Toy nanı” adlanan
bu çörək bir həftə qalsa da kiflənmir,
boyatlamır. Üstü müxtəlif şeylərlə
(düyü, şəkər tozu) bəzədilir və çəkisi
normal çörəkdən ağır olur.
[21]
Bibi-xanım nəzərdə tutulur. Əmir
Teymurun həyat yoldaşı Bibi-Xanım dünyaya uşaq gətirməsə
də çoxlu xeyirxahlıqlar edərmiş. İndi
onun məqbərəsi Səmərqəndin müqəddəs
yerlərindən sayılır və uşağı olmayan
ailələr oranı ziyarət edir və
övladlarının olacağına ümid edirlər
[22] Bu
ifadə “bətndəki körpə” anlamını ifadə
edir. “Qurani-Kərim”də “Əl-talaq” –
“Boşanma” surəsində işlənən ifadələrdən
biridir.
[23]
“Bibi-xanım”ın məscid tikən memarın Bibi-xanımı şərt
qarşılığında öpməsi ilə bağlı
heç bir fakta, gerçəkliyə əsaslanmayan əhvalat
var. Deyilənə görə memar binanı vaxtında təhvil
verməsi üçün belə bir şərt qoyur.
[24] Səmərqənddəki Danyal peyğəmbərin
18 metrlik məzarı var. Məzarın bu uzunluqda
olmasının səbəbi cənazənin hissələrinin
bir-birinə yaxın məsafədə ayrı-ayrı yerlərə
basdırılmasıdır.
[25] “Siyop”
Səmərqənddə böyük, tarixi bir bazardır. Burada zəhmətkeşlər, hamballar, alverçilər,
nemətlər, bir sözlə, çox şey orta əsrləri
xatırladır.
[26]
Bibixanım məscidi nəzərdə tutulur.
[27] Harold Lemb yazır ki, “Teymur Səmərqəndi qoca
kişi cavan qızı sevdiyi kimi sevib”.
[28] Səmərqənd
Əmir Teymurun “ilk məhəbbəti” idi, o, ilk böyük qələbəsini
həmin vilayətdə
qazanaraq bu şəhəri əldə etmişdi. Səmərqənd Əmir Teymura özünəinam
bəxş etmişdi deyə şəhəri
uğurlarının səbəbkarı kimi sevirdi.
[29]
Əmir Teymurun göstərişinə əsasən
çaparlar, qasidlər atları ölənə qədər
çapırmışlar. Ancaq bu şəkildə
məktubları, gərəkli xəbərləri
lazımı ünvana vaxtında çatdırırdılar.
Buna görə də imperiya ərazisində yol boyu getdikcə çoxlu
ölmüş atlar görmək olurmuş.
[30]
Əsasən “Şərqin incisi” adlandırılan Səmərqənddə
bəzən “Şərqin Roması” da deyirlər.
[31] Səmərqənddəki
“Təxti-Qərəş” bağı nəzərdə
tutulur. Deyilənə görə Səmərqənddəki bu
bağ (park) o qədər böyük imiş ki, bir adam atını itirib, 6 ay sərasər
axtarandan sonra tapıb.
[32] Əmir
Teymur Səmərqənd bazarlarını inkişaf etdirirdi.
O, insanları ticarətə həvəsləndirərək
bazarları çoxlu mallarla doldurtdurmuşdu. Ticarətin bu səviyyədə
inkişafına səbəb şəhərin tam təhlükəsiz
olması ilə bağlı idi, tarixçilər yazırlar
ki, gecə-gündüz əlində bir torba qızılla Səmərqənddə
gəzsəydin sənə
heç bir xətər toxunmazdı.
Fərid
Hüseyn
Ədəbiyyat qəzeti.- 2018.- 15
sentyabr.- S.20-22.