Miniatür - üslubların şahı
Əvvəli
ötən sayımızda
"Quran"la heç bir əlaqəsi olmayan və yalnız hədislərin birində səslənən tövsiyədə rəssamlıqla bağlı heç bir qadağanın olmadığı, yəni, "büt xarakterli heykəllərin hazırlanmasının məqbul sayılmaması" kimi fikrin də kökündə dinin yenicə yayılmağa başladığı zamanlarda Ərəbistanda 360 qəbilə allahının olması və onların bir araya gətirilməsinin çətinliyinin aradan qaldırılması məqsədi dururdu. Bununla belə unutmayaq ki, elə miniatür üslublu əsərlərin yaradılması da zamanında bəzi ruhanilərin xoşuna gəlməmiş, orada canlıların təsvirinin yolverilməz olduğunu bildirmişdilər. Həmin vaxt rəssamların verdikləri "biz real yox, xəyali dünyanı - poetik nümunələrdə vəsf-tərənnüm olunanları çəkirik" izahatı, mənəviyyət adamlarının qaragüruh dinçilərin üzərində qələbəsini şərtləndirmiş və bu mübahisəyə son qoymuşdu. Ən gözəl miniatür nümunələrinin dinin kifayət qədər güclü olduğu Səfəvilər dövründə yaradılması da dediklərimizi təsdiqləyir.
Başqa sözlə desək, mənəvi dəyər kimi əvəzsiz olan bu üslubun təkcə Azərbaycan çərçivəsində qalmayacağı danılmaz idi. Elə Azərbaycan miniatür məktəbi təsirinin yaxın ölkələrə yayılması da onun daşıdığı estetikanın bəşəriliyindən xəbər verirdi. Bu mənada Şahqulu, Vəlican və Kamal Təbrizinin XVI əsrdə Türkiyədə, Mir Seyidəlinin isə Hindistanda moğol məktəbinin yaranmasına və inkişafına duyulası töhfələr verdiklərini qeyd etmək olar...
Yeni təsvir prinsiplərinin yaranmasına gətirilən bu izahatı uzun illər ərzində miniatür kimi möhtəşəm bir bədii vasitəni kitab qrafikası və yaxud da "miniatür sənəti" çərçivəsində saxlayanlara bütün mənalarda haqsız olduqlarını bildirən xatırlatma ilə tamamlamaq istərdik. Bu halda gəlin əvvəlcə şərqli-müsəlman təfəkkürü ilə "Miniatüra nədir?" və "Onun yaranmasını nə şərtləndirmişdir?" suallarına cavab axtaraq. Bunun başlıca səbəbi Qərbin və Şərqin bütün dünyanın da qəbul etdiyi miniatürün bədii-estetik tutumuna fərqli münasibətinin olmasıdır.
"Miniatüra" termini Qərbdə təsvir sənətin qrafika sahəsinə-xristian əlyazmalarında tətbiqinə yönəli yaranıb və bundan sonra onun elmi ədəbiyyatda da istifadə olunmasına başlanılıb. Bu azmış kimi zamanın axarında qərblilər onu ən müxtəlif əşyalara, hətta insanlara münasibətdə də tətbiq ediblər. Bundan sonra "Miniatür" sözünə həyatda tez-tez rast gəlinməsi adi hala çevrilib. Bu gün insanlar onu daha çox "kiçik və zərif" sözünün sinonimi kimi işlətsələr də, əslində bu onun lüğəti mənasını ifadə etmir. Belə ki, o, fransız, italyan və latın dillərindəki "miniatür" və "minium" sözlərindən götürülməklə, "kinovar", yəni qırmızı rəng mənasını verir. Lakin qəbul edilmiş elmi və daha geniş yayılmış klassik məzmunu isə onun kiçikölçülü təsviri sənət əsərlərinə aid edilməsidir. Odur ki, gəlin əvvəlcə bu məntiqsiz dəyərləndirmənin niyə baş verdiyinə aydınlıq gətirək...
