Kirayə həyatı bəzən
düşüncəsizlik nağılı kimi olur...
Hava çəkir xatirələr
qapısız evtək,
Mən ruhumun nazı ilə az
oynayıram.
Duyğularım xəlbir kimi deşik-deşikdi,
Həyat mənə toy tutanda, saz oynayıram.
...Uşaq yaşım ötüb keçdi, böyüdüm guya, -
Ora-bura diyirləndim
yəni top kimi.
Bir gün məni yük elədi özünə şəhər,
Kirayələr atdı-tutdu məni top kimi.
Çox
vaxt susdum, səbrim daşdı, dəli olmadım,
Anam haqdan neçə dua asıbdı deyə...
Mən dünyaya gəlmədim ki, kirayə qalım...
Atamı
da qınamadım kasıbdı deyə...
...Aydan-aya təpə aşır kirayə haqqı,
Adam bilmir, göyə
çıxsın, ya
dama, oğul.
Dualar da kara gəlmir özgə evində,
Özgə evdən ocaq olmur, adama, oğul.
Allahından uzaq düşür adamlar burda,
Dada çatmır on kitablıq
bir ayə, evdə...
...Qonşuluqda bir nazənin ölür, nə fayda,
Ağlamaq da yasaq olur
kirayə evdə.
...Çox görmüşəm,
toylar susub özgə evlərdə,
Qır damından
qopub düşüb şeh, “Vağzalısız”.
Aşıqları evə qoymub ev sahibəsi,
...Qonşu qız da gəlin köçüb,
eh, “Vağzalısız”.
Əvvəlindən bu həyat da bir
təmənnadı,
Günahını qopart bir-bir, ver, ağırlaşır...
Dünya
özü səhv tikilmiş kirayə evdi,
Mini gəlir, mini gedir, yer ağırlaşır...
Hikmət Məlikzadə
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.25.