Məlumdur ki, ilk çap maşınları və çap üsulu ilə hazırlanmış kitablar XV əsrin ortalarında meydana gəlmişdir. Buna qədər isə uzun illər ərzində xəttatların böyük zəhməti bahasına əlyazmaları-manuskriptlər yaradılıb. Bu prosesdə xəttatlarla yanaşı rəssamlar da çalışıblar. Şərqlilərdən fərqli olaraq avropalılar adətən əlyazmalarının gözoxşayan bəzəyinə çevrilən baş, yəni başlanğıc hərflərini daha iri ölçüdə yazar, onları mürəkkəb və cəlbedici ornamentlə bəzəyərdilər. Rəssamların əlyazmasının və yaxud hər fəslin əvvəlində çəkdikləri şəkil, naxış və bəzəklər də yaddaqalan hesab olunurdu. Bəzən bütün səhifəni tutan illüstrasiyalara, başqa sözlə desək, kiçik əsərlərə də rast gəlinirdi. Sifarişçinin arzusuna müvafiq olaraq belə əsərlərin sayı əlyazmasında müxtəlif sayda ola bilərdi. Bu məcburi izahı həm də kitab miniatürünün çox vaxt mübahisə doğuran qısa yaranma tarixçəsi də hesab etmək olar.
Miniatürçü rəssamları "miniator" və yaxud "illüminator" adlandırırdılar. Latın dilindən tərcümədə mənası "illyümino" sözündən götürülmüş "işıqlandırıram" və "bəzəyirəm" deməkdir. Ancaq onun tətbiq sahəsinə nəzər yetirdikdə miniatürün təkcə kitab illüstrasiyası olmadığını görmək mümkündr. Odur ki, hələ qədimlərdən kağız, metal, sümük, çini, saxsı, ağac və kətan üzərində çəkilən böyük və kiçikölçülü müxtəlif mövzuda və janrda çəkilən əsərlərin hamısını miniatüra adlandırmaq məntiqsizdir. Başlanğıcında həm də qədim divar rəsmlərinin, o cümlədən də Əfrasiyabdakı "Səfirlərin qəbulu"nun durduğu və çoxlarının haqlı olaraq onu freska-divar rəsmi kimi dəyərləndirilməsinin qarşılığında, demək lazımdır ki, həm onun, həm də digər sənət sahələrində yaradılan təsvirlərin estetikasını eyni üslub təşkil edir. Başqa sözlə desək, avropalıların "miniatür" adlandırdıqları bədii-estetik dəyər təkcə əlyazmasında-kitabda yox, təsviri və tətbiqi sənətin bütün sahələrində mövcuddur...
Əlavə edək ki, "Miniatür" sözü termin kimi incəsənət tarixinə çox-çox sonralar daxil olsa da, bədii-estetik ifadə forması kimi yuxarıda qeyd etdiyimiz kimi çox qədimlərdən məlumdur. Tədqiqatlar göstərir ki, hələ bizim eradan öncə qədim Misirdə və Yunanıstanda, bizim erada isə Avropa ölkələrində və Şərqdə sonradan "miniatür" termini çətiri altına sığınacaq kitab qrafikası və tətbiqi sənət nümunələri geniş yayılıbmış. Etiraf edək ki, onların daha səciyyəvi forması bütün zamanlarda əsasən müxtəlif mövzulu əlyazma kitablarını bəzəyən təsvirlər olmuşdur...
Bütün bu deyilənlər Avropa mədəniyyətində və incəsənətində heç də az tarixi olmayan miniatürə münasibətin reallıqlardan qaynaqlanan şərhidir. Zaman-zaman Şərqdən Avropaya aparılıb istifadə olunan və sonda az qala özününküləşdirilən-avropalaşdırılan mənəvi və maddi dəyərlərin danılmazlığı qarşılığında terminbazlıqla məşğul olmayan şərqlilər, o cümlədən də, Azərbaycan türkləri də növbəti Avropadan gəlmə ifadəni, bu dəfə "miniatür" terminini öz leksikonuna daxil etməklə, əslində böyük bir mədəniyyət xəzinəsinin miqyasını kiçiltməli olublar. Axı avropalılardan və dini dinimizdən olmayanlardan fərqli olaraq bu "kiçik"lik və "zərif"lik rəmzinə çevrilən "miniatür" bizim üçün çox-çox sonralar "kiçilən"lər sırasına daxil edilsə də, əvvəllər ölçü etibarilə böyük olmaqla yanaşı, həm də lap böyük və tutumlu mətləblərin daşıyıcısı olmuşdur. Təbii ki, əgər bunu təsdiq edən sübutlar qalmasaydı, avropalıların "başbilənliyinə" yalnız və yalnız minnətdar olardıq. Ancaq məsələ burasındadır ki, dünyanın sənətşünaslıq məkanına nəzarəti həyata keçirənlər miniatürün bir qeyri-adi fenomen olmasının nüvəsində daha nələrin durduğunu görüb, etiraf etmək əvəzinə onun gərəkliliyini kitab qrafikası ilə məhdudlaşdırmaqla, bəlkə də başqa millətlərə şaşırdıcı görünə biləcək bədii-fəlsəfi tutumunu məqsədli şəkildə arxa plana keçiriblər. Bunun üçün Şərq, o cümlədən də Azərbaycan miniatürünü bir qayda olaraq kitab tərtibatının tərkib hissəsi kimi tədqiq və təqdim ediblər. Onlar ya bilərəkdən və yaxud da məsələyə səthi yanaşma üzündən Şərq incəsənətində çox geniş yayılmış bir bədii üslubu və onun qabarıqlığı duyulan faktiki görüntülərini Avropada "miniatür" adlandırılan və daha çox kitabda yer aldığına görə illüstrasiya-kitab qrafikasına aid edilən və miniatür hesab olunan əsərlərə tay tutmuşlar. Elə Azərbaycandakı tədqiqatçılar da bu məsələyə münasibətdə fərqli mövqe nümayiş etdirməmişlər.
Qərb özünün XIV əsrdə kəşf etdiyi optik-fiziki, yəni elmi perspektivin (latın dilində "perspektiva" sözü "aydın görürəm" mənasını verir) məhsulu olan böyük formatlı tabloları kiçildib kitab səhifəsinə yerləşdirməsini, ümumi bədii tutumu əvəzinə ölçüsünə müvafiq "miniatüra" adlandırıbsa, Şərq, o cümlədən də Azərbaycan türkləri çox qədimlərdən nəfis xətlərlə ərsəyə gətirilən əlyazmalarını bəzəyən və çox fərqli mahiyyətinə görə hələ də terminləşməyən "bədii vasitənin" yaratdığı əsərlərə də mexaniki olaraq Avropa sənətşünaslarının kitab qrafikasına yönəli söylədikləri "miniatüra" ifadəsini şamil ediblər. Ancaq bunların bütün mənalarda bir-birindən fərqli olması gün kimi aydın məsələdir.
İlk növbədə miniatürün dar kitab qrafikası-illüstrasiyası çərçivəsində saxlanılması adi gözlə belə məntiqsiz görünür. Odur ki, miniatürə yönəli "görməməzliklər" əslində Qərbin Şərqin kifayət qədər görünən dəyərlərinə duyulası ədalətsizliklə göz yummasının göstəricisi sayıla bilər.
Amma Qərbin sənətşünaslarından fərqli olaraq rəssamları miniatür üslubu estetikasının qeyri-adiliyini dərhal duymuşdular və onların həmin sənət inciləri ilə ilk təmasları çox yaddaqalan olmuşdu.
Avropanın mərkəzi şəhərləri olan Münhen və Berlində (1910), eləcə də Parisdə (1912) baş tutan "İslam sənəti" sərgisinə axışan rəssamların (A.Matiss, P.Qogen, P.Sezann, O.Renuar və b.) az sonra yaradıcılıqlarında həyata şərqli baxışı, şərti forma-biçim, şux kolorit kifayət qədər görünən olsa da bu qədər təsirli bədii tutuma marağın səbəbi dilə gətirilmirdi. Amma tarixin yaşatdığı həqiqətlər bu günə kimi qalmaqdadır. Rusiya mesenatlardan birinin Parisdə olan İ.Repindən onun kolleksiyası üçün Pol Qogenin əsərinin alıb gətirməsi xahişinə onun cavabı çox dəyərli sayıla bilər. Rəssamın" Böyüdülmüş miniatür sənin nəyinə lazımdır?" cavabında bir çox Fransa rəssamlarının, o cümlədən də P.Qogenin miniatür üslubu estetikasına tapındığını təsdiqləyir. Məşhur fransız impressionisti Ö.Renuarın Münhendə təşkil olunan "Müsəlman incəsənəti" (1910) sərgisində K.Behzadın "Şeybani xanın portreti"ni görəndən sonra haldan-hala düşməsi, tətbiq olunan rənglərin təzadından - mavi ilə qara arasında tapılan ağlasığmaz harmoniyadan heyrətini əlləri ilə başını tutmaqla bildirməsi bu gün də xatırlanmaqdadır...
Yuxarıda qeyd olunanlara rəğmən deməliyik ki, çox vaxt özündə çoxqatlı estetik tutumu yaşadan miniatür, əslində dünya təsviri sənətində mövcud olan üslubların məcmusu olduğunu sərgiləməkdə, həm də müasirlik daşıyıcısı olduğunu təsdiqləməkdədir...
Ziyadxan Əliyev
Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.29.